• cümə axşamı, 18 aprel, 21:24
  • Baku Bakı 21°C

Litva Olimpiya Komitəsinin prezidenti: “Bakıya çatmaq asan olmayacaq”

18.05.15 13:49 1859
Litva Olimpiya Komitəsinin prezidenti: “Bakıya çatmaq asan olmayacaq”
Litva Olimpiya Komitəsinin prezidenti, stend atıcılığı üzrə Olimpiya və ikiqat Avropa çempionu, qitə və dünya çempionatlarının mükafatçısı Dayna Qudzineviçyutenin apasport.az saytına müsahibəsi

- İyunun 12-28-də Bakıda birinci Avropa Oyunları təşkil olunacaq. İlk dəfə baş tutacaq bu yarışın keçirilməsi ideyasına necə yanaşırsınız?

- Digər qitələr çoxdan belə Oyunlara malik idi. Əlbəttə, Avropada belə oyunlar çatışmırdı. Təbii ki, biz bu cür kompleks yarışların keçirilməsinə çox sevinirik və dəstəkləyirik.
- Qeyd etdiyiniz kimi, Avropa istisna olmaqla, digər qitələrin öz Oyunları keçirilirdi. Sizə elə gəlmir ki, bu, bir qədər gecikmiş addımdı?

- Bəli, sizinlə razıyam. Amma heç olmamaqdansa, gec olması, daha yaxşıdı. Olimpiya komitələrinin belə bir qərar verməsinə şadıq. Bakı da belə qısa müddətdə yarışı qəbul etməyə hazır olduğunu üzərinə götürdü.
- Avropa Oyunlarının keçirilməsində Azərbaycanın da rolu böyükdü. Çünki bu ideyanı daima dəstəkləyənlərdən biri ölkəmiz olub...

- Təbii. Azərbaycan təşkilatçılığı öz üzərinə götürüb, belə qısa zamanda hazırlaşa bilib. Ölkənizin Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhə etmirik. Bundan sonra bu yarışa ev sahibliyi edəcək şəhərlər üçün təşkilatçılığın səviyyəsində Bakıya çatmaq asan olmayacaq.
- 2012-ci ilin dekabrında Avropa Oyunlarının ev sahibliyi hüququ Bakıya veriləndə ilk reaksiyanız necə olmuşdu?

- Mən bu yaxınlaradək Bakıda olmamışdım. İlk dəfə bir neçə il əvvəl gəldim. Bakının gözəlliyi məni çox heyran etdi. Həmin vaxtadək paytaxtınızda olmasam da, Bakı mənə heç də yad şəhər deyil. Çünki sizin Olimpiya çempionunuz Zemfira Meftahətdinova çox yaxın rəfiqəmdi. Bu səbəbdən çox sevindim. Yaxşı hava, yaxşı şəhər, yaxşı insanlar, yaxşı yarış olacaq. Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhə etmirəm.
- Yığmanız Azərbaycana 72 idmançı ilə gələcək. Sizcə, ilk Avropa Oyunlarında böyük uğur qazanmaq üçün heyətiniz az deyil ki?

- Litva kimi ölkə üçün 72 idmançı az deyil. Çünki daha çox idman növünün olduğu Olimpiya Oyunlarına da təxminən bu sayda gedirik. Təbii ki, biz idmançıların sayının daha çox olması üçün çalışırıq. Amma bizim üçün 72 nəfərin olması da pis deyil.
- I Avropa Oyunları tarixi əhəmiyyət də daşıyacaq. Çünki burada çempion olacaq idmançılar ilk qalib kimi yadda qalacaqlar. Siz bu heyətlə təxminən neçə medala ümid edirsiz?

- Medalların olacağına inanırıq. Amma planımızda neçə medal olmasını, eyni zamanda favorotlərimizin adlarını deməyəcəm. Çünki bu idmançılar üçün əlavə gərginlik, əlavə stressdi. Bu üzdən heç vaxt idmançının adını çəkmirəm. Lakin favoritlərimiz var və onların medal qazanacaqlarına əminəm.
- Hansı növlərə daha çox güvənirsiz? Bəlkə idman növlərini açıqlayasız...

- Bunu da deməyəcəm (gülür). Çünki idmançılar dərhal biləcək ki, söhbət kimdən gedir. Yaxşı, siz deyən olsun. Biz avarçəkənlərə, cüdoçulara, boksçulara, yəni bir çox növlərdə medallara ümid edirik. Bir sözlə, yaxşı idmançılarımız var və mükafat olacaq.
- Litva ənənəvi olaraq, basketbolda güclüdü. Avropa Oyunlarının proqramına daxil olan basketbolun 3X3 növündə də iddialı Litva görə biləcəyikmi?

- Bu, yeni idman növüdü. Nəsə proqnoz verə bilmərik. Ötən il Nanjinqdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz qızıl medal qazandılar. Bu üzdən də yaxşı çıxış edəcəklərinə ümid bəsləyirik.
- Sizin uğur qazandığınız atıcılıq növündə gözləntiləriniz nədi?

- Ayrı-ayrı idmançılar və növlər barədə danışmaq fikrim yoxdu. Atıcılıqda 2 təmsilçimizin olacağını deyə bilərəm.
- Yığmanızın hazırlıq və Azərbaycana gəlişi ilə bağlı planları necədi? Bakı-2015 öncəsi paytaxtımızda təlim-məşq toplanışı keçməyiniz mümkündürmü?

- Hər növ üzrə hazırlıq və toplanışlarla federasiyalar məşğul olur. Bu səbəbdən də onlar məşqlərini özləri planlaşdırırlar. Biz – rəhbərlik, dəstək qrupu, idman mütəxəssisləri və əsas yığma Avropa Oyunlarının açılışından 1 gün öncə Bakıya gələcəyik.
- Komandanız paytaxtımıza bir dəfəyə, yoxsa bir neçə qrupla gələcək?

- Hər federasiya səfər vaxtını özü müəyyənləşdirir. Qərarı özləri verəcəklər.
- Zemfira Meftahətdinova ilə rəfiqə olduğunuz dediz. Onunla Oyunlar barədə danışmısızmı və ya heç olubmu ki, Bakı-2015 barədə hansısa müzakirələr aparasız?

- Meftahətdinova ilə də sonuncu dəfə ötən ilin payızında görüşdük. Onunla Avropa Oyunları zamanı bir araya gəlməyimiz, bu yarışda kimlərin çıxış edib-etməyəcəyi və ümumiyyətlə, atıcılıq barədə danışdıq.
- Növbəti dəfə - 2019-cu ildə II Avropa Oyunları Hollandiyada keçiriləcək. Litvanın gələcəkdə bu yarışa ev sahibliyi etmək niyyəti varmı?

- Düşünürəm ki, hələ bu səviyyədə yarışları keçirmək imkanımız yoxdu.
- Olimpiya Oyunlarında Rusiya və ABŞ-ın medal sıralamasında mübarizə aparmasına şahid olmuşuq. Sizcə, Avropa Oyunlarında bu rəqabət hansı ölkələr arasında gedəcək?

- Bu suala dəqiq cavab verə bilmərəm. Böyük ölkələr, güclü komandalar var. Dəyişiklər ola, bir komanda və ya digəri irəli çıxa bilər. Əlbəttə, daha çox medalı böyük heyətlə təmsil olunan böyük ölkələr qazanır.
- Bütün növlərdə təmsil olunacaq Azərbaycan necə, liderlər qrupunda qərarlaşa bilərmi?
- Azərbaycanda idmana göstərilən diqqəti nəzərə alsaq, düşünürəm ki, bu mümkündü.
banner

Oxşar Xəbərlər