• cümə axşamı, 28 mart, 23:51
  • Baku Bakı 13°C

Linqvistik mətnşünaslığın banisi

10.02.17 13:00 2650
Linqvistik mətnşünaslığın banisi
O, 1927-ci il fevralın 10-da Qutkaşen ( indiki Qəbələ) şəhərində anadan olmuşdur. Yeniyetmə və gənclik cağları İkinci Dünya müharibəsinin ağır və məşəqqətli illərinə təsadüf edib. Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri olub. Bəlkə bu da taleyin bir qisməti imiş ki, atasının işi ilə əlaqədar Azərbaycanı qarış-qarış gəzib-dolaşan Cahangir ayrı-ayrı bölgələrdə yaşayan soydaşlarımızın həyat tərzi ilə yaxından tanış olmuş, öz millətini ürəkdən sevmiş və bütün bunlar da onun dünyagörüşünün milli ruhda formalaşmasına təsirini göstərmışdir.
Mənəvi sərvətlərin linqvistık, qrafik və orfoqrafik xüsusiyyətlərini də araşdırırdı
Müharibədən sonra Bakıdakı 132 saylı orta məktəbi bitirən Cahangir Qəhrəmanov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra (1951-ci il) M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olaraq "Azərbaycan ədəbi dilində fəlsəfi terminləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Müdafiədən sonra 5 il ali məktəbdə müəllim işləyən Cahangir Qəhrəmanov 1955-ci ildən ömrünün sonuna kimi Əlyazmalar Fonduna bağlı olmuşdur. Alimin milli-mənəvi sərvətlərin qorunduğu bu ünvandakı fəaliyyəti çox səmərəli keçmişdir. Sovet hakimiyyəti illərində klassik irsin dərindən araşdırılması zahirən azad idi, əslində qalın pərdələr, qadağalar mövcud idi. Bir yanda mədəni irsimiz dağıdılır, əlyazmalar yandırılır, digər tərəfdən də quruluşun şəninə mədhiyyələr deyilirdi. Bir həqiqət də var ki, ömrünü klassik irsin araşdırılmasına bağlayanlar əsil fədakarlıq, qəhrəmanlıq, dözüm, iradə, inad və dəyanət-uzaqgörənlik göstərirdilər. "Olmaz” nizələri onları incitsə də ruhdan salmırdı, qorxutmurdu. Ötən əsrin 20-ci illərindən başlayaraq Salman Mümtaz, Yusif Vəzir, Əmin Abid, Həmid Araslı, Kamran Məmmədov, Əziz Mirəhmədov Əzizağa Məmmədov, Əzizə Cəfərzadə və digərlərinin apardıqları səmərəli tədqiqatlar nəticəsində klassiklərimizin əsərlərinin nəşri ilə əlaqədar mühüm işlər görülmüşdür. Nəsimi kimi bir nəhəngin kamil tədqiqatçısı olmaq şərəfi isə məhz Cahangir Qəhrəmanovun taleyinə yazılıbmış. Doğrudur, Cahangir müəllimə qədər Nəsiminin əsərləri XIX əsrdə 3 dəfə İstanbulda, 1926-cı ildə Bakıda (Salman Mümtaz tərəfindən) ərəb əlifbası ilə çap edilmişdir. Onlar yalnız bir əlyazma divanına əsaslandığından Nəsiminin ədəbi-bədii irsini tam əhatə etməmişdir. Eləcə də, bir sıra təhrif və nöqsanlara yol verilmişdir. Cahangir Qəhrəmanov ölkələri, şəhərləri dolaşmış müxtəlif əlyazma nüsxələrini, əski kitabları, başqa mənbələri araşdırmış "İmadəddin Nəsimi əsərlərinin tənqidi mətni və leksikası” mövzusunda doktorluq dissertasiyası yazaraq, müdafiə etmişdir. Tədqiqatçılar çox doğru olaraq bir məsələni vurğulayırlar ki, Cahangir Qəhrəmanov Nəsimi irsi üzərində işləyərkən, bir tərəfdən, ədəbiyyatşünas və mətinşünas kimi çalışırdısa, digər tərəfdən də mənəvi sərvətlərin linqvistık, qrafik və orfoqrafik xüsusiyyətlərini də araşdırırdı. Elə bu zəhmətin nəticəsində də Cahangir Qəhrəmanov "Azərbaycanşünaslıq elmində linqvistik mətinşünaslığın əsasını qoymuşdur” (Məmməd Adilov). Yenə də alim həmkarlarının fikridir ki, Cahangir Qəhrəmanov Nəsiminin əsərlərini nəşr etdirənə qədər Azərbaycan öz dahi şairini bu qədər yaxşı və ətraflı tanımırdı.
Onun elmi cəfakeşliyi nəticəsində...
Təkcə alim kimi deyil, çoxcəhətli fəaliyyətilə diqqət çəkən Cahangir Qəhrəmanov ömrünü bağladığı sahədə kadr hazırlığına da ciddi fikir vermiş, çox sayda linqvistik mətinşünas aspirant və dissertantlara rəhbərlik etmiş, beləliklə də bu sahənin milli elmimizdə bərqərar olmasına nail olmuşdur. Məhz Cahangir Qəhrəmanovla Azərbaycan mətinşünaslığında abidələrin dil və imla xüsusiyyətlərinin ön plana çəkilməsinə elmi prinsip kimi əməl olundu və öz müsbət həllini tapmış oldu. Cahangir Qəhrəmanovun elmi cəfakeşliyi nəticəsində Əlyazmalar Fondu Əlyazmalar İnstitutu kimi elmi mərkəzə çevrilmiş, kadr potensialı yüksəlmiş, xarici ölkələrin əlyazmalar toplanmış kitabxanaları, elmi mərkəzləri ilə əlaqələr yaradılmış, təcrübə mübadiləsi aparılmışdır. Qədim əlyazmalarla işləmək üçün Cahangir müəllim müxtəlif ideya və islahatlar həyata keçirirdi. Hələ sovet dövründə Cahangir Qəhrəmanov nüfuzlu alimlərdən sayılırdı. Müxtəlif fəxri fərmanlar, medallar alan azərbaycanlı alimə 1982-ci ildə əməkdar elmi xadimi adı verilmişdir. "Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Beynəlxalq konqres, simpozium, konfrans, müşavirə və yubiley yığıncaqlarının iştirakçısı Cahangir Qəhrəmanov Azərbaycan elm və mədəniyyət xadimlərinin öncül təmsilçisi kimi xarici ölkələrdə tez-tez olurdu. Onun 1972-ci ildə Moskvada arxivşünasların VII qurultayında etdiyi məruzə haqqında uzun müddət mətbuat səhifələrində müxtəlif rəylər dərc edildi. Təkcə keçmiş SSRİ- də deyil, İtaliyada, İsveçdə, Fransada, ABŞ-da, İranda, Türkiyədə Cahangir Qəhrəmanovun etdiyi məruzə və çıxışlar dünya alimlərinin - mətinşünasların diqqətini çəkirdi. Klassiklərimizin ədəbi irsi ilə məşğul olan Cahangir Qəhrəmanov məhsuldar tədqiqatçı idi. Azərbaycan və Şərq xalqlarının on minlərlə yazılı abidələrinin toplanıb mühafizə edildiyi bir müəssisəyə rəhbərlik etməyin böyük məsuliyyəti var. Əlyazmalar İnstitutunun səmərəli fəaliyyət göstərməsində, orada çalışanların milli ruhundan, soy-kökə bağlılığından çox şey asılı idi. Ona görə də bu elmi xəzinənin milli əlyazmaşünaslarla təmin olunmasında Cahangir Qəhrəmanovun əməyi böyükdür.
"Mənəvi sərvətimiz” və "Sirlər xəzinəzi”
Hələ sovet dövründə ümummilli liderimiz Heydər Əliyev Əlyazmalar Fondunun işinə xüsusi diqqət yetirər, Cahangir Qəhrəmanovun əməyini yüksək dəyərləndirərdi. Bu həssas münasibətin nəticəsi idi ki, əlyazmalar xəzinəsində çalışanlar vətəndaşlıq mövqeyindən çıxış edə bilirdilər. Cəfakeş alimin böyük xidmətləri sayəsində Azərbaycan mədəni-tarixi irsi yüksək səviyyədə qorunub saxlandı. Çox sonralar Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində Əlyazmalar İnstitutunun rol oynadığından fərəhlə danışırdılar. Uzun illər yazılı ədəbi irsimizin qorunaraq müasir nəslə çatdırılmasında əsl elmi hünər göstərmiş Cahangir Qəhrəmanov bu mənəvi xəzinəmizi əsrin ideologiya təzyiqlərindən uğurla keçirərək bu günümüzə çatdırıb. Ulu öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən Əlyazmalar İnstitutu dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin adını daşıyır. Ömrünün ən gözəl və məhsuldar illərini bu mənəvi dünyaya bağlayan Cahangir Qəhrəmanov Əlyazmalar İnstitutunun bioqrafiyasında yaşayan əbədi simalardan biridir.
Yaxşı yadımdadır, ötən əsrin 70-80-ci illərində ana televiziyamızda Cahangir Qəhrəmanov "Mənəvi sərvətimiz” adlı bir veriliş aparırdı. Axşam saatlarında ona maraqla baxar, ertəsi günü müzakirə edərdik. Onun ssenarisi əsasında rejissor Oqtay Babazadə "Sirlər xəzinəsi” adlı sənədli film də çəkmişdi. Bu ekran əsərində də klassik irsimizdən və onun toplandığı Əlyazmalar İnstitutundan danışılırdı.
O qədər işgüzar, sadə və fədakar insan idi ki...
Azərbaycan xalqının abidələrinin həm qorunmasında, həm də təbliğində böyük zəhmət çəkmiş bu unudulmaz alim indiki gənc tədqiqatçılar üçün böyük ədəbi irs qoymuşdur. Onun adı Rusiya, Gürcüstan, Orta Asiya, Türkiyə, İran, Ərəbistan, İtaliya, İsveç, ABŞ, Fransa türkoloqları, şərqşünasları və əlyazmaçıları arasında ehtiramla xatırlanır. Azərbaycanlı alimin hazırladığı kataloqlar klassiklərin əlyazma irsini əhatə edən sanballı kitabları təkcə Azərbaycanda deyil, bütövlükdə dünya şərqşünaslıq elmində böyük şöhrət qazanmışdır. Onun barəsində keçmiş zamanda danışmaq çətin olsa da, ailəsi, övladları, tələbələri, ardıcılları Cahangir Qəhrəmanovu qədim əlyazmalarımız kimi müasirliyə qovuşmuş əbədiyaşar sanırlar. Vaxtı ilə Cahangir Qəhrəmanovun tələbəsi olmuş, uzun müddət onunla bir yerdə işləmiş, hazırda Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan Möhsün Nağısoylu ilə olan söhbətimizdən: "Cahangir Qəhrəmanov mənim həm müəllimim, həm də elmi rəhbərim olub. Yadınızda olar, o vaxtlar Əlyazmalar İnstitutu yox, Cahangir Qəhrəmanovun İnstitutu deyərdilər. O qədər işgüzar, sadə və sözün həqiqi mənasında fədakar insan idi ki... Bilmirəm, indi belə bir elmi rəhbər varmı ki, qoşulub aspirantına müdafiə şurasına getsin, tələbəsinə daimi himayədarlıq etsin. O təkcə öz balalarının deyil, bizim də atamız idi. Ondan öyrəndiklərimiz hələ də dadımıza yetir. Çətinə düşəndə də belə fikirləşirik ki, Cahangir müəllim çıxış yolunu necə tapardı? Bir dövlət tədbiri ilə bağlı Qəbələ rayonuna getmişdik. Necə oldusa, söhbət düşdü, Cahangir müəllimin adını çəkdim. Bir görsəydiniz qəbələlilər onu necə məhəbbət və rəğbətlə andılar. Bax, qəlblərdə yaşamaq, hörmətlə anılmaq budur!”
Əməkdar elm xadimi, filologiya elmləri doktoru Cahangir Qəhrəmanov cəmi 68 il yaşadı. Lakin mənalı ömrünün 45 ilini təbliğatçılıq fəaliyyətinə bağlayaraq, Azərbaycan mətinşünaslıq elminin inkişaf etdirilməsində, bir sıra tarixi mədəni şəxsiyyətlərin yazılı irsinin qorunub saxlanmasında mühüm xidmətlər sahib oldu. Cahangir Qəhrəmanov elə bir dövrdə fəaliyyət göstərmişdir ki, dilimizdəki ərəb və fars terminlərindən imtina edilərək yaranan boşluq, rus dilindən alınan sözlərlə doldurulur, ruslaşdırma siyasəti incəliklə həyata keçilirdi. Sovet rejiminin təzyiq və diktələrindən ustalıqla sıyrılmaq, milli və milliləşməni öz yaradıcılığında əks etdirmək Cahangir Qəhrəmanovun elmi hünəri olsa da, bu yolda onun ən böyük dayağı və inandığı himayədarı Heydər Əliyev idi...
P.S. Fevralın 10-u Cahangir Qəhrəmanovun doğum günüdür.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər