• cümə axşamı, 18 aprel, 04:27
  • Baku Bakı 15°C

Levon Ter Petrosyanın keçmiş müşavirindən sensasion açıqlamalar

03.04.14 08:15 1148
Levon Ter Petrosyanın keçmiş müşavirindən sensasion açıqlamalar
Ukraynada baş verən hadisələr fonunda sensaion, qalmaqallı xəbərlər yayılmaqdadır. Rusiya ərazisində qaçqın vəziyyətdə yaşayan sabiq prezident Viktor Yanukoviçlə bağlı yayılan xəbər də bu qəbildəndir. İddiaların birində göstərilib ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Yanukoviçin “taxtdan vurulub salınmasında” mühüm rolu olub.
Rusiya mətbuatı, konkret olaraq “Vzqlyad” qəzeti isə Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyanın yaxın ətrafına istinadən maraqlı bir iddia ilə çıxış edib. Qeyd edilib ki, Yanukoviç heç də Nuland tərəfindən “vurulan” ilk prezident deyil. Eks-prezidentin 1998-ci ildə istefaya getməsinin əsas səbəbkarı məhz Viktoriya Nuland olub. Qəzet Petrosyanın Dövlət Departamentinə xoş gəlməməsinin səbəblərini də araşdırıb. Və o dövrün məmurlarına müraciət edib. “Nuland çoxdan bəri işləyir. Bizim hakimiyyətin zamanında danışıqlar aparmaq üçün Ermənistana təşrif buyurmuşdu. Nuland 1997-1998-ci illərdə Ermənistanın daxili məsələlərində əhəmiyyətli rol oynayıb. Bu xanım Levon Ter-Petrosyanın istefaya getməsində mühüm rol oynayıb” - deyə Levon Ter Petrosyanın prezidentliyi dövründə onun müşaviri olmuş Jirayr Liparityan bəyan edib. Onun sözlərinə görə, Vaşinqton üçün Ermənistanda müstəqil şəkildə fikir yürütmək iqtidarında olan bir adamın hakimiyyətdə qalması gərək deyildi. “Levon Ter Petrosyan onları qane etmirdi” - deyə eks-müşavir vurğulayıb.
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland artıq 25 ildir ki, Rusiya istiqamətində çalışır. Yenidənqurma dövründə - Birləşmiş Ştatların SSRİ ilə münasibətlərinin başlanması dövründə, daha dəqiq desək, 1988-ci ildə və 1991-1993-cü illərdə Nuland Moskvadakı səfirlikdə çalışıb. Sonradan Stroub Telbottun aparatında - dövlət katibinin postsovet məkanı məsələləri üzrə köməkçisi müavini vəzifəsində çalışıb. Sonra bu istiqamət üzrə direktor müavini kimi çalışıb. Bir müddət sonra NATO-nun Rusiya-NATO Şurasının yaradılmasında iştirak edib. Bir faktı da qeyd edək ki, Nulandın Rusiya və keçmiş sovet dövlətləri üzrə işləməsi elə belə deyil. Belə ki, onun tərcümeyi-halında Rusiyanın mühüm rol oynamasının səbəbi babasının Rusiya əsilli olmasıdır. Nulandın ən çox məşhurlaşdıran hal isə bu yaxınlarda baş verdi - Ukrayna hadisələri zamanı Maydanda görünən diplomat aksiya iştirakçılarına peçenye payladı. Eləcə də onun Avropa İttifaqı ölkələrini ağır küçə söyüşləri ilə söydüyünü əks etdirən lent yazısı yayıldı. Rusiya nəşri iddia edir ki, diplomatlar, analitiklər və şərhçilər dəfələrlə Nulandı Ukraynada baş verən hadisələri qızışdırmaqda ittiham ediblər. Həmin hadisələrin sonu isə bəllidir. Lakin Levon Ter Petrosyanın sabiq müşavirinə qədər heç kim Nulandı Ermənistanın birinci prezidentini istefaya çıxmasına görə günahlandırmayıb. Düzdür, ABŞ-ın 1997-1999-cu illərdə Qafqaz üzrə siyasətinə bu xanım cavabdehlik daşıyıb. Lakin Petrosyanın nəyə görə Vaşinqtonu qane etmədiyi sualı açıq qalır. Liparityan bunu belə izah edib: “Amerikalılar Ermənistanın o vaxtkı prezidentinin atdığı addımlardan çox əsəbiləşirdilər. O zaman ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson Ermənistan hakimiyyət orqanlarını, eləcə də dövlətçilik və siyasi sabitliyi zəiflətmək üçün çox böyük fəaliyyət göstərdi”. Eks-müşavir daha sonra Nulandın o vaxt söylədiyi bir ifadəni xatırladıb. “Ter-Petrosyan ağıllı adamdır, lakin güclü deyil, sülhü saxlaya bilməz. Köçəryan isə çox güclü adamdır. O, müharibədə qalib gəlmiş bir şəxsdir və sülhü bərqərar etməlidir. Nuland ABŞ-ın o zaman Ermənistanda olan səfiri ilə birgə radikal müxalifəti radikalizm girdabına sürükləyərək hər yolla onları dəstəkləyib”. Petrosyan ikinci dəfə prezident seçiləndə Qərb onu seçkilərin nəticələrini saxtalaşdırmaqda günahlandırdı. Məhz həmin dövrdə səfir Tomson müxalifəti dəstəkləyən bəyanat səsləndirdi. Ondan sonra isə nələrin baş verdiyi isə bəllidir. Petrosyanın keçmiş tərəfdarı onu da bildirib ki, Ermənistanın ilk prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün cəhdlər etdiyi üçün öz postundan kənarlaşdırılıb: “16 il öncə o zamankı Ermənistan prezidenti Levon Ter Petrosyan Dağlıq Qarabağa bitişik rayonların Azərbaycana qaytarılmasını nəzərdə tutan bir təşəbbüslə çıxış edib. Bundan sonra iki respublikanın nümayəndələrinin bu ərazinin gələcək statusu ilə bağlı danışıqları planlaşdırılırdı. Amma əfsus ki, praktiki devriliş nəticəsində bütün sülh başlanğıcları baltalandı”. J.Liparityanın sözlərinə görə, ABŞ L.T.Petrosyanı hakimiyyətdən uzaqlaşdırmaq üzərində uzun müddət çalışıb. Bütün bu deyilənlərdən belə nəticə ortaya çıxır ki, Dağlıq Qarabağın işğalında Rusiya ilə bərabər erməni diasporunun təzyiqi altında ABŞ da maraqlı olub. Məqalədə o da qeyd edilir ki, Petrosyan o zaman Moskva ilə əməkdaşlığın yüksək tellərini qurmağa müvəffəq olub. Məhz onun dövründə hərbi təşkilat - Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatı (KTMT) yarandı. Petrosyan onun əsas yaradıcılarından birinə çevrildi, eləcə də MDB-nin Havadan Hücum üzrə sisteminin yaradılmasına nail oldu. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yaradıldı. Bu baza Rusiyanın Cənubi Qafqazı təsir dairəsində saxlamaq üçün mühüm bir rol oynayır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər