• cümə axşamı, 18 aprel, 17:13
  • Baku Bakı 22°C

Livan nəşri “Cənub Qaz Dəhlizi”ndən yazıb

05.06.18 16:27 835
Livan nəşri “Cənub Qaz Dəhlizi”ndən yazıb
Əl-Əxbar,Livan
05.06.2018
Müəllif: Visam Matta

Azərbaycan bir neçə gün öncə Xəzər dənizindən hasil olunacaq qazı Avropaya çatdıracaq üçün yeni boru xəttini istifadəyə verib. Bu, Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etməsindən sonra ölkə rəhbərliyinin istinad etdiyi geosiyasi tarazlıq siyasəti kontekstində baş tutub. Başqa sözlə, bu, iqtisadi inkişafı təmin etmək üçün Qərb və Rusiya maraqları arasında tarazlığın qorunub saxlanmasıdır.
Amma baş verənlər "hamını razı salmaq” siyasətini bir qədər çətinləşdirir. Yeni layihənin qarşısındakı ən böyük çağırış da budur.
Azərbaycan balanslaşdırmanı yaxşı bacarır. Məhz bu siyasət İlham Əliyevin sisteminə, ondan əvvəl isə atası Heydər Əliyevə Qafqaz və Orta Asiya regionunu son 30 il ərzində bürümüş bir çox siyasi böhranlardan, xüsusilə yeni minilliyin əvvəlindən bəri Rusiyanın qonşuluğundakı dövlətlərdə baş verən "rəngli inqilablar”dan qorunmağa kömək edib. Nəticədə bu "toxunulmazlıq” bu keçmiş sovet respublikasında iqtisadi inkişafı təmin edib, Ermənistanla Dağlıq Qarabağ regionu uğrunda davam edən müharibədən nisbətən yayınmağa imkan verib.
Azərbaycanın bu çətin "tarazlığ”ın, avropalılardan birinin sözü ilə desək, geosiyasi "poker”in təmin edilməsində əsas istinadgahı enerji sektorudur. Xarici siyasətin müəyyənləşməsində əsas amil məhz bu sektordur. Məhz bu sektor Azərbaycana fərqli maraqları olan iki beynəlxalq aktor və iki böyük regional güc arasında dəqiq balans yaratmaq imkanı verib. Həmçinin bu, Azərbaycanın Qərbin maraqlarını təmin etməsinə, Rusiyanın əndişələrini anlamasına, eyni zamanda, özünün türk kimliyini qorumasına, Xəzər hövzəsindəki qonşuları ilə sabit əlaqələri davam etdirmək üçün tələb olunan harmoniyanı tapmasına da yol açıb.
Nəhayət, bu günlərdə Azərbaycan yeni və uzun bir enerji dəhlizinin yaradılması istiqamətində yeni addım atıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasından (2006-cı ilin mayı) 13 il sonra prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi”nin açılışını edib. Bu, beynəlxalq səhnədəki gərginlik, bu gərginliyin ölkə iqtisadiyyatlara mümkün təsirləri fonunda, ümumiyyətlə Rusiya ilə Qərb, xüsusilə avropalılar arasında münasibətlərin son dərəcə kəskinləşdiyi şəraitdə Bakı üçün yeni sınaqdır.
Azərbaycanın siyasətində daim əsaslandığı sabit qayda var: Qərbə açılmaq, lakin Rusiyanın qəzəbindən qorunmaq. İlham Əliyev bu balansı bir neçə gün əvvəl Səngəçal terminalında "Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin açılış mərasimində də aydın ifadə edib: "Maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi”.
Azərbaycan prezidenti "Cənub Qaz Dəhlizi”nin yaradılmasına bir neçə ölkənin, o cümlədən ABŞ və Böyük Britaniyanın (rəsmi nümayəndələri layihənin birinci mərhələsinin açılış mərasimində iştirak edib) siyasi və iqtisadi dəstək verdiyini bildirib. Layihəyə Azərbaycanla yanaşı 6 dövlət – Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya da cəlb olunub. Onun ikinci mərhələsi üzrə aparılan danışıqların uğurla bitəcəyi təqdirdə layihəyə 3 Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Çernoqoriyanın da qoşulacağı gözlənilir.
"Cənub Qaz Dəhlizi”nin iqtisadi və siyasi dividentlərinin Bakını qane etdiyini layihənin ümumi çərçivəsinə baxmaqla anlamaq mümkündür. Layihə Qərbin birbaşa dəstəyini alıb. Çünki avropalılar onunla Rusiya qazından asılılığı aradan qaldıra biləcəklərini düşünür. Eyni zamanda, layihə Rusiyada da hər hansı narahatlıq yaratmır. Çünki Rusiya rəqabətdən doğa biləcək riskləri yumşaltmaq baxımından Azərbaycanla tərəfdaşlığa ən azı yaxın perspektiv üçün bel bağlaya bilir.
Ümumiyyətlə, layihə 3 hissədən ibarətdir: Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyədək uzanan Cənubi Qafqaz Boru Xətti (Bakı-Tbilisi-Ərzurum); Türkiyə ərazisindən keçəcək Transanadolu qaz kəməri (TANAP); Yunanıstan və Albaniya ərazilərindən keçməklə İtaliyadakı sonuncu tədarük məntəqəsinədək uzanacaq Transadriatik qaz kəməri (TAP).
Bakıdan İtaliyanın cənubunadək 3,5 min kilometrlik "Cənub Qaz Dəhlizi”nin dəyəri təxminən 40 milyard dollardır.
Plana görə, "Cənub Qaz Dəhlizi” ilkin mərhələdə Türkiyəyə ildə təqribən 6 milyard kubmetr qaz nəql edəcək. 2020-ci ilin birinci rübündənsə bu kəmərlə Avropaya ildə əlavə olaraq 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. 2026-cı ildə kəmərin ötürücülük gücü 31,5 milyard kubmetrədək artırılmalıdır.
"Cənub Qaz Dəhlizi” ilə Xəzər dənizindəki nəhəng "Şahdəniz” yatağından (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr qiymətləndirilir) çıxarılan təbii qaz nəql olunacaq. Ehtimala görə, layihəyə Türkmənistan (ehtiyatlarının həcmi təxminən 34 trilyon kubmetr qiymətləndirilir) və İran (təxminən 10 trilyon kubmetr qaz ehtiyatına malikdir) kimi başqa ixracatçılar da cəlb ediləcək.
Azərbaycanın energetika naziri Natiq Əliyev təxminən 1 il əvvəl bildirmişdi ki, Azərbaycanla Türkiyə "Cənub Qaz Dəhlizi”ndən İraq, İsrail və Kiprdən də qaz nəqli üçün istifadə etməyə hazırdır. Bunu bir müddət öncə Təl-Əvivlə Ankara da təsdiqləyib. Onlar İsrailin "Leviafan” qaz yatağını TANAP kəmərinə bağlayacaq ixrac kəmərinin tikintisini mümkün sayır.
Belə olan təqdirdə, Azərbaycanın tərəfdaşları bu dəhlizlə ildə 60 milyard kubmetrədək qaz vura biləcək. Hər halda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Vitali Bəylərbəyov belə deyir.
Qərb Azərbaycanın bu layihəsindən razılığını, hətta coşqusunu gizlətmir. Hətta Avropa İttifaqı yeni kəmərin mümkün olan qısa vaxtda tikilməsini təmin etmək üçün bütün imkanlarını işə salıb. Bu, Avropa Komissiyasının qərarından da görünür. Belə qərarlardan birinə əsasən, layihə qaz istehsalçılarının kəmərdə 100%-lik paya sahib olmasını əngəlləyən "Üçüncü Enerji Paketi”nin qaydalarından azad edilib. Bununla da, "Cənub Qaz Dəhlizi”nin qazla təminatının tamamilə SOCAR-a aid olmasına icazə verilib.
Qərbin bu coşqusu anlaşılandır. Rusiyanın qaz ixracı bazarını inhisarına ala biləcəyi fikri avropalıları daim narahat edir. Rusiyanın "Qazprom” şirkəti rəsmilərinin mətbuata qısa bəyanatları belə (bu, xüsusilə Moskva ilə Qərb arasında siyasi gərginliklərin yarandığı vaxtlara təsadüf edir), avropalıların hətta yayda da "üşüməsi” üçün kifayət edir. Bu, eyni zamanda enerji daşıyıcılarının bahalaşmasına da səbəb olur.
"Cənub Qaz Dəhlizi”lə nəql olunacaq təbii qazın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub: Britaniya-Hollandiya şirkəti olan "Shell”, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”, İtaliyanın "Hera Trading”, "Edison” və "Enel”, İsveçrənin AXPO şirkətləri.
Avropalılar ümid edir ki, bu sahədə Rusiyanın inhisarçılığına son qoyulması qazın ucuzlaşmasına da yol açacaq. İqtisadçıların yekdil fikrinə görə, 2024-cü ilin əvvəlində ixrac olunan qaz həcminin 2,5 dəfə artacağı ehtimalı nəzərə alınarsa, qiymətlərin düşməsi qaçılmazdır. Rusiyanın RBK nəşrinin Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi, əvvəllər Rusiya energetika nazirinin müavini olmuş Yuri Sentyurinə istinadla verdiyi məlumatda da belə deyilir.
Bu, İlham Əliyevin açılış mərasimində dediyi "Avropa bazarı bizim üçün ən əlverişli bazardır” fikrini də təsdiqləyir. "Ümumiyyətlə, yeni layihədə qaz istehsalçılarından və tranzit ölkələrdən tutmuş, istehlakçılaradək hər kəsin maraqlarını nəzərə alınır” deyərkən isə o, digər oyunçuları sakitləşdirməyə çalışıb.
"Cənub Qaz Dəhlizi”nin Rusiya ilə Türkiyənin müştərək "Türk axını” layihəsinə rəqib ola biləcəyinə dair narahatlıqlar fonunda bu, zəruri idi. "Türk axını” ilə ilkin mərhələdə Türkiyə istehlakçılarına ildə 15,75 milyard kubmetr qaz nəql olunacaq. Sonrakı mərhələlərdə isə eyni həcmdə "mavi yanacaq” Avropanın cənub regionlarına nəql ediləcək.
Rusiya rəsmiləri indiyədək Azərbaycanın bu layihəsinin onlara rəqib ola biləcəyilə bağlı heç bir ciddi narahatlıq bildirməyib. Əksinə, onların bəziləri layihənin müsbət tərəflərindən danışır. Ruslar deyir ki, "Cənub Qaz Dəhlizi” Azərbaycan yataqlarından Rusiya qazı (ildə 194,4 milyard kubmetr) ilə müqayisədə məhdud həcmdə (ildə 10 milyard kubmetr Avropaya, 6 milyard kubmetr Türkiyəyə) hasil ediləcək yanacağın nəqli üçün nəzərdə tutulub. Bundan başqa, bəzi proqnozlara görə, 2035-ci ilədək Avropanın qaz istehlakı həcmi illik 541 milyard kubmetrdən təxminən 546-572 milyard kubmetrədək artacaq. Bu isə Rusiyanın "Qazprom” şirkətinin planlarına tam uyğundur. Hazırda onun Avropa bazarında payı 2017-ci ildəki 33,1%-dən 34,7%-ə qalxıb. 2030-cu ilədək isə bunun 35-38% arasında dəyişəcəyi gözlənilir.
Rusiyalı təhlilçilər bu halda qarşıdakı illərdə Avropada qaz qiymətlərinin 3-5% ucuzlaşacağını proqnozlaşdırsalar da, bunun "Qazprom”a ciddi təsirini istisna edirlər. Bu kontekstdə kommersiya məsələsini – "Şahdəniz”dən qaz hasilatının dəyəri (hər min kubmetrə 35 dollar) ilə "Qazprom”un qaz hasilatı dəyəri (hər min kubmetrə 15 dollar) arasındakı fərq də nəzərə alınmalıdır. Məhz bu fərq Rusiya şirkətini rəqabətə daha davamlı vəziyyətə gətirir.
Bütün bunlarla yanaşı, ruslar da qərblilər kimi, "Cənub Qaz Dəhlizi” ilə əvvəlcədən maraqlanıb. Layihənin texniki operatoru Britaniyanın BP şirkəti (28,25%-lik payla faiz payla), kommersiya operatoru isə SOCAR-dırsa, səhmdarlar arasında LUKOIL də var. O, həm də "Şahdəniz” yatağının işlənməsində iştirak edir.
Lakin burada bir mühüm risk də var və ruslar yəqin ki, bunu nəzərə alır. Söhbət Türkmənistanın layihəsinə qoşulma perspektivindən gedir. Bu halda layihə Türkiyə və Avropada "Qazprom” üçün ciddi rəqibə çevrilə bilər. Amma bu ssenarinin gerçəkləşməsinə maneələr də ola bilər. Onlardan ən mühümü Xəzər regionundakı siyasi vəziyyətdir. Başqa sözlə, Türkmənistan qonşusu və tərəfdaşı olan Rusiyanı qəzəbləndirməkdən çəkinir.
Bu, həm də illərdir tətbiq edilən "tarazlığ”ı qorumağa üstünlük verən İlham Əliyevin praqmatik yanaşmasını təhlükəli məcraya yönəldə bilər. Əliyev bu siyasətilə Azərbaycanın təkcə qaz ixracatçısı kimi deyil, həm də Qafqazda və Orta Asiyada enerji layihələrinin qovuşma nöqtəsi kimi, strateji əhəmiyyətini təmin edə bilir. "Hamını razı salmaq” siyasətindən imtina olunacağı təqdirdə, bu iş çətinləşəcək. Bakı davam etdirmək niyyətində olduğu bu siyasətdən o zaman əl çəkə bilər ki, beynəlxalq vəziyyət onu qeyri-iradi olaraq, başqa seçimlər qarşısında qoysun.
Ərəb dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər