• cümə, 26 Aprel, 14:02
  • Baku Bakı 23°C

“Ölənlərə rəhmət, dirilərə ibrət”

01.04.14 15:47 1306
“Ölənlərə rəhmət, dirilərə ibrət”
“Humanitar Araşdırmalar” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Azərbaycan tarixi-Azərbaycan gəncliyi: tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində ali məktəb tələbələri üçün “1918-ci il 31 Mart - azərbaycanlıların soyqırımı” adlı növbəti seminar-mühazirə təşkil edib.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən seminar-mühazirədə İctimai Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı çıxış edərək, layihə barədə qısa məlumat verib. Bildirib ki, birliyin keçirdiyi layihədə əsas məqsədi Azərbaycan dövlətçilik tarixinin dünəni, bu günü ilə bağlı gənclərə məlumatlar verməkdən, onları tarixi faktlarla tanış etməkdən, gənclərdə vətənpərvərlik hissini daha da yüksəltməkdən ibarətdir. Daha sonra o, 1918-ci ilin 31 mart soyqırımından söhbət açıb. Deyib ki, 96 il bundan öncə erməni daşnakları bolşeviklərlə birgə azərbaycanlılara qarşı misli görünməmiş qətliam həyata keçiriblər. Onun sözlərinə görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib: “Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar”.
N.Qasımlı o dövrdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin təkcə Bakı şəhəri ilə məhdudlaşmadığını diqqətə çatdırıb: “Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur”.
Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, seminar-mühazirənin aparıcısı Firdovsiyyə Əhmədova arxiv sənədlərinə, yazılı mənbələrə stinad edərək, 31 mart tarixində erməni daşnaklarının bolşevik libasına bürünərək, məqsədli şəkildə həyata keçirdikləri qətliamlardan, soyqırımı aktından danışıb. O, 31 mart 1918-ci ildə baş vermiş hadisəni soyqırımı aktının yalnız bir günü kimi qələmə verib. Bildirib ki, bu hadisəyə qədər baş verən tarixi proseslər və həmin gün baş verən soyqırımı gələcək nəsillər üçün ibrət dərsi olmalıdır. F.Əhmədovanın sözlərinə görə, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 96 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb: “31 mart 1918-ci ildə baş vermiş soyqırımı aktının yalnız bir günüdür. “Niyə məhz 31 mart? Bu tarixi mənada son 100 il ərzində müsəlman əhalisinə, Cənubi Qafqazda, Cənubi Azərbaycanda, Şərqi Anadoluda dinc əhaliyə qarşı vəhşicəsinə törədilmiş bir günün tarixidir. 1919-cu ildə azərbaycanlıların soyqırımının 1 illiyi münasibətilə “Azərbaycan” qəzetində belə bir ifadə işlədilmişdir ki, “Ölənlərə rəhmət, dirilərə ibrət”. Bu ifadə sonrakı tarix üçün çox böyük bir ibrət oldu. Biz o günü ona görə qeyd edirik ki, Azərbaycanın ərazi bütövlüyünə, xalqına qarşı ermənilərin təcavüzkar siyasəti davam edir. Soyqırımı aktı tarixdə xroniki hala çevrilib. Tarixdən bəllidir ki, ayrı-ayrı xalqlara qarşı soyqırımları baş verib. Amma bir yüz ilin ərzində mərhələlərlə bu addımın həyata keçirilməsi isə analoqu olmayan bir hadisədir. Bu baxımdan həmin dövrün tarixini beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırmaq üçün nəinki özümüz anmalıyıq, bu həm də bizim gələcəyə ünvanlanan bir prosesimiz olmalıdır. Çünki hələ də təhlükə mənbəyi mövcuddur”.
F.Əhmədova XX əsrin əvvəllərində baş verən hadisələr barədə danışaraq deyib ki, 1918-ci ilin yazındakı olaylar sadəcə bir günün, bir ayın aktı deyildi: “İllərlə düşünülmüş bir siyasət idi ki, onu reallaşdırmaq üçün də belə bir gözəl “imkan” yaranmışdı. Ermənilər bolşeviklərlə iş birliyinə girib öz məqsədlərinə çatmaq istəyirdilər. Rəsmi rəqəmlərə görə, Bakıda həmin vaxt 10-12 min insan qətlə yetirilib. Eləcə də Qubada 122 yox, 167 kəndin əhalisi məhv edilib. Bu rəqəmlər araşdırmalar zamanı üzə çıxıb. Bir məqamı da qeyd edim ki, həmin dövrdə Qafqaz İslam Ordusu ermənilərə qarşı mübarizəyə başlamasaydı, Bu gün Azərbaycanın istiqlalından söhbət gedə bilməzdi”.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, ermənilər öz yalanlarını başqalarına yazdırmaqla onun yayılma mexanizmini müəyyən edib.
Onun sözlərinə görə, bu yalanların qarşısının alınmasının ən yaxşı yolu doğruları söyləməkdir: “Bugünkü gənclik 31 mart hadisələrini öyrənməklə yanaşı, həm də onu sosial şəbəkələr vasitəsilə dünyaya yaymağa başlamalıyıq. Çünki zaman nəyi tələb edirsə, biz ona uyğun hərəkət etməli və Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmalıyıq”.
Deputat Fazil Mustafa 31 mart soyqırımının kifayət qədər təbliğ olunmadığını vurğulayıb. Onun fikrincə, Xocalı soyqırımı ilə müqayisədə 31 Mart soyqırımını dünyaya tanıtmaq imkanlarımız məhdud olub: “Həm də biz ermənilər qədər təbliğ edə bilməmişik. Bu gün faktoloji baxımdan dünyaya Xocalı soyqırımını çatdıra bilərik. Ona görə də soyqırımı məsələsində bütün hallarda dünyaya tanıtmaq baxımından Xocalı soyqırımı üzərində indeksləşməyin tərəfdarıyam. Amma 31 mart bizim dövlətçilik tariximiz üçün böyük bir ibrət mərhələsidir və bunu doğru təhlil edəndə gələcəkdə bunu yaşamama şansı qazanırıq. Yəni, bu gün Azərbaycan cəmiyyəti özünü qonşularla doğru müqayisə etməlidir. Çünki bizim təminatımız yoxdur ki, soyqırımı yenidən yaşamayacayıq”.
Layihənin eksperti, tarixçi alim, millət vəkili Musa Qasımlı isə bildirib ki, 1918-ci ilin martına qədərki hadisələrdən, xüsusən də 1905-1907-ci il qırğınlarından ibrət alsaydıq, 31 mart soyqırımı baş verməzdi. Onun sözlərinə görə, biz heç zaman tarixi rəqəmlərə görə öyrənməməliyik, tarixi ibrət almaq üçün öyrənməliyik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər