Liftin tavanı, döşəməsi, divarı, qapısı...
Bazarda məhsul, xidmət çeşidləri artdıqca, rəqabətə davam gətirmək də
heç də asan olmur. Rəqabətə davam gətirmək, öz sektorunun öndə gedənlərindən
olmaq üçün önəmli məqamlardan biri də reklamdır. Yazıçı
Duqlas Kouplend demişkən: "Reklam seçim imkanını öldürür”.
Reklamın effektli olması, bütün hədəf auditoriyasına
çatmaq üçün gərək hər yerdə olasan, sənin təqdim etdiyin xidmət və məhsulu hər
kəs görsün. Bunun üçün də reklamın fərqli növləri var və onlardan biri də bizdə
nadir hallarda rast gəlinən liftdə reklamdır. Bəzən böyük otellərin və ya ticarət
mərkəzlərinin liftlərində reklamlara rast gəlirik, ancaq bu, bizdə elə də geniş
yayılmayıb.
Dünya təcrübəsi
Marketinq mütəxəssisi Fərid
Hacıyev deyir ki, bu reklam növü dünya təcrübəsində çox geniş yayılıb:
"Liftlərin tavanı, döşəməsi, qapısı, divarlarından reklamlar üçün istifadə
olunur. Liftlərdə həm monitorlar yerləşdirilir, orda video şəklində reklamlar
nümayiş etdirilir, həm də liftin içərisinə posterlər yapışdırılır. Avropa,
Amerikada bu reklamlar geniş yayılıb, elə Türkiyədə də biz bu cür reklamları
çox görürük”.
Marketinq mütəxəssisi Seymur Quliyevin sözlərinə
görə, dünya təcrübəsində bu reklam növünün effektli olmasının səbəbi işin peşəkar
şəkildə qurulmasıdır: "Dünya təcrübəsində bu reklam növündən gözəl şəkildə
yararlanırlar. Çünki seqmentə uyğun reklamlar verirlər”.
Bizdə yeni-yeni istifadə
olunur
F.Hacıyev bildirdi ki, bizdə bu reklam növünə maraq yavaş-yavaş
artır: "Azərbaycanda hazırda daha çox biznes-plazaların liftlərində biz reklamı
görə bilərik. Lakin son zamanlar yeni tikilən yaşayış binalarında da lift
reklamlarını görmək olur. Məsələn, lifti gözlədiyimiz yerlərdə monitorlar
quraşdırılır, orda reklamlar göstərilir. Liftlərin içərisində posterlər bir neçə
dəfə qarşıma çıxıb”.
Seqmenti düz seçmək
lazımdır
F.Hacıyev deyir ki, burda diqqət edilməli məsələ o liftdən hansı
seqmentdən olan insanların istifadə etməsidir, əks halda nəticə effektli olmaz:
"Reklam edilən məhsulu hansı liftə yerləşdirəcəyinə də baxmalısan. Biznes-plazadakı
liftə verilən reklamla Bakının mərkəzindən bir az kənardakı binada veriləcək
reklam fərqli olmalıdır. Çünki hədəf auditoriyası fərqlidir, mesajlar da fərqli
olmalıdır”.
S.Quliyev qeyd edir ki, Azərbaycanda biznes-plazalarda bu reklam
növündən istifadə olunsa da, seqmentə uyğun reklamlar göstərilmir: "Liftdə
reklam bu gün bizdə o qədər də aktual deyil. Əsasən böyük plazalarda qarşımıza
çıxır, ancaq orda da seqmentə uyğun reklamlar göstərilmir. Plazalarda işləyənlər
iş adamlardır, orta və yuxarı təbəqənin insanlarıdır, amma onlara uyğun məhsulların
reklamı getmir. Bu iş araşdırma tələb edir. Liftlərin quraşdırıldığı obyektləri,
ordakı insanların kimlər olduğunu bilərək bu işi görmək lazımdır. Biznes-plazalarda
reklam verilirsə, burda seqmentə uyğun reklam getməlidir. Yaşayış binalarındakı
liftlərdə reklama xarici ölkələrdə də rast gəlməmişəm. Yaşayış binasında reklam
vermək reklam verənə sərf etmir. Binanın liftindən ancaq o blokda qalanlar
istifadə edir, bu da elə də geniş hədəf auditoriyası deyil.
Ticarət mərkəzlərinin liftləri adətən şəffaf şüşədən olduğu üçün orda
da reklam effektli deyil. Bizim ticarət mərkəzlərində reklam yoxdur, varsa da
qarşıma çıxmayıb. Ticarət mərkəzlərində bütün seqmentdən olan insanlar olur,
amma reklam verəndə, o liftdən kimlərin istifadə etdiyini bilməlisən. Ticarət mərkəzlərində
adətən, uşaqlı ailələr və xanımlar liftdən istifadə edir. Ona görə də onlara
çatdırmaq istədiyiniz məhsulların reklamları orda daha effektli olar”.
Liftin necə olması da önəmlidir
S.Quliyev deyir ki, liftlər komfortlu olmadığı halda, orda reklam
effektli nəticə verməz: "Liftdə reklam getməsi üçün insanların liftdə rahatlığı
təmin edilməlidir. Havalandırma sistemi yaxşı olmalıdır ki, insanlar liftə minəndə,
ancaq düşməyi fikirləşməsin. Bizdə liftlərdə havalandırma sistemi yaxşı
olmadığı üçün insanlar minən kimi fikirləşirlər ki, tez düşək. Ona görə liftdə
monitorda göstərilən reklama çox da fikir vermirlər. Eyni zamanda bizdə olan
liftlərin əksəriyyəti güzgü ilə təchiz olunduğu üçün liftə minən insanların
hamısı güzgüdə özünə baxır, monitora fikir vermir. Bir də güzgüdə selfi çəkirlər”
(Gülür).
Cəlbedicilik vacibdir
F.Hacıyevin sözlərinə görə, lift reklamı bir az fərqli olmalıdır:
"Dünya təcrübəsi belədir ki, liftlərdəki reklamlar müxtəlif dizaynda
hazırlanır. Yumoristik, bir az fərqli tərzdə reklam məhsulu olur. Bu, kifayət qədər
maraqlı alınır. Markanı yaddaşlara həkk etmək, mesajı daha yaxşı çatdırmaq üçün
faydalı ola bilir. Liftə daxil olan insan ətraf aləmdən bir neçə saniyəlik təcrid
olunur, ona görə reklam mesajı ilə istehlakçı arasında kommuniyasiya daha yaxşı
gedə bilir. Yaxşı mesaj, fərqli dizayn və özünəməxsus tərzlə uğurlu iş ortaya
qoymaq olar”.
Qısa, amma maraqlı
Lift reklamları maraqlı və qısa olmalıdır. F.Hacıyev deyir ki, liftlərdəki
monitorlarda reklamlar kifayət qədər maraqlı olarsa, insanların diqqətini cəlb
edə bilər: "Liftdə göstərilən reklamın vaxtı da fərqli olmalıdır. Çünki liftdə
çox qısa müddət oluruq. Ona görə də qısa müddətlik reklamla mesajımızı
çatdırmalıyıq. İnsanda hər hansı maraq oyatmaq lazımdır ki, liftdən çıxanda
reklam yadında qalsın, o məhsulla bağlı araşdırma aparsın”.
S.Quliyevin sözlərinə görə, lift reklamı uzun olursa, ondan yaxşı nəticə
gözləməyə dəyməz: "Lift bir mərtəbəni təxminən 2-3 saniyəyə çıxmalıdır, lakin
bizim liftlərin sürəti o qədər azdır ki, 10 mərtəbəni 35-40 saniyə və daha çox
müddətə gedir. İnsanlar da monitorda bir reklama bir neçə dəfə uzun müddət
baxmağı xoşlamırlar. Reklamlar nə qədər lakonik olarsa, o qədər effektlidir.
Bizdə liftlərdə reklamlar uzun olur”.
Ənənəvi reklamların nəticəsizliyi
Bu reklam növünə bizdə marağın olmamasına gəlincə, F.Hacıyev bildirdi
ki, Azərbaycanda indiyə qədər daha çox ənənəvi reklam üsulları istifadə olunub:
"Reklam verənlər artıq ənənəvi reklam üsullarından, plaftormalarından daha
yaxşı nəticə ala bilmədikləri üçün yeni reklam növləri axtarırlar. Buna görə də
lift reklamları da gündəmə gəlməyə başlayır. Bir neçə il öncə bir taksi şirkəti
maşınların üstünə reklam yerləşdirmişdi. O da yeni və maraqlı təcrübə idi.
Düşünürəm ki, bir müddət sonra reklam verənlər liftdə reklam məsələsinə daha
kreativ yanaşa biləcəklər. Daha maraqlı təcrübələr görəcəyik”.
Sonda qiymət məsələsinə gələk. F.Hacıyev qeyd etdi ki, bu, ucuz
reklam növlərindən hesab edilir: "Liftdə olan reklamlar əslində TV
reklamlarından, bilbordlardan qat-qat ucuzdur. Çünki bu reklamlar TV qədər
geniş auditoriyaya çatdırılmır. Yaşayış binasında 100 ailə yaşayırsa, hər ailəni
3 nəfərdən götürsək, 300 nəfər edir. Binaya qonaq gələnləri də nəzərə alsaq, təxminən
600 nəfərə çatmış olur. TV-ni isə minlərlə adam izləyir. Ona görə həm biznes, həm
də yaşayış mərkəzlərində lift reklamları digər reklam növlərindən çox ucuz
olur”.
Aygün Asimqızı