• cümə axşamı, 25 aprel, 12:44
  • Baku Bakı 23°C

“Ləzzətli yeməklərdən imtina etmişəm” - Fotolar

11.09.18 09:30 2817
“Ləzzətli yeməklərdən imtina etmişəm” - Fotolar
Bu dəfə "Məşhurların gözəllik sirləri” rubrikamızın qonağı sevilən aparıcı, səsi, siması və şarmı ilə tamaşaçıları televiziya qarşına cəm edən Leyla Quliyevadır. Leyla xanımı hər zaman efirdə formada, səliqəli geyimdə və sadə makiyajda görmüşük. Onunla söhbətimizə elə bu məsələlərdən başladıq. Onu bu qədər şarmlı göstərən sirləri xanımlarımızla bölüşməsini istədik. Müsahibimiz qeyd etdi ki, daima formada qalmağın tək sirri var, o da...
- Leyla xanım, hər zaman fit və formadasınız. Buna necə nail olursunuz?
- Formada qalmaq üçün xüsusi bir sirrim yoxdur. Özümü mükəmməl bədən formasına malik biri hesab etmirəm. Gözəllik hər hansı bir nailiyyət deyil. Bacardığım qədər özümə qulluq etməyə və çəki almamağa çalışıram. Bunun üçün qida rasionuma nəzarət edirəm. Əslində çəki almağa meylli biriyəm. Buna görə də yeməyimə çox nəzarət edirəm. Hansı saatda nələri yemək lazım olması ilə bağlı peşəkarların məsləhətlərindən yararlanıram. Bir müddət dietoloqlardan məsləhətlər alırdım. Bunun üçün bir neçə mütəxəssisə müraciət etmişəm. Ancaq belə qənaətə gəlmişəm ki, insan birinci növbədə özü özünün həkimi olmalıdır. Bədən formamızı özümüzdən yaxşı kimsə tanıya bilməz. Hər insan öz orqanizmini tanımalıdır.
- Dietoloqlardan məsləhət aldığınızı qeyd etdiniz. Bəs onlara əməl edirsinizmi?
- Deməzdim ki, dieta həyat tərzimə çevrilib. Bir çoxlarının qida rasionunda olmazsa olmazları var ki, mən gündəlik qidamda onlardan imtina etmişəm. Yediyim qidaları seçirəm.
- Məsələn nəyi?
- Misal üçün, şirniyyat, yağlı yeməklərdən və çörəkdən imtina etmişəm. Sağlam şəkildə qidalanıram. Yağda qızardılmış yeməklərdən imtina etməyə çalışıram. Bir sözlə, bizim milli mətbəximizdə "ləzzətli təamlar” dedikdə ağlınıza nə gəlirsə, onları qida rasionumdan çıxarmışam.
- Bədən quruluşunuzu qorumaq üçün idmanla məşğul olursunuzmu?
- Təəssüf ki, idmanla məşğul olmaq üçün zamanım yoxdur. Ancaq bunu da bəhanə kimi qəbul edirəm. İnsan nəyəsə can atanda və onu ürəkdən etmək istədikdə mütləq ona vaxt tapır, az da olsa onunla məşğul olur. Ancaq məndə alınmır. Tip olaraq idman üslubunda olan biri deyiləm. Gün ərzində hərəkətdə oluram və məşğul olduğum sahə də buna imkan verir. Təəssüf ki, heç bir idman növü ilə məşğul ola bilmirəm. Bəlkə də idmanla məşğul olsaydım, daha da yaxşı olardı. Hazırda öz bədən ölçülərimi qoruyub saxlamağa çalışıram. Bir vaxtlar özüm də çox kilolu idim. Təbii ki, bu məndən asılı olan səbəblərdən qaynaqlanmırdı. Müəyyən fizioloji proseslərlə bağlı idi ki, bu da hər xanımın həyatında baş verir.
- Hər zaman dəbli və sizə yaraşanı geyinirsiniz. Geyim seçərkən nəyə daha çox üstünlük verirsiniz?
- Geyim seçərkən ən çox özümə yaraşanı seçməyə çalışıram. Özümün geyim zövqüm və geyim hissiyyatım var. Əgər seçəcəyim hər hansı bir geyim çox dəblidirsə, ancaq mənim üzərimdə çox süni görünürsə və onu mənə təqdim edən şəxs təkidlə "bu sizə yaraşır” deyirsə, mən onu geyinmirəm. Əgər bir geyim mənim ruh halımla uyuşmursa, heç zaman onu istifadə etmirəm. Daha çox özümü rahat hiss etdiyim geyimlərdən istifadə etməyə çalışıram.
- Geyimdən söz düşmüşkən, heç zaman sizi açıq-saçıq geyimlərdə görməmişik. Belə geyimləri geyinməkdə nə qədər cəsarətlisiniz? Açıq geyimə qarşı kompleksləriniz varmı?
- Açıq-saçıq geyimlərə qarşı hər hansı kompleksim yoxdur və bunun əleyhinə də deyiləm. Dekolteli geyimlərdən çox nadir hallarda istifadə edirəm. Bu daxildən gələn bir şeydir. Hər insan özünü nə qədər açıq görmək istəyirsə, o qədər açıq geyinir. Bu bir az da cəsarət məsələsidir. Mən o qədər də cəsarətli deyiləm. Cazibədarlıq və cəlbedicilik geyimin açıq olması ilə bağlı olan bir şey deyil. Bəzən elə bir qapalı geyim ola bilər ki, yüzlərlə açıq geyimləri kölgədə qoya bilər. Bir çox tanınmış modellərin, aktrisaların əynində biz bunu daim görmüşük. Hər şey xanımın o geyimi təqdim etməsindən, geyimin ona yaraşmasından asılıdır.
- Xanımların çoxunda olmayan şarm deyilən bir anlayış var ki, onu sizdə görmək mümkündür.
- Təşəkkür edirəm. Deyirlər ki, fransız xanımları şarmlı olur. Şarm əsasən davranışdan, tərzdən, özünü təqdim etmək bacarığından asılıdır. Heç bir geyimlə şarmı əldə etmək mümkün deyil. Bəzən də abartılı makiyajla şarmlı görünmək istəyən xanımlar olur. Şarm xanımın yerişindən, gülümsəməsindən, davranışından, cəmiyyətdə özünü aparmasından, daxildən gələn hissiyyatdır.
- Sizi heç zaman abartılı makiyajdan istifadə edən görməmişik. Makiyaj edərkən nələrə diqqət edirsiniz?
- Makiyaj mənim üçün insanın üz cizgilərinin aksentlənməsi, yəni vurğulanmasıdır. Bəzən makiyajla qrimi səhv salırıq. Bunlar tamam başqa şeylərdir. Makiyajın olunduğu məkandan da çox şey asılıdır. Çəkilişdə, gündəlik getdiyim məkanda, xüsusilə televiziya çəkilişlərində bunlara önəm verirəm. Hər zaman çalışmışam ki, verilişlərimə gələn qonaqlara deyim ki, televiziya qabarıq parıltılı rəngləri sevmir. Daha çox səliqəli və sakit tonlarını sevir. Təkcə televiziya verilişlərində deyil, gündəlik həyatımızda qatıldığım tədbirlərdə də hər zaman üz cizgilərinin vurğulanması vacibdir.
- Sizcə, efir üçün gözəllik daha vacibdir, yoxsa istedad?
- Efir bilavasitə görüntülü olduğu üçün siz kanalı çevirəndə ekranda gördüyünüz sima sizi cəlb edir. Hələ siz onun danışığına, daşıdığı məna yükünə nəzər yetirməmiş, efirdəki aparıcının vizual olaraq görüntüsünü görürsünüz. O görüntü ya çox gözəl olmalıdır ki, diqqəti cəlb etsin, ya da çirkin olmalıdır ki, siz ona baxasınız. Bu iki təzad çox önəmlidir ki, televiziyada audiovizual məhsullarda özünü büruzə verir. Mənim üçün birinci növbədə görüntüdür. İnsan gözəl olmaya bilər. Belə olan halda, şarm nüansı qabarır, üzə çıxır. Gözəllik standartlarından baxsaq, özümü gözəl hesab etmirəm. Mənim üçün gözəl tamamilə başqa üz cizgilərinə malikdir. Aparıcı üçün ilk dəqiqələrdə baxımlı olması yetər. Səliqəli, verilişin ruhuna uyğun görünməsi yetərlidir. İkinci planda onun intellekti, müzakirəyə çıxardığı mövzuya nə qədər bələd olması göz önünə gəlir. Televiziya məsələsində bunlar ikisi də paralel olmalıdır.
- Bəzən də xasiyyət insanı gözəlləşdirir deyirlər. Siz xasiyyətə önəm verənlərdənsinizmi?
- Əlbəttə. Deyirlər ki, üzü gözəldirsə, demək daxili də gözəldir. Mən bu fikirlə razı deyiləm. Bəzən o qədər qəddar, kinli, xəbis ürəkli gözəl insanlar olur ki... Baxırsan ki, insanın üzü o qədər gözəldir ki, o kin üzünü qəddarlaşdırır, cizgilərini kəskinləşdirir və sən onu gözəl adlandıra bilmirsən. Xasiyyət bilavasitə insanın üzünə yansıyan bir məsələdir. Birinci dəfə insana baxanda, ayırd edə bilməzsən ki, onun xasiyyəti necədir. Birinci növbədə insanın üz cizgiləri görünür. Gözəllik nisbi anlayışdır. Hərə onu bir cür qəbul edə bilər.
- Özünüzdə bəyənmədiyiniz hansısa xüsusiyyət varmı?
- Bu hər insanda var. Dünyanın ən gözəl qadınına da bu sualı versəniz, özündə o qədər mənfi xüsusiyyətlər tapar ki. Siz onları heç hiss etmirsiniz. Təbii ki, mənim də komplekslərim var. Qeyd edim ki, bu komplekslər heç də az deyil. Mənim də gizlətmək istədiklərim var. Bunlar mənim özümün özümlə olan konfliktim və həlli yollarımdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər