• çərşənbə axşamı, 19 mart, 09:47
  • Baku Bakı 8°C

Öldükdən sonra orqanlarımızı bağışlayaqmı? - Diskussiya

16.06.18 09:45 2477
Öldükdən sonra orqanlarımızı bağışlayaqmı? - Diskussiya
Elə insanlar var ki, daim yaxşılıq etmək istəyirlər. Çünki onlar dərk edir ki, bu dünyada heç nə əbədi deyil, hətta Allahın bəxş etdiyi bədənimizin orqanları da biz öldükdən sonra torpağın altında çürüyür. Müasir dövrdə artıq dünyanın əksər ölkələrində insanlar sağlığında və ölümündən sonra orqanlarını başqasına bağışlayaraq kimizə ölümün caynağından xilas etmiş olur.
Amma təəssüf ki, cəmiyyətimizdə bu məsələyə yanaşma birmənalı deyil. Bir çoxları bunun yanlış bir şey olduğunu düşünür və öz övladlarına da bunu kəskin şəkildə qadağan edirlər. Mövzunu "ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstəkİctimai Birliyinin gəncləri ilə müzakirə etdik...
Əsmər Hüseynova:

- Könüllü şəkildə donorluq bu gün dünyada və Azərbaycanda geniş tətbiq olunur. Orqan transplantasiyası ilk dəfə 1883-cü ildə İsveç alimi tərəfindən həyata keçirilib. Belə ki, bir nəfərə orqan transplantasiyası edilərək qalxanabənzər vəzi köçürülüb. Bu gün Azərbaycanda təsdiq olunan bir sıra xəstəxanalarımızda orqan köçürülməsi həyata keçirilir. Mən bu məsələyə müsbət yanaşıram. Bu haqda ilk dəfə 16 yaşım olanda öyrənmişdim. Elə həmin gündən bu haqda araşdırma etməyə başladım. Ölüm formasından və orqanlarımın yararlılıq dərəcəsindən asılı olaraq öz istəyimlə orqanlarımın köçürülməsinə razılıq verərdim. Bu məsələ ölkəmizdə 1999-cu ildə qanunla öz təsdiqini tapıb. Konstitusiyada bu haqda geniş müddəalar var. Amma insanlar yalnız öz istəkləri ilə donor ola bilərlər. Şəxsin icazəsi olmadan hətta o, öldükdən sonra da orqanlarının köçürülməsi qadağandır. Amma təəssüf ki, bu gün dünyanın bir çox ölkələrində ölən insanın ailəsindən soruşmadan orqanları çıxarılaraq satılır. Donorluq insanların həyatını xilas etmək üçündür. Amma bu gün milyonlarla insan qurbana çevrilir. Orqan donorluğuna ilk dəfə icazə Amerikada verilib. Maraqlısı odur ki, bundan sonra ölüm sayı bir ay ərzində minə çatıb. Araşdırma aparılarkən görülüb ki, bu ölümlərin səbəbi orqan çatışmazlığıdır. Sağlam insanların orqanlarını çıxarırmışlar.

Aynur Məmmədsoy:
- Orqan transplantasiyasına müsbət yanaşıram. Çünki biz orqanlarımızı bağışlayarkən başqa insanlara yeni həyat veririk. Hər şeydən əvvəl bunu dərk etmək lazımdır. Biz ölüb gedəndən sonra bədənimiz torpağın altında çürüyəcək. Sadəcə olaraq dini xurafatdan qurtulmaq lazımdır. Çünki din özü də bu məsələyə razılıq verir.
Güləhmədov Orxan:

- Donor sözünün mənası "bağışlayıram” deməkdir. Mənim bir gənc olaraq bu məsələ ilə bağlı müsbət və mənfi fikirlərim var. Donorluq etmək, öz orqanını başqasına bağışlamaq insanın daxili aləminin zənginliyindən xəbər verir. Çünki o atdığı bu addımla başqa bir insanın həyatını ölümdən qurtarır. Fərqi yoxdur - istər qan, istər orqan donorluğu bu gün geniş yayılıb. Amma Əsmərin fikirləri ilə müəyyən mənada razı deyiləm. Çünki donor olmaq şəxsin razılığı ilə həyata keçirilir. Əsmərin qeyd etdiyi artıq donorluq deyil, cinayətkarlıqdır. Donor şəxsin və ya onun ailəsinin icazəsi ilə başqa birinə həyat verir. Kiminsə orqanlarını çıxarıb satmaq artıq orqan biznesidir. Burada müsbət heç nə yoxdur. Bu cinayətkarlıq dünyanın əksər ölkələrində şəbəkə halını alıb. Əgər kimsə ölüm ayağındadırsa, nəyə görə sağlam orqanlarını ehtiyacı olanlara bağışlamasın?
Əsmər:
- Hazırda Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinin əksəriyyətində bu məsələyə birmənalı yanaşma yoxdur. Mən öz orqanlarımı bağışlamaq istədiyimi deyəndə də, ailəm buna etiraz etdi. Çünki ilk növbədə heç kim öz ailə üzvünün öləcəyini ağlına gətirmək istəmir, bu, təbiidir. Orqan donorluğu bizdə ölüyə hörmətsizlik kimi qəbul edilir. Məncə, bu, kökündən yanlış fikirdir. Öləndən sonra sağlam orqanlarımın torpağın altında çürüməsinin nə mənə, nə də başqasına xeyri yoxdur. Bunu təhqir kimi başa düşmək cılız təfəkkürdür. Mən məsələni araşdıranda dini məqamlara da nəzər yetirdim. Dinimizdə elə bir qayda yoxdur ki, ölən insan torpağa bütöv halda basdırılmalıdır. Çünki elə faciələr olur ki, insanların təkcə əli, yaxud ayağı tapılır və həmin şəxsin yaxınları onun sağ qalan orqanlarını torpağa tapşırır. Dini qurumlarda da bu məsələ müzakirəyə çıxarılıb və onlar da bu məsələyə müsbət rəy verirlər. Çünki donorluq həm də insana savab qazandırır. İndi tibb elmi o qədər inkişaf edib ki, laboratoriyada insan orqanları yetişdirilir. Çünki dünyada orqanlara olan tələbat getdikcə artmaqdadır. Təkcə donorluqla orqan çatdırmaq mümkün olmadığından alimlər süni vasitələrə əl atırlar.
- Bəs bu məsələni insanlara necə aşılamaq lazımdır?
Aynur:
- Məncə, insanlara faktlar və sübutlar göstərmək lazımdır ki, onları inandıra biləsən. Məsələn, bu günə qədər donorluq edən şəxsləri nümunə göstərmək olar. Onların sayəsində yaşamaq şansı qazanan insanları digərlərinə göstərmək lazımdır. Bunun üçünsə maarifləndirmə işi aparılmalıdır ki, cəmiyyət bunu qəbul etsin.
Orxan:
- Bu gün milyonlarla insan sosial şəbəkələrdən istifadə edir. Donorluqla məşğul olan qurum və təşkilatlar var. Onlar ehtiyacı olan şəxslər haqqında məlumatlar yayırlar. Sosial şəbəkələr vasitəsilə bu, milyonlarla insana çatır. Könüllü olan şəxslər donorluq edirlər. Bu mənada həmin təşkilatların üzərinə böyük yük düşür. Layihələr keçirilməli, seminarlar təşkil olunmalıdır. Xüsusilə gənc nəslin maarifləndirilməsi daha vacibdir. Donorluğun məğzini insanlara doğru şəkildə çatdırmaq lazımdır. Donorluq edən və yenidən yaşamaq şansı əldə edən şəxslər sosial şəbəkələrdə nümunə olaraq göstərilməlidir. Bundan başqa, bir sıra maarifləndirici tədbirlər həyata keçirilərsə, cəmiyyətdəki mənfi düşüncədən qurtulmaq olar. Çünki heç kim sabah nə olacağınıbilmir, başımıza nə gələcəyinə zəmanət vermir. Həmçinin filmlərin, sosial çarxların hazırlanması da məqsədəuyğun olardı.

Eşqin Nuruşov:
- Orxan və Əsmərin fikirləri ilə razıyam. Donorluğu təbliğ etmək üçün maarifləndirmə işi həyata keçirilməlidir. Gənc və yaşlı nəslin nümayəndələrini başa salmaq lazımdır ki, burada pis heç nə yoxdur. Tibb elmi xeyli inkişaf edib. Donorluq elə də çətin proses deyil. Burada medianın da böyük rolu var. Televiziya və radiolarda bu haqda verilişlər hazırlanmalıdır. Hər kəs eyni cür düşünə bilməz. Bu gün sosial şəbəkələrdən istifadə etməyən insanlar da var. Onlar üçün televiziya proqramlarının hazırlanmağı daha məqsədəuyğun olar.
Əsmər:

- İsveçrədə bir ananın 14 yaşlı oğlu dünyasını dəyişir. Onun oğlunun ürəyi həmin gün həmin xəstəxanada 10 yaşlı başqa uşağa transplantasiya edilir. 2 aydan sonra ana 10 yaşındakı uşağın ürək döyüntülərinə qulaq asır... Düşünürəm ki, övladını itirən bir ana üçün təskinlik mənasında bundan yaxşı heç nə ola bilməz. Donorluq əvəzolunmaz bir şeydir. Valideynlər bunu dərk etməlidirlər. Düzdür, övlad itkisi hər bir valideyn üçün ağırdır. Amma onun sayəsində başqa insanların yaşaması çox gözəl hissdir.
- Hazırda Milli Məclisdə qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, qanuna təklif edilən bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər. Bu təklifə münasibətiniz necədir?
Əsmər:
- Orqan donorluğu bir qədər təhlükəli məsələdir. Çünki mən bu gün öləndən sonra orqanlarımın bağışlanılmasına razılıq versəm, 2 ay sonra ölməyəcəyimə zəmanət yoxdur. Deməyim odur ki, bu işlə məşğul olan təşkilatlar, insanlar var. Bu, böyük bir şəbəkədir və əldə olunan gəlir müharibələrə, silah satışına yönəldilir. Donorluğa könüllü razılıq verən insanlar izlənilir, onların həyatı təhlükə altında olur. İnsanların yaxşı niyyətindən istifadə edənlər var. Bu artıq donorluqdan cinayətkarlığa çevrilir. Ona görə də fikirləşirəm ki, qanunvericilik bir qədər təkmilləşdirilməli və möhkəmləndirilməlidir ki, neqativ halların qarşısı alınsın. Məncə, dəyişiklik daha çox mənfi hallara yol aça bilər. Burada ailənin icazəsi böyük rol oynayır. Təklif edilən qanunda müəyyən boşluqlar var. Belə bir qanuna ehtiyac yoxdur.

Aynur:
- Təhlükəsizlik üçün gizlilik məsələsi mühümdür. Bu razılığımı təkcə özümün bilməyini istərdim. Ailəmin də mənim qərarına hörmətlə yanaşacağını düşünürəm. Çünki orqanlarımız özümüzə məxsusdur.
Eşqin:
- Əgər biz kiməsə həyat verəcəyiksə, ona etiraz etmək olmaz. Hətta ailələrimiz olsa belə, bizim fikirlərimizə hörmətlə yanaşmalıdırlar.
Orxan:
- Biz hər zaman qərar qəbul edərkən ailəmizdən məsləhət alırıq və onların fikirlərinə önəm veririk. Orqanlarımızı bağışlayarkən də ailələrə deməli və onları bu barədə məlumatlandırmalıyıq. Sadəcə olaraq, onlara məsələnin mahiyyətini izah etmək lazımdır.
Əsmər:
- Donor olmaq üçün təkcə insan ölməli deyil. Qan, sümük iliyi, qaraciyər kimi orqanlar insan sağ olarkən də digərinə köçürülə bilir. Bu gün dünya təcrübəsində geniş tətbiq olunan bir şeydir. Sadəcə olaraq bizim köməyimizə ehtiyacı olan insanları düşünməliyik. Bu gün xeyli sayda insan növbələrə yazılıb orqan gözləyir. İnsanlara bunu göstərmək lazımdır.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər