• şənbə, 20 Aprel, 08:55
  • Baku Bakı 14°C

“Ölkə gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib”

04.09.14 15:23 2481
“Ölkə gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib”
Azərbaycan prezidenti İlham Əliyev ötən həftənin sonunda Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir sıra məqamlara toxunub. Dövlətimizin başçısı Azərbaycan xalqının özünə xas dəyərləri olmasına diqqət çəkərək, bu dəyərlərin qorunduğunu, bundan sonra da qorunacağını vurğulayıb. O, gənclərin Vətənə bağlı, vətənpərvər olmasından da söhbət açıb. Deyib ki, vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə hər kəs üçün, o cümlədən də gənclər üçün əsas amillər olmalıdır. Prezident İlham Əliyev bəzi xarici dairələrin qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyindən də söhbət açıb. Bildirib ki, belə qüvvələr tərəfindən xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə, guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Ölkə başçısı deyib ki, əslində bu yolla gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır: “Biz bunları bilirik. Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz”.
Prezident İlham Əliyevin Beyləqan rayonunda ictimaiyyət nümayəndələri qarşısındakı çıxışı ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov dövlət başçısının olduqca vacib məsələni gündəmə gətirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan cəmiyyətində dövlətin özü qədər stabil, inkişaf edən, öz ölkəsinin maraqlarını üstün tutan, xarici dairələrin mənafeyinə xidmət etməyən gənclik ordusu var. O, Azərbaycanın dostları ilə bərabər ölkəmizi istəməyən qüvvələrin də olduğunu, məhz bu qüvvələr tərəfindən Azərbaycanda müəyyən layihələrin həyata keçirilməsinə cəhdlər olunduğunu xatırladıb. Bildirib ki, həmin qüvvələr bununla Azərbaycanı hansısa dövlətlərdən, kimlərdənsə asılı salmağa çalışırlar: “Lakin bütün cəhdlərə rəğmən, heç bir nailiyyət əldə edə bilmirlər. Çünki Azərbaycan cəmiyyəti, ölkə gəncliyi cənab Prezidentin ətrafında sıx birləşib. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqdir. Gəncliyimizin də bu yöndə fəaliyyəti yüksəkdir. Əfsuslar olsun ki, bu reallıqları qəbul etməyən qüvvələr hələ də mövcuddur. İstər Qərbdən, eləcə də Avropadan belə fəaliyyətləri hiss etməkdəyik. 250 mindən çox üzvü olan gənclər təşkilatının sədri kimi inamla deyə bilərəm ki, Azərbaycan gəncliyinin amalı təmiz, məqsədi aydındır. Nə qədər xarici təşkilatlar, külli miqdarda maliyyə vəsaiti ayrılsa da, Azərbaycan gəncliyini bu yoldan döndərmək mümkün deyil. Ona görə ki, Azərbaycan gəncliyi vahid ideologiya üzrə hərəkət edir. Azərbaycan xalqının, Azərbaycan gəncliyinin lideri, öndəri var. Xarici qüvvələrin dəstəyi ilə antimilli hərəkətlər o yerdə öz “bəhrəsini” verir ki, orada, həmin ölkədə milli lider yoxdur”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Prezident İlham Əliyevin Beyləqan gəncləri ilə görüşdə səsləndirdiyi fikirləri əslində bu gün Azərbaycanda gənclərin qərar qəbul etmə zamanı düşünməli olduğu ən vacib məqamlar kimi qiymətləndirib. O, Azərbaycandakı vətəndaş cəmiyyəti institutlarının son on ildə inkişaf mərhələsinin ən pik dövrünü yaşadığını xatırladaraq qeyd edib ki, ölkəmizdə siyasi plüralizmə əsaslanan güclü, demokratik cəmiyyətin formalaşmasında, vətəndaş cəmiyyəti institutlarının yaranmasında və onların fəaliyyətində hər hansı maneə mövcud deyil: “Sadəcə bəzi mənşəyi bilinməyən təşkilat rəhbərləri həyatı maraqlarını xaricdən alınan maliyyə hesabları üzərində qururlar. Öz xalqına və bu ölkənin gəncliyinə rəğbət bəsləməyən, vətəndaş mövqeyini itirmiş belə şəxslər, bu gün demokratik azadlıqlarından sui-istifadə etməklə, gənclərin sağlam mühitdə, sağlam ruhda yetişməsinə bəzi təsir imkanları yaratmaq istəyirlər. Təbii ki, bu kimi cəhdlərin heç biri baş tutmayacaqdır. Reallıq budur ki, Azərbaycanda yaradılmış imkanlardan düzgün istifadə edən hər bir gənc istənilən sferada öz şəxsi inkişafına investisiya yatıra bilər. Dövlətin ona yaratdığı imkanlardan istifadə etməklə layiqli vətəndaş kimi yetişə bilər. Ona görə də Azərbaycanın döyünən ürəyi olan biz gənclər ölkəmizdə aparılan gənclər siyasətini dəstəkləyir, bu siyasətə gəldiyimiz gündən düzgün istiqamətdə inkişafa çalışırıq və bundan sonra da çalışacağıq”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da Azərbaycanda bir sıra beynəlxalq dairələrin ən müxtəlif yollarla gənclərimizin bir qrupunu ələ almağa, onlardan öz məqsədləri naminə yararlanmağa, dövlətçiliyimiz əleyhinə yönəltməyə çalışdığını qeyd edib. Deyib ki, bunun əyani nümunəsi ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə görünməkdədir: “Bir neçə il bundan öncə baş verən 11 mart hadisələrində sosial şəbəkə vasitəsilə gənclər arasında təbliğat aparır, onları tabesizliyə çağırır, bununla Azərbaycanda qarşıdurma yaratmaq istəyirdilər. Eləcə də “N!DA” Vətəndaş Hərəkatının yaradılması və onun fəaliyyəti göz önündədir. Hansı ki, sonradan bu hərəkatın üzvləri ölkə başçısına məktub ünvanlayaraq, aldadıldıqlarını, təsir altına salınaraq səhv yola düşdüklərini etiraf etdilər. Gəncləri bu cür vasitələrlə ələ almağa çalışan dairələrin məqsədi heç də Azərbaycanda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi deyil. Onlar bu ad altında ölkəmizdə qarşıdurma yaratmaq, paytaxtımızı müxtəlif kataklizmlərin mərkəzinə çevirmək məqsədi güdürdülər. Heç də təsadüfi deyil ki, bəzi “N!DA”çıların mənzillərindən Azərbaycanda təxribatlar törətmək, ictimai asayişi, təhlükəsizliyi pozmaq məqsədilə “molotov koktyelləri”, müxtəlif vasitələr aşkarlanıb götürülmüşdü. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində onların bu kimi əməllərinin qarşısı alınmışdı. Əlbəttə, dövlətimizin başçısı, cənab İlham Əliyev də bütün bunları görür, bilir və Beyləqandakı çıxışı ilə bir daha dünyaya, xüsusən də bəzi xarici dairələrə mesaj verir ki, Azərbaycanda həyata keçirmək istədikləri planların, təxribatların heç biri baş tutmayacaq. Azərbaycan dövlət səviyyəsində öz təhlükəsizliyinin qeydinə qalır. Milli mənafeyimizə, təhlükəsizliyimizə zidd bütün hərəkətlər vaxtında aşkarlanır, onların qarşısı alınır. Azərbaycan gənclərinin mütləq əksəriyyəti hər zaman dövlətimizin, dövlətçiliyimizin yanında olub. Gənclərimizi özlərinin çirkin planlarına cəlb edib onları “siyasi kamikadzeyə”, alətə çevirmək istəyənlər bilməlidirlər ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti, sağlam kəsimi hər zaman onların qarşısında olacaq, belə fəaliyyətlərin reallaşmasına imkan verməyəcəklər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər