• cümə axşamı, 28 mart, 20:38
  • Baku Bakı 13°C

Leyla Həmdullayeva: “Geyim sexində işləmək heç də çətin deyil, əsas həvəsdir”

14.03.16 10:23 2081
Leyla Həmdullayeva: “Geyim sexində işləmək heç də çətin deyil, əsas həvəsdir”
“Teatr asılqandan başlayır” deyimini nədənsə qəbul etməkdə çətinlik çəkirəm. Mənim üçün teatr asılqandan deyil də teatr adlanan o binanın kandarından başlanır. Teatr tamaşaçıya “Gəl, bu sehrli aləmə daxil ol. Əgər sən bu qapıdan içəri girsən sənə başqa bir dünyanın var olduğunu göstərəcəyik” deməlidir. Daha sonra teatrın qapısından başlamalıdır teatr. İçəri ki, girdin sən o sən olmamalısan. Qərarını qətiləşdirib mən də sehrli aləmə səyahət etmək istəyirəm deməyi qərarlaşdırmalısan. Tamaşa isə açılmamış sehrli bir qutuludur. Bu qutunu ki, açdın o zaman onun sehrinə düşürsən. Gələk tamaşadan əvvəl hazırlanan proseslərə. Sizə 1 saat, saat yarım nümayiş olunan hər tamaşa üzərində həftələrlə, hətta aylarla çalışırlar.
Bu işdə səhnədə görünən aktyor və aktrisalarla yanaşı sizin görə bilmədiyiniz kulis arxasında böyük məsuliyyətlə çalışan texniki heyətin də əməyi çoxdur. Onlar bir tamaşanın ərsəyə gəlməsi üçün dekor, geyim, işıq, musiqi effektləri və sair üzərində davamlı olaraq çalışırlar.

17 illik təcrübə
Milli teatrımızın doğum günündə sizə bəhs edəcəyimiz qəhrəmanımız ömrünün 17 ilini teatra həsr edən geyim sexinin rəisi Leyla Həmdullayevadır. Ömrünün 50-ci ilini yaşayan Leyla xanımla Akademik Milli Dram Teatrında (AMDT) görüşdük. Leyla xanım bizi geyim sexində qarşıladı. Elə tamaşalarda nümayiş olunan geyimlərin arasında müsahibimizlə söhbətə başladıq.
1999-cu ildə qonşuları Leyla xanıma AMDT-da vakansiya elan olduğunu deyir. Leyla Həmdullayeva bu təklifi dəyərləndirərək Teatra müraciət edir. Geyim sexinin rəhbəri Rasimə xanım onu görən andan işə qəbul edir. İşə başlayan gündən etibarən repertuarda oynanılan tamaşaların geyimləri ona həvalə olunur. Qəhrəmanımız 10 il teatrda çalışdıqdan sonra geyim sexinin rəisi Rasimə xanım vəfat edir. Çox keçmir ki, Leyla xanım kostyum sexinin rəisi vəzifəsinə gətirilir. O, gündən bu günədək Leyla Həmdullayeva bu vəzifədə çalışır.
Müsahibimizlə kostyum sexini gəzirik. O, paltarları göstərərək bu illər ərzində çox aktyorlarla işlədiyini deyir. Dünyasını dəyişən aktyorlar barəsində öz xatirələrini bizimlə bölüşən kostyum sexinin rəisi teatrda işlədiyi üçün özünü xoşbəxt hesab edir: “Rəhmətlik Həsənağa Turabov, Əliabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuruyev və digər sənətkarlarımızla işləmişəm. Onların səhnədəki geyimlərinə mən cavabdeh olmuşam. Sənətkarlarımız çox səmimi, sadə insanlar idilər. Heç zaman kapriz etməz, ulduzluq xəstəliyinə tutulmazdılar”.
Müsahibimizə sənət əhli ilə hər adamın yola getmədiyini, onlarla necə dil tapdığını sual etdikdə isə belə cavab aldıq: “Aktyor və ya aktrisaların geyimlərində nəsə problem olanda onlar narazılıq edirlər. İndi mən Xalq artisti, tanınmış sənətkarımız Bəsti Cəfərovanın geyimlərinə nəzarət edirəm. Hamı elə bilir ki, o çox narahat, kaprizli insandır. Əslində belə deyil. Biz bir-birimizi tamamlayırıq. Hesab edirəm ki, kaprizli aktyor yoxdur. İncəsənət adamları kövrək olur. Elə olub ki, əsəbiləşərək yüksək tonla mənə nəsə deyiblər, acıqlanıblar. Onların dedikləri sözün heç birinə əhəmiyyət verməmişəm. Əksinə, səhnəyə çıxacaqlar deyə onların əsəblərini sakitləşdirmişəm. Şirin dillə aktyorları yola vermişəm”.
Geyimlərə qayğı göstərən qadın
Paltarlara xüsusi qayğı göstərən müsahibimiz bildirir ki, dünyasını dəyişmiş aktyorların paltarlarının bir hissəsi Teatr Muzeyinə, digər hissəsi isə teatrın daxilində xüsusi muzey fəaliyyət göstərir, oraya bağışlanılır. Dünyasını dəyişən sənətkarları xatırlayan Leyla xanım, Mirvari Novruzova, Məxluqa Sadıqova və digər aktrisa və aktyorların paltarlarının hazırda muzeydə olduğunu qeyd edir: “Repertuardan çıxarılan paltarları isə təzələyib, restovrasiya edib yenidən aktyorlara veririk. Tamaşanı rejissordan təhvil alanda ona baxır, geyimlərə nəzarət edirik. Aktyorların geyimində nə artıqdır, nə əskikdir, nə lazımdırsa, onların hamısını qeyd edirik. Premyeradan əvvəl onların hamısına düzəlişlər edirik. Şükürlər olsun bu günə kimi paltarlarla bağlı heç bir problem olmayıb. Çünki onların hamısına mən nəzarət edirəm”.
Uzun müddətdir teatrda çalışan müsahibimiz burada müxtəlif gözlənilməz hadisələrin baş verdiyini deyir: “Bir dəfə “Sokrat” tamaşasının televiziya çəkilişi zamanı Bəsti Cəfərova onun üçün nəzərdə tutulmuş üç paltardan birini seçmişdi. Ancaq mən o paltarların üçünü də hazırlamışdım. Çəkilişə iki-üç dəqiqə qalmış paltarın zəncirbəndi söküldü. O zaman Bəsti xanım çox pis vəziyyətə düşdü. O, çox əsəbiləşmişdi. Mən də onun üçün götürdüyüm digər paltarı cəld ona gətirdim. O, zaman Bəsti xanımın sevincinin həddi yox idi. Çəkiliş də yaxşı getdi, heç bir problemimiz olmadı. Teatrda belə problemlər hər zaman olur. Ancaq biz bütün vəziyyətlərdən üzüağ çıxırıq”.
Teatr onun ailəsinə çevrilib. Leyla xanımın bu sənətə o vurğunluğu onun övladlarına da keçib. Belə ki, onun oğlu və qızı da AMDT-da işləyir. Oğlu Musa Həmdullayev teatrda işıq sexinin rəisidir, hazırda analıq məzuniyyətində olan qızı isə 10 ildir ki, qrim sexində çalışır.
Geyim sexini gəzə-gəzə paltarların hansı tamaşaya aid olduğunu söyləyən müsahibimizin yaddaşına da heyran qalmaya bilmirik. Sexdə 500-dən artıq paltarın hamısının hansı tamaşaya aid olduğunu, hansı pərdələrdə oynanıldığını əzbər deyən Leyla xanım artıq buna vərdiş etdiyini bildirir: “Burada bütün paltarlarının hamısını əzbər tanıyıram. Teatra yeni gələndə gördüm ki, Rasimə xanım bütün aktyorların paltarlarının yerini əzbər bilir. Mənə təəccüblü gəlirdi ki, bütün paltarların hamısını necə yadında saxlayır. Hətta elə olurdu ki, eyni üslubda olan və müxtəlif ölçülərlə ayaqqabıları belə kimə aid olduğunu əzbər bilirdi. Mən ona sual verəndə deyirdi ki, sən də bir neçə il işləyəndən sonra hamısının yerini tanıyacaqsan. Onu indi yaxşı başa düşürəm. Eyni tipli 10 dənə ayaqqabını yanbayan düzəndə mən bilirəm ki, bu hansı tamaşadan, kimə məxsusdur”.
Leyla Həmdulayevanın başçılıq etdiyi bu sexdə 7 işçi çalışır. Sexdə müxtəlif dolablar düzülüb ki, orada işçilərin cavabdeh olduqları aktyor və aktrisaların geyimləri səliqəli şəkildə yerləşdirilib. Leyla xanım deyir ki, 7 işçinin hər birisinin cavabdeh olduğu aktyorların geyimlərini özləri onlara məxsus olan rəflərdən asıblar. Aktyora hansısa geyim lazım olursa onu həmən çıxarıb onlara təqdim edirlər. Əvvəllər əksər aktyorların geyimlərinə müsahibimiz cavabdeh olsa da indi onun bu vəzifəsini işçiləri həyata keçirir: “İşçilərin sayı çoxalandan sonra müdiriyyət belə qərara gəldi ki, Bəsti Cəfərov, Fuad Poladov, Ramiz Malikov və bir iki aktyorların geyimlərinə mən baxım”.
Söhbət işin maddiyyat tərəfinə gəldikdə isə Leyla xanım deyir ki, əmək haqqı onu təmin etməsə də, heç zaman şikayət etməyib: “Aldığım maaşla hər zaman kifayətlənmişəm. Teatra yaxın yaşadığım üçün o qədər də çox yol və qida xərcim çıxmır. Mən burada pula görə işləmirəm”.
İşini sevərək görən Leyla Həmdullayeva hesab edir ki, bacaran üçün geyim sexində işləmək heç də çətin deyil, əsas həvəsdir. İşini sevərək gördüyü üçün zamanın haradan gəlib keçdiyini hiss belə etmir.
Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər