• cümə axşamı, 28 mart, 20:25
  • Baku Bakı 13°C

Lift qorxusu…

12.06.15 12:03 2343
Lift qorxusu…
Bir çox insanlarda lift qorxusunun şahidi olmuşuq. Bu qorxu bir fobiyadır və onlara liftə minməyə çox vaxt mane olur. Amma xeyli vaxt idi ki, insanlarda köhnə lift qorxusu da formalaşmışdı. Lift qorxusu bir fobiya olsa da, köhnə liftdən qorxu bir reallıqdır. Çünki liftlər nə qədər rahatlıq gətirsə də, təhlükələri də ola bilər. Bir neçə il öncə mənzillərdə istismar müddəti keçmiş, təhlükəli liftlərin sayı çoxalmışdı. Bu, hər kəsi narahat edən məsələlərdən idi.
2013-cü ilin aprelində Prezident İlham Əliyevin imzaladığı “Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam”a əsasən, həmin il 1000-dən artıq istismar müddəti keçmiş lift yeniləri ilə əvəzlənmişdi. Bildirilmişdi ki, bu işlər davam etdirilir, 2015-ci ilin sonuna kimi təmirsiz lift qalmayacaq. Amma bu günlərdə liftlərin insan həyatı üçün təhlükəli olması faktı ilə bir daha qarşılaşdıq. İki nəfər liftdə yaranan problemdən dolayı həyatını itirdi. Bu da onu göstərir ki, köhnə liftlərlə bağlı problem tam həll olunmayıb.
“Lift-Təmir” İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, ötən il 270 liftdə iş aparılıb. Həm yeni liftlər quraşdırılıb, həm də əsaslı təmir işləri aparılıb: “Hazırda bu istiqamətdə işlərimiz davam edir. Amma problem hələ ki tam həllini tapmayıb. Bir dəfəyə bu problemi həll etmək mümkün deyil. Mərhələli şəkildə işlərimizi aparırıq. Bu il də bu proses davam etdiriləcək”.
“2015-ci ilin sonuna təmirsiz lift qalmayacaq” - açıqlamasına gəlincə, M.Hüseynov bildirdi ki, Avropa Oyunları ilə əlaqədar yeni liftlərin quraşdırılmasına müəyyən qədər fasilə verilib. Çünki şəhər daxilində liftlər söküləndə onların daşınması, qalıqların toplanılması, təzə liftlərin gətirilməsi prosesi bir az qarışıqlıq yarada bilər. Amma ilin sonuna kimi hissə-hissə liftlərdə işlər davam etdiriləcək.
M.Hüseynovun sözlərinə görə, “Lift-Təmir” İstehsalat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin Dövlət Mənzil Fondunun nəzdində olan binalardakı liftlərə xidmət göstərir. Buraya korporativ, yaxud hər hansı özəl və yeni tikilmiş binalar aid deyil. Qurumlara, özəl şirkətlərə məxsus binalara isə müqavilə bağladığı təqdirdə xidmət göstərilir.
M.Hüseynov deyir ki, hər il liftlərin texniki təhlükəsizlik qaydalarına cavab verib-verməməsi yoxlanılır: “Bu yoxlama zamanı FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri ilə birgə bizim mütəxəssislərimiz liftlərə baxış keçirirlər. Əgər liftlərdə hər hansı təhlükəli hal aşkarlanarsa, bərpası mümkündürsə, təmir edilir. Əks halda, yeni liftlərin quraşdırılmasına qədər fəaliyyəti dayandırılır. Qabaqlayıcı tədbirlər görmək üçün hansısa hissələri dəyişdirmək lazım olursa, vətəndaşların təhlükəsiz şəkildə o liftdən istifadə edə bilməsi üçün onları yeniləyirik. Yəni, burada nəzarət tək bizim tərəfimizdən aparılmır. Digər qurumun da bizim üzərimizdə, eyni zamanda liftlər üzərində nəzarəti var. İl ərzində mərhələli şəkildə bütün liftlər yoxlanılır. Biz 5240-a yaxın liftə xidmət göstəririk. Liftlər aylar üzrə müvafiq qrafiklə yoxlamalardan keçir”.
M.Hüseynovun sözlərinə görə, liftdən təhlükəsiz istifadə üçün vətəndaşlar problem yarandığı zaman ərazi üzrə mənzil istismar sahələrinə, lift idarələrinə dərhal xəbər verməlidirlər: “Vətəndaşlara hər zaman bildiririk ki, liftdən istifadə zamanı hər hansı təhlükə aşkar etdikləri zaman ərazi üzrə lift idarələrinə dərhal məlumat versinlər. Məsələn, liftin qapısı açıq qalıbsa, yaxud hansısa düyməsi işləmirsə, səs, gurultu eşidirlərsə və s. Ərazi üzrə lift idarələri uzun illərdir fəaliyyət göstərirlər. Hər kəs onları tanıyır”.
Baş mühəndis onu da bildirdi ki, təhlükəsizliyin təmin edilməsi üçün vacib şərtlərdən biri də liftlərdən istifadə qaydalarının düzgün aparılmasıdır: “Liftlərin həddindən artıq yüklənməsi də onlarda problem yaranmasına səbəb olur. Bəzən evdə hər hansı təmir işləri aparılanda materialları yuxarı mərtəbələrə liftlə qaldırırlar. Düzdür, yuxarı mərtəbələrə bunu pilləkənlə qaldırmaq mümkün deyil. Amma beş-on dəfəyə ediləsi işi bir dəfəyə etmək olmaz. Eyni zamanda, liftlərin maşın şöbələrinin yuxarı hissələrində, mərtəbələrdə su çənləri quraşdırıblar. Həmin çənlərdən axan sular liftin normal işləmə qaydalarına təsir edir. Su liftin üstünə damdıqda elektron sistem, elektrik naqilləri sıradan çıxır. Kimisə bu zaman gərginlik də vura bilər. Su çənlərini liftin üstündə quraşdırmaq olmaz. Son illər ərzində 1600-dən çox lift dəyişdirilib. Yeni dəyişdiyimiz liftlərdən bəzilərində düymələr yandırılıb, reklam məlumatları yapışdırılıb, yaxud cızılıb, güzgüləri, əlillər üçün olan tutacaqlar sındırılıb. Bu cür yanaşmaq olmaz. Binadakı liftlərin təmizliyinə ən azı öz mərtəbələrindəki qədər riayət etsələr yaxşı olar. Əgər qaydalara riayət edilsə, lift işləyəcək, heç bir problem olmayacaq. Bu proses bir növ qarşılıqlı olmalıdır. Həm biz təşkilatlar, həm də vətəndaşlar tərəfindən”.
Hüquqşünas Müzəffər Baxışov deyir ki, liftlərin istismarı lift idarəsi tərəfindən həyata keçirilir. Bu kimi məsələlərdə lift kimin aidiyyətindədirsə, cavabdehlik də onun üzərindədir: “Lift işi xüsusi peşə tələb edir. Əgər onlar işlərinə səhlənkar münasibət bəsləyərlərsə və bu səbəbdən ölüm hadisəsi baş verərsə, insanlar ağır xəsarət alarlarsa, bu məsələlər barədə bir qayda olaraq prokurorluq tərəfindən cinayət işi başlanılır. Belə hallar araşdırılır. Əgər sübut olunsa ki, hər hansı bir vəzifəli şəxsin işə laqeyd münasibəti, xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxsin, dövlətin, cəmiyyətin hüquqlarına, qanuni mənafelərinə mühüm zərər vurulursa, yaxud da bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, yaxud digər ağır nəticələrə səbəb olmuşsa, bir qayda olaraq cinayət işi başlanılır. Dəqiq deyə bilmirəm həmin cinayət işləri üzrə hansısa vəzifəli şəxsi məhkəmə məsuliyyətinə veriblər, yoxsa yox. Amma əməllər zərərçəkmiş çəxsin ölmünə və ya digər ağır nəticələrə səbəb olarsa, belə halda vəzifə sahibləri 5 ilədək azaldıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Amma istintaq orqanları bütün hallarda liftdə baş verən hadisələrin səbəbini araşdırmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər