• cümə, 29 Mart, 02:21
  • Baku Bakı 7°C

Lev Tolstoyun “Anna Karenina” romanında həyat süjeti

01.04.19 15:08 2767
Lev Tolstoyun “Anna Karenina” romanında həyat süjeti
"Anna Karenina” romanı L.N.Tolstoyun qədim rus agioqrafiyası ənənəsinə (Agioqrafiya müqəddəs şəxsiyyətlərin həyat tərzi. Agioqrafik ədəbiyyat ilk xristian şəhidləri haqqındakı əhvalatlar əsasında meydana gəlmişdir – X.N.), əsasən də Misirli Mariyanın həyatı süjetinə müraciəti nöqteyi-nəzərindən təhlil edilir, əsərin əsas qəhrəmanının həyat yolunun proqnozlaşdırıldığı mif qismində nəzərdən keçirilir. Ziddiyyətli məqam ondadır ki, tövbə etmiş azğın qadın olan Misirli Mariya haqqındakı həyat süjeti ilə Anna Kareninanın hekayəsi yoxa çıxdıqdan sonra iblis olaraq zühur etmiş insan haqqındakı qədim tarix olaraq qəbul edilir. Mariyanın rəvayəti romanın həm başlanğıcını, həm də sonunu günah və savab haqqındakı süjetlə birləşdirərək simvolik mətnaltı mənasını xeyli dərinləşdirməyə imkan yaradır.
Son zamanlar tədqiqatçılar Lev Tolstoyun əsərlərinin dərin qatlarına, əsasən də yaradıcılığındakı həyat ənənələrinə daha çox müraciət edirlər. Lakin "Anna Karenina” romanı qədim rus ədəbiyyatı ənənəsi baxımından nadir hallarda nəzərdən keçirilir. Beləliklə, bu günə kimi Misirli Mariyanın rəvayətini yada salma faktı haqqında bilgi olduqca azdır, daha doğrusu bu rəvayətin tarixi tədqiq edilməmişdir. A.Q.Qrodeskaya öz məqaləsində sözügedən fikirlərini Annanın romanın finalındakı müraciətinin sübutu kimi təsvir edir. Bu fikir mübahisələrə zəmin yaradır.
Qızının dünyaya gəlişindən sonra həyatla ölümün astanasında qalan Anna sayıqlayaraq adını xatırlamadığı "müqəddəs şəhid” haqqında Kareninə danışarkən Misirli Mariyanı nəzərdə tutur: "Mən elə həminkiyəm... Amma daxilimdə başqa bir qadın var, mən ondan qorxuram – o, həmin şəxsə aşiq oldu, mən də sənə nifrət etmək istəsəm də əvvəlki halımı unuda bilmədim. O, mən deyiləm. Mən – indi gördüyün ölmək üzrə olan adamam... Bircə istəyim var: bağışla məni, büsbütün bağışla! Mən yaxşı adam deyiləm, amma dayə deyirdi ki: müqəddəs şəhid (adını xatırlamıram) daha pis imiş. Mən də kimsəyə mane olmamaq üçün Romaya gedəcəyəm. Ora səhralıqdı. Bircə Seryoja ilə qızımı götürəcəyəm...”
Misirli Mariya cismani ehtirasla mübarizə aparan və tövbə edən qadınların himayədarıdır. Müqəddəs Mariya haqqındakı ilk rəvayət isə Qüdslü Sofroni (təxminən 560-638-ci illər aralığında yaşamış qüdslü patriarx. Provoslavlar onu arxierey kimi anırlar – X.N.) tərəfindən qələmə alınıb. Misirli Mariyanın rəvayətinin motivlərinin çoxusu həm də orta əsrlər əfsanələrindəki müqəddəs Mariya Maqdalinaya aid edilir.
Rəvayətin süjetinə əsasən azğın Mariya ehrama daxil olmağa cəhd göstərmiş, amma hansısa qüvvə ona mane olmuşdur. Öz məğlubiyyətini dərk etdikdə elə ehramın girişində asılmış müqəddəs Məryəm ana ikonası qarşısında dua etməyə başlamışdır. Bundan sonra o, ehrama daxil ola bilmiş və canlı şəkildə səlib qarşısında təzim etmişdir. Misirli Mariya Müqəddəs Mariyaya növbəti dəfə dua edərkən bu sözləri duymuşdur: "İordaniyaya get, orada rahatlıq tapacaqsan”. Mariya şükür edərək İordaniyaya gedib səhrada məskən salmış, qalan ömrünü tək-tənha ibadətlə keçirmiş, 47 il yaşamışdır.
Mariyanı ilk 17 il azğın ehtiraslar və keçmiş həyatı haqqındakı xatirələr təqib edir: "Düz 17 il ərzində bu səhrada öz ehtirasımla vəhşi heyvanlarla olduğu kimi mübarizə apardım. Nahar etdiyim zaman ət və misir balığı, çox sevdiyim şərab arzulayırdım, çünki əvvəlki həyatımda çox içirdim. Burada isə su tapmadığımdan susuzluqdan yanır və təsəvvüredilməz dərəcədə əzab çəkirdim. Bayağı mahnılar üçün darıxır, həsrət məni həmin mahnıların yadımda qalan iblisanə sözlərini oxumağa təhrik edirdi.”
Uzun sınaqlardan sonra ehtiraslar müqəddəs qadından əl çəkdi, Qüdsdən gətirdiyi ərzağı bitdi, libasları isə köhnəlib çürüdükdə rəvayətdə deyildiyi kimi "...o zamandan bu günə kimi Allah bütün yollarla mənim günahkar qəlbimi və zavallı cismimi qorudu”.”
Belə güman edilir ki, romanda Misirli müqəddəs Mariyanın rəvayətinin xatırlanması heç də təsadüfi deyildir. Misirli Mariyanın rəvayətini Anna Kareninanın həyat yolunun pronozlaşdırmış olduğu mif qismində nəzərdən keçirmək olar. Rəvayət süjeti ilə roman süjeti təzadlı olaraq insanın qədim tarixi, iblislə uyğunlaşması haqqında hekayə və qaranlıqda qərar tutma kimi qəbul edilir. Qədim-rus ədəbiyyatındakı Xristian təsəvvürlərinə görə qadın gözəlliyi və cismani ehtiras "Anna Karenina”nın müəllifi tərəfindən iblisin cazibəsi və yoldan sapdırması kimi izah edilir. Azğın şeytan çoxsaylı qədim rus rəvayətləri və povestlərinin qəhrəmanlarını yoldan çıxarır. Ancaq müqəddəslər şeytanla mübarizə apara bilər.
Şeytanın və cəhənnəmin xristian simvolikası Annanı romanın ilk sətirlərindən müşayiət edir. Moskvada baldakı epizodda onun gözəlliyi Vronskinin xəyanətindən əzab çəkən Kitinin təsvirində verilir. Hansısa "İlahi güc” onun nəzərini Annaya tərəf çevirir. Kitinin gözləri vasitəsilə Annanın bütün görünüşü təsvir edilir. Bu zaman Vronskinin simasında sakit və qəti manera əvəzində "mütilik və qorxu” ifadələri meydana gəlir. Mazurka (Mazurka – polşa milli rəqsi – X.N.) zamanı Kitiyə baxan Anna gözlərini qıyaraq gülümsəyir. Kiçik bir detal məkrlə potensial qəddarlıq hissini özündə saxlayır. "Hə, onda yad, şeytani və gözəl nə isə var” – Kiti özü-özünə dedi.”
Şeytani gözəllik Tolstoy tərəfindən uğurla yazıya gələn arxaizmdir. Bal epizodunda təqdim edilən motiv romanın səhifələrində artan amplituda ilə təqdim edilir. Cəhənnəm motivi Annanın Peterburqa qayıtmasından sonra Kareninin ailə epizodundakı replikasında sanki təsadüfən səslənir. Annanın ondan nə mütaliə etdiyi haqqındakı sualına Karenin cavab verir: "İndi mən Duc de Lille, "Poesie des enfers” oxuyuram”. Dyuk de Lilin adı "Barbar şeirlər” (1862) toplusunun müəllifi Şarl Lekont de Lili xatırladır. Kitabın adı ("Cəhənnəm poeziyası”) de Lilin "Şeytanın həsrəti”, "Kain” kimi ayrı-ayrı şeirlərinin başlıqları ilə müxtəlif həmahənglik təşkil edir. Kareninlərin ailə məclisinin sakitliyində infernalvari (cəhənnəm) detal üfüqdəki ildırımın işıqlanmasına bənzəyir.
Daha bir xırda ştrix – Betsi Tverskinin salonda Maltişevanın görünüşü ilə bağlı yaratdığı dedi-qodudur: "Xəbəriniz var? Ana Maltişeva da özünə diable rose kostyumu tikir. (1874-cü ildə Peterburqdakı fransız teatrının səhnəsində Y.Qranj və L.Tibunun "Les diables roses” (Qızılgül şeytanlar) komediyası nümayiş olunmuşdur)”. Madam Maltişevanın dəbli kostyumunun üslubu buradan götürülüb. Lakin detal ümumi semantik sahəyə açılır: cəhənnəm alovlarının parıltıları romanda əsas mövzunu qabaqlamağa müvəffəq olur.
Vronskinin dostu, "İnfernal” adlanan İngilis klubunun oyun zalının daimi müştərisi Yaşvin romanda ötəri xatırlanır: "İnfernala gedirəm” – deyən polkovnik masadan uzaqlaşdı”; "infernala göz gəzdirdilər, Yaşvinin arxasında əyləşdiyi masanın ətrafına xeyli adam toplaşmışdı”. Oyunda orgiyavarı (Qədim yunan yazılarında gizli şəkildə həyata keçirilən ibadət, qurbanvermə mərasimi. İfrat özbaşnalıqla müşahidə edilən içki məclisi – X.N.) azğınlıq ağılla idarə edilə bilmir. Bu hal özlüyündə şeytanın vasitəsilə yoldan çıxmaqdır, şeytani gözəlliyə, sevgiyə meyl etməkdir.
Əsərdə "şeytani” məna daşıyan daha bir səhnə var. Betsi Tverskinin salonunda "kölgəsi” olan və olmayan qadınlar (daha doğrusu məşuqu olan və olmayan qadınlar) haqqında kübar cəmiyyətə məxsus cinas səslənir: "...qadın özü ilə Aleksey Vronskinin kölgəsini də gətirmişdi – səfirin xanımı dedi.
– Əlbəttə! Qrimmin belə bir təmsili var: kölgəsiz insan, kölgədən məhrum olmuş insandır. Bu isə onun nə səbəbdənsə cəzalandırılmasıdır. Mən heç zaman cəzanın səbəbini anlamamışam. Lakin qadın kölgəsiz narahat olar.
– Hə, amma kölgəsi olan qadınların da sonu adətən yaxşı olmur. Qrimmin adının xatırlanması yalnışdır. Lakin mövzunun Andersenin "Kölgə” və Şamissonun (Adelbert fon Şamisso – 1781-1838. Fransız əsilli alman yazıçısı, şairi – X.N.) "Peter Şlemilin qeyri-adi sərgüzəştləri” novellasının allüziyası olması aydındır. Hər iki halda kölgə insanı əvəz edir, onun xəbis, hiyləgər əkizinə çevrilir. Anna – öz "kölgəsindən”, mənəvi "mən”indən məhrum olmuş qadındır. Ehtirası ucbatından (Vronskinin kölgəsi üçün) öz firavanlığını qurban verir.
"Anna” adı qədim yəhudi dilindən məhz "firavanlıq”, "Tanrının lütfü” kimi tərcümə edilir. Qəhrəmanın adı ata adı ilə bərabər ("Arkadi” – mifologiyada xoşbəxtlik diyarıdır) onun mənəviyyatına, onun sevmək və rəhm etmək, xoşbəxt olub başqalarına xoşbəxtlik bəxş etmək kimi keyfiyyətlərinə işarə edir.
İstedadlı rəssam Mixaylov (Vasili Vladimiroviç Mixaylov – 1822-1883. Rus rəssamı. "Məsih Pilatın qarşısında” adlı məşhur rəsm əsərinin müəllifi. Yaxın dostu Lev Tolstoy "Anna Karenina” romanında rəssamın prototipini yaratmışdır – X.N.) onun təbiətinin bu xüsusiyyətini dərindən anlamışdır. Çəkdiyi portretdə Anna "xoşbəxtlikdən işıq saçan və başqalarına da xoşbəxtlik bəxş edən” qadın kimi təsvir edilib.
Vronski uzun müddət əbəs yerə Annanın portretinə çəkməyə çalışır – Mixaylov bir neçə seansda onun simasındakı ən səmimi cizgi olan ruhunu təsvir edə bilmişdi. Annanın hekayəsi onun adının, "firavanlığının” tədricən itirilməsi kimi nəzərə çarpır. Yabancı "kölgə” ilə gəzən qadınlar haqqındakı cinas insan qəlbini ələ keçirən, onun ikinci "mən”inə çevrilən şeytan haqqındakı mövzunu ört-basdır edir.
Ədəbiyyatda Annanın xasiyyətnaməsinin portreti "cəhənnəmvarı” – ağ-qara rəngli qamması artıq qeyd edilib. Vronski ilə görüşdən sonra Annanın siması parıldamağa başlamışdı "...amma bu parıltı xoşbəxtliyi ərz etmirdi – o qaranlıq gecədə dəhşətli yanğını xatırladırdı”. Daha sonra o, "...qaranlıqda özünün də görə bildiyini zənn etdiyi parıltılı gözlərini açıq vəziyyətdə saxlayaraq uzun müddət hərəkətsiz uzandı”. Annanın gözlərində cəhənnəm alovunun parıltısı əks olunub, cəhənnəmin alovu onu "qəddarlığa və yalana” tabe olduğu zaman da müşayiət edir. Anna qəlbindəki şeytanın varlığını özü də duya bilir. Kareninlə söhbət zamanı "...o, hiss etdi ki, hansısa gözəgörünməz qüvvə ona kömək olur və himayə edir ”.
Anna bacardığı qədər mübarizə aparmağa çalışır. Ağır doğum həyəcanı zamanı o, Kareninə daxilində özü ilə baş verən mənəvi və cismani mübarizə haqqında bəhs edir. Vronskiyə Karenin barədə deyir: "O, xeyirxahdır, olduqca mərhəmətlidir, müqəddəs insandır”. Xəstələnərək sayıqladığı zaman özünə də bu cür müqəddəslik arzulayır.
Anna Müqəddəs Mariyadan işarələr əldə edərək insanlardan uzaqlaşan, ömrünün uzun illərini səhrada ibadətlə keçirən Misirli Mariyanı xatırlayır. Qızının dünyaya gəlişindən sonra Annada yaranan ağır, az qala ölümcül xəstəlik də taleyin qismətidir. Amma onun tövbə edən qadının rəvayətini təkrarlamaq arzusu arzu olaraq da qalır. Misirli Mariyanın və qədim rus rəvayətlərinin qəhrəmanlarının "möcüzə” göstərməsi, Allaha müraciəti romanda qeyri-mümkün hadisə qismində təsvir edilib. Misirli Mariyanın Allaha müraciətinə qədər bütpərəstliyə, azğınlığa düçar olması hadisəsinin təfərrüatını bilən həssas Anna da şeytan qarşısında zəifləyir. O, qadının ruhuna sahiblənərək onu Kitti, Seryoja, Karenin, Vronski ilə qəddar rəftar etməyə məcbur edir və nəhayət Anna özünü məhv etməli olur.
Şeytan və cəhənnəm ehtirasın və günahın ənənəvi simvollarıdır. Həyat simvolikası romanda Annanın ondan əl çəkməyən kabusunda və dəmir yolu obrazında göstərilir.
Annanın yuxularındakı şəxs onun reallıqdakı "dəmir yolu” təəssüratları ilə səsləşir. Adama elə gəlir ki, Annanın Peterburqa geri qayıdarkən yol yoldaşı olan vaqon qonşusunun odun haqqındakı iradları tamamilə təbiidir: "...gombul qarı ayaqlarını bürüyüb odun haqqında iradlarını bildirdi”. Paltosunda düymələri çatışmayan, vaqonda odun və temperatura nəzarət edən odunçu isə tamamilə realdır.
Amma Annanın "dəmir yolu” ilə bağlı yuxusunda ocaqçı real cizgilərini itiriərək cəhənnəm ocağı yanında əlləşən əcinəyə çevrilir:
"Bu enlikürək mujik divardakı nəyi isə sındırmağa başladı... sonra nə isə heybətli səslə cırıldadı, taqqıldadı, sanki kimisə parçalayırdılar. Sonra qırmızı alov gözləri qamaşdırdı, daha sonra isə hər şey divarın o üzündə qaldı”. Anna məhv olduğunu hiss etdi. Yuxuda gördüyü "mujik” Annanı hələ Vronski ilə münasibətləri olmadığı dövrdən "ziyarət edirdi” və xəbərdarlıq kimi yozulurdu. "Qırmızı alov” Tanrının metaforasıdır. Əslində cəhənnəm alovu yoxdur, amma Tanrının yaxşılara səadət bəxş edən, günahkarları isə əzabla yandıran alovu və istisi var. Annanın əvvəlki yuxugörmələri o qədər də dəhşətli olmasa da, sonralar əsl kabusa çevrildi.
Əksinə, Anna yuxuda "qorxmur, zövq alır”dı. Əlində kisə olan, anlaşılmaz fransız sözləri işlədən, küncdə dayanıb dəmirlə nəyi isə döyəcləyən "mujik” Annanın Vronski ilə yaxınlığından sonra əsl kabusuna çevrildi. "Mujik” Annanı ölüm səltənətinə aparan bələdçidir. O, fövqəltəbii, qeyri-adi qüvvəyə malikdir. Anna hər zaman hiss edir ki, mujikin dəmirlə döyəclədiyi məhz o özüdür. "Mujik”in fransızca dediyi sözlərin mənası isə belədir: "Dəmiri döymək, əzmək, yumşaltmaq lazımdır”. Bu, dəmirdən daha çox Annanın canlı bədənini parçalayan şeytanın özüdür.
Beləliklə, Tolstoyun təbirincə dəmir yolu cəhənnəm sobası və onun sahibi ilə assosiasiya olunur. Annanın Vronski ilə münasibətləri başlamamışdan əvvəl gördüyü kabus şüuraltı olaraq özünücəzalandırma mexanizmini işə salır. Tolstoyun qəhrəmanlarının şüuraltısı əksərən ağılla üst-üstə düşmür, onlardan müdrik olur, çünki ağıl "Tanrının əlindədir”. Beləcə Anna əri və oğlu qarşısındakı günahının nə qədər ağır olduğunu dərk edir. Amma şüursuzca, qəlbinin dərinliyində günahkar olduğunu hiss etdiyi üçün Allahın qəzəbindən qorxur. Daxilindəki dəhşət onu son ana kimi təqib edərək kabusa çevrilir. Finalda Obiralovka stansiyasında Anna vaqonun pəncərəsindən qatarın təkərlərini döyəcləyən fəhləni görür: "Bu mujik mənə tanış gəlir” – deyə Anna düşündü. Şeytana qarşı qorxu kabusun bitməsi arzusunu yaradır: "Yox, mənə əzab verməyinə imkan vermərəm” – hiddətlə ona (Vronskiyə) müraciətlə düşündü... özünə deyil, əzab verənə.
Mujik qeyri-ixtiyari olaraq ölümün hər kəsə tanış olan mifoloji və folklor obrazlarını yada salır. "İlahi komediya”da Dante və həmkarı Vergilini cəhənnəmin önündə bələdçi – gombul əcinnəyə çevrilmiş qayıqçı Xaron qarşılayır:

Budur ağsaçlı qoca bizə doğru gəlir...
Qaranlıq çaydakı qayıqda əyləşmiş şəxsin qorxulu,
tüklü siması hərəkətsiz dayanıb.
Amma gözlərinin ətrafında qırmızı işıq alovlanır.

Qrimm qardaşlarının nağılında "yer adamı” yerin altında yaşayan olduqca qüvvətli karliki (karlik – anomaliya. 130 sm-dən kiçik boylu insan) tərənnüm edir.
Anna Kareninanın kabusu olan dəmir yolu ölümün simasıdır. Şeytan danışan şəxsin hökmünü icra edən cəlladdır: "Mən qisas alacağam”.
Görünür, Tolstoy özünücəzalandırma mexanizmindən istifadə edərkən Puşkinin və Dostoyevskinin tapıntılarından yararlanmışdır. "Qaratoxmaq qadın”da German instinktiv olaraq qrafinyanın ölümündə günahkar olduğunu hiss edir, hətta katafalkaya (katafalka – içərisində nəşin olduğu tabutu, mərhumun qohumlarını və yaxınlarını qəbirstanlıq və ya kremotoriyaya aparan nəqliyyat vasitəsi – X.N.) qalxarkən ona elə gəlir ki, tabutda uzanan qrafinya göz vurur.
Tamaşanın kulminasiya səhnəsində – üçüncü axşam German qaratoxmaq qadını tuzun yerinə qoymağa çalışır. Bu zaman eşitdiyi "Sizin xanımınız qətlə yetirilmişdir” cümləsi onu diksindirir. Onun yalnışlarının şüursuz motivləri Puşkini xatırladır. Buna bənzər əhvalat "Cinayət və cəza”da da var. Raskolnikov qarını öldürdükdən sonra səndirləyərək küçəyə çıxır və dəhşət içərisində yoldan ötənin "Eh, əlimi kəsdim” dediyini eşidir. "Təsadüfi” deyilənlər yuxular kimi həqiqi məna daşıyır: əzab çəkən qəlb bu sözlərdə Tanrının səsini duyur.
Azğın qadın Misirli Mariya öz əzabları və Tanrıya müraciəti haqqında bəhs edir: "o zaman mən səhraya çəkilərək içdiyim andı xatırlayaraq ağlayıb sinəmə döyürdüm və bir gün xəyalən özümü Müqəddəs ananın ikonası qarşısında gördüm. Mən bir gün boyunca fasiləsiz ağladım, gücüm yetdiyi qədər özümə zərbələr endirməyə başladım, bu zaman qəfil bir işıq gördüm. O zamandan bəri nəhəng sükut içərisindəyəm”.
Buna bənzər şüurlu şəkildə qəfil yaranan işıq Annanın üzünü iki dəfə – qızının doğuluşundan sonra və intihar zamanı "nurlandırır”. Amma zülmət əksər hallarda olduğu kimi işıq üzərində qələbə çalır. Final epizodunda Anna relslərin üzərinə atılmazdan əvvəl xaç çevirir. Xristianlar üçün vərdiş edilmiş jest bir anlıq "onun üçün zülmətə bürünmüş hər şeyi” dağıdır.
Amma növbəti hadisələr zülmətə qərq olunub: onun həyat işığı "titrədi, sönükləşdi, əbədi söndü”. Anna bir zaman "dəmir yolu” ilə bağlı yuxusunda olduğu kimi "yoxa çıxdı”. İri həcmli əsərin kontekstindəki gizli və qapalı həyat süjetləri sayəsində roman dərin məna əldə edir. Allahı unutmuş müasir bütpərəst dünya labüd şəkildə dəmir yolu relsləri ilə uçuruma –" inferno”ya doğru hərəkət edir, – müəllifin kahinliyi də bax, bundadır. Azğın qadının Allaha müraciəti barədə həyat süjeti romanda təkcə özünü fəda edən Anna ilə deyil, həm də qəlbinin rahatlığı üçün, Allahın təqdiri ilə sevgini dərk edən Konstantin Levinlə əlaqəlidir. Tolstoy təvazökarlıqla əsərin obrazlı quruluşuna agioqrafik süjet əlavə edir, onun həm əvvəlini, həm də sonunu günah və cəza haqqında vahid arxetip (folklor və ədəbi əsərlərdə tez-tez təkrarlanan obrazlar, süjetlər, motivlər – X.N) süjetdə birləşdirərək romanın simvolik mənasını əsaslı şəkildə dərinləşdirir.
Axmetova Quzel Azatovna
(filologiya elmləri namizədi, Başqırdıstan dövlət universitetinin (Ufa şəhəri) rus dili və ədəbiyyatı kafedrasının dosenti)


Mənbə: academia.eu
Rus dilindən tərcümə edən: Xatirə Nurgül




banner

Oxşar Xəbərlər