• cümə, 29 Mart, 17:11
  • Baku Bakı 14°C

Leyla Yunusun cavabsız saxladığı suallar

02.08.14 09:34 1246
Leyla Yunusun cavabsız saxladığı suallar
Müşfiq Ələsgərli

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəyi barədə informasiyanı təqribən on ay öncə təsadüf nəticəsində öyrənmişdim. Bir qrup “hüquq müdafiəçisi” 2013-cü il oktyabr ayının 1-də Bakıda keçirdikləri toplantının yekunu olaraq beynəlxalq təşkilatlara müraciət qəbul etmişdilər. Müraciət bu sözlərlə başlayırdı: “Biz Sizə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəyi tarixdən 7 ay, Prezident seçkisi günündən 8 gün öncə müraciət edirik...”.
Aralarında Leyla Yunusun da olduğu müraciət müəllifləri iddia edirdilər ki, “seçki zamanı müəyyən pozuntu hallarının baş verə biləcəyini istisna etmirlər”. Bunu nəzərə alaraq, beynəlxalq təşkilatlardan xahiş olunurdu ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik məsələsi ətrafında müzakirələrə xitam verilməsinə çalışsınlar. Müraciətin mətnindəki bütün iddiaların ehtimallar üzərində qurulduğuna əsaslanaraq onu ciddiyə almamaq da olardı. Hansı məntiqlə inanmaq olardı ki, 3 nəfərin ehtimalları üzərində qurulmuş, əsaslandırılmamış mülahizələrə görə nüfuzlu bir təşkilat qərar çıxara bilər. Amma sonradan cərəyan edən proseslər göstərdi ki, barəsində danışılan müraciət, əslində uzaq perespektivə hesablanmış antiAzərbaycan proseslərin fəaliyyət düsturuna daxildir. Həm də nadir nüsxə deyil.
Artıq ənənəyə çevrilib: Azərbaycan xalqı öz dövlətinin hansısa uğurunun müjdəsindən daha öncə, bu uğurun hallalığına şübhə toxumu səpən kampaniyanın xəbərini alır. 2012-ci ilin Avroviziya yarışması öncəsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi ərəfəsində baş verənlər hər kəsin yaddaşındadır. 2012-ci ildə gözlənilmədən “Küçə itlərinin hüquqlarının müdafiəsinə” qalxıb Avroviziya qələbəsinin sevincini gündəmdən silməyə, ölkənin möhtəşəm bir tədbirə ev sahibliyi etmək bacarığında olması kimi bir uğura kölgə salmağa çalışan “hüquq müdafiəçiləri qrupu” üçün indi də yeni mövzu tapılıb: 2015-ci ildə Bakıda keçiriləcək “İlk Avropa Oyunları Olimpiadası” barədə qarayaxma kampaniyasına start verilib. Avropa oyunları olimpiadasının ilk olaraq Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti barədə danışmağa lüzum görmürəm. Amma bu uğurun Azərbaycanın adına yazılmaması üçün var gücü ilə çalışan, beynəlxalq təşkilatlara yüzlərlə müraciətlər ünvanlayıb Bakı olimpiadasını təxirə saldırmaq istəyənlərin, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinə imkan verilməməsini arzulayanların məqsədləri barədə bilgi almaq, yəqin ki, hər kəs üçün maraqlı olar.
Ayrı-ayrı dönəmlərdə həyata keçirilən bu antiAzərbaycan kampaniyaları müxtəlif kontekstlərdən araşdırmaq mümkün olsa da, onları bir xətt ətrafında düzən və günümüzün aktual mövzusu sayılan problem kontekstində dəyərləndirməyə daha çox zərurət var.
Diqqət çəkən birinci məqam ondan ibarətdir ki, beynəlxalq səviyyədə keçirilməsinə cəhd edilən antiAzərbaycan kampaniyaların hər birinin ölkə içindəki təşkilatçısı eyni qrupdur. Beynəlxalq təşkilatlara ünvanlanan qeyri-məntiqi və antimilli müraciətlərin altındakı imzalara baxmaq kifayətdir ki, bu fakt öz təsdiqini tapsın.
Diqqət çəkən ikinci məqam isə ondan ibarətdir ki, aralarında Leyla Yunusun da yer aldığı bu dar çərçivəli qrupun məhz ermənilərin təsir dairəsində olan bəzi beynəlxalq statuslu təşkilatlar üçün buyruq quluna çevrildiyi şübhəsi var. Belə ki, Azərbaycanın inkişafını arzulamayanlar ölkənin müsbət və sürətli dəyişikliklisinin danılmaz fakta çevrildiyini görüncə, qondarma problemlər uydurmaqla bu inkişafı şübhəyə almağa çalışırlar. Bu qondarma problemləri reallıq kimi qələmə vermək üçün isə, Leyla Yunusun daxil olduğu qrupdan yetərincə faydalanılır. Bu qrupun hazırladığı qeyri-obyektiv hesabatlar antiAzərbaycan kampaniyalar üçün bünövrə rolunu oynayır və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur.
Sübut axtarmağa ehtiyac yoxdur. Bu qrupun reallaşdardığı kampaniyaların tarixinə, həyata keçirilmə metodikasına, tezislərinə baxsaq, onun Ermənistandan idarə olunan antiAzərbaycan kampaniyalarla pararalelllik təşkil etdiyi aşkar görünər. Birinci Avropa Oyunları Olimpiadası ətrafında aparılan kampaniya buna bariz misaldır. Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar veriləndən dərhal sonra ermənilər olimpiya oyunlarına qatılmayacaqlarını bildirdilər. Lakin görəndə ki, Avropanın bu oyunların Bakıda keçirilməsi barədə qərarına təsir edə bilmədilər, onda öz fikirlərini dəyişib oyunlarda iştirak edəcəklərini bəyan etdilər. Amma bu, onların öz qarayaxma kampaniyalarına son vermələri anlamına gəlmir. İndiki halda kampaniya fərqli formada, Leyla Yunusun da daxil olduğu qrup tərəfindən təkrarlanır.
Bütün bunlar, hər kəsin görə biləcəyi faktlardır. Adi vətəndaşın görə bilməyəcəyi faktları isə hüquq mühafizə orqanları aşkarlayıblar. Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayaraq bildiriblər ki, Yunusova Leyla İslam qızının rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu 2006-2014-cü illərdə külli miqdarda qeyri-rəsmi (qeydiyyatsız) vəsait əldə edib. Bu vəsaitin böyük bir hissəsinin ermənilərə bağlı mənbələrdən əldə edildiyi təsdiqlənib.
İstintaqın necə yekunlaşacağını, hansı ittihamların isbat olunacağını, hansı qərarlar veriləcəyini öncədən söyləmək çətindir. Amma prosesin gedişində diqqət çəkən bir məqam var:
Leyla Yunus barədə qeyd edilən ittihamlar dörd aydır ki, gündəmdədir. Rauf Mirqədirovun həbs edilməsindən sonra işin Leyla Yunusla, sonuncunun isə ermənilərlə bağlılığı barədə sənədlərin mövcudluğu iddia edilir. Ermənilərə xidmət müqabilində alınan maliyyə vəsaitinin hansı yollarla əldə edilməsinin dəqiq mexanizmi göstərilir. Amma nə Leyla Yunus, nə də onun müdafiəçiləri, bu sənədlər barədə danışmır, yalnız ümumi bəyanatlar verməklə kifayətlənirlər. Əgər hüquq mühafizə orqanlarının barəsində danışdıqları maliyyə vəsaiti və onun qeyri-leqal məqsədlərə xərclənməsi iddiası yanlışdırsa, Leyla Yunus və onun müdafiəçilərinin bu sənədlər barədə sualları nə üçün cavabsız saxladığı, məsələni siyasi sifariş müstəvisinə sürüklədiyi, yəqin ki, hər kəs üçün maraqlıdır.
banner

Oxşar Xəbərlər