• cümə axşamı, 18 aprel, 11:48
  • Baku Bakı 12°C

Lavrovun açıqlamaları etiraz doğurdu

18.01.17 10:30 1609
Lavrovun açıqlamaları etiraz doğurdu
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ötən gün paytaxt Moskvada mətbuat konfransı keçirib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Azərbaycanlı jurnalistin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualını cavablandıran rusiyalı diplomat deyib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Münaqişənin həlli ilə bağlı bir sıra sənədlərin mövcudluğuna diqqət çəkən nazir ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub. Bildirib ki, Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Ardınca Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttindəATƏT müşahidəçilərin artırılması barədə razılığa gəlib. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsinin Həştərxan görüşündə müzakirə edildiyini xatırladan nazirin qənaətinə görə, insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlıATƏT daxilində konsensus yoxdur. Rusiyanın Suriyaya hərbi müdaxiləsinə dair suala da aydınlıq gətirən S.Lavrov BMT-nin bu ölkəyə dair qətnamələrini xatırladıb və bu qətnamələrin yerinə yetirilməsini istəməyənlərin cinayət törətdiyini bəyan edib. Lakin əfsuslar olsun ki, rusiyalı diplomat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe nümayiş etdirərkən, BMT Təhlükəsizlik Şurasının bu problemlə əlaqəli, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə çağırışları özündə ifadə edən 4 qətnaməni heç yada da salmayıb.

Rusiya xarici işlər nazirinin səsləndirdiyi fikirlər Azərbaycanda birmənalı qarşılanmayıb. Politoloq Fikrət Sadıxov bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, S.Lavrovun söylədikləri, bəlkə də yeni deyil. Onun sözlərinə görə, rusiyalı diplomatın dediklərini vaxtilə bir çox Rusiya rəsmiləri dilə gətiriblər: "Əgər Rusiya rəsmiləri bu məsələni qabardırlarsa, Dağlıq Qarabağın statusunun əvvəlcədən müəyyənləşdirilməsini gündəmə gətirirlərsə, bununla "Mərhələli həll planı”na zidd mövqe sərgiləyirlər. Çünki, "Mərhələli həll plan”ında münaqişənin həlli üçün ilkin növbədə işğal altındakı Azərbaycan torpaqlarının, yəni Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasından söhbət gedir. Bununla münaqişənin həlli prosesi start götürür, həmin ərazilərdə infrastruktur yaradılır, zorla köçürülən əhali öz evinə, kəndinə, rayonuna qaytarılır. Yalnız bu mərhələdən sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə dair danışıqlara başlanılır. Bu mövqe prezidentlər, xarici işlər nazirləri səviyyəsində, həmçinin Minsk qrupu üzvlərinin iştirakı ilə keçirilən danışıqlarda gündəmə gətirilib, təsdiqlənib. Həmsədr dövlət kimi Rusiya sözügedən danışıqlar zamanı bu mövqeyə, "Mərhələli həll planı”na etiraz etməyib. Belə olan halda, Rusiya xarici işlər nazirinin problemin həlli üçün ilkin şərt kimi Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsini gündəmə gətirməsi başadüşülən deyil. Bu açıqlama nə dərəcədə diplomatik olsa da, "Mərhələli həll planı”na ziddir. Beynəlxalq hüququn əsas prinsipinə görə də münaqişənin həllində ilk növbədə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ola bilsin ki, Lavrob belə fikirlər səsləndirərkən Dağlıq Qarabağın müstəqilliyini və sairi nəzərdə tutmayıb. Lakin rusiyalı rəsmilər, o cümlədən də Lavrov çox gözəl başa düşürlər ki, erməni tərəfi statusun müəyyənləşdirilməsi deyilərkən Dağlıq Qarabağın "müstəqilliyini” nəzərdə tuturlar. Rusiya rəsmiləri bunu bilməmiş deyillər. Ona görə də Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinə dair səsləndirdiyi son fikirlər bizi qane edə bilməz”.

Millət vəkili, politoloq Elman Nəsirovda rusiyalı diplomatın mətbuat konfransında səsləndirdiyi fikirlərin böyük ictimai maraq doğurduğunu dilə gətirib. Onun sözlərinə görə, Sergey Lavrovun dediklərindən belə məlum olur ki, münaqişənin tənzimlənməsi ilə bağlı heç bir halda yeni yanaşmalardan söhbət getmir: "Belə çıxır ki, Rusiya münaqişənin həlli ilə əlaqədar "Yenilənmiş Madrid prinsipləri”nə sadiqdir. Bu prinsiplərin ən birinci mühüm tezisi Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən, eyni zamanda Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayonun azad olunmasından ibarət idi. Cənab Lavrov mətbuat konfransında "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti” ifadəsini səsləndirib. Bu fikir "Yenilənmiş Madrid prinsipləri”ndə də var, həmçinin Kazanda keçirilən danışıqlarda da əsas prinsiplərdən biri kimi müəyyən edilib. Burada mahiyyət ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həllini tapmalıdır. Bu zaman əsas şərt Dağlıq Qarabağ ətrafı 7 rayonun işğaldan azad edilməsi və digər addımlardır. Yalnız bundan sonra müəyyən zaman keçir və tərəflər Dağlıq Qarabağın yekun statusunu müəyyən edirlər. Onu da qeyd etmək yerinə düşər ki, həmin zaman müddəti ilə bağlı konkret fikir yoxdur. Yəni, bu zaman müddəti 5 il də ola bilər, 10 ildə və sair. Gəlin görək, yekun status necə müəyyən edilməlidir? Axı orada infrastruktur, azərbaycanlı əhalinin yaşadığı evlər dağıdılıb, demoqrafik vəziyyət tamamilə ermənilərin xeyrinədir. Hazırda Dağlıq Qarabağ ərazisində azərbaycanlı əhali qalmayıb. Belə vəziyyətdə orada hər hansı referendumun keçirilməsi, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı ciddi siyasi addımın atılması real vəziyyətə uyğun olmayacaq. Bir qədər əvvəl qeyd etdiyim kimi, orada azərbaycanlılar yaşamırlar. Deməli, bu məsələnin tənzimlənməsi ilə əlaqədar da konsensusa gəlinməlidir. Digər tərəfdən, münaqişənin həllində bir məsələ də unudulmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Necə ola bilər ki, Azərbaycanın tərkib hissəsi olan bir ərazinin statusunun müəyyən edilməsi üçün referendum keçirilsin, amma bu prosesdə azərbaycanlılar iştirak etməsin? Bu, məntiqə ziddir. Dağlıq Qarabağ ayrıca dövlət deyil ki, Azərbaycandan kənarda belə bir addım atsın. Belə incəliklər mütləq nəzərə alınmalıdır”.

Millət vəkili bildirib ki, ətraf 7 rayon işğaldan azad olunduqdan sonra strateji fasilə yaranacaq və məhz bu zaman Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtləri müəyyən edilməlidir: "Bu zaman razılaşmalar, kompromis olmalıdır. Burada heç vaxt bir prinsipdən kənara çıxmaq olmaz. Bu prinsip münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsidir. Bu prinsipdən kənar hər hansı həll variantından söhbət gedə bilməz. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt yol verilməyəcək. Ümumiyyətlə, münaqişənin köklü həlli yalnız işğala son qoyulmasından, ərazi bütövlüyünün bərpa olunmasından keçir. Rusiyalı diplomatın münaqişə zonasında insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı fikirlərinə gəlincə, bu məsələdə də Azərbaycanın mövqeyi bəllidir. Əgər torpaqlarımız işğal altındadırsa, erməni əsgəri Azərbaycan ərazilərini işğal altında saxlayırsa, burada hansı insidentin araşdırılmasından söhbət gedə bilər? Ən böyük insident ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, bu ərazilərdə işğalçı Ermənistanın hərbi qüvvəsi var. İşğal altındakı ərazilərdən işğalçı qüvvə çıxarılmadan, torpaqlar azad olunmadan orada insidentlərin araşdırılması əslində status-kvonun qorunub saxlanması mənafeyinə xidmət edir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər