• şənbə, 20 Aprel, 00:58
  • Baku Bakı 15°C

Legioner olmayan legionerimiz - Portret

26.06.15 16:10 1842
Legioner olmayan legionerimiz - Portret
İlk Avropa Oyunları arxada qalmaq üzrədir. Bakıda keçirilən bu tarixi turnir bir çox maraqlı, heyrətamiz, illər sonra da danışılacaq, xatırlanacaq məqamlarla yadda qaldı. Azərbaycan idmansevəri üçün bu məqamlardan biri İrina Zaretskanın fəxri kürsünün ən yüksək pilləsində ölkəmizin himnini böyük həvəslə oxuması idi. O, cəmi üç aydır şərəfini qoruduğu Azərbaycanın ali musiqisinə nümayiş etdirdiyi bu hörmətlə böyük rəğbət qazandı. Bu yazıda yeni həmvətənimiz Zaretskanı yaxından tanıtmaq qərarına gəldik.
“Danışmağa başlamamış” karateyə
4 mart 1996-cı ildə Odessa şəhərində anadan olan İrina Zaretska idmana çox tez başlayıb. Uşaqlıqdan karateyə həvəsi olan ukraynalı çempion, artıq 3 yaşında, az qala danışmağa başlamamış tatami üzərinə çıxıb. Qardaşı bu idman növü ilə məşğul olurdu. Onun sayəsində İrinada da karateyə istək yarandı. O da qardaşı kimi dalaşmaq, döyüşmək həvəsində olub. Valideynləri də karate ilə məşğul olmağına qarşı olmayıblar. Zaretska uşaq vaxtı daha çox oğlanlarla oynadığından karateçi olmaq, ona problem yaratmayıb, əksində kömək edib. Atasının da, anasının da daimi dəstəyini alan İrina, yalnız idman dərslərə mane olanda müdaxilə ediblər. Ki, bunda da qəribə heç nə yoxdur. Amma sonda sonsuz karate sevgisi üstün gəldi. Bir qızın belə döyüş növündə uğur qazanması çətin olsa da, həvəs, istək, inad öz sözünü dedi. Məhz bu inadın nəticəsidir ki, indi biz Avropa Oyunlarının qalibi haqda danışanda onu nəzərdə tuturuq.
Bakıdan başlayan karyera
İdmana çox tez başlaması İrinanın xeyrinə işləyən amil olub. Hələ gənclik yaşına qədəm qoymamış bir çox titula sahib çıxan karateçinin alqışlanacaq zirvə yolu var. Özü də bu yolun başlanğıcındakı bir fakt çox simvolikdir. Belə ki, İrina Zaretska Ukraynada ölkə çempionu olandan sonra ilk beynəlxalq yarışına Bakıda çıxıb! 2012-ci ilin fevralında paytaxtımızda keçirilən yeniyetmə və gənclər arasında Avropa çempionatı və Avropa Kubokunda tatami üzərinə çıxan odessalı qız, Azərbaycandan qızıl medalla ayrılır. O, bir il sonra İspaniyada yeniyetmə və gənclər arasında dünya çempionatı və Dünya Kubokunda, daha bir il sonra isə bu dəfə Portuqlaiyada keçirilən yeniyetmə və gənclər arasında Avropa çempionatı və Avropa Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Artıq bütün karate ictimaiyyəti böyük bir istedadın parlamaq üzrə olduğuna əmin olur. 2014-cü ilin mayında Finlandiyada böyüklərin Avropa çempionatında tatami üzərinə çıxan karateçi vətənə bürünc medalla qayıdır. Bu uğurun təsadüfi olmadığı isə bir neçə aydan sonra təsdiqlənir. Noyabrda, Bremen şəhərində keçirilən dünya çempionatı ulduzun həqiqi ulduz olduğu fikirlərinin əbəs olmadığını sübut edir. Cəmi 18 yaşı olan İrinanın karyerasında ilk dəfə böyüklər arasında belə turnirdə yarışaraq bürünc medala sahib çıxması sensasiyaya səbəb olur. Bu medalla o, adını ikiqat tarixə yazdırır. Əvvəla, Zaretska böyüklərin dünya çempionatları tarixində medal qazanan ən gənc qız adını əldə edir. Üstəlik, onun bürüncü Ukrayna tarixində qadınların ilk dünya bürüncü kimi qeydə alınır.
Zədə, risk və medal
Ancaq bu medal İrinaya asan başa gəlməmişdi. Yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışında normadan artıq – gündə 3, bəzən 4 dəfə məşqlər etməsi ona ziyan gətirir. Əzm, karate sevgisi öz yerində ancaq gənc bədən gərgin çalışmalara dözməyərək sıradan çıxır. Belindən ciddi zədə alan İrinanın bu turnirdə iştirakı sual altına düşür. Məşqçisi Denis Morozov hər şeyə rəğmən onu hazırlığını davam etdirir. Ancaq yüklənmələr normadan çox aşağı salınır və bu da öz növbəsində medal şansını birə-iki azaldır. Sinir toxumalarındakı zədənin böyümə ehtimalı ilə dünya çempionatında iştirak riski arasında ikincini seçən Zaretska yanılmır.
Azərbaycan tərəfinin diqqəti
Bremendən sonra baş verənlər isə xoş deyildi. Ölkəsi üçün bu qədər uğur qazandıran idmançının diqqətdən kənarda qalması ümumi abı-havanı pozur. Gənc çempion heç bir maddi dəstək almır, inkişafı üçün lazımi addımların atılmadığına şahidlik edir. Formasının zirvəsində olan və yetərincə böyük nüfuza malik ilk Avropa Oyunlarına tam gücü ilə hazırlaşan karateçinin ortada tək buraxılması müsbət qarşılana bilməzdi. Məhz bu məqamda Azərbaycan Karate Federasiyası işə qarışır. Belə böyük istedada malik idmançının diqqətdən kənarda qalmasına razı olmayan qurum ona Qafqaza gəlmək təklifini edir. Beynəlxalq karyerasına uğurla start verdiyi ölkənin ona belə münasibət göstərməsi Zarestkanı məmnun edir. Məşqçisi və ailəsi ilə məsləhətləşəndən sonra qərar qəbul edilir: İrina həmin gündən Azərbaycanın şərəfini qoruyacaq! İlk böyük turnir isə məhz Avropa Oyunları idi.
Avropa Oyunları
Karate idmanı üçün çox vacib turnir idi Avropa Oyunları. Olimpiya idman növü olmayan və böyük yarışlardan kənarda qalan bu növ ilk dəfə idi ki, belə yüksək səviyyədə təmsil olunurdu. Ən yaxşı halda 2020-ci ildə ev sahibi Yaponiyanın yaradıcıları olduğu bu idmanı yarış siyahısına sala bilmə ehtimalı, karatesevərlərin diqqətini Bakıya yönəltmişdi. Böyük ənənələri olan və dünyaca məşhur çempionlar yetişdirmiş Azərbaycanın karateyə verdiyi dəyər yüksək qiymələndirilirdi. İrina da bu şansı qaçırmayacaqdı. “A” qrupundakı ilk döyüşündə ispan Kristina Vizkaynonu rahat yenən Zaretska ikinci görüşdə avstriyalı Alisa Buxingerə məğlub olur. Ancaq sonra yunan Vasiliki Panetsiduya qalib gələn idmançımız yarımfinala vəsiqə qazanır. Bu mərhələdə çernoqoriyalı Marina Rakoviçini yenən karateçi finalda döyüşmək hüququ əldə edir. Həlledici görüşdə qrupda məğlub olduğu avstriyalı Buxingerə aman verməyən və qisasını artıqlaması ilə alan İrina İlk Avropa Oyunlarının qalibi adını öz yeni vətənində qazanır.
Bizim İrina
Çempionluq öz yerində. Onu hər kəs qazana, bayram edə bilər. İstənilən idmançı bir başqa ölkənin bayrağı altında çıxış edə və fəxri kürsünün ən yüksək pilləsinə də qalxa bilər. Ancaq cəmi 3 aydır gəldiyin ölkənin himnini öyrənib onu bütün dünyanın gözü önündə, böyük həvəslə, sevinclə, qürurla oxumaq hər kəsin bacaracağı iş deyil. İrina Zaretska Azərbaycan xalqının qəlbini çempionluğu yox, məhz bu addımı ilə fəth etdi. Bu, bir çox həmyerlilərimizə nümunə sayıla bilərdi. Hər halda, qısa müddətdə ayaq basdığı torpağı özünə vətən saymaq, ona tamlığı ilə sahiblənmək cürət və daxili möhkəmlik tələb edir. 19 yaşlı qızda bu xüsusiyyətlərin olması onu bir insan kimi gözümüzdə ən yüksək pilləyə qaldırır.
Anasına həsr edib
Zaretskanın Oyunlardan sonra verdiyi açıqlamaları bir də xatırlamaq gərəkdir. Yəqin ki, bu cümlələr hər şeyi ifadə edir: “Çox xoşbəxtəm. İlk Avropa Oyunlarının qızıl medalını qazandım. Bu uğur mənim üçün çox dəyərlidir, böyük məna kəsb edir. Birinci olmaq heç də asan iş deyil. Bunun üçün bütün çətinliklərə qatlaşdım və sonda istəyimə çatdım. Bu, mənim karyeramda ikinci ən böyük uğurumdu. Keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Qızıl mükafat uzun müddət çəkdiyim əziyyətin, tökdüyüm göz yaşlarının bəhrəsidir. Üzərimdə çox çalışırdım. Bu yarışı həm də anam üçün uddum. Qələbəni də ona həsr edirəm. Özüm-özümə deyirdim ki, nə vaxtsa çempion olsam, fəxri kürsüdə Azərbaycanın himnini oxuyacağam. Bu gün də o himni oxumaqdan fəxr hissi duydum”.
Portreti
İrinanın himnimizi oxuduğu görüntü milyon portretə dəyər. Simasındakı xoşbəxtlik az qala hər cizgisindən hiss olunurdu. Gənc karateçi karyerasının zirvəsini ona bu şansı yaradan ölkənin musiqisi altında qeyd etdi. İrinanın bundan da böyük qələbələri hələ qabaqdadır. Potensialı qatıldığı bütün turnirlərdə çempion olmaq imkan verir. Bizə isə ona dəstək olmaq, qələbələrinə sevinmək qalır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər