AZE | RUS | ENG |

Ölkələr və xalqlar arasında körpü - Fotolar

Ölkələr və xalqlar arasında körpü - Fotolar
“Bir kəmər, bir yol” layihəsinə dəstək verən Azərbaycan gələcəkdə bundan böyük iqtisadi dividentlər əldə edəcək

"Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən 2013-cü ildə elan edilib. Çin ilə Avrasiya və Afrika ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir. Bunlar "İpək Yolu İqtisadi Kəməri” və "Dəniz İpək Yolu”dur. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasından gedir. Çinin Kommersiya Nazirliyinin yaydığı məlumata görə, "Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsində artım illik orta hesabla 4 faiz təşkil edib. Strategiyanın elan edildiyi 2013-cü ildən ötən ilin sonunadək Çin şirkətləri "Bir kəmər, bir yol” ölkələrinə 90 milyard dollar birbaşa sərmayə yatırıb. "Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə 2013-2018-ci illər üçün ticarət dövriyyəsinin ümumi məbləği isə 6 trilyon ABŞ dollarını ötüb.
 
 
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkə
 
Qeyd edək ki, Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, oktyabrda istifadəyə verilən və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Bakı limanı Çinin "Bir kəmər, bir yol” strategiyasının həyata keçməsində əhəmiyyətli rola malikdir.
 
 
 
Cari il yanvarın 22-də Davosdakı Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada ­iştirak edən Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Çin hökumətinin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir, Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Onun sözlərinə görə, bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. 
 
 
 
Cari il aprelin 17-də Çinin Sinxua agentliyinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlərin olmasına diqqət çəkib. Dövlətimizin başçısı bir daha bəyan edib ki, Azərbaycan Çinin "Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. 
 
 
Azərbaycan iqtisadi dividentlər əldə edəcək 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Çinin "Bir kəmər bir yol” ideyasını qədim "İpək yolu”nun bərpası kimi də xarakterizə etmək olar. Millət vəkilinin sözlərinə görə, Çinin bu təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri də Azərbaycan olub: "Cənab İlham Əliyev bu təşəbbüsə ilk vaxtlardan dəstək verən ölkə rəhbəridir. Məhz onun təşəbbüsü, ortaya qoyduğu iradə əsasında açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu da "Bir kəmər bir yol” layihəsinin tərkib hissəsi sayıla bilər. "Bir kəmər bir yol” layihəsinə dəstək vermək, bu layihədə iştirak etmək ilk növbədə Azərbaycanın özünün iqtisadi, siyasi və strateji maraqlarına uyğundur. Azərbaycan coğrafi baxımdan elə bir məkanda yerləşir ki, bu, Şərqlə Qərb, Şimalla Cənub arasındakı nəqliyyat qovşağı rolunu oynamağa imkan yaradır. Zaman keçdikcə Azərbaycan regionun, eləcə də Avrasiya məkanının ən böyük logistik mərkəzinə çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu və onun əhatə dairəsi söylənilənlərə daha bir əyani misaldır. "Bir kəmər bir yol” layihəsindən Azərbaycan iqtisadi dividentlər əldə etməklə bərabər, ölkələr və xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanla Çin arasındakı iqtisadi, siyasi, humanitar, mədəni və sair münasibətlər "Bir kəmər bir yol” vasitəsilə daha da intensivləşəcək. Avropa ilə Asiya arasındakı yük daşımaları, həmçinin digər iqtisadi əlaqələrdə Azərbaycanın rolu bir qədər də artacaq. Azərbaycan "Bir kəmər bir yol” layihəsinə tranzit ölkə olaraq, yüklərin daşınmasının təşkilində iştirakçı ölkə olaraq tam hazırdır. Burada söhbət Xəzər dənizi sahilində inşa etdiyimiz beynəlxalq ticarət limanından və onun imkanlarından gedir. Bu liman da "Bir kəmər bir yol” layihəsinə ciddi dəstək vermək baxımından böyük potensiala sahibdir. Ümumi götürsək, "Bir kəmər bir yol” layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi-siyasi islahatlarla, iqtisadi siyasətlə tamamilə uzlaşır və ölkəmiz gələcəkdə bundan yalnız fayda əldə edəcək”.
 
Rufik İSMAYILOV
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805