• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

Lenta.ru İslam Həmrəyliyi Oyunları haqqında geniş məqalə dərc edib

18.05.17 09:00 1680
Lenta.ru İslam Həmrəyliyi Oyunları haqqında geniş məqalə dərc edib
Artıq bir neçə gündür ki, dünyanın diqqəti Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yönəlib. Dünyanın aparıcı mətbu orqanları Bakının ev sahibliyi etdiyi yarışlardan reportajlar təqdim edirlər. Maraqlısı odur ki, yarışmanı yalnız müsəlman dövlətləri deyil, digər dövlətlər də izləyir. Rusiyanın nüfuzlu "Lenta.ru” nəşri də Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq yarış barəsində geniş yazı dərc edib.
İslamiada ilə Olimpiada arasındakı fərq, Oyunların rəmzləri, Rusiyanın bu yarışlara qatılmaq şansı və bir çox başqa mətləblərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aydınlıq gətirib. Nazir öncə Oyunlara ev sahibliyi etməyin Bakı üçün nə demək olduğundan danışıb. Onun sözlərinə görə, bu, ölkəmizdə keçirilən ilk irimiqyaslı yarış deyil. Belə ki, bundan əvvəl Azərbaycan birinci Avropa Oyunları, Şahmat Olimpiadası, Formula 1-in hər il keçirilən mərhələ yarışlarına ev sahibliyi etməklə, həm Avropanın, həm də müsəlman Şərqinin idman tədbirlərini eyni uğurla təşkil edən multikultural mərkəz statusu qazanıb. Nazir vurğulayıb ki, Azərbaycan dünyaya məhz belə açılır: "O ki qaldı İslam Həmrəyliyi Oyunlarına, bu, sayca dördüncü Oyunlardır. İlk İslamiada Səudiyyə Ərəbistanında keçirilib. Bizim üçün bu, böyük təcrübə, gözəl dostluq və sülh festivalıdır. Bu, həm də mümkün qədər çox gəncimizi idmana cəlb etmək imkanıdır. Əlbəttə, mükafatlandırma mərasimlərində Azərbaycan bayrağının ucaldılması, ölkəmizin himninin səslənməsi də bizim üçün çox əhəmiyyətlidir. İndoneziyanın Palembanq şəhərində keçirilmiş əvvəlki Oyunlarda biz 7-si qızıl, 8-i gümüş və 9-u bürünc olmaqla, 24 medal qazanmışdıq. Ümid edirik ki, öz evimizdə idmançılarımızın qələbələri daha çox olacaq”. Nazir bildirib ki, 2017-ci il İslamiadasının fərqləndirici xüsusiyyəti bəzi idman növləri üzrə paraolimpiya yarışlarının da keçirilməsidir: "Avropa Oyunlarında olduğu kimi, burada da paraolimpiyaçılar cüdo və yüngül atletikada güclərini sınayacaq. Karate də mütəxəssislərin xüsusi marağına səbəb olub. Məlumdur ki, idmanın bu növü Yay Olimpiya Oyunlarının proqramına bu yaxınlarda daxil edilib və yalnız 4 il sonra Tokioda debüt edəcək. Bakı Oyunları bir çox komandalar üçün qarşıdan gələn Olimpiadaya vacib hazırlıq mərhələsidir.
İdman həvəskarları zorxana yarışlarına da biganə qalmayacaq. Zorxana Yaxın və Orta Şərq ölkələrində çox populyar idman növüdür. Bu, hələ orta əsrlərdə güləşçi pəhləvanların çıxış etdiyi və geniş yayılmış şəhər idman klublarının ortaq adıdır.
Bütövlükdə isə Oyunların proqramına 20 idman növü daxil edilib: suya tullanma, üzgüçülük, su polosu, 3-ün 3-ə basketbol, futbol, bədii və idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, yunan-roma güləşi və sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletka”. Nazir OyunlarınrəmzləriQarabağ atları"İncə”ilə "Cəsur” məsələsinə də toxunub: "Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu, xalqımızın mənəviyyatının, onun tarixinin və ənənələrinin, o cümlədən xalçaçılıq və atçılıq ənənələrinin rəmzidir. Bütün bunlar İslam Həmrəyliyi Oyunlarının loqotipində və talismanlarında əksini tapıb. Sülh və gözəllik mücəssəməsi "İncə” və yenilməz qələbə əzminin təcəssümü "Cəsur” Azərbaycan və ingilis dizaynerlərinin birgə işinin nəticəsidir”. Onun sözlərinə görə, hazırlıq mərhələsində İslam Oyunları üçün heç nə tikməyə ehtiyac olmayıb, çünki bütün obyektlər artıq var idi. Üstəlik də idman obyektlərinin hamısı çox gözəl vəziyyətdə idi. Yarışlar birinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş müasir idman arenalarında keçirilir. Onlardan ən əhəmiyyətliləri Olimpiya Stadionu, Gimnastika Arenası, Su İdman Oyunları Sarayı, Bakı Tennis Akademiyası, Ağır Atletika Mərkəzi, "Dalğa Arena”, "Bakcell Arena” stadionları və digər qurğulardır. Ölkədə keçirilən müxtəlif idman yarışlarının yerinə yetirdiyi təbliğat missiyası da qeyd olunmalıdır. Bu, həm sağlam həyat tərzi, həm də getdikcə daha çox insanın idmana cəlb olunması deməkdir. Sıravi bakılılar şəhərin müxtəlif hissələrində inşa edilmiş şahmat meydançalarına toplaşaraq, şahmat oynayır. On minlərlə vətəndaşımızda da gimnastika, üzgüçülük, akademik avarçəkmə və başqa idman növləri ilə məşğul olmaq istəyi yaranıb. Biz müxtəlif aksiyalar da keçiririk. Məsələn Oyunlara hazırlıq dövründə bir sıra tədbirlər keçirilib.
Yarışların öz idman və ulduz səfirləri var. Onlar Oyunların həmrəylik, sülh, dəyərlər və mükəmməllik haqqında mesajının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır, həmçinin milyonlarla gənc azərbaycanlının kumirinə çevrilir”. A.Rəhimov belə tədbirlərin hansı biznes-perspektivlər aça biləcəyinə də toxunub: "Bizim üçün bu, turizmi inkişaf etdirmək imkanıdır. Ölkəyə Rusiyadan, Avropa ölkələrindən, İraq, Misir və hətta Əfqanıstan kimi Orta və Yaxın Şərq ölkələrindən turistlər gəlir”.
Nazir əlavə edib ki, oyunlar güclü dopinq nəzarəti altında həyata keçirilir: "Bu işi Almaniyanın PWC şirkəti Azərbaycan Milli Antidopinq Agentliyi ilə birgə görür. Analizlər iki laboratoriyaya göndəriləcək – Köln və Doha laboratoriyalarına. A.Rəhimov əlavə edib ki, oyunlara hazırlıq üzrə operativ ofisdə 1500 nəfərə yaxın insan çalışır. Əməliyyat işlərinə 8 minə yaxın, açılış və bağlanış mərasimlərinə isə təxminən 4 min könüllü cəlb edilib. Bundan başqa, startlara hazırlığın bütün mərhələlərində təxminən 14 min nəfər çalışır: "Azərbaycanda könüllülər hərəkatı çoxdan mövcuddur. Könüllülərin təşkili məsələləri ilə məşğul olan ilk qeyri-hökumət təşkilatının yaradılmasından 20 ildən çox vaxt keçir. Amma könüllülər hərəkatında inqilab birinci Avropa Oyunları zamanı baş verib. Onda, o cümlədən Rusiyadan 18 min gənc oğlan və qız cəlb edilmişdi. Bu hərəkat ölkəmizdə digər idman tədbirlərinin keçirilməsinə də kömək edib. Təsəvvür edin ki, elan verən kimi, 10 mindən çox müraciət almışıq”.
Nazir həmçinin Rusiyanın İslam Həmrəylik Oyunlarına qatılmaq perspektivlərinə də toxunub. "Rusiya artıq İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi ölkədir və əminəm ki, Bakıda keçirilmiş birinci Avropa Oyunlarına olduğu kimi, bu Oyunlara da dəvət alması üçün ölkənizin sadəcə İslam Həmrəyliyi Oyunlarına müraciət etməsi kifayətdir”, - deyə nazir vurğulayıb.
Azər
banner

Oxşar Xəbərlər