• çərşənbə, 24 Aprel, 12:36
  • Baku Bakı 27°C

Liviya danışıqları sabitliyə aparır, yoxsa...

21.01.20 19:50 1305
Liviya danışıqları sabitliyə aparır, yoxsa...
Politoloqların fikrincə, Aralıq dənizi regionunda "hibrid müharibə”lər qaçılmazdır

Liviyada "ərəb baharı” ilə pozulan sakitlikdən sonra ölkədə siyasi böhran getdikcə daha da dərinləşir. Hazırda bu ölkədə ikihakimiyyətlilik hökm sürür və bunlardan birinə paytaxt Tripolidə Faiz Mustafa Al-Sərrac, digərinə isə general Xəlifə Haftar başçılıq edir. İki tərəf arasında silahlı münaqişənin başlanması isə beynəlxalq və regional güclərin məsələyə qarışmasına gətirib çıxarıb. Bunun üçün də yanvarın 19-da Berlində Liviya böhranı ilə bağlı beynəlxalq konfrans keçirilib və burada 10 dövlət və hökumət başçısı iştirak edib. Aparılan danışıqlar Liviyada sabitlik yaradacaq, yoxsa müharibəyə səbəb olacaq?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı: "Berlindəki görüşə Liviya probleminin həllindəki iki əsas dövlətin – Türkiyə və Rusiyanın liderləri də qatılmışdılar. Ancaq BMT və Avropa Berlin toplantısı vasitəsilə "biz də varıq” demək istəyirdilər. Qarşı-qarşıya duran tərəflər –Tripolidəki mərkəzi hökumətin başçısı Sərrac və müxalif general Haftar konfransa dəvət olunmamışdılar. Ancaq onlar Berlində idilər, müxtəlif liderlərlə konfransdan kənarda görüşürdülər. Berlində atəşkəslə bağlı ümumi razılıq əldə olundu. O da qeyd edildi ki, Liviyada tərəflərə silah və hərbi texnika verilməsin. Yəni Liviyadakı bütün tərəflərə yönəlik silah embarqosu tətbiq edilsin. Bunları reallaşdırmaq isə çətindir. Birincisi, Liviyada yüzlərlə tayfa yaşayır, hamısı da silahlıdır. Kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər?
İkincisi, Liviyanın qonşu Misirlə minlərlə kilometr nəzarətsiz sərhədi var. Misir isə general Haftarı dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Haftara tonlarla silah və hərbi texnika göndərib və göndərir də”.
E.Şahinoğlu qeyd etdi ki, Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldilmişdi: "Çünki əgər deyilirsə ki, tərəflərə hərbi dəstək verilməsin, bu, o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən, Berlin konfransının nəticəsinə görə, Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar.
Liviya faktiki olaraq 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup dəstəkləyir. Belə vəziyyətdə Liviyada atəşkəsi qorumaq çətin olacaq”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, "ərəb baharı”nın xəritəsinə baxanda çox maraqlı bir fakt ortaya çıxır: "Tunis, Liviya, Misir, Suriya Aralıq dənizinin sahilini təşkil edir. Bu, təsadüfdürmü? Niyə üsyanlar Səudiyyə Ərəbistanında, Konqoda və yaxud Mavritaniyada baş qaldırmır və yaxud da miqyası niyə böyümür? Çünki bu, Qərbə lazım deyil. Bu gün dünyanın hər nöqtəsində insan haqları, humanizm və avtoritar rejimlərlə mübarizə adı altında üsyançılara edilən dəstək, əslində bir maskadır. İnsan haqları başqa yerlərdə və daha sərt şəkildə pozulur. Harada neft-qaz varsa, liderlər müstəqil siyasət yürüdürlərsə, orada mütləq şəkildə "çevriliş” gec və ya tez baş tutur.
Liviya məsələsinə gəlincə, buradakı vətəndaş müharibəsi Yaxın Şərq üçün daha böyük zərər verə biləcək bir prosesi üzə çıxardı. Bu, regionda yeni geosiyasi konfiqurasiyanın yaranması ilə bağlıdır. Bir tərəfdə Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, digər tərəfdə isə Qətər və Türkiyə. Bir tərəfdə ABŞ, digər tərəfdə Rusiya. İtaliya və Fransa da işin içindədirlər.
Yeri gəlmişkən, gəlin qısa da olsa xristian dövlətlərinin Liviyadakı maraqlarına nəzər salaq. ABŞ Liviyadakı vətəndaş müharibəsində balansı qorumağa çalışır. Vaşinqton onsuz da sonda qalib gələn tərəflə dil tapacağını yaxşı bilir. İtaliya Sərrac hökuməti ilə Liviya qazının İtaliyaya ixracına dair müqavilə bağladığından, onları dəstəkləyir və bölgədə vəziyyətin gərginləşməsində maraqlı deyil. Fransa isə İtaliyanın əksinə olaraq Haftarın yanındadır. Buna səbəb isə Fransanın Rusiya kimi, Haftarın nəzarət etdiyi bölgələrdəki enerji yataqları ilə bağlı generalla razılıq əldə etməsidir”.
Z.Məmmədov vurğuladı ki, Suriyada qalib çıxan Rusiya, əslində bu illər ərzində Liviyadakı keçmiş səhvlərini düzəldərək, faktiki olaraq aparıcı oyunçulardan bəlkə də ən vacibinə çevrilib: "Rusiya qlobal iştirakını bərpa etmək və fövqəldövlət statusunu geri qaytarmaq istəyir. Putin əvvəlki kimi zəif kartlardan ustalıqla istifadə edir. O, minimal xərclə ölkəsini Yaxın Şərqin ən vacib oyunçusuna çevirib. 2011-ci ildə polkovnik Qəddafi devrildikdən sonra NATO və ABŞ hakimiyyət boşluğu buraxdığı üçün Putin növbəti dəfə zəif oyunçuların rəqabətində öz təsirini möhkəmlətmək imkanı qazanıb.
Bundan başqa Liviyada möhkəmlənmək istəyən digər dövlət isə Türkiyədir. Qahirəyə siyasi rıçaqlarını itirən Ankara üçün Aralıq dənizində müttəfiqə sahib olmamaq yolverilməzdir. 2019-cu il noyabr ayının 27-də Türkiyə ilə Liviyanın qanuni hökuməti arasında beynəlxalq hüquqa söykənən "Təhlükəsizlik və Hərbi Əməkdaşlıq”, eyni zamanda "Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması”na dair memorandum imzalandı. Həmin razılaşma, heç şübhəsiz ki, Türkiyə ilə əks cəbhədə duran dövlətlərin və qüvvələrin maraqları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu razılaşmaya görə, Türkiyə Aralıq dənizində böyük ərazilərdə araşdırma aparmaq hüququ əldə edib. Hansı ki, həmin yerlərdə qaz ehtiyatlarının olduğu ehtimal edilir. Bu pakt Aralıq dənizi regionundakı digər ölkələri, özəlliklə Yunanıstan və Kipri narazı salıb.
Nəticədə, Suriyada olduğu kimi, Liviyada da bir-birinə əks qrupları dəstəkləyən Putin və Ərdoğan keçirdikləri görüşlərdə İdlib və Liviya məsələlərində ortaq mövqeyə gəlməyi bacarıblar. Bu isə həm Moskva, həm Ankara üçün olduqca vacibdir. Moskva-Ankara birliyinə qarşı isə Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Misirin sinə gələcəkləri mümkün deyil.
Beləliklə, "ərəb baharı” sonrası Tunis, Misir, Suriya və Liviyadakı vətəndaş müharibələri, siyasi xaos Aralıq dənizi ətrafını dünyanın və regionun aparıcı dövlətlərinin geosiyasi və geoiqtisadi maraqlarının toqquşacağı obyekt olacağından xəbər verir. İstər ABŞ və Rusiya arasında gedən dünya ağalığı uğrunda qarşıdurma, istər Türkiyə, İsrail, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İran arasında regional məsələlərlə bağlı kəskin fikir ayrılıqları, istərsə də Aralıq dənizində tapılan zəngin neft-qaz yataqları ondan xəbər verir ki, regionda birbaşa və "hibrid müharibə”lər qaçılmazdır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər