“Çölçü”nün içi - Fotolar
5 qitə, 48 beynəlxalq film festivalı. Onlardan 2-si "A” kateqoriyalı
festival. 14 beynəlxalq festivalda baş mükafat. Dəfələrlə "ən yaxşı
rejissor”,"ən yaxşı aktrisa”, "ən yaxşı aktyor” və digər nominasiyalar
üzrə birincilik. Bu uğurlarla kifayətlənməyən "Çölçü” filmi, üstəlik, Amerika,
Avropa, Asiyanın kino məktəblərində dərsliyə salınıb. Onların kino
mütəxəssisləri tərəfindən ümumbəşəri sərvət elan olunaraq 100 GB formatında,
müəyyən serverlərdə qorunub saxlanılır.7 il bundan qabaq çəkilməsinə baxmayaraq, "Çölçü” bu gün də
aktualdır, sevilir və bu gün də festivallarda müstəsna hal kimi, xüsusi film qismində
nümayiş olunur. Bir neçə il bundan qabaq "Oskar” film müsabiqəsinin siyahısına
daxil olan filmimizi Cult Critic Fim Magazine-in vizual rəssamı və baş redaktoru,
Metamodern Magazine jurnalının təsisçisi və naşiri E.J.Wickes təhlil edərkən "möhtəşəm
rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və
ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır” – deyə xarakterizə
etmişdi.Hazırda isə "Çölçü” üç beynəlxalq film mükafatının – "Accolade global
film competition”, "Oniros film awards”, "Depth of field international film
festivalı”nın müsabiqə proqramına daxil olub.Biz də "Çölçü”nün uğurlarına biganə qalmadıq. Filmin rejissoru Şamil
Əliyevlə görüşüb filmin uğurlarından
danışdıq.
- "Çölçü” filminin ideyası
necə yarandı?
- 2011-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Vidadi Həsənovun yazdığı
ssenari mənə təqdim olundu. Filmin
ssenari müəllifiHollivuddayetərincə uğur qazanmışKler Daunsunrəhbərlik etdiyi qrupun məsləhəti altında bu
ssenari üzərində çalışıb. Hollivudun aparıcı mütəxəssislərindən olan Kler Dauns
"Bir vaxtlar Amerikada” filminin ssenari qrupunun rəhbəridir. Bunu deməkdə
məqsədim odur ki, Azərbaycanda bir neçə ssenaristi çıxmaq şərti ilə, bu günə qədər
ssenari yazmağın formatını çox adam bilmir. Yazıçı ssenarist demək deyil. Çünki
ssenari ədəbiyyat deyil. Ssenari film üçün yazılan bir məhsuldur. Onu da yazmağı
bacarmaq lazımdır. Müəyyən standartlar var ki, o standartlar çərçivəsində sən ssenarini
yazmağı bacarmalısan. Ssenari ən azı 3 variantda yazılmalıdır. "Çölçü”nün də ssenarisi
Mədəniyyət Nazirliyinə təqdim olunmuşdu. Açıq deyim ki, bu ssenari bir neçə rejissora
təklif edilmişdi.
- Bəs necə oldu ki, bu
filmi çəkmək sizə qismət oldu? Ya da sualı belə verək: nəyə görə rejissorlar bu
filmi çəkməkdən imtina etmişdilər?
- Mən də bu sualla nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir
Məmmədova müraciət etmişdim. O isə bildirmişdi ki, rejissorlar bu ssenariyə
film çəkməyə cürət etməyiblər. Çünki proses çöldə baş verir və orada dəvələrlə işləmək
çox çətin bir prosesdir. Biz də çöldə 55 dəvə ilə işlədik.
- Çöldə,
əhliləşdirilməmiş 55 dəvə ilə çalışmaq çətin olmadımı?
- 3 ay qabaqdan baş rol ifaçıları Bəhruz Vaqifoğlu və Vidadi Həsənovu
çəkiliş meydançasına göndərdik. Onlar çobanlarla birgə dəvələri otardılar,
onlarla işləməyi öyrəndilər və dəvələr onlara alışdılar. Orda hətta başlarına müəyyən
hadisələr gəlmişdi.
- Rejissorların risk etmədiyi
filmdə sizi çəkən nə oldu?
- "Çölçü” Vidadi Həsənovun ilk ssenarisi idi. Burada o, bir neçə mövzunu
əhatə etməyə çalışmışdı. Ayrı ayrılıqda o mövzuların xırdalığına varsaydım,
ssenarinin əsas qayəsi, fikirlər dağılıb haçalanacaqdı. Ssenarini təhvil alanda
Vidadi Həsənova zəng edib layihəni mənə verdiklərini və ssenaridə bəzi dəyişikliklər
edəcəyimi bildirdim.
- Vidadi Həsənov bunu
necə qarşıladı?
- Çətinliklə də olsa razılığa gəldik. Çəkilişdən sonra Vidadi Həsənov
mənə ustadı Vaqif İbrahimoğludan sitat gətirdi. Dedi ki, ustadı ona bildirib
ki, əgər bir ssenari rejissora verilirsə, o artıq rejissorun məhsuludur. Film də
rejissorundur. Ssenaristin yazdığı yarımfabrikatdır. Ssenaridə arxaik dünya ilə
qloballaşan dünyanın konfliktini ana xətt olaraq götürdüm. Antropoloji toqquşma
mövzusunda olan arxaik dünya ilə qloballaşan dünya, hətta qloballaşmanın gətirdiyi
ifrat mədəniyyət arasındakı mübarizə məni cəlb etdi və filmi onun üzərində qurdum.
Köməkçi mövzular təmizləndi və ssenari belə bütöv şəkildə ortaya çıxdı.
- Filmin keyfiyyətli
alınmasında yardımçı vasitələr onun musiqisi, rəssamı, dizayneri və texniki
işləridir. Bəs bu komanda necə müəyyən olundu?
- Filmin müəllifi rejissordur. Uğursuz bir film ərsəyə gələndə, rejissoru
ortaya qoyub onun ünvanına yalan-doğru tənqidi fikirlər səsləndirirlər. Əgər rejissor
filmi yarada, müəllifi ola bilməyəcəksə, bu məsuliyyəti boynuna götürməməlidir.
Ancaq film uğurlu alınanda, orda cüzi də olsa əməyi keçən hər kəs ortaya atılır.
Sanki bu işin ərsəyə gəlməsində onların da rolu böyük olub. Rejissor komandanı yığmağı
bacarmalıdır. İlk şərtim o oldu ki, mən filmi 35 mm-lik kinolent ilə çəkəcəm. Təbii
ki, bunun öz çətinlikləri var. Hər rejissor, operator risk edib kinolentlə film
çəkmir. Burada sənə yalnız 5 dubla icazə verilir və 6-cı dublu çəkə bilməzsən. Əks
halda, rejissorun qonorarından tutulur. Bütün bu proses də rejissordan peşəkarlıq
tələb edir. Rejissor bütün filmi ən xırda detalına qədər hesablamalıdır. Bunu da
rəssam və quruluşçu operatorla birlikdə müzakirə edir.
- Filmdə baş rolu
canlandıran gürcü aktrisası Salome Demuria böyük marağa səbəb olmuşdu. Nə üçün
yerli aktrisalarımıza müraciət etmədiniz?
- Ssenaridə açıq məhəbbət səhnələri var idi. 50-yə qədər aktrisanı fotosınaqda,
onlardan 6-sını kinosınaqda təcrübədən keçirdik və müəyyən səhnələr çəkdik. Sonra
onu bədii şuraya təqdim etdik. Ancaq nəticədə gürcü aktrisalarına müraciət
etməli olduq. Fikir versəniz görərsiniz ki, gürcü qızı bu filmə başqa bir mentallıq
gətirib.
- "Çölçü” filminin ilk təqdimatı
nə zaman oldu?
- Film çəkiləndən sonra onu festivallara yolladım, bir neçə festivalda
iştirak edib, böyük nüfuz qazandı. Yalnız yeddinci festivaldan sonra Azərbaycanda
həmin filmə təqdimat keçirildi.
- Siz buna etirazınızı bildirdinizmi?
- Etiraz etməyi xoşlamıram, işimi görürəm.
- Beş qitədə, 48 beynəlxalq
festivalda iştirak edən "Çölçü” bu uğurlara necə nail oldu?
- Filmi çəkdikdən sonra 5-6 festivala göndərdim. Qalan festivallar filmimizi
iştirak etdiyi həmin festivallardan seçib özləri mənə dəvət göndərməyə
başladılar. Heç bir tanışsız, göstərişsiz, tapşırıqsız nüfuzlu festivallardan
dəvətlər almağa başladım. "Çölçü”nün iştirak etdiyi festivalların xərcini festivalların
təşkilatçıları, bir də özüm çəkmişəm. 121 yaşlı Azərbaycan kinosunda 5 qitədə, 2-si
"A” kateqoriyalı olmaqla 48 festivalda edən və 12-dən çox baş mükafata layiq görülən
film olmayıb.
- Film artıq 7 ildir çəkilib
və hələ də festivallarda iştirak edir. Ancaq dünya kino festivalları təcrübəsində
bu mümkünsüz haldır.
- Bu günə qədər e-mail poçtuma festivallardan istək məktubları gəlir.
Mən onlara filmi 7 il bundan qabaq çəkdiyimizi yazdıqda isə, bildirirlər ki, biz
"Çölçü”yə istisna hal edirik. Hər zaman fikirləşmişəm ki, Azərbaycandan bu qədər
filmlər həmin festivala göndərildiyi halda, nə üçün mənim 7 il qabaq çəkdiyim filmi
istisna kimi dəvət edirlər? Çünki "Çölçü”nün antropoloji toqquşması arxaik dünyaya
açılır. 20 ildən sonra siz bu filmə baxsanız, eyni cür baxacaqsınız və "Çölçü” heç
zaman köhnəlməyəcək. Bu filmin qayəsi ümumbəşəri və əbədi mövzu xarakterini saxlaya
bilib.
- "Çölçü” filmi "Oskar”ın
"uzun siyahı”sına da gedib çıxa bildi. O zamanlar bununla bağlı söz-söhbətlər
bitib tükənmirdi. Əslində nə baş verirdi?
- 5 il bundan öncə filmi "Oskar”a göndərmək istəyirdim. O zaman Azərbaycan
üzrə "Oskar” komissiyasının sədri Rüstəm İbrahimbəyov, katibi isə Əli İsa Cabbarov
idi. Davamlı olaraq onlarla əlaqə saxlayıb belə bir istəyimin olduğunu
deyirdim. Sonra Rüstəm İbrahimbəyov siyasətə qarışdı. Ancaq qaydalara görə, komissiyanın
başında siyasətçi dayana bilməz. Mən Amerikaya məktub yazdım. Nəticədə
Azərbaycan üzrə komissiya ləğv olundu. Biz yeni komissiya yaratdıq və "Çölçü”nü
"Oskar”a göndərdik. Film "Oskar”ın siyahısına düşdü. Bəzi qüvvələrin işə qarışmasından
sonra film sona qədər gedib çıxa bilmədi.
- Filmi çəkəndə
gözləyirdinizmi ki, bu, böyük auditoriyaya açılacaq?
- Açığını deyim ki, gözləmirdim. Hər bir rejissorun arzusu odur ki,
yaxşı film çəksin, Azərbaycanı dünyada təmsil etsin. Ancaq film üzərində
işləyəndə onun taleyi haqqında düşünmürsən. Bunlar haqqında düşünsən, filmin
evi yıxılacaq.
- İstərdik, "Çölçü”nün son
uğurlarından danışaq. 3 beynəlxalq film festivalının proqramına daxil edilib.
- Qarşıda hələ bizi 10 festival gözləyir. Filmin titrlərində adı yazılanlardan
biri Mədəniyyət Nazirliyinə şikayət edib ki, Şamil Əliyev filmin istehsal ilini
dəyişdirərək festivallara aparır. Film mükafata layiq görüləndə, altında hansı
ildə çəkildiyi qeyd edilir. Bizim mükafatlarımızın altında "Çölçü” - 2012-ci il
yazılır. Film haqqında internetdə araşdırma vermək olar, bütün sosial şəbəkələrdə
onun neçənci ildə çəkildiyi qeyd olunub. Bu həqiqətən gülünc bir fikirdir.
- Haqqınızda deyirlər ki,
Şamil Əliyevin beynəlxalq arenada yaxşı dostları var və onların sayəsində "Çölçü”
beynəlxalq festivallara qatılır.
- Bəli, mənim beynəlxalq kino arenasında çalışan dostlarım var. Amma
həmişə çalışmışam ki, bu faktordan Azərbaycan mədəniyyətinin təbliği üçün
istifadə edim. Əgər bunu bacara bilmişəmsə, bu, ölkəmizin uğurudur. Ümumiyyətlə,
haqqımda çox uydurmalar var. Hətta bir ara deyirdilər ki, Şamilin kökündə yəhudilik
var, yəhudi lobbisinin üzvüdür. Elə bir şey yoxdur, mən azərbaycanlıyam, oğuz türklərindənəm.
Elə olsaydı da, bununla fəxr edərdim. Mənim üçün Azərbaycanda yaşayan hər bir insan,
Azərbaycanı sevən, düşünən, etnik tərkibindən asılı olmayaraq bütün insanlar əzizdir.
Filmlərimə baxsanız, müxtəlif etnik qrupların nümayəndələrini görəcəksiniz.
- "Çölçü”nün uğurları
kimləri qıcıqlandırır?
- Vətənini sevməyənləri. Öz maddi, mədəni irsinə yiyə durmaq istəməyənləri,
vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyənləri, mədəni səviyyəsi aşağı
olan insanları.
Xəyalə Rəis