Öldükdən sonra da yaxşılıq etmək imkanı
Orqanların
transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan
keçirilib. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi
faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə
1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk
dəfə xəstəyə böyrək köçürülüb. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın
formalaşdırılması da ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir.
Belə ki, 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası
haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə
Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə
verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.
Bu sahədə maarifləndirmə işi aparılmalıdır
Orqan köçürülməsi daim aktual olan məsələlər sırasındadır. Belə ki,
son dövrlər məsələ ilə bağlı bir sıra müzakirələr aparılır. Həmin
müzakirələrdən biri də iyunun 5-də Milli Məclisin Səhiyyə
komitəsində keçirilib. Trend-in məlumatına görə, "İnsan orqan və (və ya)
toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik edilməsi
təklif olunur. Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya
təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı
şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən
transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə
bilər. Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların
alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamağını
bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin
əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və
sənədlərə əlavə edilməlidir). Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də
Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra
dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab
edilib.
Məsələyə münasibət bildirən
Milli Məclisin Səhiyyə komitəsinin sədr
müavini Musa Quliyev Trend-ə bildirib ki, orqan köçürülməsində ən vacib
şərtlərdən biri əməliyyatın tez həyata keçirilməsidir: "Çünki beyin ölümü baş
verəndən sonra müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını
dayandırmağa başlayır və sıradan çıxır. Ona görə də, beyin ölümü baş verəndən
sonra nə qədər tez müddətdə orqan köçürülərsə, o qədər də effektiv nəticə
verər”.
Deputat qəzada ölən şəxsin
orqanlarının yaxınının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq
gətirib: "Biz indi elektron səhiyyəyə keçirik, digər tərəfdən, icbari tibbi sığorta
işləməyə başlayıb. İcbari tibbi sığortada hər bir şəxsin sığorta kartı olacaq.
O sığorta kartında onun bütün tibbi göstəriciləri yazılacaq, o cümlədən əgər
şəxs sağlığında vəsiyyət edibsə ki, "mən öləndən sonra orqanlarımı
bağışlayıram və yaxud da orqanlarımın götürülməsinə etiraz etmirəm", bu
onun həmin kartında yazılacaq. O kartın nömrəsi isə vətəndaşın şəxsiyyət
vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Yəni vətəndaşın kartına baxdıqdan sonra
daha onun qohumlarını gözləmək lazım deyil. Elektron qaydada vətəndaşın kartına
baxıb görəcəklər ki, vətəndaş orqanlarını bağışlayıb, yoxsa yox. Əgər etirazı
yoxdursa, orqanlar götürüləcək, lakin etiraz edibsə, təbii ki, onun orqanlarını
götürmək olmaz. Yəni burada əsas məqsəd orqanın götürülməsinin tezliyini təmin
etməkdir. Tutaq ki, bir şəxs rayonda qəzada dünyasını dəyişir, yaxını isə
Bakıdadır. O gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan
çıxacaq. İnsanlarımız da anlamalıdır ki, onsuz da bunun əzizi dünyadan köçüb,
geri qaytarmaq mümkün deyil, heç olmasa orqan köçürməsi ilə digər insana kömək
etməklə rəhmət qazanır”.
Məsələ ilə bağlı
mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.
Məcburiyyət
olmamalıdır
Həkim,
hüquq müdafiəçisi Nabil Seyidov bu addıma
çox müsbət yanaşdığını qeyd etdi: "Məncə, çox yaxşı və yerində verilmiş bir
qərardır. Hazırda beynəlxalq təcrübədə də bu metoddan istifadə edilir. 18
yaşına çatmış istər sürücülük vəsiqəsi, istər tibbi sığorta kartı alan hər kəsə
orqanlarının köçürülməsi ilə bağlı sual verilir. Amma burada məcburiyyət tətbiq
olunmamalıdır ki, kimsə bu suala mütləq cavab versin. Yəni məcbur deyil ki,
insan həmin suala ya "hə”, ya da "yox” desin. O, cavab verməmək hüququna da
malikdir. Yetkinlik yaşına çatmayanların yerinə isə ya valideynləri, ya da
himayədarları bu haqda qərar verir. Lakin ümumi yanaşıldıqda, hesab edirəm ki,
çox mühüm məsələdir. Bu gün Azərbaycanda orqan donorluğuna çox böyük ehtiyac
var. Bu işin uğurla həyata keçirilməsi üçün donor bankı yaradılmalıdır, bir
sıra analizlərin aparılması üçün laboratoriya sisteminin işi genişləndirilməli
və təkmilləşdirilməlidir”.
Həmsöhbətim maarifləndirmə
məsələsinə də toxundu: "Düşünürəm ki, bu məqamda əsas iş ilk növbədə dini
xadimlərimizin, filoloqlarımızın üzərinə düşür. Onlar media orqanları
vasitəsilə insanların maarifləndirilməsində yaxından iştirak etməlidirlər. Bu
cür addımın İslam dininə zidd olmadığını, əksinə dində bunun müsbət
qiymətləndirildiyini qeyd etməlidirlər. Bundan başqa, ictimai səhiyyə
orqanları, dövlət qurumları, qeyri-hökumət təşkilatları həm paytaxtda, həm də
regionlarda əhali arasında danışıqlar apararaq onları maarifləndirməlidirlər. Bu
işdə kütləvi informasiya vasitələri də fəal olmalıdırlar”.
Heç
bir dini əsası yoxdur
Müsahibimiz
maarifləndirmə işində dini xadimlərinin rolunu vurğuladı. Maraqlıdır, orqan
köçürülməsinə dində münasibət necədir, dinimiz icazə verirmi ki, kimsə orqanını
bağışlasın? Çünki bəzi insanlarda belə bir düşüncə var ki, o biri dünyaya bütöv
şəkildə, yəni orqanları parçalanmadan, yarılmadan getməlidir. Hətta bunu dinin
tələbi olduğunu, meyitin yarılmasının bizim dinə zidd olduğunu fikirləşirlər. Buna
görə də orqan köçürülməsinə müsbət
yanaşmırlar. Bu yanaşmanı nəzərə alaraq din xadiminə müraciət etdik.
İlahiyyatçı
Elvüsal Məmmdov İslam dinində orqan köçürülməsinin
qadağan olmadığını bildirdi: "Əgər insan
ölümündən əvvəl orqanlarının kiməsə köçürülməsini vəsiyyət edibsə və
digər leqal vasitələrlə bunu təsdiqləyibsə, dini baxımdan heç bir problem
yoxdur. Həmin an ölü sahiblərinin bu vəsiyyətə qarşı çıxmaq hüququ yoxdur. Yəni
burada məqsəd kiminsə həyatını xilas etmək, kiminsə yaşamağına səbəb olmaqdır.
Bu, dinə qəti zidd deyil, əksinə yaxşı əməl kimi qeyd olunur. Meyitin
yarılmamağı düşüncəsi isə yanlışdır. Bu xalq arasında olan uydurmadır, heç bir
dini əsası yoxdur”.
Birinin
övladına, valideyninə həyat bəxş etmək
Sosioloq
Lalə Mehralı deyir ki, donorluq bir insanın hətta öldükdən
sonra da yaxşılıq etmək imkanının olması, həyat qurtarmasıdır: "Sağlığımızda da
edə biləcəyimiz donorluq imkanları var. Bəzi orqanlar bizim həyatımıza risk
yaratmadan da köçürülür, amma elə orqanlarımız var ki, ölümümüzdən sonra bir
başqasına həyat verəcək. Torpaqda çürüməsinin bizə və ya yaxınlarımıza nə
faydası var? Həyat xilas etmək, ölümün ağzından bir insanı qurtarmaq, bir
körpənin valideynsiz qalmamağına səbəb olmaq, kiminsə övladına həyat bəxş eləmək
nə gözəl duyğudur. Amma təəssüf ki, ölkəmizdə transplantasiya imkanları
nisbətən məhduddur. Qeyd edim ki, insanlar arasında maarifləndirmə aparmaq
başlıca şərtdir. Orqan köçürülməsinin əhəmiyyətini həm məktəblərdə, həm də
dini-ruhani məclislərdə təbliğ etmək lazımdır. Uşaqdan böyüyə hamı öz
böyrəyinin biri, 100 qram qanı, qaraciyərinin bir parçası, iliyi ilə ölüm
ayağında olan bir insanı xilas etmək gücünə sahib olduğunun fərqinə varmalıdır”.
Ölümə olan fobiya, inamsızlıq
Bəzi insanlar isə öldükdən sonra orqanlarının
kiməsə köçürülməsini istəmir. Psixoloq
Nərgiz Süleymanlı qeyd etdi ki, bunun
bir neçə səbəbi var: "Öldükdən sonra da kiməsə faydalı olmaq əslində, çox gözəl
addımdır. Bu insanların vicdan rahatlığı üçün vacibdir. İnsanlar bu addımı ilə
psixoloji rahatlıq tapa bilər. Amma təəssüflər olsun ki, böyük bir qisim belə
düşünmür. Orqanlarını bağışlamaq istəməyənlərin fikirlərini analiz edəndə
görürük ki, insanlar ilk olaraq ölümdən qorxurlar. Bu insanlar ölüm, öldükdən
sonra orqanlarını bağışlamaq haqqında danışmağı sevmirlər, hətta bu mövzunun
müzakirəsinə belə qadağa qoyurlar. Bu, bir növ onların ölümə olan fobiyaları
ilə bağlıdır. Digər səbəb isə həkimlərə, ümumilikdə səhiyyə sisteminə olan
inamsızlıqdır. İçində inamsızlıq var deyə, orqanını əmanət edə bilmir. Çünki
inanmır ki, onun orqanı həqiqətən lazım olan birinə veriləcək. Həmçinin
bəziləri dini baxımdan yanaşaraq, bu işə razı olmur. Bunun dində olmadığını
düşünür. Halbuki dini baxımdan buna heç
bir qadağa yoxdur”.
Psixoloq
deyir ki, insanlar bu günə qədər belə sualla rastlaşmayıblar. Və birdən-birə bu
sualı verəndə təbii ki, məntiqlə düşünüb normal cavab verə bilməz. Bu məsələ
ilə bağlı ilk olaraq maarifləndirmə işi
aparılmalıdır, məğzi zamanla insanlara aşılanmalıdır.
Gənclər "hə” deyirlər
Bəs
görəsən fərdlər bu haqda nə düşünür. Məsələ ilə bağlı sorğu keçirdib ayrı-ayrı
şəxslərin fikirlərini öyrəndik.
Şahnaz
Əhmədova düşünür ki, bu, çox yaxşı bir addımdır: "Şəxs özü əvvəldən belə bir razılıq veribsə, müzakirə olunmadan
orqanlarından istifadə etmək olar. Məncə, çox yaxşı bir addımdır. Kiminsə
sağlam orqanı başqa birinin yaşama şansı olur”.
Mehdi Qəniyev də bu
məsələyə müsbət yanaşanlardandır. Deyir ki, əgər mən öldükdən sonra orqanım
kiminsə yaşamasına səbəb olursa, nə xoş mənə: "Bunun insana verdiyi mənəvi
rahatlığı heç nə əvəz etmir. Torpağın
altında çürüməkdənsə, birinin yaşaması üçün ümid işığı olsun. Hətta, mən bu
haqda vəsiyyət yazmağı da düşünürəm”.
Aysel Aslanın isə
məsələyə yanaşması bir az fərqlidir. "Ötən ildən
orqan bağışlanması ilə bağlı ciddi-ciddi düşünürəm. Türkiyədə belə mexanizm
var, insanlar sağ ikən orqanlarını vəsiyyət edə bilirlər. Mən də vəsiyyət etmək
istəyirəm. Amma açığı, səhiyyə sisteminə etibar etmirəm. Çünki mənim
bağışladığım orqanların həqiqətən ehtiyacı olan xəstələrə veriləcəyi sual
altındadır. Bəlkə də hüquqi və vicdan cəhətdən orqanların imkansız, ehtiyacı
olan xəstələrə bağışlanması təmin olunur - onu da bilmirəm. Ona görə də hələlik
bu məsələdə dəqiq bir qərar verməmişəm”
Sorğu zamanı aydın oldu ki, ümumi olaraq insanların
bu məsələyə yanaşması müsbətdir, sadəcə olaraq, bəzi tərəddüdlər yaşayırlar. Təbii
ki, bu tərəddüdləri də aradan qaldırmaq üçün ilk iş maarifləndirmə olmalıdır.
Birinin həyatını xilas etmək, onu yenidən
yaşama qaytarmaq, heç bir qarşılıq gözləmədən onunla orqanını bölüşmək
insanlığın çata biləcəyi ən yüksək zirvədir. Bacardığımız qədər daha çox şəxsi
bu işə cəlb edib, onların verəcəkləri orqana xəstə insanların nə qədər ehtiyacı
olduğunu izah etmək lazımdır. Orqan köçürülməsi ilə neçə
nəfərin həyatı xilas edilir, neçə ailəyə xoşbəxtlik bəxş olunur. Məncə, bu
barədə bizim də düşünməyə və bu istiqamətdə bəzi işlər görməyə ehtiyacımız
var.
Günel Azadə