• cümə, 29 Mart, 01:43
  • Baku Bakı 7°C

Lizinqə yaşıl işıq

27.02.14 10:44 3423
Lizinqə yaşıl işıq
Avtomobil kreditlərinin şərtləri sərtləşdirildikdən sonra avtomobil satışı ofisləri lizinqlə satışı genşləndirməyə başlayıblar. Müşahidələr göstərir ki, yeni kredit şərtlərinə nisbətən lizinqlə maşın almaq daha sərfəlidir. Çünki yeni kredit şərtləri kifayət qədər ağırdır. Belə ki, indi istehsal tarixindən satış tarixinədək 1 ildən çox vaxt keçmiş və köhnə hesab edilən avtomobili bankda kreditə salmaq üçün onun 80 faizi həcmində ilkin ödəniş edilməlidir. İstehsal tarixindən satış tarixinədək 1 ildən az vaxt keçən və təzə hesab olunan avtomobillər üçünsə bu məbləğ dəyərindən asılı olaraq 40-50 faiz təşkil edəcək.
Bu fonda lizinqlə avtomobil satışına diqqət və maraq artmaqdadır. Belə ki, bankların avtomobil kreditlərinin şərtlərini sərtləşdirməsi nəticəsində satışları azalmış avtomobil mərkəzləri çıxış yolunu lizinqdə tapıb. Artıq Azərbaycanda “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” avtomobillərinin rəsmi satış mərkəzləri yeni lizinq şərtləri ilə kampaniyaya başlayıblar. “Honda” avtomobil mərkəzindən mətbuata bildirilib ki, avtomobillərin lizinq ilə satışına yerli lizinq şirkətlərindən biri ilə əməkdaşlıq əsasında başlanılıb. İndi bütün “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” modellərini cəmi 20% ilkin ödəniş etməklə, illik 14-16 faizlə, 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. Avtomobilin dəyərinin 50%-ni əvvəlcədən ödəyənlər isə qalan hissəni 14%-lə lizinqə götürə bilərlər. Bu halda avtomobil lizinq şirkətinin adına rəsmiləşdirilir və lizinq üzrə borc ödənildikdən sonra şəxsin adına keçirilir. Həmin müddətdə avtomobil lizinq şirkətinin verdiyi etibarnamə əsasında idarə olunur.
“Honda” mərkəzindən həmçinin bildirilib ki, avtomobillərin bank krediti ilə yeni şərtlər əsasında satışı da həyata keçirilir. Bu halda ilkin ödəniş 50%, kredit faizi 14%, müddəti isə 5 ilə qədər təşkil edir. Aydın görünür ki, lizinqlə satış və alış artıq daha sərfəlidir və maşın bazarının özündə belə, artıq bu təcrübədən istifadə edənlərin sayının artması gözlənilir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrin əksəriyyətində insanlar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Məsələn, Almaniyada avtomobili lizinq yolu ilə əldə etmək daha populyardır. İsraildə isə il ərzində satılan bütün avtomobillərin 70%-i lizinq yolu ilə satılır.
Lizinq kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağıdır.
Artıq avtomobil satış mərkəzlərində məhz bu amillərə üstünlük verilməsinə başlanır. Üstılik, liznqdə girov tələb olunmur, elə avtomobilin özü girov rolunda çıxış edir. Bu da lizinqlə satışın daha da stimullaşmasına təkan verir.
Amma bu üstünlükləri ilə yanaşı, lizinqin mənfi cəhətləri də var. Belə ki, lizinqlə avtomobili alan zaman avtomaşının mülkiyyət hüququ lizinq şirkətinə məxsus olur. Lizinqlə aşağı qiymətli və işlənmiş avtomobillərin alınmasında bəzi məhdudiyyətlər var. Başqa bir məsələ odur ki, lizinq sənədləşməsi 3 gündən 10 günə qədər çəkə bilər. Kreditdə isə bu müddət yarım saat çəkir. Avtomobil satıcıları sənədləşməni yerində edə bildiklərindən, daha çox alıcılarına krediti məsləhət görürlər.
Açıqlanan rəqəmlərə görə, avtomobil kreditləri məhdudlaşdırılandan sonra lizinqlə satış təxminən 15 faiz civarında artıb. Çox az bir müddət bundan əvvəl avtomobil krediti bazarındakı sıxlığı nəzərə alsaq, 15 faizlik artım heç də adekvat hesab olunmamalıdır. İnsanların lizinqə marağının azlığı isə həm məlumatsızlıqdan, həm də etimadsızlıqdan irəli gəlir. Yuxarıda da qeyd etdiyimiz kimi, lizinqlə satılan əmlaka mülkiyyət hüququ lizinq müddətinin sonuna kimi satıcıda qalır. Bu isə alıcılarda bir qədər inamsızlığa səbəb olur. Digər tərəfdən, lizinq indiyədək avtomobil satışında o qədər də populyar üsul olmadığı üçün hələlik bir çoxları onun şərtlərindən xəbərsizdir. Üstəlik, lizinq zamanı daha çox üstünlük verilən yeni avtomobillər baha olduğundan alıcıların heç də hamısı bundan yararlana bilmir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun fikrincə, lizinq şərtlərinin yumşaldılması avtomobillərin bu yolla alınmasına marağı artıracaq: “Avtomobil kreditlərinə tətbiq edilən məhdudiyyətlər həm avtomobilin kredit, həm də lizinq yolu ilə satışını bir qədər məhdudlaşdırır. Bu, aradan qaldırılsa, təbii ki, avtomobillərin satışı yüksələcək. Bir şeyi nəzərə almaq lazımdır ki, lizinqlə avtomobillərin satışında əvvəllər də arayış tətbiq edilirdi. Yəni gəlirləri təsdiq edən sənəd tələb olunurdu. Bütün hallarda, lizinqlə satılan avtomobillərə tələbatın artacağı gözlənilir. Ona görə ki, əvvəllər digər ölkələrdən fərqli olaraq bizdə lizinqlə kredit arasında elə bir fərq yox idi. Ancaq mövcud lizinq şərtləri bir qədər yumşaldılsa, avtomobillərin lizinqlə satışı daha da artacaq”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər