Leyla Yunus şou yaradıb özünü qəhrəman kimi təqdim etməsin

Leyla Yunus şou yaradıb özünü qəhrəman kimi təqdim etməsin

Siyasət
06 Noyabr 2012, 09:21 1339
Ötən həftə Bakıda azərbaycanlı hüquq müdafiəçiləri ilə Avropa Şurası (AŞ) baş katibinin müavini Qabriela Battaini-Draqoni və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qusselin görüşü keçirilib. AŞ-nin Bakıdakı nümayəndəliyində baş tutan görüşə Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qatılıb. Bu görüşlə bağlı mətbuatda geniş müzakirələr açılıb. Müxtəlif məsələlərin müzakirə edildiyi bu görüşlə bağlı “Kaspi”nin suallarını Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev cavablandırır.
- Əliməmməd müəllim, ilk öncə bu görüşün məqəsdi və hansı atmosferdə keçməsi barədə fikirlərinizi almaq istərdik.
- Mən və digər hüquq müdafiəçiləri konfidensial xarakterli bu görüşə Avropa Şurası tərəfindən dəvət almışdıq. Avropalı qonaqlar bizə görüşün məqsədi ilə bağlı fikirlərini söylədilər. Qeyd olundu ki, təşkilat Azərbaycanla bağlı yeni bir fəaliyyət planı hazırlayır. Bu məqsədlə, bizə qədər dövlət rəsmiləri ilə də görüşmüşdülər. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşürdülər ki, bütövlükdə hansı töhfələri verə biləcəyimiz, hansı məsələlərə daha çox diqqətin cəlb olunması müəyyən edilsin. Buna uyğun olaraq da müzakirələr aparıldı, söhbətlər getdi. Hər kəs çıxış edərək, bu istiqamətdə olan fikirlərini çatdırdı.
- Mətbuatda sözügedən toplantının kifayət qədər gərgin keçməsi barədə fikirlər yer alıb. Bilmək olarmı, bu gərginliyə əsas səbəb nə olub?
- Mən istəməzdim ki, orada baş verənlər barədə ətraflı danışım. Fikrimcə, bu etik qaydalara uyğun deyil. Hesab etmirəm ki, həmin görüşdə qeyri-adi nəsə baş verib. Bunu hüquq müdafiəçiləri ilə avropalı qonaqların ənənəvi görüşlərindən biri kimi qəbul edirəm. Hər kəs müzakirə olunan məsələlərə öz münasibətini bildirir, fikirlərini ifadə edirdi. Əgər kiminsə fikri digərini təmin etmirsə, bu, o demək deyil ki, həmin şəxslərin mövqeyi yanlışdır. Sadəcə olaraq, hüquq müdafiəçiləri hər bir addımını yüz dəfə götür-qoy etməli, həssas davranmalıdırlar. Xüsusən də insan taleyi ilə bağlı səsləndirilən fikirlər şəxsi mənafelərə deyil, reallığa uyğun olmalıdır. Çalışmalıyıq ki, həm daxili müzakirələrdə, həm də xarici səfərlər zamanı keçirilən görüşlərdə bir-birimizə qarşı dözümlülük nümayiş etdirək, fikirlərə tolerant yanaşaq. Hər hansı görüşdən sonra müzakirə predmeti olan məsələləri ictimailəşdirib şou yaratmağa, özünü cəmiyyətə qəhrəman kimi təqdim etməyə, yaranmış situasiyadan şəxsi mənafeyi naminə istifadə eləməyə də ehtiyac yoxdur. Kiməsə qarşı təbliğat aparmaq, öz imicini, karyerasını formalaşdırmaq, maddi imkanlarını genişləndirmək xətrinə əsassız səs-küy salıb donorların diqqətini cəlb etmək də yolverilməzdir
- Siz görüşün konfidensial xarakter daşıdığını bildirir və müzakirələri gizli saxlamağa çalşırsınız. Ancaq, həmkarınız Leyla Yunus görüşdən qısa müddət sonra baş verənlər barədə mətbuata geniş məlumat ötürür. Belə olan halda, hansı məxfilikdən söhbət gedə bilər?
- Çox təəssüf edirəm ki, bizim bu görüş barədə həqiqətə uyğun olmayan, təhrif olunmuş məlumatlar bəzi kütləvi informasiya vasitələrinə yol tapıb. Görünür, Avropa Şurası da bundan sonrakı görüşlər barədə format seçəndə, əməlli-başlı düşünməlidir. Nədənsə, bu dəfəki görüşdən sonra bəziləri cəmiyyətə fərqli formada məlumat ötürüb ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışdı. Bu zaman, şəxsi maraqlar nöqteyi-nəzərindən çıxışların edilməsi daha çox diqqət çəkdi. İndi bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, guya Leyla Yunus tərəfindən hazırlanan məlumat stenoqram xarakterlidir. Mən isə hesab edirəm ki, orada bir qədər fərqli məsələlər var. Çünki Leyla Yunusun söylədiklərində stenoqram əlaməti yoxdur. Tam olaraq müzakirələr orada işıqlandırılmayıb. Orada daha çox Leyla Yunusun şəxsi qeydləri öz əksini tapıb. Həmin yazıda Leyla Yunus öz baxışlarını ortaya qoyub və bu baxışlardan çıxış edərək, digər fikirlərə də subyektiv münasibətini bildirib. Amma, hər necə olmasına baxmayaraq, son vəziyyət təəssüf doğurur. Ona görə ki, hər kəs bundan sonra belə müzakirələr zamanı öz yanında videokamera gətirib baş verənləri çəkməyə, danışanların səsini yazmağa çalışacaq. Bəlkə də bu, Azərbaycanda son aylarda yaranmış sindromdan irəli gəlir. Hər nə olsa da hesab edirəm ki, bu etik standartlardan kənar olan məsələdir. Olduqca yanlış yanaşmadır. Mənim müəyyənləşdirdiyim prinsiplərə cavab verən bir situasiya deyil. Çünki mən hesab edirəm ki, əgər söhbət aparılıbsa, bunun məxfiliyi qorunub saxlanmalıdır və məsələnin etik tərəflərinə əməl edilməlidir. Yalnız iştirak edən tərəflərin razılığı ilə aparılan söhbətlərin mahiyyəti açıqlana bilər. Bir daha təkrar edirəm ki, görüş barədə mətbuatda gedən məlumatlar təhrif edilib. Yalnız birtərəfli istiqamətdə, bunu yayan şəxsin maraqlarına hesablanıb.
- Leyla Yunus mətbuata açıqlamasında görüşdə iştirak edən digər hüquq müdafiəçilərini qeyri səmimilikdə, avropalı qonaqlara həqiqətə uyğun olmayan məlumatlar çatdırmaqda ittiham edir. Siz onun bu fikirlərini nə dərəcədə doğru sayırsınız?
- Mən avropalı qonaqlarla son görüşdə səsləndirdiyim fikirləri birinci dəfə deyil ki, dilə gətirirəm. Orada ifadə etdiyim mövqeyi hər zaman öz çıxışlarımda da diqqətə çatdırmışam. Bu günə qədər həbsxanalarda çoxsaylı insanlarla görüşmüşəm, onların saxlanma şəraiti ilə yaxından tanış olmuşam. Amma, bu barədə heç zaman şou düzəltmək fikrinə düşməmişəm. Xüsusən də həbs olunan Hilal Məmmədov məsələsi ilə bağlı. Avropa Şurasının nümayəndələri ilə görüşdə soruşuldu ki, hüquq müdafiəçilərindən kim onunla görüşüb? Mən son iki ayda Hilal Məmmədovla iki dəfə görüşdüyümü bildirdim. Bu görüşlər zamanı, o, mənə dedi ki, Kürdəxanı kəndi ərazisindəki 1 saylı təcridxanada saxlanılarkən ona qarşı hər hansı pis rəftar edilməyib. Lakin, həbs edilərkən zorakılıqla üzləşib. Eyni zamanda onu da əlavə etdi ki, astma xəstəliyindən əziyyət çəkir və sağalması üçün mütəmadi olaraq dərman qəbul edir. Bütün bunlarla yanaşı, Hilal Məmmədov saxlanma şəraiti ilə bağlı hər hansı narazılıq ifadə etmədi. Mən də onun söylədiklərini və şəxsi müşahidələrimi avropalı qonaqlara dedim. Çox təəssüf ki, bu barədə danışarkən, kənardan replikalar atıldı, fikrimi tamamlamamış müzakirələr aparmağa cəhd edildi. Mən də həmkarlarımı səbirli olmağa dəvət edərək, fikirlərimi sona qədər çatdırdım. Belə olan halda hansı qeyri-səmimilikdən söhbət gedir, onu anlamıram?
- Hüquq müdafiəçilərinin geniş müzakirəsinə səbəb olan məsələlərdən biri də AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı siyasi məhbus siyahısıdır. Sizin də bu siyahı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Həmin siyahı ətrafında müxtəlif fikirlər səsləndirilir. Bu fikirlərin əksəriyyəti ilə tanışam və onlara hörmətlə yanaşıram. Ancaq şəxsi fikrimə gəlincə, onu deyim ki, mən o siyahını hələ görməmişəm. Görmədiyim bir siyahı haqqında da hər hansı fikir söyləməyi yanlışlıq sayıram. Ümumiyyətlə, siyasi məhbus məsələsi ilə bağlı bir neçə ildir ki, geniş müzakirələr aparılır. Bu müzakirələrin nəticəsi olaraq, nəhayət ki, AŞ PA kriteriyalar müəyyənləşdirdi. Bundan sonra sadəcə Azərbaycana deyil, eləcə də AŞ üzvü olan bütün ölkələrə həmin normalar tətbiq ediləcək. Fikrimcə, kriteriyaların özündə də mübahisə doğuran məqamlar çoxdur. Buna misal kimi, bütün ölkələr üzrə bəzi məqamlara ümumi yanaşmaları göstərmək olar. Belə yanaşma tərzi məhkəmələri, həmçinin də Avropa Məhkəməsini çətin duruma salacaq.
- Hüquq müdafiəçisi Leyla Yunus AŞ PA-nın ispaniyalı deputatlarını Azərbaycan hakimiyyətin diktəsi ilə hərəkət etməkdə də günahlandıraraq, hətta məruzəçilərin hesabatlarının Prezident Administrasiyasında hazırlanması barədə fikirlər ortaya qoyur. Həmkarınız tərəfindən gündəmə gətirilən bu iddiaları necə qiymətləndirirsiniz?
- Belə fikirlər Qross və Herkelə qarşı da irəli sürülürdü. Məsələ burasındadır ki, AŞ PA-nın həmməruzəçilərini diktə altına salmaq mümkün deyil. Ola bilər ki, onların fəaliyyətini hər kəs öz düşüncəsi çərçivəsində qiymətləndirir. Ancaq bu, o demək deyil ki, həmin fikirlər bütünlükdə həqiqəti, obyektivliyi ifadə edir. Düşünmürəm ki, AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri hansısa subyektiv fikirlər əsasında hesabatlarını hazırlayırlar və hazırlayacaqlar. Sadəcə, bəzi şəxslərin fərdi münasibətlərinin nəticəsi olaraq, məruzəçilər barədə bu cür yanlış fikirlər formalaşdırılır. Bu tipli neqativ yanaşmalar tam əsassızdır.
Rufik İSMAYILOV