• şənbə, 27 Aprel, 02:51
  • Baku Bakı 14°C

Öldürücü istilərdən necə qorunmalı? - Araşdırma

25.06.15 13:30 3226
Öldürücü istilərdən necə qorunmalı? - Araşdırma
Ən yaxşı çıxış yolu günorta saatlarında açıq havaya çıxmamaq, düzgün qidalanmaq və çoxlu maye qəbul etməkdir

Günəş şüası orqanizm üçün xeyirlidir, amma qədərində. Normal halda yay aylarının istisi təhlükəli olmasa da, temperatur çox olduqda artıq hər kəsdə narahatlıq yaratmağa başlayır. Bu narahatlıq isə yaşlı insanlarda, uşaqlarda və ən əsası sağlamlığında problem olan şəxslərdə özünü daha qabarıq göstərir. Bunu xəstəxanalara edilən müraciətlərin çoxluğunda da hiss etmək olur. İsti günlərdə xəstəxanalara müraciətlər də çoxalır. Hətta yay aylarında istinin çox keçdiyi günlərdə dünyasını dəyişənlər də olur.
Ona görə də isti havalarda həkimlər insanlara, xüsusilə sağlamlıqlarında müəyyən qədər problemləri olanlara daha diqqətli olmağı məsləhət görürlər. Həkim-terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, isti havalar ən çox uşaqlara, yaşlılara, hamilə qadınlara təsir etsə də, hər kəs günün isti vaxtlarında evdən çıxmasa daha yaxşı olar. Qan damar sistemində, ürəklərində, təzyiqlərində problemi olanlar, şəkər xəstələri üçün isti havalar daha təhlükəli ola bilər: “Düzdür, isti hava ürək xəstələri üçün damarların genişlənməsi cəhətdən yaxşıdır. Amma eyni zamanda da çoxlu maye itirdiyinə görə, problem yarada bilir. Kök insanlar da istilərə qarşı dözümsüz olurlar. Fikir versək görərik ki, onlar istiləri çox ağır keçirirlər. İsti hava mədə-bağırsaq sistemində problem olanlara çox pis təsir edir. Çünki istidə hamı sərin nə varsa, ona meyilli olur. Soyuq qəbul edilən qida və mayelər isə mədə-bağırsaq sistemində problem yaradır. Bunu da nəzərə almaq lazımdır. Mədə üçün çox soyuq qəbul edilən qida və mayelər təhlükəlidir”.
Həkimin sözlərinə görə, saat 12.00-dən 17.00-dək açıq havada olmamaq insanı bir çox təhlükələrdən sığortalamış olur: “Həmin müddətdə günəşin istisi ən yüksək həddə olur və bu hər kəs üçün təhlükə yarada bilər. Dənizə gedənlər də bu vaxt rejimini nəzərə alsınlar. Çalışmaq lazımdır dənizə səhər saatlarında, ya da axşam günəşin istisi azalandan sonra gedilsin. Əks halda, günvurma ilə üzləşə bilərlər. Günvurmaların dəfələrlə ölümə səbəb olduğunun da şahidi olmuşuq. Günvurma ani bir məqamda baş ağrısı, danışığın pozulması, baş gicəllənməsi, ürəkgetmə və hətta komaya da səbəb ola bilər. Günvurma həyati əhəmiyyət kəsb edən ürək, böyrək, qaraciyər, beyin kimi orqanların funksiyasının pozulması ilə də nəticələnir. Ona görə də istilərə adi yanaşmaq olmaz. Temperatur 40 dərəcədən yuxarıdırsa, bir çox yerlərdə işlər dayandırılmalıdır”.
Həkimin sözlərinə görə, isti havalarda sintetik, rezin paltarlardan uzaq durmaq lazımdır. Çünki bədənin normal hava ilə təmin olunmasına bu geyimlər maneə törədir. Gün vurmasından, istinin təsirlərindən müəyyən qədər qorunmaq üçün nazik yay geyimlərindən istifadə edilsə, daha yaxşı olar.
M.Abbasova deyir ki, isti günlərdə sağlamlığı qorumağın yollarından biri də düzgün qidalanmaq və bol maye qəbuludur: “Yay aylarının yeməkləri bir az yüngül olmalıdır. Yeməkləri elə seçmək lazımdır ki, susuzluq yaradanlar olmasın. Yağlı, qızartma yeməklərdən uzaq durmaq lazımdır. Süd məhsulları daha xeyirlidir. İsti günlərdə bədən həm də mayeni çox itirir. Ona görə də balanslı olaraq itirilən qədər maye qəbul edilməlidir. Həmin maye qazlı və ya adi sular, ev şəraitində hazırlanan kompotlar, şirələr ola bilər. Bədənə 3 litrdən az olmayaraq maye qəbul edilməlidir. Həzmi asan olan yeməklər yemək, çox maye qəbul etmək, meyvə-tərəvəz yemək, siqaretdən uzaq durmaq və tez-tez duş qəbul etmək lazımdır. Bədənin təmizliyinə, olduğunuz otağın havalandırılmasına diqqət etmək də önəmli məqamlardandır”.
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyir ki, isti havada rütubət çoxdur, oksigen isə az. Bu cür havalarda nəinki sağlamlığında problem olanlar, elə tam sağlam insanlar da narahat olurlar: “Normal adamlar belə, çox isti havada dözümsüzlük göstərirlər. Ürək-damar xəstəlikləri olanlarda isə problem daha qabarıq olur. İlk növbədə istidən qorunmaq lazımdır. Bunun üçün isə qızmar günəş altına çıxmaq olmaz. Yağlı, kalorili qidalardan uzaq durmaq lazımdır. Yüngül qidalara, daha çox qatıq, ayran, göyərti məhsullarına üstünlük verilməlidir. Eyni zamanda, ənənəvi dərmanlarını bir az da çox qəbul etməlidirlər. Çünki normal günlərdəki qədər dərman qəbulu isti havada problemin qarşısını almaq üçün yetərli olmaya bilər. Bakını həmişə külək xilas edir. Yaya aylarında küləksiz havalarda çox çətin olur”.
A.Baxşəliyev deyir ki, ağır istilər insanların həyatlarına son qoymaqla da nəticələnir. Ona görə də istidən qorunmaq üçün müxtəlif üsullardan istifadə etmək olar: “Pakistanda nə qədər insan istidən dünyasını dəyişdi. Düzdür, kondisionerlər də sağlamlıq üçün ziyandı. Amma indiki istilərdə kondisionerlərdən istifadə etmək lazımdır. Çinar ağaclarının altı sərin olur və orada insanlar istidən müdafiə oluna bilərlər. Çinarın iri yarpaqları 10 dərəcə hərarətin qarşısını alır. Dəniz, çay sahillərinə getmək də yaxşı variantdır. Sərinliyi olan bağlara getsinlər, çimərliklərdən istifadə etsinlər. Bir sözlə, sərin yerlərdə olmağa üstünlük verilməlidir. Amma bunun üçün düzgün vaxt seçilməlidir. Ya səhər saat 7-8-ə qədər, ya da axşam 19.00-dan sonra düzgün seçimdir”.
A.Baxşəliyevin sözlərinə görə, yay aylarında ürək problemləri ilə bağlı xəstələr çox olsa da, bu il Kardiologiya İnstitutuna müraciətlər azalıb. Buna səbəb isə hazırda ramazan ayının olmasıdır: “Həm də Avropa Oyunları ilə əlaqədar rayon adamları Bakıya gələ bilmirlər. Ona görə də Bakıya gətirilən xəstələrin sayında da hələ ki artım hiss edilmir. Bir də ki xəstələr ev şəraitində müalicəyə üstünlük verirlər”.
A.Baxşəliyev deyir ki, istinin ölümlə nəticələnməsi oksigen çatışmazlığı ilə bağlıdır. Ona görə də belə havalarda həyati təhlükədən uzaq durmaq üçün oksigen bol olan məkanlara getmək lazımdır: “İsti havada ağır, 4-cü dərəcəli oksigen çatışmazlığı var. Bu havada isə insanlara oksigen lazımdır. Temperatur qalxdıqca havada oksigenin miqdarı azalır. İnsanlarda isə təngnəfəslik yaranır. Sağlamlığında problem olan insanlarda isə bu ikiqat çox olur. Bu da onlar üçün çətin olur. Sərin, oksigen çox olan yer lazımdır ki, həyatları təhlükə altında qalmasın”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər