• çərşənbə, 24 Aprel, 00:03
  • Baku Bakı 14°C

Lavrov Tbilisiyə gələsi olmadı

27.02.20 17:02 1061
Lavrov Tbilisiyə gələsi olmadı
AŞ-nın tədbiri Tbilisidə deyil, Strasburqda olacaq
Rəsmi Tbilisi uzun müddətdir ki, ölkədə ciddi müzakirə mövzusuna çevrilən və gərginlik yaradan mövzunu həll etməyə müvəffəq olub. Beləliklə, Gürcüstan tərəfinin xahişinə əsasən, Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası bu ilin may ayında Tbilisidə deyil, Strasburqda keçiriləcək. Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib. Nazir bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin iclasının əvvəlcə bu ilin may ayında Tbilisidə keçirilməsi nəzərdə tutulmuşdu: "Avropa Şurasına üzv olan 47 ölkənin yüksək səviyyəli nümayəndə heyətini Gürcüstanda qəbul etmək bizim üçün böyük şərəfdir. Lakin biz ölkədə sabitliyin yenidən pozulmasına imkan verə bilməzdik. Ona görə də iclasın Strasburqda keçirilməsi barədə qərar qəbul olundu”.
Xatırladaq ki, Avropa Şurasının yüksək səviyyəli tədbirlər üçün öz nizamnaməsi var və Gürcüstan sədr ölkə olaraq bütün məsələləri katiblik səviyyəsində koordinasiya edir. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən il noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrlik dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır. Məlumat üçün qeyd edək ki, keçən ilin iyun ayında Pravoslavlıq Parlamentlərarası Assambleyanın Tbilisidə keçirilən iclasında rusiyalı deputat Sergey Qavrilovun çıxışından sonra Gürcüstanda siyasi vəziyyət gərginləşib. Parlamentdə təmsil olunan müxalifət nümayəndələri sessiyanın rusiyalı deputat tərəfindən açılmasına etiraz edəndən sonra Rusiya nümayəndə heyəti parlament binasını tərk etməyə məcbur olub. Bundan sonra uzun müddət səngiməyən mitinqlər keçirilib.
Müxalifət, xüsusən də eks-prezident Mixail Saakaşvilinin tərəfdarları xəbərdar etmişdilər ki, əgər Lavrov ölkəyə ayaq bassa, etiraz aksiyaları keçirəcəklər. Onlar iddia edirlər ki, Lavrov Gürcüstanın "İşğal haqında” qanununu kobud şəkildə pozub. Eyni zamanda, hakimiyyətin qərarı Rusiya qarşısında kapitulyasiya hesab ediləcək.
Elə gürcü XİN rəhbəri də bəyan edib ki, qanunvericiliyi pozmaq istəməyiblər. Məsələ ondadır ki, Lavrov dəfələrlə tanınmamış Abxaziya və Cənubi Osetiyaya səfər edib. "Kommersant” yazır ki, hökumət çox ciddi seçim qarşısında qalmışdı - AŞ-ya üzv olan zaman üzərinə götürdüyü öhdəlikləri pozaraq Rusiyanın baş diplomatını ölkəyə buraxmamaq və bununla da beynəlxalq qalmaqal yaratmaq, ya da müxalifətin etiraz aksiyaları keçirəcəyi barədə hədələrini qulaqardına vuraraq özünün qəbul etdiyi qanunu ayaqlar altına atmaq.
Nazir bildirib ki, tədbiri başqa yerə keçirmək barədə xahişi ürək ağrısı ilə edib. Hər halda, Gürcüstanın öz ərazisində Avropa Şurasına üzv olan 47 ölkənin XİN rəhbərlərini qəbul etmək kimi unikal şansı yaranmışdı. Əlavə edib ki, "heç bir qüvvənin (Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının etiraz aksiyalarını nəzərdə tutub) ölkədə vəziyyəti qarışdırmaq şansı yoxdur”.
Xatırladaq ki, "Qavrilov gecəsi”ndən sonra Saakaşvili gürcü kanallarına müsahibəsində bildirmişdi ki, müxalifət parlamentə daxil ola bilməməklə hakimiyyəti ələ keçirmək şansını itirdi.
Maraqlıdır ki, nazirlərin Tbilisidə görüşə bilməmələri ölkədə birmənalı qarşılanmayıb. "İşğal haqqında” qanuna dəyişikliklər edilməsi barədə dəfələrlə məsələ qaldıran Gürcüstanın vətəndaş bərabərliyi və barışıq üzrə keçmiş naziri Paata Zakareişvili jurnalistlərə bildirib ki, hakim "Gürcü arzusu” və baş nazir Georgi Qaxariya hökuməti qlobal çağırışlar qarşısında köməksiz vəziyyətdə olmaları ilə barışıblar. Bununla da qarşıdan gələn parlament seçkiləri ərəfəsində zəif olduqlarını nümayiş etdirmiş olublar. "Lavrov hətta gəlsydi və müəyyən təkəbbürlü antigürcü bəyanatlar səsləndirsəydi də, bizim dövlət bundan yüksəkdə durmalı idi”, - deyə eks-nazir bildirib. Ardınca da xatırladıb ki, "İşğal haqqında” qanun hakimiyyətə bir sıra yüksək rütbəli məmurlara istisnalar tətbiq etmək imkanı verir. Lakin hakimiyyət bu hüquqdan istifadə etməyərək, "müxalifətdən qorxub”.
Öz növbəsində Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” üzrə tərəfdarı, parlamentin deputatı Roman Qoçiridze brifinqdə deyib ki, gürcü hökuməti Rusiyanın şantajına uyaraq təslim olmağa üstünlük verib. O əmindir ki, AŞ-nın Tbilisidəki tədbirini mütləq qaydada keçirmək lazım idi. Sergey Lavrovu isə nə olur-olsun ölkəyə buraxılmamalı idi.
Yeri gəlmişkən, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili facebook səhifəsində yazıb ki, müxalifət parlament seçkisində qalib gələcək. "İvanişvili təslim olmaq istəmir və səsverməni saxtalaşdırmağa hazırlaşır. Məncə, bunu yalnız statistika ilə adlayıb keçmək mümkün deyil. Mənim partiyam aktiv seçki kampaniyası aparır və bu il uğur qaçılmazdır”, – deyə o bildirib. Qeyd edək ki, Gürcüstanda parlament seçkisi cari ilin oktyabrında keçiriləcək. Saakaşvili onu da deyib ki, martın 1-dən etibarən Prezident Kitabxanasının bazasında öz qərargahını açacaq. "Martın 1-dən etibarən şəxsi qərargahımı açacağam ki, Vahid Milli Hərəkat və digər müxalifət partiyaları, partiyasız insanlarla birgə daha böyük baza yaradılsın və İvanişvili rejiminin sonunun çatması sürətləndirilsin. Çox insan mənimlə yanaşı dayanır, gürcü xalqının çox böyük dəstəyi var. Öz resurslarım, siyasi kontaktlarım var, hansı ki, mən bu "bəla”dan sürətli şəkildə xilas olmaq üçün istifadə edirəm. Bu il onların sonu çatacaq. Bu il Gürcüstan dizləri üstündən ayağa qalxacaq”, - deyə o bildirib.
Saakaşviliyə rəğbətini gizlətməyən sabiq prezident Georgi Marqvelaşvili bəyan edib ki, əgər Gürcüstanda demokratiyanın dərinləşdirilməsi ilə bağlı M.Saakaşvilinin fikri varsa, onunla görüşməyə hazırdır. Yerli televiziyaya müsahibəsində Gürcüstanın eks-prezidenti deyib ki, "söhbət demokratik gündəmin dərinləşməsindən gedirsə, mən bütün siyasi fiqurlarla danışmağa hazıram”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər