• cümə axşamı, 28 mart, 19:56
  • Baku Bakı 13°C

“Çölçü” Oskar yolunda… - Fotolar

18.10.13 11:52 1928
“Çölçü” Oskar yolunda… - Fotolar
Ötən gün mətbuatdan Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filminin dünyaca məşhur olan “Oskar” mükafatına iddialı olması xəbəri mətbuatda böyük müzakirələrə səbəb oldu. Belə ki, bir çox beynəlxalq layihələrdə iştirak etmiş “Çölçü” filmi “xarici dildə olan ən yaxşı film” kimi müsabiqədə filmlərin uzun siyahına daxil olub. Xəbəri eşidib sevindik. Nəhayət ki, bizimdə filmlərimiz artıq beynəlxalq layihələrin uzun siyahısında belə olsa yer ala bilib.
Nağılvari həyatın müsabiqəyə gedən yolu
“Oskar” mükafatının siyahısında yer alan “Çölçü” bədii filminin mövzusunu və ideyasını fərqli ekran əsəri hesab etmək də olar. Belə ki, həmin filmdə çölü özünə yurd yeri seçmiş Ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsindən bəhs olunur. Sivilizasiyadan uzaq bir məkanda yaşayan ata-oğul dəvə sürüsü saxlayır. Film dəvənin doğulması ilə başlayır. Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alır. İnsan amilinin əsas götürüldüyü kinodramın quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcü aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.
Filmin ekran həlli ilə bağlı bir sıra kino mütəxəssisləri ilə əlaqə saxladıq.
Nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovla söhbətimiz zamanı kino təşkilatlarının “Oskar” mükafatının namizədlərinin müəyyən olunmasında onların iştirak etmədiklərini söylədi: “Hər ölkədə “Oskar” komitəsi adlanan ictimai qurum fəaliyyət göstərir. Həmin komitə kinematoqrafçılardan ibarət bir qurumdur ki, onlar həmin mükafatlandırılmada iştirak edəcək filmləri müzakirə edib, qərar verirlər. Bizdə də işlər həmin prosedura ilə hazırlanır. Dövlətin bu işə heç bir qarışacağı yoxdur. Bu müsabiqə ilə bağlı bütün məlumatları oradan əldə edə bilərsiniz. Ancaq onu da qeyd edim ki, dövlət “Çölçü” filminin çəkilməsini məqsədə uyğun sayıb və dəstəkləyib”.
Filmin rejissoru Şamil Əliyev çəkdiyi filmin beynəlxalq layihədə uzun siyahıya düşdüyünün sevindirici hal kimi qiymətləndirdiyini, həmin müsabiqəyə 200 yaxın filmin təqdim olunduğu halda, onlardan yalnız 76-sının qeydiyyatdan keçə bildiyini söylədi: “Bu ölkəmizə baş ucalığı gətirən bir hadisədir. Biz sadəcə filmin həmin müsabiqədə iştirakına səy göstərmişik və səyimiz də nəticəsiz qalmayıb. Müsabiqənin şərtləri elədir ki, heç nə bizdən asılı deyil. Əslində, bu mərhələni keçmişiksə bu da böyük hadisədir. Filmin həmin müsabiqəyə gedib çıxması barədə yalnız onu deyə bilərəm ki, bu layihə ölkəmizin strateji planına daxildir. “Çölçü” filmi qayda qanunlara riayət olunaraq “Oskar” mükafatının uzun siyahısına təqdim olunub. “Çölçü” filmi gələcək taleyini gözləyir. Bundan sonrası isə bizdən asılı deyil”.
Şamil Əliyev müsabiqədə filmin taleyində uğurun rolundan və onun gələcəkdə nələr gətirə biləcəyindən danışdı: “Filmin uzun siyahıda yer aldığı üçün heç də sənət yoldaşlarımın içində qürrələnmirəm. “Oskar” mükafatına layiq görülsəm də heç zaman özümdən razılıq edib, qürrələnmərəm. Mənim düşüncəmə görə, “Oskar” mükafatını Azərbaycan kinosu tarixində bir çox rejissorlar ala bilərdi. Təəssüflər olsun ki, o zaman biz SSRİ-nin tərkibində olmuşuq. Ölkə olaraq belə layihələrdə iştirak edə bilməmişik. Keçmişdə dünyaya səs sala biləcək filmlərimiz çox olub. Əslində hər şey şansdan asılıdır. Bu dəfə də o şans “Çölçü” filminin payına düşüb. Bundan sonrası da allahın işidir”.
Bizim üçün çox tezdir
Kinorejissor Tahir Əliyev həmin müsabiqədə beynəlxalq filmlərin nümayiş olunduğunu söyləyərək Şamil Əliyevə uğurlar arzuladı. O, hər il “Oskar” mükafatına filmlər göndərdiyimizi, hətta bir neçəsinin 76-lıqda yer aldığını da qeyd etdi. Onun sözlərinə görə, filmin dünya standartlarına cavab verməsi və keyfiyyətinin yüksək olmasını təkcə rejissordan tələb etmək düzgün deyil: “Həmin müsabiqədə işlər heç də siz düşündüyünüz kimi asan deyil. Əsas iş kino sənətini idarə edənlər, onu hərəkətə gətirənlərdən asılıdır. Əslində filmlərimizin “Oskar” mükafatı almasına inanmaq bir az sadəlövhük olardı. Ancaq həmin müsabiqəyə filmlərimizin getməməyi o demək deyil ki, biz film çəkə bilmirik və ya çəkməyəcəyik. Ümumiyyətlə, kino çox çətin sənətdir. Bu sahədə uğur qazanmaq bizim üçün çox tezdir. Arzu edirəm ki, həmin film “Oskar”-ın 54-lük, 9-luq siyahısına düşsün və böyük uğur qazansın. Biz ancaq buna sevinə bilərik”.
Söhbətimiz zamanı kinorejissor qonşu dövlətlərin kino siyasətindən də bəhs etdi: “Hazırda Türkiyədə çox gözəl filmlər çəkilir. Onlar hələ indiyədək “Oskar” mükafatına layiq görülməyib. Bu o demək deyil ki, türklər film çəkə bilmirlər. Deməyim odur ki, filmi çəkən rejissorun bu müsabiqəyə təsiri yoxdur. Orada münsiflər heyəti qismində iştirak edənlərin bu məsələdə böyük rolu olduğunu düşünürəm. Şamil Əliyevə də bol-bol uğurlar arzulayıram”.
Rejissor Nicat Feyzullayev mətbuata “Çölçü” filmi barədə öz fikirlərini bölüşərək həmin filmin beynəlxalq layihələrdə iştirakını qənaətbəxş hesab etdiyini söyləyib. Belə ki, rejissor peşəkar nöqteyi-nəzərdən filmi bəyəndiyini deyib: “Film ətrafında çox böyük qalmaqallar vardı. Ona görə mənə ikiqat maraqlı gəlirdi. Fikirləşirdim ki, qalmaqallardan sonra film necə olacaq? Biz tamaşaçıları bayağı filmlərə baxmağa öyrəşdirmişik. Ona görə belə filmlər tamaşaçıya darıxdırıcı görünür. Peşəkar nöqteyi-nəzərdən isə “Çölçü” incəliklə işlənmiş, düşünməyə vadar edən ekran əsəridir. Film mənəvi saflıqdan danışır. Ağlı başında olan tamaşaçı ona baxacaq. Film Azərbaycanı beynəlxalq festivallarda təbliğ edə biləcək əsərdir. Ona baxmağa dəyər”.
Onu da nəzərinizə çatdıraq ki, “Çölçü” bədii filmi indiyədək bir çox beynəlxalq layihələrdə iştirak edib və müxtəlif nominasiyalara layiq görülüb. Onlara “Didor” V Beynəlxalq kinofestivalı (Düşənbə), MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın “Kinoşok” XXI açıq kino festivalı (Rusiya), XVI “Qaranlıq gecələr” Beynəlxalq film festivalı (Tallin), 35-ci Qahirə Beynəlxalq film festivalı, XXII “Qızıl pəhləvan” Beynəlxalq kinofestivalı (Xabarovsk, Rusiya), XXIV Beynəlxalq kinofestivalı (Ankara) və 13-cü Tbilisi Beynəlxalq Film Festivalında və bir sıra önəmli müsabiqələri də daxil etmək olar.
Bizə isə filmin yaradıcı heyətinə və filmin bundan sonrakı taleyinə uğurlar arzulamaq qalır. Hərçənd bəziləri buna ümid etməsələr də.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər