• cümə axşamı, 25 aprel, 09:09
  • Baku Bakı 14°C

Lavrovun danışıqların bərpası arzusu realdırmı?

21.08.20 18:24 2218
Lavrovun danışıqların bərpası arzusu realdırmı?
Politoloqların fikrincə, Rusiyanın XİN başçısının əsas məqsədi status-kvonu qoruyub saxlamaqdır


Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısı alındıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunub-olunmayacağı sual altındadır. Ermənistan rəsmiləri həyasızcasına işğalçılıq siyasətini davam etdirəcəklərini dilə gətirirlər. Azərbaycan isə münaqişənin həlli ilə bağlı konkret addım atılmayacağı halda nəticəsiz danışıqlara qatılmayacağını bəyan edib. Bu günlərdə Minsk qrupunun həmsədri olan Rusiyanın XİN rəhbəri Sergey Lavrovun danışıqlarla bağlı verdiyi açıqlamalar diqqət çəkib. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyirik. Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”.
Rusiya tərəfinin vasitəçi kimi bu mövqeyi suallar yaradır. Axı nəticəsiz danışıqları bərpa etməyin nə mənası var? Əgər Ermənistan tərəfi mütəmadi olaraq təxribatçı açıqlamalar verirlərsə, həmsədrlər hansı əsasla danışıqların bərpasını istəyə bilərlər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovbildirdi ki, Rusiya XİN rəhbərinin son müsahibəsində ümumi şablon ifadələr var: "Yəni, Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında cəhdlər davam etdirilməlidir, bütövlükdə münaqişə dinc yolla həll olunmalıdır, burada güc istifadə edilməməlidir və sair. Biz bu fikirləri artıq neçə illərdir eşidirik, Azərbaycan üçün yeni bir şey deyil. Amma digər tərəfdən Lavrov bizim maraqlarımıza cavab verən müəyyən ifadələr səsləndirilib. Misal üçün, Ermənistanın döyüşlərin başlamasına əsas yaratdığını misal çəkə bilərik. Çünki Azərbaycan elə ilk gündən atəşkəsi Ermənistanın pozduğunu və məqsədinin strateji neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu vurğulayırdı. Faktiki olaraq, Lavrovun səsləndirdiyi fikirlər reallığa uyğun ifadələrdir. Düşünmürəm ki, Lavrovun münaqişə ilə bağlı yeni bir yanaşması olunsun. Fikrimcə, Azərbaycan xarici işlər nazirinin avqustun 26-da Rusiyaya rəsmi səfəri zamanı bu məsələ daha ətraflı şəkildə müzakirə olunacaq”.
F.Sadıxov qeyd etdi ki, köhnə qaydada danışıqlara getmək lazım deyil: "Fikrimcə, heç gedilməyəcək də. Bu fikri Prezident İlham Əliyev çıxışlarında xüsusilə vurğulayıb. Digər tərəfdən, əgər Minsk qrupu onlardan imtina etməyimizi istəmirsə, onda yeni yanaşma nümayiş etdirməlidir. Çünki neçə illər ərzində boş, konkretliyə uyğun olmayan danışıqlar bizi qane edə bilməz, Azərbaycan nəticə lazımdır. Yəni, danışıqlarda konkret nizamlanma planı müzakirə olunmalıdır. Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılması məsələsi çox ciddi şəkildə qoyulmalıdır”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu daLavrovun açıqlamasının inandırıcı olmadığını bildirdi: "Çünki bunu yaxın illərin təcrübəsindən də bilirik. 2016-cı ilin aprel hadisələri zamanı Lavrov bölgəyə səfər etdi və and-aman elədi ki, mərhələli həll planı işə düşəcək. Hətta o vaxtlar "Lavrov planı” da ortaya atılmışdı. Mən o zaman da həmin planın reallığına inanmırdım. O vaxt Lavrov vəd verdi, amma yerinə yetirdimi? Bu vədin üstündən 4 il keçib və münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. İndi də görürlər ki, Azərbaycan qətiyyətli mövqe ortaya qoyur və sərhəddəki gərginlikdən sonra məsələni birdəfəlik həll etməyə hazırlaşır. Buna görə də bizi yenidən uzun-uzadı danışıqlara cəlb etmək istəyirlər. Onu qeyd edim ki, xarici işlər naziri Ceyhun Bayramovun da Moskvaya səfəri nəzərdə tutulub və səfər çərçivəsində o, həmkarı Sergey Lavrovla da görüşəcək. Düşünürəm ki, bütün məsələlər ciddi şəkildə Lavrovun qarşısında qoyulmalıdır. Prezident İlham Əliyev rusiyalı həmkarı Putinlə telefon danışığında məsələnin ciddiyyətlə ortaya qoyur və deyir ki, sərhəddəki insidentdən sonra Rusiya Ermənistana 400 ton hərbi yük daşıyıb. Hətta bu telefon danışığından sonra da proses davam edirsə, bu, Rusiyanın vasitəçi kimi fəaliyyətinə kölgə salır. Bir vasitəçi münaqişə tərəfləri ilə bərabər məsafədə dayanmalıdır. Anlayırıq ki, Rusiyanın Ermənistanda hərbi bazası var, hərbi müttəfiqlikləri mövcuddur. Rusiya vasitəçidir və belə olan halda Tovuzdakı insidentdən sonra Ermənistana silah daşıyırsa, deməli, biz şübhələnməliyik. Eyni zamanda, Rusiya işğala son qoymaq istəmir. Bu məsələlər ciddi şəkildə Lavrov qarşısında qoyulmalıdır”.
E.Şahinoğlu vurğuladı ki, Lavrovun mövqeyində dəyişən bir şey yoxdur: "Lavrov sadəcə status-kvonun olduğu kimi qalmasını istəyir. Bəzən elə fikirlər söyləyir ki, guya məsələn həll etmək istəyir. Amma əksinə, o, işğal faktına son qoymaq istəmir, mərhələli həll planını işə salmaq üçün elə bir qətiyyətli mövqeyi də yoxdur. Onun fikirləri sadəcə, prosesi uzatmağa hesablanıb. Bu, prezident İlham Əliyevin elan etdiyi strategiyaya da uyğun deyil. Çünki Prezident İlham Əliyev çıxışlarında açıq şəkildə vurğulayır ki, danışıqlar nəticə vermir, həmsədrlərin fəaliyyəti qənaətbəxş deyil, ona görə də biz məsələnin birdəfəlik həllinə hazırlaşmalıyıq. Yəni, nəticəsiz danışıqlar bizim maraqlarımıza cavab vermir”.
Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər