AZE | RUS | ENG |


Öldürən enerji

Öldürən enerji
Son illərdə enerji içkilərinə aludəçilik get-gedə artır. Müxtəlif firmalar tərəfindən müxtəlif növ enerji içkiləri istehsal edilməkdədir. Son zamanlar daha çox uşaqlarda və gənclərdə bu içkilərə bağlı olaraq, ciddi aritmiyalar və ani ölümlər ortaya çıxmağa başladı. Bir kardioloq olaraq işlədiyim kardioloji mərkəzdə enerji içkisi qəbul etdikdən sonra ciddi aritmiyaların ortaya çıxdığı və ya anidən ölən onlarca xəstə gördüm.  İnsanlar bu içkiləri enerji verdiyi,  oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığını  düşündükləri üçün içirlər. Ancaq çox təəssüf ki, bu içkiləri içən insanlar  bilmədikləri təhlükələrdən xəbərsizdilər. Bu içkiləri daha çox gənclər   içsələr də,  hər yaş qrupundan olan insanların bu içkilərə aludə olduğunu söyləmək mümkündür. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, çox sıx enerji içkisi içmək insanlarda daha sonra həm spirtli içkilərə, həm də marixuana və siqaretə  meylliliyi artırır.  Daha bir təhlükə: son zamanlar enerji içkilərinin həm idmanla məşğul olan zaman, həm də spirtli içkilərlə birlikdə qəbul edilməsi halları da get-gedə artır. 

Enerji içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma  qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. İdmanla məşğul olmazdan öncə və ya idmandan sonra enerji içkisi içən insanlarda ciddi aritmiyalar və ani ölüm halları get-gedə artmağa başlayıb. Ona görə də enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Ayrıca olaraq, hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər. Enerji içkilərinin tərkibində kafein, taurin, qlükoronat, quarana (tropik bitki növü), jenşen, inositol və sairə maddələr mövcuddur. Bundan başqa, enerji içkilərində yüksək miqdarda şəkər də mövcuddur ki,  bu da kökəlmə və şəkərli diabet kimi xəstəliklərin ortaya çıxma riskini artdırır. Enerji içkiləri içində insan sağlamlığı üçün ən təhlükəli maddə  yüksək miqdarda kafeindir. Bütün içki növləri içərisində ən yüksək miqdarda kafein enerji içkilərində olur. Enerji içkilərindən çox istifadə etmək kafein zəhərlənmələrinə səbəb ola bilir.  Kafein zəhərlənməsi zamanı əsəbilik, yuxusuzluq, ciddi nevroloji problemlər, ürək döyünmə, mədə bulanması, qusma, ciddi aritmiyalar və ölüm ortaya çıxar.  İçində yüksək miqdarda kafein olduğu üçün bu içkilərə qarşı insanlarda asılılıq ortaya çıxa bilir. Kafein asılılığı ortaya çıxan insanlar kafeinsiz qaldıqları zaman baş ağrısı , ürək döyünməsi, əsəbilikdən əziyyət çəkirlər.  250 millilitrlik enerji içkisində,  enerji içkiləri istehsal edən firmalardan asılı olaraq təqribən 100-300 milliqram kafein mövcuddur.  Bu içkilər, xüsusi ilə də spirtli içkilərlə birlikdə içildiyi zaman daha zərərli ola bilirlər.  Belə ki, enerji içkiləri spirtli içkilərlə içildiyi zaman ciddi aritmiya, infarkt və ani ölüm riski daha da artır.  Enerji içkiləri spirtli içkilərlə birlikdə içildiyi zaman yuxusuzluğa da  səbəb ola bilir. Enerji içkisinin tərkibində insan sağlamlığı üçün  təhlükəli olan maddə sadəcə, kafein deyil. Yuxarıda saydığım maddələrin əslində hamısı sağlamlığımız üçün olduqca təhlükəli maddələrdir. Enerji içkilərinin potensial zərərlərinə görə, bu içkilərin satışı bəzi ölkələrdə tamamilə qadağan edildi. Bəzi ölkələrdə isə müəyyən yaş həddindəki insanlara enerji içkiləri satılmır.
 
Son söz: Enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığı düşünüldüyü üçün xüsusi ilə gənclərin çox qəbul etdiyi  enerji içkiləri ciddi sağlıq problemlərinə, aritmiyalara və ani ölümlərə səbəb olur. Ən doğru olanı bu içkilərdən imtinadır. 

Yalçın Velibey
Kardiyoloji Uzmanı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002