Lənkəran Dövlət Dram Teatrı mövsüm sonunda yaradıcı heyətini mükafatlandırdı
İyulun 15-də Lənkəran Dövlət Dram Teatrının
126-cı mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirildi. İclasda teatrın
əməkdaşlarına, eyni zamanda, mətbuat nümayəndələrinə mükafatlar təqdim edildi.
Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq
Heydərov Lənkəran Teatrının mövsüm ərzində gördüyü işlər barədə iştirakçıları məlumatlandırdı.
Teatrın insanlara, cəmiyyətmizə faydasından danışan T.Heydərov növbəti mövsümdə
gəncləri teatra cəlb etməyin vacibliyini vurğuladı. Qarşıda böyük layihələr,
qastrolların olduğunu bildirən direktor Lənkəran tamaşaçılarına təşəkkür etməyi
də unutmadı.
Səhnədə teatrın tanınmış və eyni zamanda klassik
aktyorları hesab olunan xalq artisti Qabil Quliyev və əməkdar artist Zemfira Nəcəfova
da tədbir iştirakçılarını salamladı. Tearın baş rejissoru Tural Mustafayevin də
iştirak etdiyi təqdimatda mövsüm sonu ilə bağlı məruzlər edildi. Məruzələrdə teatrın
bir bayram olduğu qeyd edildi. Zemfira xanım mövsüm ərzində oynanılan
tamaşalardan, aktyorların yaradıcı potensialından danışdı.
Çıxışlar yekunlaşdıqdan sonra mövsüm ərzində
teatrın təbliğində əməyi olan jurnalistlər və teatrın yaradıcı heyəti
mükafatlandırıldı. Onlar diplom və təşəkkürnamələr təqdim olundu. Həmçinin, 29-30
iyun tarixində İranın Parsabad şəhərində qastrol səfərində olan Lənkəran Teatrı
Bəhram Beyzayinin "İlan Sultan” tamaşası
ilə iştirak etmişdi. Tamaşanın musiqi tərtibatçısı
İlqar Əliyev də orada mükafatlandırılmışdı. Tədbirdə İran İslam Respublikası tərəfindən
mükafatlandırılan musiqi tərtibatçısına Fəxri Fərman verildi.
Daha sonra xalq artisti Qabil Quliyev, teatrın ədəbi-dram
hissəsinin rəhbəri Ağaddin Babayev, baş rejissorun truppa üzrə köməkçisi,
aktyor Səyad Əliyev diploma layiq görüldülər. "Kaspi” qəzetinin
müxbiri, teatrşünas Xəyalə Rəis teatrla səmərəli əmkdaşlığa görə mükafatlandırıldı.
Onlarla bərabər, teatrın sevilən aktyoru Sücəddin Mirəzyevə də 60 illik
yubileyi münasibəti ilə mükafat təqdim olundu. Tədbirdə onun Lənkəran Teatrının
sütunlarından, teatrın əvəzolunmaz aktyorlarından biri olduğu qeyd edildi.
Rəsmi çıxışın
sonunda Tofiq Heydərov teatrın yaradıcı kollektivinə mövsüm ərzində fəal
çıxışlarına görə minnətdarlığını bildirdi. Teatrın əslində bir ailə olduğunu və əgər ailə sağlam təməl üzərində qurularsa,
heç bir hadisənin, fəlakətin onu yıxa bilməcəyini qeyd etdi. Teatrın kulisində
çalışan, ən xırda işçisinə qədər hər kəsin əməyini yüksək qiymətləndirən T.Heydərov
tamaşaçılara və teatrın yaradıcı heyətinə xoş xəbər də verməyi unutmadı. Belə ki, teatrın kollektivi sentyabrın 1-dən
6-na kimi Tehranda keçirilən "Milli adət və ənənələr” festivalında iştirak ecədəcək.
Rəsmi hissədən sonra yazıçı Hafiz Mirzənin "Ay lolo”
və ya "Moskvalı gəlin” komediyası tamaşaçılara təqdim olundu.
Xəyalə Rəis