“Ölkədə yeni keyfiyyət dəyişikliklərinin şahidi olacağıq”
Ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumun
yekun nəticəsinin açıqlandığı barədə xəbər vermişdik. Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov referendumun yekunlarına həsr
olunmuş mətbuat konfransında deyib ki, Komissiyanın ümumi ölkə üzrə fəaliyyət
göstərən 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsinin hamısından hesabatlar
daxil olub və əksər təkliflər yüksək səs faizi toplayıb.
Bu haqda fikirlərini "Kaspi”yə açıqlayan millət vəkili Tahir Mirkişili dedi ki, seçicilərin referendumda aktivliyini
yüksək qiymətləndirir: "Məlumdur ki, Konstitusiyaya dəyişikliklər edilməsi
təklifi prezident tərəfindən irəli sürülmüşdü. Bu nəticələr əhalinin ölkə
prezidentinə, onun yürütdüyü siyasətə, dövlətin inkişafına, gələcəyinə, hüquq
və azadlıqların daha da artırılmasına göstərdiyi etimadın təsdiqi idi.
Bildiyiniz kimi, vətəndaşların 70 faizi səsvermədə iştirak etdi. Təkliflərin
əksəriyyəti böyük səs çoxluğu ilə keçdi. Beynəlxalq müşahidəçilər də
referendumla bağlı müsbət rəy verdilər. Bildirdilər ki, hər şey şəffaflıq,
qanunauyğunluq çərçivəsində baş tutdu. Mən özüm Sumqayıtda bir neçə xarici
müşahidəçi ilə birgə prosesi izləyirdim. Onlar da müsbət fikirlər bildirdilər,
bəyanatlar səsləndirdilər”.
Millət vəkili Fazil Mustafa da
qəzetimizə açıqlamasında aktivliyin yüksək olduğunu diqqətə çatdırdı: "Düşünürəm
ki, gözlənilən nəticə oldu. Əhalinin böyük əksəriyyəti referendumla bağlı
mövqeyini ortaya qoydu. Vətəndaşlar tərəfindən ölkədə köklü islahatların
aparılması, struktur dəyişikliyini ehtiva edən referenduma müsbət rəy verildi.
Ümid edirəm ki, referendumun nəticələri daha təkmilləşmiş islahatlara təkan
verəcək. Fəallıq yüksək idi. Bu da insanların referenduma olan marağını bir
daha təsdiqləyir”.
Millət vəkili Aydın
Hüseynov APA TV-yə müsahibəsində deyib ki, Konstitusiyanın qəbulundan 20
ildən çox vaxt keçib. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf
mərhələsinə qədəm qoyub. Ölkəmiz 1995-ci illə müqayisədə demək olar ki, bütün
sahələr üzrə dünyada öz mövqeyini möhkəmlədib, regionda güc mərkəzinə çevrilib:
"Azərbaycan hər cəhətdən özünü təsdiq edib. Müasir çağırışlar və dövrün
tələbləri onu diktə edir ki, cənab Prezidentimizin atdığı addımlarda mütərəqqi
çalarlar özünü göstərməlidir.Birinci vitse-prezident və
vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəetməsini daha da
aktivləşdirəcək və mükəmməlləşdirəcək. Bu, dünyanın bir çox ölkələrində özünü
təsdiq etmiş mexanizmdir. Bundan əlavə, əgər 18 yaşlı bir insanın seçmək hüququ
varsa, onun seçilmək hüququ da olmalıdır. 18 yaşında gəncə deputatlıq üçün öz
namizədliyini irəli sürmək şansı verilir. Seçim vətəndaşların öhdəsinə düşəcək,
insanlar seçmək lazımdırsa, səs verəcək. Əslində, bu təklif çox mütərəqqidir.
İnsanın hüquqlarının daha da genişləndirilməsi deməkdir.Həm prezidentin səlahiyyət
müddətinin uzadılması, həm vitse-prezidentlik institutunun təsis edilməsi,
digər tərəfdən parlamentə seçimlərdə yaş senzinin aradan qaldırılması, insan
hüquq və azadlıqları ilə bağlı dəyişikliklərin edilməsi, eləcə də digər
məsələlər çox mühüm və müsbət addımlardır. Çünki bu gün həm Azərbaycan
iqtisadiyyatı, həm ümumi vəziyyəti elə bir səviyyəyə gəlib çatıb ki, optimal,
daha səmərəli idarəetmə vacib amillərdən birinə çevrilib. 21-ci əsrdə
yaşayırıq. İndi inkişaf, tərəqqi dövrüdür, ölkələr, təhsil, elm qabağa gedir.
Ona görə də bu referendum bizim üçün çox vacib idi və o, Azərbaycan üçün,
xalqımız üçün çox yaxşı nəticələr verəcək. Ümumxalq səsverməsinə çıxarılan
Konstitusiyaya dəyişikliklər layihəsi çox mütərəqqi sənəd idi və ona görə də
vətəndaşlarımız bu dəyişiklikləri dəstəklədilər”.
A.Hüseynov onu da qeyd edib ki, dəyişikliklər ölkədə insan hüquq və
azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik
təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə
xidmət göstərir: "Son 5 ildə ölkəmizdə həyata keçirilən böyük layihələr və
proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində geniş islahatlar, xarici
siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları
sahəsində qazanılan nailiyyətlər məhz bu dəyişikliklərin əsas qanunumuzda
təsbit olunmasını zəruri etmişdi. Tam məsuliyyətlə bildirirəm ki, bu
dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha
sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait
yaradacaq. Ümumiyyətlə, bundan sonra yeni keyfiyyət dəyişikliklərinin şahidi
olacağıq”.
Millət vəkili Fuad Muradov isə Trend-ə
açıqlamasında bildirib ki, referendum nəticəsində seçkilərdə iştiraka görə yaş
senzinin dəyişməsi gənclərlə bağlı qanunvericilikdə də dəyişikliklərə səbəb
olacaq: "Bu il "Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişikliklərin olacağı
gözlənilir. Qanunvericilikdə gənclərin yaş senzi ilə bağlı məsələlər
dəyişməlidir. "Gənclər siyasəti haqqında” qanuna bu il köklü dəyişikliklər
ediləcək. Bu, zamanın tələbidir. Dəyişikliklər böyük paketi əhatə edəcək.
Sözügedən məsələlər Milli Məclisin payız sessiyasında öz həllini tapacaq”.
Şəfa Tapdıq