• cümə, 19 Aprel, 19:28
  • Baku Bakı 24°C

“Leylinin gətirəcəyi uğurları gözləyirəm”

13.07.16 11:21 2314
“Leylinin gətirəcəyi uğurları gözləyirəm”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində 1 aylıq təlimi bitirərək geri dönüb. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və bu ölkənin Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi cari ilin iyun ayının 1-dən 30-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutub.
Biz də Asya Atakişiyevanı qarşılayanlar sırasında olduq. O, bizimlə söhbətində səfər təəssüratlarını bölüşdü:

- Hər il dünyanın bir çox ölkələrindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndə iştirak edirdi. Layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı, tanınmış teatr xadimlərinin ustad dərsləri keçirildi. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq artisti Aleksandr Kalyagin başda olmaqla, tanınmış teatr xadimləri Yuri Nikolayeviç Butusov, Konstantin Arkadyeviç Raykin və Sergey Vasilyeviç Jenovaç tərəfindən keçirildi. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri - "Tri sestrı. Tretğe deystvie”, "Puşkin. Malenğkie traqedii”, "Tişina”, "Canto delle ombre- Pesnə teney”, "Malenğkie qvozdi” hazırlayaraq təqdim etdi.
X Beynəlxalq Yay Teatr Məktəbinin sonunda diplom və sertifikata, eləcə də gümüş döş nişanına layiq görüldüm. Yay Teatr Məktəbinin bədii rəhbəri Aleksandr Kalyagin ölkəmizə xüsusi salamlarını göndərərək, Azərbaycan teatr məktəbinin peşəkar yetirmələrinin növbəti illərdə də rəhbərlik etdiyi təlimlərdə iştirakının qarşılıqlı yaradıcılıq mübadiləsi baxımından uğurlu olacağını bildirdi.
- İstərdik bizə bir az da bu məktəbin beynəlxalq aləmdəki nüfuzundan danışasınız.

- Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və qitələrdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

- Bəs sizin orada iştirakınız necə reallaşdı?

- Bu məktəb barədə kifayət qədər məlumatlı idim. Mənim təhsilim tədris aldığım məktəbin yubileyi ərəfəsinə təsadüf etmişdi. Belə ki, bu il həmin məktəbin 10 yaşı tamam olur. Bizdən əvvəl də yerli həmkarlarım bu məktəbdə dərs alıblar. Onların vasitəsi ilə bu yay məktəbi haqqında kifayət qədər məlumatlı idim. Ancaq oraya informasiya göndərmək üçün zamanım yox idi, əslində bu məktəbə getməyi çoxdan istəyirdim. Qismət bu günə imiş. Serial çəkilişlərim bitdikdən sonra mən özüm haqqında məlumat kitabçası göndərdim. Oraya tamaşalarımdan qısa parçalar göndərmişdim. Belə bir məktəbdə dərs almaq üçün münsiflər heyəti ən yaxşılarını seçirlər. Həmin məktəbə kifayət qədər müraciət edənlər var idi. Mənə qəbul olduğum cavabı gələndə bu xəbərə o qədər də çox sevinmədim. Eşidəndə ki, mənimlə birlikdə həmkarım Ruslan İsmayılov da həmin məktəbə qəbul olub, o zaman çox sevindim. Çünki yad bir ölkədə 1 ay mənim üçün darıxdırıcı keçəcəyini düşünürdüm. Yanımda dostumun da mənə yol yoldaşı olacağını eşidəndə orada darıxmayacağıma sevindim.

- Vətəndən kənarda, xarici iştirakçılar, müəllimlər, yad bir kollektiv... Çətinlik çəkdinizmi?

- Əlbəttə, bir qədər çətin idi. Onlara çox çətinliklə uyğunlaşdım. Uzun müddətdir ki, teatrda, serialda məni tanıyan insanlarla birlikdə çalışmışam. Onlar mənim hansı xarakterə malik olduğuma və potensialıma da bələddirlər. Burada isə müəllimlər və iştirakçılar məni tanımırdılar. Hamımız tamam başqa bir mühitdən çıxıb gəlmişdik. Orada öz istəyimlə plastikanı seçmişdim. Çünki plastikamı daha da peşəkarlaşdırmaq istəyirdim. Məktəbə daxil olarkən müəllimlər hansı yönü istədiyimi soruşdular. Mən isə sırf plastikaya görə oraya gəldiyimi bildirdim. Onlar mənim xoreoqrafik potensialıma baxıb həmin qrupa qəbul etdilər.

- Bəs bu məktəbdə nələr öyrəndiniz?

- Səhərlər tanınmış sənət adamlarından ustad dərsləri keçir, axşamlar isə məşqlər edirdik. Bu yay məktəbində mən çox şey öyrəndim. Biz orada səhnə danışığı, hərəkəti, plastika, xoreoqrafiya və sair haqqında biliklərə yiyələndik. Ümumiyyətlə, dörd il universitetdə keçdiyimiz dərsləri ətraflı şəkildə 1 ay ərzində mənimsədim. Orada fərqli metodlardan istifadə edirlər. Hansı ki, həmin yeni metodlar bizə tədris olunmayıb. Bu bir ay mənə indiyə qədər öyrəndiklərimin təkrarı kimi oldu. Sanki beynim boşalmışdı, yenidən doldu.

- Yəqin ki, bu məktəbdə yeni tanışlıqların və dostluqların əsası qoyuldu.
- Əlbəttə, mənim Yakutiyadan, Sankt-Peterburqdan, Sloveniyadan, Slovakiyadan, Britaniyadan, Hindistandan, dünyanın müxtəlif ölkələrindən dostlarım oldu. İndiyə qədər onlarla əlaqə saxlayıram. Biz oradakı iştirakçıları ölkəmizə dəvət edir, tamaşamız haqqında informasiyalar verirdik. Bir-birimizi tamaşalarımıza baxmağa dəvət edirdik. Adamın pulu olsa, həmin ölkələri bir-bir gəzib, həm də istirahət etmək olar (gülürük).

- Elə bir simanız var ki, sizə baxanda Şərq qadınlarını xatırladırsınız. Orada yəqin ki, sizin qafqazlı olduğunuzu həməncə duyublar.

- Orada mənə deyirdilər ki, sən Azərbaycan ulduzusan. Mənə "Ulduz” deyirdilər. Məni ilk dəfə görəndə dedilər ki, bu, Qafqaz qızıdır. Hərdən məni hindlilərə də bənzədirdilər. Orada hindli iştirakçı Raca deyirdilər ki, bu sənin bacındır, ancaq Azərbaycandan gəlib (gülürük).

- Teatrın repertuarında yer alan əksər tamaşalarda obrazlar canlandırırsınız. Bu məktəbə gedərkən teatrdakı obrazlarınızla bağlı hər hansı problem yarandımı?

- Bunu iki ay qabaqcadan bilirdim. Teatrın rəhbəri mənə dəstək oldu. Bildirdi ki, bizim belə kadrlara ehtiyacımız var. Yay məktəbinə getmək üçün teatrımızın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov mənə hər cür şərait yaratdı. Tamaşalarımda dublyorlarım yer aldılar. Onlar mənə çox böyük kömək oldular. Mənə heç bir problem yaratmadılar. Bunun üçün onlara təşəkkür edirəm.

- Sizi hər zaman dramatik obrazda görürük. Bəs komediya janrı sizin ifanızda necə alınır?

- Nədənsə serial təklifləri daha çox dramatik janrda olur. Əgər hər hansı bir komik obraz təklifi gəlsə, oynayaram. Ancaq teatrda komik obrazlarım var. Bu obrazları çox sevirəm. Canlandırdığım hər bir obraz mənə əzizdir.

- Bir mövsümü geridə qoyduq. Geridə qoyduğunuz bu mövsüm uğurlu, yoxsa uğursuz tamaşa kimi yaddaşda qaldı?

- İki tamaşada - "Turpun nağılı” və "Qohumlar” tamaşasında rol aldım. Bu mövsüm çəkildiyim "Həyat sən nə qəribəsən” serialında maraqlı hadisələr yaşandı. Ümumilikdə götürəndə geridə qoyduğumuz mövsüm mənim üçün çox məhsuldar keçdi. Mövsümü "Leyli və Məcnun” tamaşasında Leyli obrazına dəvət aldım. Bu, mənim üçün çox xoş oldu.

- Sizə elə gəlmirmi ki, "Leyli və Məcnun” kifayət qədər müxtəlif teatrlarda səhnə həlli tapıb?

- Bizim teatrda hazırlanan tamaşa tamamilə fərqlidir. Əslində bu, çox çətin tamaşadır. Teatrımızın istedadlı aktyoru, rejissoru, əməkdar artist Nicat Kazımov bu tamaşanı tamam başqa üslubda hazırladı. Bildiyiniz kimi, "Leyli və Məcnun” operadır. İndiyə kimi səhnə həlli tapan tamaşalar opera şəklində səhnələşdirilib. İlk dəfədir bu opera tamaşa şəklində təqdim olunacaq. "Leyli və Məcnun” çox klassik əsərdir. Hesab edirəm ki, bu gün də ən aktual məsələlərin yer aldığı tamaşalardan biridir. Hazırda tamaşa üzərində məşqlər gedir. Məzuniyyətdən döndükdən sonra yenə də məşq prosesinə başlayacağıq.

- Yeni mövsümdən nə gözləyirsiniz?
- Yeni mövsümdə də Leylinin gətirəcəyi uğurları gözləyirəm (gülürük). Hələ ki serial və ya filmə dəvət gəlməyib. Təklif gəlsə, dəyərləndirməyə çalışacağam. İstirahət edib bol enerji ilə gələn təklifləri dəyərləndirəcəyəm.

- İstirahəti harada keçirməyi düşünürsünüz?

- İstirahət üçün iki ölkəni nəzərdə tutmuşam. Onlardan biri İtaliya, digəri isə Tailanddır. Hələ tam dəqiq qərar verməmişəm. Viza məsələsini həll edən kimi istirahətə gedəcəyəm.








Xəyalə Rəis

banner

Oxşar Xəbərlər