• çərşənbə, 24 Aprel, 15:23
  • Baku Bakı 27°C

Leyla Yunus və onun həyat yoldaşından nə desən gözləmək olar

03.05.14 09:49 3117
Leyla Yunus və onun həyat yoldaşından nə desən gözləmək olar
Son günlər mətbuatın gündəmində olan “Xalq diplomatiyası”, jurnalist Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsi, Vətənə qayıtdıqda isə dövlətə xəyanətdə şübhəli bilinərək saxlanması, Leyla və Arif Yunusların istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd etmələri, xarici ölkə səfirliklərinin daxili işlərimizə qarışma cəhdi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, politoloq Elşən Musayev cavablandırır.
- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Qərbin də dəstək verdiyi “Xalq diplomatiyası” son günlər yenidən gündəmə gəlib.

- “Xalq diplomatiyası” son dərəcə mücərrəd bir anlayışdır və onun yozumu ilə bağlı ictimai-siyasi sektorda, eyni zamanda beynəlxalq kuluarların özündə müxtəlif təvsir və tövsiflər var. Əvvəla ondan başlayaq ki, həmin diplomatiya özündə xalqlar arasındakı münasibətlərin, daha doğrusu, mübahisələrin tənzimlənməsini şərtləndirən siyasi mahiyyəti ehtiva etsə də, paralel olaraq konkret çərçivəni müəyyən etmir. Yəni bəlli deyil ki, bu işlə məşğul ola biləcək insanların, subyektlərin dairəsi, fəaliyyət spektri harada məhdudlaşa, ya da genişlənə bilər. Bu birinci nüans. İkinci məsələ ondan ibarətdir ki, dünya tarixində məlum diplomatiyadan müsbət mənada bəhrələnən xalqların və dövlətlərin adını kimsə xatırlamır. Ələlxüsus da söhbət tutaq ki, təxminən Dağlıq Qarabağ konflikti həcmində olan son dərəcə kritik hərbi münaqişələrdən gedirsə. Üçüncüsü, bütün beynəlxalq aləmə gec də olsa gün kimi aydındır ki, Qərb eyni adlı diplomatiyanı heç də qeyd edildiyi kimi xalqların mənafeyi prizmasından özünə prioritet seçməyib. Əksinə, bu siyasət praktik anlamda problem çözümündən daha çox, dövlətlərin daxili işlərinə bilavasitə müdaxiləni nəzərdə tutur. Məsələn, heç uzağa getməyək, elə son bir həftə ərzində Azərbaycanın ictimai-siyasi həyatında az qala bomba kimi partlayan Rauf Mirqədirov presidenti dediklərimə əyani sübutdur. Üstəgəl həm də o faktın göstəricisidir ki, Qərb və onun emissarları olan dövlətlər “Xalq diplomatiyası” adı altında öz oyunlarını oynayırlar, xarici kəşfiyyat orqanları üçün əlaqələndirici axtarışına çıxırlar, onları tapırlar və ən son mərhələdə də həmin əlaqələndiriciləri konkret missiya ilə bəlli proseslərə cəlb edirlər. Və nəhayət, dördüncüsü, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində paralel olaraq bu diplomatiyaya da müraciəti heç də o anlama gəlməməlidir ki, biz onun nəticəsinə ya da uğurlarına bel bağlamışıq. Xeyr! Səbəb sadəcə beynəlxalq aləmə növbəti söz oyunu üçün şans verməmə istəyi olub. Yəni sonra yekə-yekə, pafosla iri tribunalardan durub deməsinlər ki, bunu eləsəydiniz effekt daha artıq olardı və ilaxır. Azərbaycan dövləti bununla göstərmək istəyib ki, hərbi müdaxiləyə qədər mümkün olan bütün yolları sınaqdan keçirməyə hazırıq və bundan sonra da olacağıq.
- Sizcə, jurnalistlərin, QHT nümayəndələrinin, eləcə də digər vətəndaş cəmiyyəti təmsilçilərinin “Xalq diplomatiyası” adı altında Ermənistanla təmasları münaqişənin həllinə təsir edə bilərmi?

- Təbii ki, edə bilməz. Bu, mümkünsüz bir şeydir. Niyə mümkünsüzdür? Çünki, QHT səviyyəsində, üstəgəl ictimai sferada gedən söhbətlər dövlət səviyyəli deyil. Ya da belə deyək, həmin sektorun nümayəndələri ən yaxşı halda 5-10 nəfərin məlum münaqişə ilə bağlı fikirlərini dəyişdirə bilərlər. Problem isə iki dövlət arasında olan problemdir. Eyni zamanda həmin problemin qayəsində duran faktorların nə analizi, nə də Azərbaycan həqiqətlərinin təbliği ən azından bizi Ermənistanda bu günə qədər təmsil edən QHT nümayəndələrinin ağlı və istedadına uyğun miqyas deyil. 24 saat alkoqoldan başı ayılmayan Seymur Baycan, ABŞ-ın birbaşa agenti Xədicə İsmayıl, ermənipərəst Leyla Yunus, ya da Mirqədirov kimi vətən xainləri mənsub olduğu dövləti necə təmsil edə bilər, xalq diplomatiyasına hansı töhfəni verə bilər?
- Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsinə, dövlətə xəyanətdə təqsirli bilinərək saxlanmasına münasibətiniz necədir?

- Mən Rauf Mirqədirovun həbsini “Xalq diplomatiyası”nın ortaya çıxardığı zərərli, təhlükəli nəticələrdən öncə bu adamın xislətinə, şəxsiyyətinə və cinayətə meylliliyinə bağlamaq istərdim. Niyə? Çünki, öz dövlətinə xeyir verə bilməmək, ya da bayaq haqqında danışdığım Seymur Baycan kimi Ermənistana yeyib-içmək, kef-damaq subyekti kimi baxmaq hələ o demək deyil ki, sən cinayətin içindəsən ya da həmin cinayəti törətmisən. Yəni, dedyim odur ki, “Xalq diplomatiyası”nın pərdəsi altında yetərincə bivec, avara, xeyirsiz insanlar var ki, il boyunca o baş-bu baş fırlanırlar. Kimsənin də onlarla işi yoxdur. Amma bir də var, konkret cinayət! Yəni bu adam tutaq ki, aktyor olub harasa qastrol səfərinə də getsəydi imkan tapıb öz ölkəsini bir şəkildə satacaqdı. Odur ki, bu məsələni sırf “Xalq diplomatiyası” ilə əlaqələndirməyin əleyhinəyəm. Çünki ortalıqda kompleks faktorlar var.
- Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd etməsini, bu baş vermədikdə isə nümayiş etdirdiyi davranış tərzini necə qiymətləndirirsiniz?

- Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus hüquq müdafiəçisi adı altında maskalanan, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan adamlardır. Belələrindən isə hər şey gözləmək olar. Onların yalnız şahid qismində istintaqa dəvət edilməsi yetərli oldu ki, bu insanlar öz günahlarını və cinayətlərini ört-basdır eləmək üçün önəm alsınlar. Əslində aldılar da. Sadəcə öz iradələrindən asılı olmayan səbəblər ucbatından plan yarımçıq qaldı, hüquq-mühafizə orqanlarının əməkdaşları ayıq-sayıq tərpəndilər və xirtdəyinə qədər bataqlığın, qara işlərin içində olan bu ər-arvadın ölkədən qaçışını əngəllədilər. Amma təbii, bununla yetinməməlidir. Prosesin davamı gəlməlidir. Leyla və Arif Yunusların dövlət əleyhinə olan bütün hərəkətləri faktlarla sübuta yetirilməli, eyni zamanda bu cür insanların ifşası dövlət və ölkənin milli maraqları naminə sürətlənməlidir.
- Xarici ölkə səfirlərinin Azərbaycanın daxili işlərinə qarışması, bu kimi məsələlərdə tərəf kimi çıxış etməsinə münasibətiniz necədir?

- Azərbaycanın daxili işlərinə nəinki diplomatik korpus nümayəndələrin, ümumiyyətlə, kimsənin qarışma ixtiyarı yoxdur. Bu, geniş mənada ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa, dövlətlərin öz üzərində daşıdığı öhdəliklərə, müvafiq beynəlxalq konvensiyalara, konkret olaraq “Diplomatik Xidmət Haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarına ziddir. Olmamalıdır belə şeylər! Ələlxüsus da ətraf dövlətlərə illərdir demokratiya və hüquq dərsi keçmə çabasında olan birilərinin timsalında. Çünki, bu gedişlə onların səmimiyyətinə artıq kimsə inanmayacaq. Təbii ki, onların ölkədən qaçmaq istəkləri sıradan bir hadisə deyildi. Səfirlik nümayəndələri də hava limanına səbəbsiz gəlməmişdilər. Ayrıca, Fransa səfirliyinin bu məsələdə iştirakını tam normal və məntiqli qəbul edirəm. Niyə? Ona görə ki, ermənilərin bir nömrəli dostu olan fransızlar çox güman ermənipərəst Leylanı da qorumağı özləri üçün mənəvi borc biliblər. Ən azından bu məsələdə əllərindən gələni əsirgəməyiblər. Odur ki, sıravi vətəndaşları 5 illik yox, elə ancaq 1 illik viza üçün ən az 20-25 gün get-gələ salan bir səfirliyin Yunus ailəsinə tanımış olduğu bu ayrıcalıq hesab edirəm, çox ciddi müzakirə mövzusuna çevrilməlidir. Həmin təmsilçilərə kimsə anlatmalıdır ki, başlarını lazım və onlara aid olmayan yerlərə soxublar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər