• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

“Layihələrimiz diasporumuzun inkişafına, Azərbaycan həqiqətlərinin dolğun şəkildə çatdırılmasına hesablanıb”

24.01.17 15:33 2685
“Layihələrimiz diasporumuzun inkişafına, Azərbaycan həqiqətlərinin dolğun şəkildə çatdırılmasına hesablanıb”
10 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi ölkəmizin tanıdılması, dostluq əlaqələrinin genişlənməsi istiqamətində ictimai fəallığı ilə tanınır. Təşkilatın rəhbəri Toğrul Allahverdili "Kaspi”yə müsahibəsində ASGA-nın fəaliyyətindən və gələcək planlarından danışıb.
- Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin fəaliyyət istiqamətlərini necə dəyərləndirirsiniz?
- Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb. Azərbaycan həqiqətlərini dünyada, xüsusən də slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoymuşuq. Təşkilatımızın 2 regional, 3 xarici nümayəndəliyi fəaliyyət göstərir. Qeyd edim ki, ASGA Rusiya nümayəndəliyi olaraq məqsədimiz Azərbaycan və slavyan gəncləri arasında dostluq əlaqələri qurmaq, Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini slavyan gənclərinə təbliğ etməkdən ibarətdir. ASGA olaraq fəaliyyətimizdən tam razı olmasam da, qənaətbəxş hesab edirəm. Görəcək çox işlərimiz var .
- Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri sferasında hansı işlər həyata keçirilir?
- ASGA olaraq üç slavyan ölkəsində Rusiya , Ukrayna və Polşada nümayəndəliklərimiz fəaliyyət göstərir. Şübhəsiz ki, biz Rusiya nümayəndəliyi olaraq, bu ölkənin ictimai proseslərində aktiv iştirak edirik. Çalışırıq ki, Rusiya cəmiyyətinə yaxından inteqrasiya edək və intellektual imkanlarımızı orada göstərə bilək. ASGA Rusiya nümayəndəliyinin həyata keçirdiyi bütün layihələr diasporumuzun inkişafına, Azərbaycan həqiqətlərinin Rusiya, xüsusən slavyan gənclərinə dolğun şəkildə çatdırılmasına hesablanıb. Bizim məqsədimiz Rusiyada yaşayan həmvətənlərimizin hər bir sahədə təşəbbüslərini stimullaşdırmaq, Azərbaycan və Rusiya dövlətlərinin diaspor siyasətinə töhfə vermək, Azərbaycan diasporunu digər xalqların nümayəndələri arasında daha uğurla təmsil etməkdir. Diaspor təşkilatı olaraq istər Rusiyada, istərsə də təmsil olunduğumuz beynəlxalq layihələrdə Azərbaycanın adının daha yüksəklərə qaldırılmasına çalışmışıq.
- Azərbaycan və slavyan gənclərinin problemlərinin ümumi cəhətlərini necə müəyyənləşdirmisiniz?
- Qeyd etmək istərdim ki , Azərbaycan və slavyan gənclərinin oxşarlığı olduğu kimi, problemləri də var və bu problemlərin kökündə az əvvəl qeyd etdiyim kimi inteqrasiya dayanır. Biz əksəriyyətimiz Sovetlərin süquta uğradığı dönəmdə dünyaya gələn gənclərik və Azərbaycan kimi əksər slavyan ölkələrində də müharibələr, işğallar olub. Odur ki, bizim bir-birimizi anlamamız daha önəmlidir. Qərbin ikili standartları slavyan ölkələrinə də təsirsiz ötüşmür. Biz istər sosial şəbəkələr, istərsə də nümayəndələrimiz və təmsilçilərimiz vasitəsi ilə çalışırıq ki , bu problemləri müəyyən edib, ən azından həll edə bilməsək də müəyyən təkliflərlə çıxış edək. Bizim tək iqtisadi deyil, həm də ortaq siyasi və mədəni maraqlarımız var.
- Bu gün Rusiyada kifayət qədər azərbaycanlı gənc yaşayır, işləyir və təhsil alır. Ölkəmizlə bağlı onların ictimai fəallıqlarını necə qiymətləndirirsiniz?
- Rusiya azərbaycanlılarının hazırkı durumunu ötən illərlə müqayisədə çox yüksək qiymətləndiririk. Əgər əvvəllər diasporumuzda çoxlu parçalanma meyilləri var idisə, son vaxtlar daha çox birləşdirici məqamlar çoxalıb. Onu da deyim ki, Qarabağ kimi problemi olan bir xalq üçün bölünmək, parçalanmaq yolverilməzdir. Bu gün ən böyük Azərbaycan diaspor təşkilatı Rusiyada fəaliyyət göstərir. Diasporumuz artıq Rusiyanın bütün regionlarında təşkilatlanıb. Misal olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT), ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə təsis olunan Ümumrusiya Azərbaycanlıları Konqresinin adlarını çəkmək olar. RAGT-ın rəhbəri Leyla xanım Əliyevanın Rusiyadakı gördüyü işlər hər bir Azərbaycan gəncinə örnəkdir.
- Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin təsiri xaricdən necə duyulur?
- Ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin ilk illərində verilən vacib qərarlardan biri də məhz gənclərlə sağlam işin qurulması idi. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün prezidentin diqqət və qayğısını dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər də yüksək səviyyədə hiss etməkdədirlər. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bugünlərdə Moskvada olarkən ölkədə aparılan diaspor siyasətindən və bu siyasətdə gənclərə verilən önəmdən danışdı. Dünyada siyasi və iqtisadi gərginliklərin fonunda yeganə məqsədimiz sabitliyimizin qorunub saxlanmasıdır.
- Azərbaycanın yaşadığı faciələr - torpaqlarımızın işğalı, qaçqın problemi, 20 Yanvar, Xocalı faciələri və s. lə bağlı Rusiyada keçirilən təbliğati işlər hansı səviyyədədir?
- Təbliğat demək olar ki, yüksək səviyyədə həyata keçirilir. "Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən Xocalı Soyqırımı və ümumilikdə Qarabağ həqiqətləri ilə bağlı silsilə tədbirlər Moskvada və Rusiyanın digər şəhərlərində keçirilir.
- Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında əməkdaşlığını inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?
- Diaspor siyasətinə dəstək olmaq prioritet məsələmizdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan diasporunun inkişafı bu gün də Cənab Prezident, dünya Azərbaycanlılarının lideri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədən kənarda yaşayan gənclərin qazandığı uğurlar ölkəmizin diaspor siyasətinin çox uğurlu olduğunun göstəricisidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsi olub. Ulu öndər hakimiyyətdə olan zaman diaspor nümayəndələrinin gördüyü işlərin qiymətləndirilməsi, onların problemləri istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritet məsələlərindən olub. Hazırda da prezident İlham Əliyev tərəfindən diaspora siyasəti uğurla davam etdirilməkdədir. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün səfirliklərimiz və Diasporla iş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək lazımdır .
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər