• cümə axşamı, 25 aprel, 03:50
  • Baku Bakı 19°C

“Lapşinin məhkəmə önünə çıxarılması çoxlarına dərs olacaq”

05.07.17 12:00 1157
“Lapşinin məhkəmə önünə çıxarılması çoxlarına dərs olacaq”
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” qanunlarımızın tələblərini kobud surətdə pozub. O, Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Bununla yanaşı, A.Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla bərabər, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin o, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Bu kimi hərəkətlərinə görə A.Lapşinin adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. 2016-cı il dekabrın 15-də Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar tədbirlər də görülüb, zəruri sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul etdikdən sonra o, fevralın 7-də Azərbaycana gətirilib. İyunun 30-dan etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində bloqger A.Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. HakimƏlövsət Abbasovun sədrlik etdiyi iclaslarda ittiham aktı elan olunub, şahidlər dindirilib, həmçinin A.Lapşin ona ünvanlanan bir sıra sualları cavablandırıb.

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olduğundan, təbii ki, bütün bu proseslər normal hal sayıla bilər. Lakin məsələnin prinsipial tərəfi A.Lapşinin hüquq çərçivəsində, məhkəmə qarşısında cavab verməsini təmin etməklə, Azərbaycanın işğal altında saxlanılan ərazilərinə gələcəkdə səfər etmək niyyətində olanları, qondarma rejimin təsiri altına düşə biləcək insanları, ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşanları bir daha xəbərdar etmək, onları bu əməldən çəkindirməkdir. Eyni zamanda, A.Lapşinin həbs olunaraq Azərbaycana gətirilməsi, məhkəmə önünə çıxarılması Ermənistan siyasi rəhbərliyinin, işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda insanlarımıza qarşı qətliamlar törədən hərbi cinayətkarların da gec-tez qanun qarşısında cavab verəcəyini dünyaya nümayiş etdirir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, A.Lapşinə qədər Azərbaycan sərhədlərini qanunsuz keçən, yəni işğal altındakı ərazilərimizə rəsmi Bakının icazəsi olmadan səfər edən, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan, dövlətimiz əleyhinə iş aparan qüvvələrin heç biri həbs edilərək məsuliyyətə cəlb olunmayıb. Millət vəkilinin sözlərinə görə, istənilən cinayət əməli, o cümlədən Lapşin kimi şəxslərin hərəkətləri cəzasız qaldıqca, kimlərsə bundan bəhrələnib və bu kimi əməllərin törədilməsində maraqlı olublar. Ç.Qənizadə deyib ki, A.Lapşinin həbsi, məhkəmə önünə çıxarılması çoxlarına dərs olacaq: "Prezident İlham Əliyev də öz çıxışlarında qeyd edib ki, Lapşinin həbs olunması Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər üçün dərs olacaq. Hər kəs daha aydın anlayacaq ki, belə hərəkətlərə yol vermək, Azərbaycan əleyhinə təbliğat aparmaq cinayət məsuliyyəti yaradan hallardan biridir. Məhkəmənin sonunda Lapşinin nə qədər ağır cəza almasından, cəzasını Azərbaycanda çəkməsindən, yaxud hansısa ölkəyə ekstradisiya olunmasından söhbət getmir. O, başqa ölkənin vətəndaşıdır və hüquqi müqavilələrə görə gələcəkdə onun ikinci, üçüncü ölkəyə verilməsi də mümkündür. Bütün bu proseslərdə ən əhəmiyyətli və vacib məsələ Lapşin və onun kimilərin ədalət mühakiməsi qarşısına çıxarılmasıdır. Beynəlxalq hüququn tələbi, Azərbaycan dövlətinin səyi, Prezident İlham Əliyevin şəxsi nüfuzu, Belarus hüquq-mühafizə orqanlarının məsələyə obyektiv yanaşması sayəsində bu, baş verdi. Lapşin kimi şəxslərin hərəkətlərində qanunun aliliyi prinsipinin rəhbər tutulması, belələrinin həbs olunması və məhkəmə qarşısına çıxarılması faktı başqalarına dərs olacaq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hüquqşünas Fazil Mustafa isə hesab edir ki, A.Lapşin kimi insanların hərəkətlərinin gələcəkdə də təkrarlanmaması üçün ona veriləcək cəza mühüm əhəmiyyət daşıyır. Deputat bizimlə söhbətində qeyd edib ki, A.Lapşinin həbs olunması, məhkəməsinin keçirilməsi hər şey demək deyil və ona lazımi cəza verilməlidir: "Hüququn aliliyinə, qanunun tələblərinə uyğun olaraq, Lapşinə layiqli cəza verilməlidir ki, başqaları da bundan hər hansı şəkildə ibrət götürsün. Əgər biz məhkəmədən sonra Lapşinin başını sallayıb hansısa ölkəyə getməsinə şərait yaratsaq, görülən bütün bu işlərin heç bir nəticəsi olmayacaq. Çünki Lapşinin həbs olunaraq Azərbaycana gətirilməsi prinsipial məsələdir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin xarakterinin göstəricisidir ki, o, Dağlıq Qarabağ məsələsinə nə dərəcədə prinsipial yanaşır, ərazi bütövlüyümüzü şübhə altına alan, ləyaqətsiz davranan birini başqa ölkədə həbs etdirib Bakıya gətizdirə bilib. Bu hadisə Azərbaycana olduqca böyük reytinq qazandırıb, ölkəmizin gücünü göstərib. Ona görə də prosesin davamı olaraq, Lapşini və bu addımı ata biləcək hər hansı şəxsi ciddi cəzalandırmalıyıq ki, başqaları da bundan ibrət götürsün, oxşar əməli törətməkdən çəkinsin. Buna nail olsaq, daha effektli nəticələr əldə edə biləcəyik”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər