• çərşənbə, 24 Aprel, 20:23
  • Baku Bakı 23°C

Liseyin fəaliyyətini dayandırmasına Təhsil Nazirliyindən operativ reaksiya

06.07.18 20:17 605
Liseyin fəaliyyətini dayandırmasına Təhsil Nazirliyindən operativ reaksiya
Azərbaycanda ümumi təhsil sahəsi Konstitusiya, Təhsil Qanunu, müvafiq fərman, qərar və sərəncamlar, həmçinin Təhsil Nazirliyinin Əsasnaməsi və digər normativ sənədlərə uyğun olaraq tənzimlənir. Təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil şöbələrinin və təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir.
Ölkəmizin ümumtəhsil məktəblərində Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman və digər dillər müstəqil bir fənn kimi tədris olunur. Azərbaycanda təhsil sisteminin, müvafiq qanunvericiliyin imkanlarından yararlanmaqla fəaliyyətini quran çoxsaylı özəl liseylər, ali məktəblər fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də "İstək” liseyidir. Bu lisey vaxtilə özünəməxsus nüfuz qazanıb, təhsil ictimaiyyəti arasında xüsusi etimada layiq görülüb.
Lakin zaman keçdikcə, bu təhsil müəssisəsinin fəaliyyətində dəyişikliklər özünü göstərib. Belə ki, illər əvvəl ümumi təhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib. 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə 8 "İstək” liseyi fəaliyyət göstərib. Lakin bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırlar. Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər arasında "İstək” liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib. Son illərdə bu məktəblərə müraciət edənlərin sayında azalma müşahidə edilməkdədir. "İstək” liseyinin "Çağ Öyrətim” şəbəkəsi ilə bağları ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlıq var. Yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyib.
Bütün bunların nəticəsi olaraq, iyulun 5-də "İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədəTəhsil Nazirliyinə müraciət edib. Əvvəla qeyd edək ki, "İstək” liseyinin fəaliyyətini dayandırması onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir. Amma qeyri-rəsmi mənbələrə görə, son illər "İstək” liseyi ciddi maliyyə sıxıntısı yaşamaqdadır. Bunun də səbəblərindən biri "Çağ Öyrətim” şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də "İstək” liseyi artıq bazarda rəqabətə davam gətirə bilmir. Bütün sadalanan səbəblər üzündən təhsil müəssisəsinin təsisçisi yuxarıda qeyd edildiyi kimi, nazirliyə rəsmi müraciət edib. Müraciətdə "İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.
Liseyin fəaliyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən İşçi qrup yaradılıb. Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.Təhsil Nazirliyi"İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırıb ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Yəni, Təhsil Nazirliyi "İstək” liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır. "İstək” liseyində çalışan müəllimlər də kifayət qədər hazırlıqlı olduqlarından, öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə biləcəklər. Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımından əlverişli imkan ola bilər.
Sonda vurğulamaq yerinə düşər ki, "İstək” liseyinin fəaliyyətini dayandırması ilə bağlı yaranmış məsələlərin həllinə Təhsil Nazirliyi operativ reaksiya verib. Bu da Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqlarına, onların mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirib.

Alpər TURAN
banner

Oxşar Xəbərlər