• şənbə, 20 Aprel, 14:09
  • Baku Bakı 23°C

Leyla Yunusun dövlətə xəyanət etirafı

26.09.14 12:24 1766
Leyla Yunusun dövlətə xəyanət etirafı
Hazırda həbsdə olan «hüquq müdafiəçisi» Leyla Yunus sentyabr ayının 16-da prezident Fransua Ollanda məktub ünvanlayaraq Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi 20 ildən artıqdır ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına səy göstərdiyini, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyini və nizamlama prosesində şəxsən prezident Ollandın Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olmaq istəyinə bir an belə şübhə etmədiyini bildirməklə yanaşı, ölkə başçısı İlham Əliyevin nizamlama prosesində səmimiyyətinə, onun sülhə can atmasına şübhə ilə yanaşdığını dilə gətirib.
Göründüyü kimi, L.Yunus F.Ollanda yazmış olduğu bu məktubda yer verdiyi fikirlərlə növbəti dəfə Azərbaycan dövlətinə, xalqına xəyanət yolu seçdiyini etiraf etmiş olub. Əvvəlki fəaliyyətində ölkənin beynəlxalq imicini müxtəlif üsullarla ləkələyən L.Yunus bu səfər hər bir azərbaycanlı üçün həssas olan Qarabağ kartından istifadə etməklə öz məqsədinə can atmağa cəhd göstərib. Əslində isə o, yaxşı bilir ki, Azərbaycan prezidentinin bütün sahələrdə apardığı siyasətin kökündə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq dayanır. Ölkənin beynəlxalq nüfuzunun durmadan artması, hərbi qüdrətinin günbəgün yüksəldilməsi, iqtisadi cəhətdən güclənmə və s. problemin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib. Bunu hər bir azərbaycanlı görür və təqdir edir. Əgər L.Yunus da özünü azərbaycanlı sayırsa, prezident İlham Əliyevin bu fəaliyyətini görməzdən gəlməməli, bunu səmimi hesab etməli idi. Çünki o, bilməmiş deyil ki, Azərbaycan nə qədər çox qüdrətlənərsə, sülh də o qədər tez əldə olunar.
Digər tərəfdən prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli məqsədilə keçirdiyi çoxsaylı görüşləri, verilən sülh bəyanatlarını, ölkəmiz tərəfindən ciddi riayət olunan atəşkəs rejimini görmək və bütün bunların sülh naminə edildiyini dərk etmək L.Yunus üçün bu qədərmi çətindir ki, başqa dövlətin prezidentinə «şikayət» məktubu yazanda onları nəzərə almayıb?
Deməli məqsəd birdir: ölkəni, xalqı, dövləti beynəlxalq miqyasda gözdən salmaq, özünün məhkəmə prosesi başlamadan siyasi şou göstərmək.
Əslində L.Yunus və onun kimi xəyanətkarların həbsi də Azərbaycan dövlətinin Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində atdığı səmimi addımların tərkib hissəsidir. Çünki Ermənistanın işğalı ilə barışmağa hesablanmış və Qərbin dəstəklədiyi «xalq diplomatiyası»nın yerli icraçıları olan L.Yunus və onun dəstəsi problemin həllində ədalətin bərpa olunmasına maneçilik törətməklə ermənipərəst mövqe sərgiləyirdilər.
F.Ollanda ünvanlanmış məktubda öz ölkəsinin prezidenti barədə işlətdiyi qeyri-adekvat ifadələrlə yanaşı, müəllifin Fransa prezidentinə yarınması da diqqəti cəlb edir. Bu isə L.Yunusun riyakarlığının göstəricisidir.
L.Yunusun məktubunda yer alan Fransanın münaqişənin həllində həmsədr kimi fəaliyyətinə gəldikdə isə o qeyd edilməlidir ki, Minsk qrupu yaradıldığı 20 ildən artıq bir dövrdə münaqişənin həllinə nail ola bilməyib. Bir sıra hallarda isə Minsk qrupnun fəaliyyəti Ermənistanın maraqlarına xidmət edib. Elə 20 il ərzində problemin həllini tapmaması, Ermənistana Minsk qrupu üzvləri olan dövlətlər tərəfindən ciddi təzyiq göstərilməməsinin nəticəsidir.
Ötən dövr ərzində Minsk qrupunun passivliyi Azərbaycan ictimaiyyəti, dövləti tərəfindən dəfələrlə qınanıb.
Deməli, L.Yunus Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirərkən Azərbaycan ictimaiyyətinin, dövlətinin iradəsinin ziddinə hərəkət etmiş olur. Eyni zamanda o da vurğulanmalıdır ki, hazırkı status-kvo Ermənistana sərf etdiyindən bu dövlətin rəsmiləri daim Minsk qrupunun fəaliyyətini təqdir edirlər. Beləliklə, Leyla Yunus Minsk qrupunun fəaliyyətini yüksək qiymətləndirməklə Ermənistanla eyni mövqedən çıxış etdiyini ortaya qoyub.
Məhz bütün bunlar L.Yunusun «xalq diplomatiyası» çərçivəsində erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığının «beşinci kolon» missiyasından irəli gəldiyini ortaya qoyur. Ümumiyyətlə L.Yunusun Fransa prezidentinə məktubunda yer alan fikirlər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın deyil, açıq-aşkar Ermənistanın mövqeyindən çıxış etdiyini nümayiş etdirir. Erməni yanlısı belə bir şəxsin Fransa prezidentindən Azərbaycana təzyiq göstərməsini istəməsi isə təbiidir.
Lakin məlum olduğu kimi, Azərbaycan artıq qüdrətli bir dövlətdir. Hər hansı Leyla Yunus kimilərinə görə Azərbaycana təzyiq göstərmək mümkün deyil.
Digər tərəfdən Qərb ölkələrinin daim praqmatik siyasətə üstünlük verdiyi də məlumdur. Məhz buna eyham vuran Prezident İlham Əliyev çıxışlarının birində bəzi yerli QHT təmsilçilərinin ölkəyə xaricdən təzyiq göstəriləcəyi ilə bağlı xam xəyallara qapılmamağı tövsiyə etmişdi. Bu barədə o aşağıdakı fikirləri ifadə etmişdi: «Özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib».
Beləliklə də son olaraq belə bir qənaətə gəlmək olar ki, L.Yunusun F.Ollanda yazdığı şikayət məktubu onun özünün antiAzərbaycan mahiyyətinin, xəyanətkar missiya daşıyıcısı olmasının bir daha Azərbaycan ictimaiyyəti üçün açılmasına xidmət etdi.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər