• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

Limitlərin artırılması vətəndaşların qənaət imkanlarını genişləndirəcək

24.12.16 10:00 1202
Limitlərin artırılması vətəndaşların  qənaət imkanlarını genişləndirəcək
Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Bunu iqtisadiyyat naziriŞahin Mustafayevbildirib. Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub. Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.Biz də ekspertlərin yeni qərar haqqında rəylərini öyrənməyə çalışdıq.

Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında yeni qərarı müsbət qiymətləndirdiyini bildirdi: "Hesab edirəm ki, əvvəlcədən qəbul edilən qərar bir qədər ağır gəlirdi. Yaxşı ki, dövlət başçısı diferensial sistemdən istifadə etməklə, müəyyən qədər güzəşt etdi. Düşünürəm ki, yeni qərar insanların sosial həyatına da xeyli müsbət təsir göstərəcək. Çünki atılan bu addım sosial müdafiə üçündür. Lakin yenə də qeyd etməliyəm ki, qazın, işığın əvvəlki qiymətini müəyyən qədər saxlamaq olardı”.
İqtisadçı Vüqar Bayramovda "Kaspi”yə açıqlamasında sözügedən qərar haqqında öz fikirlərini bildirdi: "Bu, çox müsbət addımdır. Hesab edirəm ki, bu, sosial baxımdan da çox vacib bir addımdır. Bu məsələyə yenidən baxılması gündəmdə idi. Düşünürəm ki, limitlərin artırılması vətəndaşların qənaət imkanlarını genişləndirəcək. Kvotaya yenidən baxılması və artırılması nəticə etibarı ilə köhnə tariflərlə istifadə edənlərin sayını və əhatəsini genişləndirməyə imkan verəcək. Düşünürəm ki, əhatə dairəsinin genişləndirilməsi isə köhnə tariflərdən istifadə edənlərin sayının artırılması baxımından da çox vacibdir. Hesab edirəm ki, limitlərin dəyişdirilməsi tətbiq edilən diferensial sistemin təkmilləşdirilməsi istiqamətində atılan əsas addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu sistemin təkmilləşdirilməsi istiqamətində atılan ilk addımdır. Bu, həm də imkan verəcək ki, növbəti dövrlərdə sistem özünü təkmilləşdirə bilsin. Yeni qərar inkişaf etmiş ölkələrdə olduğu kimi gecə və ya gündüz, şəhər, yaxud kənd tariflərinin müəyyənləşməsinə gətirib çıxara bilər. Qeyd edim ki, növbəti mərhələdə yeni addımlar da atıla bilər. Çünki, qeyri-neft sektorunun inkişaf prioritetlərinə uyğun olaraq, sənaye sektorunda da diferensial sistemin tətbiq edilməsi və uyğun limitlərin müəyyənləşdirilməsi müzakirə olunan məsələlər sırasındadır. Nəticə etibarı ilə yeni limitlərin tətbiqi diferensial sistemin təkmilləşdirilməsinə imkan yaradır və eyni zamanda sözügedən sistemin təkmilləşdirilməsi zəminində baza rolunu oynayır”.

Millət vəkili Elman Nəsirov Trend-ə açıqlamasında deyib ki, Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi. Onun sözlərinə görə, Tarif Şurasının yeni qərarı həqiqətən də istehlakçıların xeyrinə işləyir: Tarif Şurasının əvvəlki qərarında istifadə edilən elektrik enerjisi və qaza görə limitin az olması istehlakçıları narahat edirdi. Seçicilərimlə görüşdə onlar da bu məsələ ilə bağlı mənə müraciət edirdilər. Əhali əvvəlki limitdən artıq elektrik enerjisi və təbii qaz istifadə etdiyini bildirirdi. Gözləyirdik ki, Tarif Şurası bu qərarla bağlı dəqiq araşdırma aparsın və limitlərə yenidən baxsın”.

E.Nəsirov əlavə edib ki, bu, müsbət qərardır və alqışlanmalıdır: "Xüsusilə qış mövsümündə bu limit istehlakçılar üçün az idi. İndiki qərar daha da məntiqlidir. Çox istərdim ki, Tarif Şurası belə qərarları qəbul edərkən, problemi daha da dərindən araşdırsın".

Milli Məclisin deputatı Fəzail AğamalıTrend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır. O, qeyd edib ki, Prezident əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir: "Dövlət başçısının bu tapşırığı da vətəndaşlara bir dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğu kimi, xalqın maraqlarını hər şeydən üstün tutduğu kimi, indi də bunu nümayiş etdirdi”.

F.Ağamalı hesab edir ki, ölkə Prezidenti gələcəkdə də bu məsələyə qayıda bilər: "Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması ana xətt təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır”.

Şəbnəm
banner

Oxşar Xəbərlər