• şənbə, 20 Aprel, 11:15
  • Baku Bakı 14°C

"Ölən" futbolçu danışdı: "İş istəyirəm, dilənçi deyiləm"

13.01.17 17:35 1085
"Ölən" futbolçu danışdı: "İş istəyirəm, dilənçi deyiləm"
Ölüm xəbəri yayılan Azərbaycan yığmasının sabiq futbolçusu Faiq Cabbarovun apasport.az saytına müsahibə verib. Veteran futbolçu sağ-salamat olduğunu deyib. O, uzun müddətdir işsiz qaldığını deyib: "Federasiyaya getdim, həm ordan, həm də çox insanlardan iş istədim. Futbolçu vaxtı qazandığım titulları demirəm, məşqçi işlədiyim vaxtda haralarda çalışdığımı bilirsiz. "Gilan”, "ABN-Bərdə”də işlədim, daha sonra "Şəmkir”i yenidən komanda kimi formalaşdırdım. Buna baxmayaraq, son vaxtlar hara getdimsə, iş vermədilər. Federasiyaya getdim, dedilər ki, kateqoriya lazımdı. İstəsəydilər, kateqoriya məsələsində kömək edə bilərdilər. İnsanam da, küsdüm. Sonra Rusiyaya getdim, orda bir az problemlər oldu, qayıtdım. İstədim ki, yenidən futbol həyatına qayıdam. Amma alınmadı. Dost-tanış sağ olsunlar. Ad da çəkə bilərəm. Məsələn, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mənə dəfələrlə maddi cəhətdən köməklik etdi, həmçinin, Mehman Allahverdiyev. "Qəbələ” komandasından yardım etdilər, klubun vitse-prezidenti Fariz Nəcəfov və komandanın kapitanı mənə köməklik etdi. Mən sadəcə, iş istədim. Dilənçi deyiləm ki, qapı-qapı düşüb, dilənim. Lakin mənə iş tapılmadı. Halbuki federasiyadan istəsəydilər, mənə iş verə bilərdilər. Mən demirəm ki, Premyer Liqa klubunda baş məşqçi və ya məşqçi işləyim. Heç olmasa 12, 13 yaşlı komandalarda işləyərdim, başım qarışardı. Ancaq bu da olmadı, mən nə edim. 2014-cü ildə köhnə dostlarım, futbolçu yoldaşlarım mənə kömək etdilər. Amma köməklə yaşamaq olmaz. İndiki zəmanədə hamının öz problemi var. Mən də istərdim ki, işləyim, əməkhaqqı alım. Mən futbol həyatına qayıtmaq istəyirəm, amma köməklik yoxdu. Sağ olsun, gözəl bir insan var, bu dəqiqə onun yanındayam. Elə bir insandı ki, 17 rayonun polis rəisi işləyib. Pis adam olsaydım, yanına çəkib mənə köməklik edərdimi? Mənə iş verib, amma o iş mənim işim deyil. Mən futbol həyatında olmaq istəyirəm. 45 yaşım heç tamam olmayıb. Sağ olsun, Nazim Dadaşov, onu bütün Azərbaycan tanıyır. Məni yanına çəkdi ki, işsiz qalmayım. Amma ürəyim futbolla döyünür. Pis çıxmasın, mən futbolu bilirəm. Bilməsəydim, 33 yaşımda məşqçi işləməzdim. Nofəl Əzizovla bir yerdə çalışmışıq "Gilan” komandasında, onu Premyer Liqaya çıxarmışdıq. Ondan sonra "ABN-Bərdə”ni güclülər liqasına çıxardım. Daha sonra "Şəmkir”də çalışdım. Futbol həyatında, eləcə də adi həyatda gərək yaltaqlıq edəsən ki, işləyəsən”.
banner

Oxşar Xəbərlər