• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Öldürən enerji

31.05.17 10:05 7928
Öldürən enerji

Son illərdə enerji içkilərinə aludəçilik get-gedə artır. Müxtəlif firmalar tərəfindən müxtəlif növ enerji içkiləri istehsal edilməkdədir. Son zamanlar daha çox uşaqlarda və gənclərdə bu içkilərə bağlı olaraq, ciddi aritmiyalar və ani ölümlər ortaya çıxmağa başladı. Bir kardioloq olaraq işlədiyim kardioloji mərkəzdə enerji içkisi qəbul etdikdən sonra ciddi aritmiyaların ortaya çıxdığı və ya anidən ölən onlarca xəstə gördüm. İnsanlar bu içkiləri enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığını düşündükləri üçün içirlər. Ancaq çox təəssüf ki, bu içkiləri içən insanlar bilmədikləri təhlükələrdən xəbərsizdilər. Bu içkiləri daha çox gənclər içsələr də, hər yaş qrupundan olan insanların bu içkilərə aludə olduğunu söyləmək mümkündür. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, çox sıx enerji içkisi içmək insanlarda daha sonra həm spirtli içkilərə, həm də marixuana və siqaretə meylliliyi artırır. Daha bir təhlükə: son zamanlar enerji içkilərinin həm idmanla məşğul olan zaman, həm də spirtli içkilərlə birlikdə qəbul edilməsi halları da get-gedə artır.

Enerji içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. İdmanla məşğul olmazdan öncə və ya idmandan sonra enerji içkisi içən insanlarda ciddi aritmiyalar və ani ölüm halları get-gedə artmağa başlayıb. Ona görə də enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Ayrıca olaraq, hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər. Enerji içkilərinin tərkibində kafein, taurin, qlükoronat, quarana (tropik bitki növü), jenşen, inositol və sairə maddələr mövcuddur. Bundan başqa, enerji içkilərində yüksək miqdarda şəkər də mövcuddur ki, bu da kökəlmə və şəkərli diabet kimi xəstəliklərin ortaya çıxma riskini artdırır. Enerji içkiləri içində insan sağlamlığı üçün ən təhlükəli maddə yüksək miqdarda kafeindir. Bütün içki növləri içərisində ən yüksək miqdarda kafein enerji içkilərində olur. Enerji içkilərindən çox istifadə etmək kafein zəhərlənmələrinə səbəb ola bilir. Kafein zəhərlənməsi zamanı əsəbilik, yuxusuzluq, ciddi nevroloji problemlər, ürək döyünmə, mədə bulanması, qusma, ciddi aritmiyalar və ölüm ortaya çıxar. İçində yüksək miqdarda kafein olduğu üçün bu içkilərə qarşı insanlarda asılılıq ortaya çıxa bilir. Kafein asılılığı ortaya çıxan insanlar kafeinsiz qaldıqları zaman baş ağrısı , ürək döyünməsi, əsəbilikdən əziyyət çəkirlər. 250 millilitrlik enerji içkisində, enerji içkiləri istehsal edən firmalardan asılı olaraq təqribən 100-300 milliqram kafein mövcuddur. Bu içkilər, xüsusi ilə də spirtli içkilərlə birlikdə içildiyi zaman daha zərərli ola bilirlər. Belə ki, enerji içkiləri spirtli içkilərlə içildiyi zaman ciddi aritmiya, infarkt və ani ölüm riski daha da artır. Enerji içkiləri spirtli içkilərlə birlikdə içildiyi zaman yuxusuzluğa da səbəb ola bilir. Enerji içkisinin tərkibində insan sağlamlığı üçün təhlükəli olan maddə sadəcə, kafein deyil. Yuxarıda saydığım maddələrin əslində hamısı sağlamlığımız üçün olduqca təhlükəli maddələrdir. Enerji içkilərinin potensial zərərlərinə görə, bu içkilərin satışı bəzi ölkələrdə tamamilə qadağan edildi. Bəzi ölkələrdə isə müəyyən yaş həddindəki insanlara enerji içkiləri satılmır.

Son söz: Enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığı düşünüldüyü üçün xüsusi ilə gənclərin çox qəbul etdiyi enerji içkiləri ciddi sağlıq problemlərinə, aritmiyalara və ani ölümlərə səbəb olur. Ən doğru olanı bu içkilərdən imtinadır.

Yalçın Velibey

Kardiyoloji Uzmanı

banner

Oxşar Xəbərlər