Ölkədə qızılca virusu yayılır?

Ölkədə qızılca virusu yayılır?

Cəmiyyət
19 Aprel 2013, 09:28 1888
Son zamanlar ölkəmizdə uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri aşkarlanıb və xəstəlik keçici olduğu üçün sürətlə yayılmağa başlayıb. Çünki, qızılca kəskin yoluxucu xəstəlikdir, hava-damcı vasitəsilə ilə xəstə asqırdıqda, öskürdükdə, danışdıqda ətrafa yayılır və digər insanlara yoluxur. Şəhərdə və bölgə xəstəxanalarından aldığımız məlumata görə, son günlər qızılcaya tutulmuş uşaqların sayında artım müşahidə olunub. Hətta ölkənin bəzi məktəb və bağçalarında qızılca xəstəliyi səbəbindən uşaqların davamiyyəti azalıb.

Qeyd edək ki, qonşu ölkə Gürcüstanda hazırda qızılca xəstəliyi sürətlə yayılır və ciddi problemə çevrilməkdədir. Belə ki, bu ilin əvvəlindən Gürcüstanda bu xəstəliyə yoluxanların sayı 900 nəfəri keçib, 300 nəfər xəstəxanaya yerləşdirilib. 2 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Qızılca hava ilə yayılan xəstəlik olduğu üçün Azərbaycana da virus qonşu ölkədən gəlib və ölkədə yayılmağa başlayıb.

Həkim-Pediatr Arzu Vəliyeva bildirir ki, bəzi insanlar qızılcanı təhlükəli xəstəlik hesab etmir və bununla ciddi məşğul olmurlar:

“Bu xəstəliyin qarşısı alınmazsa insan orqanizmində təhlükəli fəsadlar yarada bilər. Bunlardan ən təhlükəlisi isə ağciyərin iltihabıdır və əsasən zəif, raxitli uşaqlar üçün 2-3 yaşına qədər çox qorxuludur”. Pediatr bildirdi ki, qızılcalı uşaq səpki əmələ gəlməsindən 4 gün qabaq və səpki dövrünün 5-ci gününə kimi ətrafındakılar üçün təhlükə yaradır:

“İnsan qızılcaya yoluxanda xəstəlik özünü tez büruzə vermir. Əvvəlcə xəstəliyin gizli dövrü başlayır. Bu dövr 9-20 gün davam edə bilər və xəstəlik hərarətin yüksəlməsi, öskürəklə özünü göstərir. Qızılcalı uşaq süst və narahat olur, yuxusu pozulur, işığa qarşı çox həssas olur. 3-4 gün sonra isə uşağın dərisi ləkələrlə, səpkilərlə örtülür. Bu xəstəlik nəinki uşaqlar arasında yayılır, hətta böyüklər belə bu xəstəliyə tutula bilərlər”.

Həkim vurğuladı ki, qızılcaya qarşı mübarizə aparmağın ən yaxşı vasitəsi peyvənddir. Belə ki, vaxtlı-vaxtında peyvənd olunan uşaqlar ya bu xəstəliyə tutulmurlar, ya da xəstəliyi çox yüngül keçirirlər. Amma ölkəmizdə bəzi valideynlər uşaqlarına peyvənd vurdurmurlar. Onlar düşünürlər ki, peyvənd uşağın sağlamlığına ciddi ziyan vura bilər:

“Belə düşünən valideynlər yazılı surətdə peyvənddən imtina edirlər. Bu da uşaqlarda infeksiyon xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Bununla mübarizə aparmaq üçün valideynlər arasında peyvəndin xeyirləri ilə bağlı maarifləndirmə işləri aparmaq lazımdır”.

Pediatrın sözlərinə görə, qızılca xəstəliyinə tutulan uşaq nisbətən yaxşılaşdıqdan sonra tez-tez açıq havada olmalı, yaxşı qidalanmalı və meyvə yeməlidir. Əgər uşaqda qızılca xəstəliyi aşkarlanarsa, digərlərinə keçməməsi və kütləvi şəkildə yayılmasının qarşısının alınması onu bağçaya, məktəbə və yaxud digər uşaqlarla təmasına icazə verilməməlidir.

Qeyd edək ki, araşdırmalar nəticəsində məlum olub ki, böyüklər qızılcanı uşaqlara nisbətən daha ağır keçirir və ümumiyyətlə, insanlarda keçirilmiş qızılcadan sonra davamlı immunitet formalaşır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzinin Epidemiologiya məsələləri üzrə direktor müavini Afaq Əliyeva isə qəzetimizə bildirdi ki, qızılca xəstəliyi ölkədə sürətli şəkildə yayılmayıb:

“Hazırda ölkədə bu xəstəlikdən əziyyət çəkən çox az insan var. Bu xəstəliklə bağlı xəstəxanalara müraciət edənlər isə uşaqlar yox, əksinə böyüklərdir. Bu da qonşu ölkələrdə xəstəliyin kəskin yayılması ilə bağlıdır. Ölkəmizdə isə qızılca xəstəliyi ilə bağlı xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunmayıb”.

Aygün Cəfərli