• cümə, 29 Mart, 12:35
  • Baku Bakı 14°C

Lavrovun ikibaşlı açıqlamaları nəyə hesablanıb?

23.11.17 12:00 7209
Lavrovun ikibaşlı açıqlamaları nəyə hesablanıb?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Azərbaycanda, ardınca Ermənistanda səfərdə oldu. Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Lavrov bildirib ki, RusiyaATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə vəDağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin fikrini təsdiqləyərək, bu istiqamətdə fəal səylər göstərmək lazım olduğunu da dilə gətirib.
Rusiyalı diplomat azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli barədə pozitiv fikirlər səsləndirib. Qeyd edib ki, diplomatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır. Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç kimə sərf etmir və onun həlli yolunu tapmaq lazımdır. O, ATƏT-in Minsk qrupunun həmsədri kimi qarşılıqlı qəbul edilən sülh yollarını axtarmaqda davam edəcəklərini vurğulayıb.

Azərbaycanda olarkən ADA Universitetində tələbələr və müəllim heyəti qarşısında çıxış edən S.Lavrov ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə toxunaraq, bu durumun Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmədiyini bildirib. O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir və həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi olaraq regiona səfər edirlər. Rusiyalı diplomat ümid edib ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək.
Lakin Bakıya səfərin və burada səsləndirilən pozitiv fikirlərin ardınca, Yerevana yollanan S.Lavrov ermənistanlı həmkarı ilə görüşüb, media qarşısında tamamilə fərqli münasibət ortaya qoyub. Rusiyalı diplomat bu dəfə xüsusi optimizm nümayiş etdirmək istəmədiyini diqqətə çatdırıb. Deyib ki, problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübə bunun, yəni danışıqların tezliklə başa çatmayacağını göstərir.
Qeyd olunanlardan da göründüyü kimi rusiyalı diplomat S.Lavrov Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə, həmçinin mətbuat və ADA Universitetinin müəllim-tələbə kontingenti qarşısında Dağlıq Qarabağ münaqişəsi barədə bir fikir söyləyib, Ermənistanda Edvard Nalbandyanla görüşdən sonra isə tamamilə fərqli açıqlamalar verib.
Bununla bağlı "Kaspi”yə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov deyib ki, S.Lavrovun Bakıda və Yerevanda Dağlıq Qarabağ problemi barədə fərqli açıqlama verməsi münaqişə tərəflərinə mesajdır. Onun fikrincə, rusiyalı diplomat bununla hər iki tərəfə deyir ki, öz aranızda razılığa gəlin, biz sizin əvəzinizə məsələni həll etməyəcəyik: "Təbii ki, belə yanaşma tamamilə yanlışdır. Biz bilirik ki, Ermənistanın arxasında hansı ölkə dayanır, kimlər onu dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsində kimlər maraqlıdır. Lavrovun qənaətinə görə, münaqişənin sülh yolu ilə həlinə dair təkliflərin çoxluğu heç də problemin həllinə gətirib çıxarmır. Deməli, münaqişəyə dair ədalətli, konkret həll variantı ortaya qoyulmalıdır. İlk növbədə ərazi bütövlüyü prinsipi əsas götürülməli, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Çünki, işğala məruz qalan tərəf Azərbaycandır, 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkünə çevrilən, Dağlıq Qarabağdan əlavə 7 rayonu işğal olunan Azərbaycandır. Problemin həllinə dair Kazan və Madrid prinsipləri var və həmin sənədlərdə bir sıra məsələlər öz əksini tapıb. Başa düşürəm ki, Lavrov Azərbaycan və Ermənistanla münasibətləri pozmamaq üçün diplomatik manevr edir. Ancaq bu, heç də o demək deyil ki, belə münasibət problemin həllinə səbəb olacaq. Hər halda, Lavrovun Azərbaycanda olması Rusiyanın bu regiona marağının da göstəricisidir. Rusiya başa düşür ki, Azərbaycanla əməkdaşlıq etmək daha faydalıdır, nəinki Ermənistanla. Digər tərəfdən, bu da reallıqdır ki, Ermənistan Rusiya tərəfindən dəstəklənməsə, bir dövlət kimi məhv olacaq. Rusiyanın Ermənistan üzərində təsirləri böyükdür. Məhz buna görə Rusiya münaqişəyə dair ikili münasibət sərgiləyir. Əgər Rusiya istəsə, İrəvana müəyyən təzyiqlər göstərsə, Dağlıq Qarabağ problemi həllini tapa bilər”.

Politoloq Arzu Nağıyev isə qəzetimizə açıqlamasında deyib ki, S.Lavrov Bakıda olarkən qarşısına qoyduğu əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək olub. Onun sözlərinə görə, görüş prosesində məhz Azərbaycan Prezidentinin təkidi ilə S.Lavrov Dağlıq Qarabağ probleminin həllinin ölü nöqtədən tərpədilməsi barədə açıqlama verib: "Lavrov Azərbaycanda olarkən hətta qeyd etdi ki, problemin həlli məsələsi masanın üzərindədir. Ancaq Yerevana səfərdən sonra bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinə nikbin baxmır. Məlum məsələdir ki, Rusiya-Ermənistan münasibətləri hansı səviyyədədir, bu dövlətlər eyni hərbi blokda, eyni iqtisadi ittifaqda təmsil olunurlar. Bununla bərabər, Lavrovun özünün də erməni separatçıları ilə çox sıx əlaqələri var. Bu, dəfələrlə danışılmış, sübut olunmuş faktdır. Ona görə də Lavrov Ermənistanda olarkən başqa cür açıqlama verə bilməzdi. Çünki, Sarkisyan da, Nalbandyan da separatçılara "müstəqillik” sözü veriblər. Azərbaycan isə beynəlxalq hüququn prinsiplərini əlində rəhbər tutaraq, ərazi bütövlüyü məsələsini önə çəkir, yalnız bundan sonra istənilən danışıqlara hazır olduğunu bəyan edir. İşğalçı Ermənistanın ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca, substantiv danışıqlara getməyincə, problemin həllinə dair danışıqlar xatirinə danışıqlardan söhbət gedə bilməz”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər