• çərşənbə, 24 Aprel, 17:19
  • Baku Bakı 27°C

Leyla Yunus siyasi alverçilik edir

25.01.14 08:26 1527
Leyla Yunus siyasi alverçilik edir
Axır vaxtlar səsi yalnız müxtəlif klinikalardan gələn birisi hesabat hazırlamağa nə zaman vaxt tapdı?
Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus bu dəfə də uydurduğu yalanlara söykənərək ölkəmizdə 134 siyasi və vicdan məhbusunun olduğunu iddia edir. Təbii ki, bu açıqlama həmişə olduğu kimi cəmiyyət tərəfindən etirazla qarşılanır. Azərbaycanı istəməyən və daha çox da erməni lobbisinin sifarişini yerinə yetirən L.Yunusun hikkəli hesabatına nəinki ölkə daxilində kimlərsə, heç xarici donorlar belə inanmaz. Hər zaman öz ölkəsinə qarşı qərəzli mövqeyi ilə seçilən bu qadının pis reputasiyası artıq heç kimdə şübhə doğurmur. İlin böyük hissəsini xaricdə olan, axır vaxtlar səsi yalnız müxtəlif klinikalardan gələn birisi belə hesabat hazırlamağa nə vaxt zaman çatdırdı görəsən? Aydın məsələdir ki, SDİ özü heç vaxt hansısa araşdırma aparmır, sadəcə ona verilən hazır siyahıları elan etməklə kifayətlənir. Rəylərini bildirən ekspert və siyasi fəallar da onun arqumentlərinin heç bir reallığa söykənmədiyini bildirirlər.
Deputat Aydın Mirzəzadə bu məsələ ilə bağlı fikirlərini qəzetimizə açıqlayarkən söylədi ki, məhkəmə prosesi gedən insanları siyahı tərtib etməklə ictimaiyyətə zorla siyasi məhbus kimi təqdim etmək lazım deyil. Təəssüf ki, xaricdən verilən böyük qrantlar hesabına meydana bu və ya digər məsələlər üzrə dəqiq olmayan bəyanatlar çıxır: “Leyla Yunus son dövrlər belə məsələlər üzrə sanki, siyasi alverçilik edir. Çünki bu kimi işləri qrantlar hesabına görür. Aydın məsələdir ki, xaricdə müəyyən dairələr belə bəyanatların verilməsində, siyahıların hazırlanmasında maraqlıdırlar. Leyla Yunusun tərtib etdiyi siyahıya hətta müxalif mövqedə duran insanlar və hüquq müdafiəsi təşkilatlarının nümayəndələri etiraz edirlər. Bu, insanlığa uyğun gəlməyən hərəkətdir”.
Çox böyük şübhə doğuran siyahının hansı kollektivlə və nə dərəcədə professional hüquqşünaslara tərtib edilməsinin də məlum olmadığını deyən A.Mirzəzadə bu məsələnin heç vaxt açıqlanmamasından təəssüf hissi keçirdiyini bildirdi: “100-dən çox insan barəsində məlumat toplamaq və sistemləşdirmək bir nəfərin fiziki gücü xaricindədir. Digər tərəfdən, Leyla Yunus arqumenti olmadığından bu məsələ üzrə polemikalara girmək istəmir. Heç zaman izah edə bilmir ki, nə səbəbə bu insanları siyasi, yaxud vicdan məhbusu elan edir. Azərbaycanda nə siyasi, nə də vicdan məhbusu var. Ölkəmizdə kimsə sadalanan səbəblərə görə həbs edilməyib. Bu, Leyla Yunusun böyük səhvidir ki, məhkəməsi yekunlaşmayan insanları məhbus hesab edir. Ona xatırlatmaq istəyirəm ki, bir qayda olaraq məhbus məhkəmədə istintaqı yekunlaşmış və həbs cəzası almış şəxslərə deyilir. Ona görə də siyahının nə Azərbaycanın hüquq sisteminə, nə də ki siyasi həyatına heç bir aidiyyəti yoxdur”.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə də dedi ki, Leyla Yunus və onun kimi adamların hazırladıqları siyahılar həqiqəti əks etdirmir və etdirə bilməz: “Çünki bu adam sırf radikal müxalifət təşkilatların tərkibində və yalnız onlarla bir yerdə fəaliyyət göstərir. Bildiyiniz kimi, hüquq müdafiəçisi bitərəf olmalıdır. Radikal, dağıdıcı təşkilatlara tabe olan, onların mütəmadi görüşlərini keçirən, orada iştirak edən və ümumiyyətlə, ölkə daxilində heç bir hüquq müdafiəsi ilə məşğul olmayan və informasiyaları internetdən götürüb xaricə ötürməklə fəaliyyətini quran bir adamın siyahısı necə həqiqət ola bilər? Buna görə də hesab edirəm ki, “Avropa” belə məsələlərə dəstək verməyəcək. Onlar bizim kimi şəxslərlə də görüşürlər və bizim ekspert rəylərimiz də onlara göndərilir. Ölkəmizdə müəyyən məsələlərlə bağlı kimlərsə saxlanıla bilər. Amma hazırda məhkəməsi gedən insanları siyasi məhbus adlandırmaq haqsızlıqdır”.
Ç.Qənizadə bildirdi ki, bəlkə elə, məhkəməsi gedən insanlar prosesin sonunda bəraət alacaqlar? Ona görə indidən adlarının siyahıya salınması və xaricə ötürülməsi yolverilməzdir: “Mənə elə gəlir ki, Leyla Yunus sadəcə yuxu görüb və oyanan kimi dərhal onu sənədləşdirib”.
"Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti"nin sədri Novella Cəfəroğlu isə söylədi ki, Leyla Yunusun açıqladığı hesabat onlarınkı ilə düz gəlmir. Belə ki, açıqlanan rəqəm onların siyahısında əksini tapandan dəfələrlə çoxdur: “Bizim tərtib etdiyimiz siyahıda adları qeyd olunan şəxslərin məhkəmə prosesi davam edir. Məhkəmələri bitdikdən sonra məhbus olub-olmadıqlarını biləcəyik. Leyla Yunusdan bu siyahını nəyə əsasən tərtib etdiyini soruşmaq lazımdır. Çünki biz öz siyahımızı Avropa Şurasının kriteriyalarına əsasən hazırlayırıq. Onun hazırladığı hesabat isə bizimki ilə düz gəlmir. Onun istinad yeri bizə bəlli deyil”.
"Leyla Yunus bu mövzunu sadəcə istismar edir, bu onun yaşam tərzidir". Bunu Trend-ə Milli Məclisin üzvü Azay Quliyev Leyla Yunusun mətbuat konfransında Azərbaycanda siyasi məhbusların olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
A.Quliyev qeyd edib ki, L.Yunusun bu açıqlamaları qərəzlidir və məqsədyönlü şəkildə bunu həyata keçirir: "Çünki onun üçün məqsəd məhbusların taleyi deyil, biznesdir və bu işi bir biznesə çevirib. Göstərin görüm, bu adam bir dənə başqa işlə məşğul olurmu? Bir qaçqının, məcburi köçkünün həqiqətən tapdanmış hüququnu qoruyurmu? Bu adam özünün əmlakı zərbə altında olanda, maraqları tam təmin olunmayanda əmlakla bağlı hüquqları pozulmuş insanların hüquqlarını müdafiə etməyə başladı, indi də vicdan məhbusları mövzusunu biznes marağına çevirib".
A.Quliyev vurğulayıb ki, bununla L.Yunus məhbusların özlərinə zərər vurur:

"Hesab edirəm ki, bu gün heç bir məhbusun Leyla Yunusun müdafiəsinə ehtiyacı yoxdur. Lazım gələndə cənab Prezident onların ərizəsi əsasında onların işlərinə baxıb əfv etmək imkanına malikdir və dəfələrlə şahidi olmuşuq ki, dövlət başçısı humanistlik göstərərək, siyasi baxışından, dünyagörüşündən, platformasından asılı olmayaraq, hər kəsə eyni şəkildə yanaşaraq, onların əfv edilməsinə nail olub. İndi Leyla Yunus bundan istifadə edərək gündə özündən bir siyahı düzəldib atır ortalığa, cinayətinin ağırlığından asılı olmayaraq, hər bir şəxsi vicdan məhbusu elan edir. Nəyə görə belə etməsi bəllidir və buna görə də mən ona o qədər də əhəmiyyət verilməsinin tərəfdarı deyiləm".
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər