AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Lavrov o ifadələri ilə Ermənistan cəmiyyətində çox ciddi qarışıqlıq yaratdı”

“Lavrov o ifadələri ilə Ermənistan cəmiyyətində çox ciddi qarışıqlıq yaratdı”

Müsahibə
28 Aprel 2020, 09:30 1762
Elşad Mirbəşir: "Rusiya belə bir mövqe nümayiş etdirməsə belə, Paşinyanı zəiflətmək və Ermənistana təsir imkanları kifayət qədər böyükdür”
 
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bu günlərdə diqqəti çəkən yeni məqamlar özünü göstərməyə başladı. Belə ki, Rusiya XİN rəhbəri Lavrovun Qarabağ münaqişəsi ilə ilə bağlı açıqlaması, bunu Ermənistan XİN rəhbərinin təkzib etməsi və Azərbaycan rəsmilərinin Yerevana  etiraz  bildirməsi və sair kimi məsələlər oldu. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşirlə bu mövzular ətrafında söhbətləşdik. 

- Elşad müəllim, Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər hansı məsələlərdən xəbər verir?
- Lavrovun səsləndirdiyi fikirlərdə yeni heç nə yoxdur. Belə ki, münaqişənin mərhələli həll variantına uyğun olaraq, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması təmin olunmalı idi. Qaçqın və məcburi köçkünlər ərazilərə qayıtmalı və bundan sonra Dağlıq Qarabağın status məsələsi öz həllini tapmalı idi. Lavrov, sadəcə olaraq, yenilənmiş Madrid prinsiplərində əks olunmuş məqamları təkrar etdi. Məsələnin digər tərəfi isə Rusiyanın xarici işlər nazirinin məsələyə indiki şərtlər daxilində yenidən diqqət yetirməsidir. Hesab edirəm ki, bizim elə diqqət edəcəyimiz məqam, məhz bundan ibarətdir. Bu, hər şeydən öncə ondan xəbər verir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin xarakterini, sözün həqiqi mənasında, strateji müttəfiqlik kimi qəbul edir. Yəni Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də rusiyalı həmkarı Vladimir Putin Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu dəfələrlə qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipini təşkil edən əsas məqam ondan ibarətdir ki, biz dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər qururuq, əməkdaşlıq edirik. Azərbaycan xarici siyasətini çox uğurla həyata keçirməklə özünün milli maraqlarını müvəffəqiyyətlə müdafiə edə bilir. Təbii ki, digər dünya dövlətləri kimi Rusiya da Azərbaycanın müstəqil siyasətini, ölkəmizlə əməkdaşlıq etmək üçün yüksək potensiala malik olduğunu qəbul edir. Rusiya siyasi elitasında real düşüncə tərzi ondan ibarətdir ki, heç bir potensiala malik olmayan, regionda işğalçılıq siyasəti həyata keçirərək bütövlükdə təhlükəsizliyə çox ciddi təhdid yaradan Ermənistanla deyil, məhz əməkdaşlıq üçün hərtərəfli potensiala malik olan və regional təhlükəsizliyin problemlərini həll etməyə qadir olan Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Hesab edirəm ki, məhz Lavrovun indiki şəraitdə məsələyə diqqət yetirməsinin arxasında duran başlıca məqam bundan ibarətdir. 
Məsələnin digər tərəfi isə odur ki, artıq dünya miqyasında yeni reallıqlar meydana gəlməkdədir. 
 
- Rusiya tərəfinin ilk dəfə belə fikirlər səsləndirdiyini nəzərə alsaq, Ermənistanın reaksiyası buna adekvat idimi? Ermənistan XİN rəhəbəri Mnatsakanyanın Lavrovu təkzib etməsinin arxasında hansı səbəblər dayanır?
- Paşinyan hakimiyyətə gəldiyi ilkin vaxtlarda Rusiyanın əsas təşəbbüskarı olduğu Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, belə deyək, əhəmiyyətsizliyini əsaslandırmağa çalışdı. Bütün bunlar Rusiya ilə Ermənistanın münasibətlərini sərinləşdirən məqamlar kimi qiymətləndirilməlidir. Təbii ki, işğalçılıq siyasətini həyata keçirən Ermənistanla Rusiya arasındakı münasibətlərin bu və ya digər dərəcədə sərinləşməsi, ərazi bütövlüyünü təmin etmək istəyən, ədalətli mövqe nümayiş etdirən Azərbaycanın maraqlarına cavab verir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, artıq Ermənistan rəhbərliyi işğalçı dövlət olduğunu etiraf edir. Bildiyiniz kimi, fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransında cənab İlham Əliyevlə debat zamanı Paşinyan dolayısı yolla da olsa, Ermənistanın işğalçı dövlət olduğunu etiraf etdi. Onun Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq üçün uğursuz cəhdləri oldu. Bütün bunlar təbii ki, dünya ictimaiyyətinin müvafiq yeni yanaşmasını sərgiləyir. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq müstəvidə, eyni zamanda Rusiya tərəfindən daha ciddi qəbul olunmaqdadır. Bütün bunların fonunda hesab edirəm ki, biz, artıq Azərbaycanın maraqlarına cavab verən mövqelər müşahidə etməkdəyik ki, bunu Lavrovun timsalında vurğulamaq olar. 
Məsələnin vacib tərəfi ondan ibarətdir ki, Lavrov o ifadələri ilə, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını münaqişənin tənzimlənməsi istiqamətində bir addım kimi dəyərləndirməklə Ermənistan cəmiyyətində çox ciddi bir qarışıqlıq yaratdı və Mnatsakanyanın Lavrovun fikirlərinə reaksiyası özünü çox gözlətmədi. Mnatsakanyan növbəti dəfə Lavrovun səsləndirdiyi fikirlərə özünün etirazını bildirməklə, Ermənistanın işğalçılıq siyasətində israrlı olduğunu nümayiş etdirdi. Yəni Ermənistan bu günə kimi bəyan edirdi ki, o da yenilənmiş Madrid prinsiplərini qəbul edir, münaqişənin tənzimlənməsi istiqamətində dinc mexanizmlərin tətbiq olunmasını istəyir. Amma sonuncu fikirləri indiyədək Ermənistanın təqdim etməyə çalışdığı mövqeyi alt-üst etdi. Mnatsakanyan bir daha səsləndirdi ki, nə Ermənistan cəmiyyətində, nə də qondarma rejimdə torpaqların qaytarılması məsələsi qəbul olunmayacaq. Bu da bir daha ona dəlalət edir ki, Ermənistana qarşı, sözün həqiqi mənasında, ciddi təzyiq rıçaqları işə salınmalıdır. Regionda ciddi təsir imkanlarına malik olan Rusiyanın bu istiqamətdə mövqeyinin daha da qətiləşməsi ilə gələcəkdə yeni reallıqların ortaya çıxacağını ehtimal etmək olar. Bu da işğalçı Ermənistana öz yerini göstərməyə imkan verəcək. 

- Paşinyan və onun komandası niyə mərhələli həll planı ilə bağlı ilkin razılaşmanı erməni cəmiyyətindən gizlədirlər?
- Əslində erməni cəmiyyətindən heç nə gizlədilməyib. Yəni  onlar daxili auditoriyaya yönəlik bəyanatlar verirdilər. Sadəcə olaraq, bildirirdilər ki, münaqişənin tənzimlənməsinin dinc vasitələrini dəstəkləyirlər. Ermənistan cəmiyyəti də dərk edirdi ki, bu, hakimiyyətin deklorativ xarakterli bəyanatıdır və siyasi gedişlərdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, məsələn,  Sarkisyan hakimiyyəti  dövründə Ermənistan cəmiyyəti görürdü ki, hökumət Rusiya ilə münasibətlərini bu və ya digər dərəcədə sabit saxlayır. Amma 2017-ci ildə Sarkisyan Avropa İttifaqı ilə assosiativ müqavilə imzalamaqla Rusiya ilə münasibətlərinə bir növ xəyanət etmiş oldu. Təbii ki, onun hakimiyyətdə dayaqlarının zəifləməsini şərtləndirən əsas amillərindən biri rolunda bu amil çıxış etdi. Hazırda Paşinyan da, sadəcə olaraq, cəmiyyətə Rusiyanın bu mövqeyini izah edə bilmir və Ermənistandakı indiki cəmiyyət-hakimiyyət münasibətlərində əsas gərginliyi ehtiva edən məqam da məhz bundan ibarətdir. Yəni Rusiyanın dəstəyini itirmə ehtimalları Ermənistanda çox ciddi şəkildə nəzərdən keçirilməkdədir. İndiyədək Paşinyan və ya ondan əvvəl hakimiyyətdə olan Sarkisyan cəmiyyətə imitasiya xarakterli addımları ilə bağlı izah etməyə çalışıblar ki, torpaqları verməyəcəyik, sadəcə olaraq, danışıqlar prosesində iştirak edirik, status-kvonu saxlamağa çalışırıq. Cəmiyyət də bununla barışırdı. Amma indi hakimiyyətin cəmiyyət üzərindən manevr etmək imkanları məhdudlaşır. Rusiyanın timsalında bunu növbəti misal kimi göstərmək olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mövqeyini daha israrla qəbul etməkdədir. Cənab İlham Əliyevin hücum diplomatiyası özünün ciddi nəticələrini artıq verib. Dünya ictimaiyyəti Ermənistanı işğalçı kimi qəbul edir, Azərbaycanın ərazi bütövlüyü açıq mətnlə dəstəklənir, tanınır. 
 
- Belə bir yanaşmalar var ki, Rusiya, əslində belə açıqlamalar verməkdə səmimi deyil, məqsəd Paşinyanın Ermənistan daxilindəki mövqeyinin zəiflədilməsi və onun devrilməsi planının daha da sürətləndirilməsidir. Sizcə, bu yanaşma həqiqətə nə dərəcədə yaxındır?
- Yox, hesab edirəm ki, Rusiya Ermənistan daxilində Paşinyanın mövqeyini zəiflətmək üçün digər çoxsaylı rıçaqlara malikdir. Bunun üçün heç vaxt Dağlıq Qarabağ münaqişəsini istifadə etməzdi. Hesab edirəm ki, bu gün Rusiyanın belə bir mövqe nümayiş etdirməsini şərtləndirən başlıca məqam Rusiya-Azərbaycan münasibətlərinin doğru qurulmasından ibarətdir. Rusiya Azərbaycanı etibarlı, potensiallı tərəfdaş kimi qəbul edir. Rusiya belə bir mövqe nümayiş etdirməsə belə, Paşinyanı zəiflətmək və Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Məsələn, elektrik enerjisinin, təbii qazın qiyməti üzərindən Paşinyanın mövqeyini darmadağın edə bilər. Bu, Rusiya üçün daha rahatdır, nəinki bu gün bir mövqe nümayiş etdirib, sabah çəkilmək və bu çəkilmənin səbəblərini izah etmək. Yəni bu, Rusiya üçün məqbul variant ola bilməz. Digər variantları işə salmaqla, Rusiya Paşinyana təzyiq edə bilər.      
 
- Minsk qrupunun digər həmsədrlərinin mövqeyi də Rusiya kimi açıq şəkildə ortada olarsa, Ermənistana təzyiq edilməsinin mümkünlüyündən danışmaq olarmı?
- Vurğuladığım kimi, yeni reallıqlar formalaşır. Onlardan biri ondan ibarətdir ki, Paşinyan bu gün Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırır. Yəni dünənədək Ermənistan rəhbərliyi israrla ölkəsinin işğalçı olmadığını, münaqişənin baş vermə səbəbini qondarma rejimdəki ermənilərin öz müqəddəratını təyin etmək istəkləri ilə izah etməyə çalışırdı. Amma bu gün beynəlxalq platformalarda ölkə prezidenti çox tutarlı arqumentlərlə Azərbaycanın işğal altında saxlanılan ərazilərində Ermənistanın birbaşa nəzarət həyata keçirdiyini sübut edib. Məsələn, dövlət başçısı dəfələrlə qeyd edib ki, əgər Ermənistan Dağlıq Qarabağ ərazisinə nəzarət etmirsə, onda Ermənistan ordusu orada nə gəzir? Bütün bunların fonunda artıq Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq imkanları əlindən alınmış oldu və bunu da məhz Prezident İlham Əliyev etdi. İndi isə vəziyyət dəyişib və Ermənistan özünün işğalçılıq siyasətinə bəraət qazandırmaq məcburiyyəti qarşısında qalıb. Belə olan halda ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də ortaya obyektiv mövqe qoymuş olarsa, münaqişənin Azərbaycanın maraqları çərçivəsində həll olunması ehtimalı kifayət qədər ciddiləşəcək. Ümumiyyətlə, Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini şərtləndirən başlıca məqam ondan ibarət olub ki, bu günə kimi onlar münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe ortaya qoymayıblar. Bütövlükdə, ATƏT-in Minsk qrupunun obyektiv mövqeyi ortada olarsa, onda vasitəçiliyin səmərəsi olacaq. 

- Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir və bunu dövlət rəsmiləri də dilə gətirib. Bundan sonra danışıqların aparılacağı mümkündürmü? Mümkündürsə, bu, hansı formatda baş tuta bilər və  status-kvonun dəyişməsinə gətirib çıxaracaqmı?
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında videokonfrans formatında keçirilən son görüşdə qərara alındı ki, münaqişənin tənzimlənməsi məsələsinin müzakirəsi davam etdirilsin. Hesab edirəm ki, bundan sonra da danışıqlar prosesi davam etdiriləcək. Amma danışıqlar masasının arxasında əsas faktor rolunda güc çıxış edir. Azərbaycan özünün siyasi, iqtisadi, hərbi potensialını artırmaqla, elə danışıqlar masası arxasında müharibəni öz xeyrinə həll edə bilər. Yəni indiki dövrdə vacib deyil ki, düşməni mütləq güllə ilə öldürəsən. Öz potensialını gücləndirməklə də düşməni "siyasi nokauta” salıb məhv etmək mümkündür və Azərbaycanın strategiyası da elə bundan ibarətdir. Azərbaycan Prezidenti dəfələrlə beynəlxalq platformalarda Ermənistanın baş nazirini "siyasi nokauta” salıb. Bu da bütövlükdə Ermənistan dövlətinin məğlubiyyətinin elementlərini şərtləndirməkdədir. Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini bundan sonra da güclü etməklə, danışıqlar masası arxasında Ermənistanı məğlub edib, öz ərazi bütövlüyünü təmin edə bilər. Bir çox hallarda səsləndirilir ki, müharibə ilə zəbt edilmiş torpaqları ancaq müharibə ilə geri qaytarmaq mümkündür. Təbii ki, bu tezisi haradasa qəbul etmək olar, amma bu, heç də həmişə özünü doğruldan arqument olmayıb. Beynəlxalq təcrübə sübut edir ki, hər hansı bir dövlət öz gücünü o dərəcədə artırar ki, düşməni elə silahsız da kapitulyasiyaya məcbur edə bilər. Azərbaycan özünün həm hərbi, həm siyasi potensialını davamlı olaraq o həddə qədər gücləndirəcək ki, Ermənistanın torpaqları işğaldan azad etməkdən başqa yolu qalmasın. Təbii ki, bu, mərhələli şəkildə olacaq. Azərbaycanın strategiyası ondan ibarətdir və hədəf də məhz budur.

BƏXTİYAR