• cümə axşamı, 28 mart, 21:40
  • Baku Bakı 13°C

Leonid Andeyevin pozduğu sükut

28.01.19 13:00 1175
Leonid Andeyevin pozduğu sükut
Leonid Andreyev rus gümüş dövrü ədəbiyyatının parlaq nümayəndələrindən sayılsa da Blok, Svetayeva, Axmatova kimi müasirlərinə baxanda adı nisbətən az hallanır. Halbuki Andreyev dövrünün məşhur yazıçılarından hesab olunurdu. Onun "Yeddi məhbusun hekayəsi” əsəri isə dünya ədəbiyyatının ən möhtəşəm hekayələrindəndir. Ancaq biz bu dəfə "Yeddi məhbusun hekayəsi”ndən yox, Andreyevin TeasPress nəşriyyatında çıxmış "İuda İskariot” adlı kitabına daxil olan bir neçə əsərdən bəhs edəcəyik. "Yeddi məhbusun hekayəsi” isə ayrıca bir yazının mövzusudur.

***

"İuda İskariot” povesti İsanı 30 gümüş sikkəyə satmış həvari İudanun həyatı və ölümünə həsr olunub. Bildiyimiz kimi, İuda İskariotun İsa peyğəmbəri satması və daha sonra özünü ərgüvən ağacından asması hadisəsi xristianlıq psixologiyasını formalaşdıran ən vacib məqamlardan biridir. Xristian düşüncəsində o, xainlik və xəyanətin rəmzidir. Ona görə də Avropa ədəbiyyatının bütün tarix boyu əsasından keçən leytmotiv kimi İudanı göstərirlər, çünki bu ədəbiyyatın bütün parlaq əsərlərinin kökündə peşmanlıq durur.
"İuda” əsərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada baş qəhrəman İsa peyğəmbər deyil, heç Pyotr, İohann və başqa həvarilər də deyil, Məsihi 30 gümüş sikkəyə satmış xəyanətkardır. Povesti xəyali olaraq ikonaya bənzədəsi olsaq, görərik ki, yazıçı bu janrın mühüm bir qaydasını pozub, mərkəzi fiqur kimi İsanı seçməyib. Əsərin başqa bir xüsusiyyəti isə həvarilərin başında qutsal halə daşıyan müqəddəslər kimi deyil, adi insanlar kimi göstərilməsidir. Bu da onu realistik boyalarla zənginləşdirir.
Arvadının vaxtsız ölümündən sonra İtaliyanın Kapri şəhərinə, dostu Maksim Qorkinin yanına yollanan Andreyev çox güman ki, dini mövzuya yaşadığı mənəvi böhrandan çıxmaq üçün müraciət etmişdi. İki həftəyə tamamlanan əsəri Andreyev Maksim Qorkiyə oxuyur. Qorkinin cüzi iradları və Andreyevin redaktəsindən sonra əsər 24 fevral 1907-ci ildə tamamlanır.
Vaqif Nəsib Elçini özünün xeyirxahı adlandırdığı kimi, Maksim Qorkini də Leonid Andreyevin xeyirxahı hesab etmək olar. Onu kəşf edib ədəbiyyata gətirən, ictimaiyyətə təqdim edən, yazmağı üçün şərait yaradan Maksim Qorki olub. Andreyev 1919-cu ildə Finlandiyada vəfat edib daha sonra Rusiyaya gətiriləndə də onun məzarı başında vida nitqini Qorki söyləmişdi.
Əsər İsa üçün və elə oxucu üçün də olduqca vacib olan xəbərdarlıqla başlayır: "İsa Məsihə dəfələrlə xəbərdarlıq etmişdilər ki, Kariotdan olan İuda ətrafda yaxşı ad çıxarmayıb və ondan ehtiyatlanmaq lazımdır.”
İsa Məsih isə deyilənlərə məhəl qoymur, İudeyin zahirən ən çirkin adamını özünə həvari seçir. Təbii ki, digər həvarilər də buna hiddətlənir, peyğəmbərə ən yaxın olmaqları ilə öyünən Pyotr və İohann onu yaxına buraxmaq istəmirlər. Ancaq İsa "...onu nədənsə yaxınına buraxdı, üstəlik, düz yanında oturtdu”.
İsa peyğəmbər təliminin hər kəsi islah edəcəyinə inanırdı, buna görə də İuda kimi yaramaz bir adamı doğru yola çəkmək ona qüdrətini göstərmək üçün daha lazımlı idi. Belə olan təqdirdə İsanın yanındakılar da təlimə inanmalı və İudanı öz qardaşları kimi qəbul etməli idilər. Onlar isə İudanın, bu yaramaz adamın düzələcəyinə, ram olacağına inanmaq istəmir, nifrətləri, kinləri ilə İudanı İsaya xəyanət etməyə təşviq edirlər. Belə çıxır ki, İsaya qoşulmaqla özünün islah olacağını düşünən İuda, onun ram olmayacağını düşünən, ona qərəzlə yanaşan həvarilərdən daha çox İsaçı, daha çox xristiandır. İuda İsanın təliminə, onun göylərdəki səltənətinə digər həvarilərdən çox inanır. Əsərin sonunda intiharı da onun ram olmağının göstəricidir. Əks halda 30 gümüş sikkəsini də götürüb heç nə olmamış kimi həyatına davam edərdi. Deməli, əsl günahkar, əsl xəyanətkar İuda deyil, onu oğru, xəyanətkar, fitnəkar gözündə görən və bu xüsusiyyətlərinə görə də İsanın saflıq bulağından uzaq tutub təşnə qoyan həvarilərdir.
İuda zahirən İsanı satsa da həqiqətdə digər həvarilərdən daha sadiq çıxır, o dərəcədə ki, peyğəmbəri o dünyada tək qoymamaq üçün onun ölümünə qoşulur, intihar edir. Onun son sözləri isə dəhşətlidir: "İsa, eşidirsən? İndi mənə inanırsan? Yanına gəlirəm. Məni yaxşı qarşıla, mehriban ol, çox yorulmuşam. Sonra biz səninlə qardaş təki bir-birimizə sarılıb yerə qayıdacağıq. Yaxşı?”
"İuda İskariot” xəyanətin psixologiyasını açmaq baxımından qiymətlidir. Andreyev iki min ilə yaxın yaşı olan bir hadisəyə yeni baxış bucağından nəzər yetirir. O demək istəyir ki, xəyanətkarların bu addımı atmasında özümüz də az günahkar deyilik. Onlara etibar göstərməməklə əvvəldən xəyanət yolunda addımlamağa vadar edirik. Deməli, xəyanətdə payımız olduğu kimi, lənətlənmiş otuz gümüş sikkədə də payımız var.

***

Andreyevin 1900-cü ildə qələmə aldığı "Sükut” hekayəsini Qorki səsləndirmişdi. Dövrümüzün məşhur rus ədəbiyyatşünası (eyni zamanda şair və yazıçısı) Dmitri Bıkov hekayəni özünəməxsus formada yozaraq deyir ki, əsər 1900-cü illərin sükutuna bir cavab idi. Hekayəni Lev Tolstoy da 5-lə qiymətləndirmişdi. Tolstoyun belə bir xasiyyəti vardı. Əsərləri oxuyub beş ballıq sistemlə dəyərləndirirmiş. O, Leonid Andreyevin "Sükut” hekayəsinə də əla qiymət verir. Ancaq bu, Andreyevin ədəbiyyatın peyğəmbərindən aldığı yeganə "beş” olur, Tolstoy "5” lərini daha çox Kuprinə hədiyyə etməyi xoşlayırmış.
Maraqlıdır ki, "Sükut”un qəhrəmanı susqun Vera da Anna Karenina kimi özünü qatarın altına ataraq intihar edir. Görəsən, Tolstoy bunu oxuyanda nə hisslər keçirmişdi, bəlkə öz qəhrəmanı ilə süjet oxşarlığını görüb qımışmışdı, bəlkə, heç buna fikir verməyib üstündən sükutla keçmişdi?
Amma işin qəribə tərəfi budur ki, İqnati ata da hardasa Tolstoyun Sergi atasını xatırladırdı. Düzdür, biz "Sükut”da elə Tolstoyu provaslavlıqdan çıxaran keşişlərin oxşarını, dini qaydaları əlində rəhbər tutan, özünün əzazilliyi ilə seçilən bir keşişi görürük. Sergi ata səhv yolla getsə belə lap əvvəldən mənəvi katarsis yaşamaq niyyətindədir, ancaq İqnati atada belə bir istək yoxdur, o, öz əqidəsində doğru olduğunu düşünür. Ona əzab verən isə qızının xristian inancına zidd hərəkət etməsidir. Yenə də Dmitri Bıkova qayıdırıq. Bıkov "Sükut”u qrotesk hekayə adlandırır. Qroteskliyin xüsusiyyəti budur ki, sən o dünyadakı həyatın müəmmalılığı qarşısında dəhşətə gəlirsən. Məhz İqnati atanı da dəhşətə gətirən budur. İntihar etmiş qızının o dünyadakı taleyi. Bunu bilən varmı? Böyük bir sükut...
Vera niyə intihar etdi? Heç kəs bilmir. Atasının rizası olmasa belə Peterburqda təhsil alıb qayıtmış qız hansı səbəbdən depressiyaya düşdüyünü söyləmir. Sükut... Qızının intiharından sonra iflic olan ana da İqnati atanın suallarına cavab verə bilmir. Yenə sükut... İqnati ata böyük bir sükut çevrəsi ilə əhatələnib. Əsərin sonunda bu "sükut”ların sırasına biri də əlavə olunur ki, bu da Veranın qəbri üstündə İqnati atanın qarşılaşdığı ölüm səssizliyi, qəbir sükutudur. Və elə bu sükut, bu ağrı İqnati atanın peşman olması ilə nəticələnir. Qəbiristanlıqda yaşadığı katarsis İqnati atanı islah edirmi? Yazıçı bu suala cavab vermir. Və bizə agah olmur ki, İqnati ata da Sergi Ata kimi islah oldu, yoxsa yox.
Görünür, bu iki obraz oxşarlığının (Ana Karenina ilə Veranın, Sergi ata ilə İqnati atanın bənzərlikləri) təsirindən sıyrılıb orijinal əsər yaratmaq bacarığına görə Tolstoy Andreyevə "5” qiymət vermişdi.

***

Kitabın daha bir əlamətdar hekayəsi isə "Mələkciyəz”dir. Şuluqluğuna görə gimnaziyadan qovulan balaca Saşkanı varlı Sveçnikovlar ailəsində uşaqlar üçün təşkil olunmuş Milad bayramına dəvət edirlər. Ancaq içkiyə qurşanmış deyingən anası nə qədər məcbur eləsə də Saşka getmək istəmir. Belə olan halda həndəvərində Əzrayıl dolaşan atası İvan Savviç Saşkanı mərasimə getməsi üçün yola gətirməyə çalışır. İvan bir vaxtlar bu varlı ailədə uşaqlara dərs deyib, üstəlik ailə başçısının bacısını sevib. Və əgər kirayə yaşadığı evin qızı ondan hamilə qalmasaydı, həyatı tamam başqa cür ola bilərdi. Onda nə içkiyə qurşanardı, nə işindən olardı, nə də içki əldən salandan sonra yatağa düşüb ölümün gəlişini gözləyərdi.
Atasının bir vaxtlar xoşbəxt günlər keçirdiyi evə – varlı mülkünə yollanan Saşka orada yolkadan asılmış mələkciyəz fiqurunu görür. Bu mum fiqur Saşkanın qəlbində indiyə qədər yaşamadığı bir hiss oyadır: "Yolkanın ona baxan, nisbətən az işıqlı hissəsindən həyat mənzərəsində çatışmayan və yoxluğu ilə günlərini mənasızlaşdıran bir şey asılmışdı. Bu, yaşıl budaqların arasında necə gəldi asılmış, sanki havada üzən, mumdan düzəldilmiş mələk fiquru idi. Onun şəffaf qanadcıqları işıqda titrəşir və olduqca canlı görünürdü. Mələk sanki elə indicə qanad çalış uçacaqdı”.
Saşka inadkarlığına salıb evin xanımından mələkciyəzi milad hədiyyəsi olaraq alıb atasının xoşbəxt günlərinin xoş nişanəsi kimi özlərinin ölüm və kəsavət qoxuyan evlərinə gətirir. Sərxoş ana qonşu otaqda xoruldayır. Saşka oyuncağa toxunmağa qoymur, onu buxarının kaşı divarına asıb atasının yanına uzanır. Ata və oğul yuxuya gedənə qədər birlikdə mələkciyəzə tamaşa edirlər. Ata üçün mum fiqur keçmiş, məsud günlərin, oğul üçün isə gələcək, xoş günlərin simvoludur. Ata mələkciyəzə baxa-baxa keçmişi, oğul gələcəyi düşünür. Ancaq Andreyev əksər hekayələrində olduğu kimi burda da oxucuya sarsıdıcı zərbə vurmaqdan çəkinmir, müdhiş amansızlıq nümayiş etdirir. Buxarının divarından asılmış mələkciyəz atanın tezliklə bitəcək ömrünə, oğulun isə alınmayacaq həyatına işarə kimi əriyib bir topa muma dönür. Hekayə bu yerdə bitsə də intizarı-ağrısı qamçı zərbəsi kimi uzun müddət oxucunun qəlbini göynətməyə davam edir. Səhər yuxudan durub mələkciyəzinin əridiyini görən Saşkanın məyusluğu gözlərin önündə canlanır, dilindəsə bu ağı bitir: Yazıq Saşka. Əyyaş ananın, xəstə atanın oğlu, Saşka. Sən axı bundan sonra necə yaşayacaqsan? Son ümidin də beləcə əridi. Tanrının mələyi də səni xilas edə bilmədisə daha göydən kim enməlidir ki, səni xilas eləsin? Yazıq...
Mirmehdi Ağaoğlu
banner

Oxşar Xəbərlər