• cümə, 19 Aprel, 05:18
  • Baku Bakı 18°C

Lao Madan hekayələr

24.12.15 11:25 1226
Lao Madan hekayələr
Çoxdankı arzu
- Mən məmur olmaq istəmirəm. Elə ki rütbə almaq məqamı yetişir, mən imkanımı kiməsə verirəm, - mənim müəllimim bu sözləri tez-tez dilə gətirirdi. Ya sinifdə, ya iclaslarda. O istənilən imkandan istifadə edib bu sözləri deyirdi. Ən azı bu sözləri min dəfə təkrar etmişdi.
Həmin müəllim yetmiş beş yaşında dünyasını dəyişdi. Yetmiş dörd yaşı olanda, yəni ölümündən bir il əvvəl o bu mövzuda nəyisə xatırlatdı. Dəqiq bilirəm ki, həmin gün ad günüydü Onun ad gününü təbrik etmək üçün keçmiş tələbə dostlarımla onlara getmişdik. Həmişəki kimi biz ona iri bir tort aparmışdıq.
Müəllimim çox həyəcanlanmışdı. O, özünü elə göstərdi ki, niyə torta bu qədər pul xərcləmişik, az sonra isə bıçaq götürüb tortu dilimləməyə başladı. Biz onun sağlığına tost deyəndən sonra o bizə xəbərdarlıq etdi:
- İndi sizin kimi məmurlar çox da özlərini düşünmürlər. Faktiki olaraq, bəzi adamların sizdən daha potensialı və daha çox bacarığı var, ancaq onlar məmur olmaq istəmirlər.
Biz başımızla onun fikrini təsdiqləyib, “bəli, elədir” dedik. Ancaq hər halda biz özümüzü çox pis hiss etdik, çünki o bizi “ məmur” adlandırmışdı.
Biz isə adicə, cavan şöbə rəhbərləri idik.
- Məndən nümunə götürün, - mənim müəllimim özünün başına gələnləri bizə danışmağa başladı.
- Hələ orta məktəbdə oxuyanda sinif müəllimim məndən xahiş etdi ki, sinif nümayəndəsi olum, ancaq mən onun təklifini rədd etdim. Qərara aldım ki, belə bir imkanı başqa bir adama verim. Sonra heç də mənim kimi yaxşı şagird olmayan birisi sinif nümayəndəsi oldu. Sonralar ona yerli hökumətə hesabatçı işi təklif etdilər, Mer vəzifəsinə qədər yüksəldi. O Çin Xalq Siyasi Məsləhətçisi kimi təqaüdə çıxdı. Əlbəttə, vəzifəsi ona çox rahat həyat şəraiti bəxş etdi.
Universiteti bitirəndən sonra mənə hökumət işində bir vəzifə təklif olundu. Ancaq mən məmur olmaq istəmədim, bunu siz də bilirsiniz Mən universitetdə müəllim işləməyi üstün tutdum. Mənim dövlət qulluqçusu olan sinif yoldaşlarımın çoxu hansısa büroda, idarədə müdir oldular. Hətta onların ikisi nazir müavini oldu. Onlar səlahiyyət sahibiydilər. Hmmm.
1962-ci ilin iyul ayında mənə bir idarədə rəhbər iş təklif etdilər. Eyni zamanda universitetdəki işimi də apara bilərdim. Mən onlara dedim ki, inzibati işlər mənlik deyil. Həm də mənim belə işdə bacarığım yox idi. O vəzifəni Lao Donga verdim. O da universitetdə bizimlə eyni şöbədə işləyirdi. Sonralar o müəllimlikdən əl çəkdi və Universitetin baş katibi oldu. İndi onun mənzili mənimkindən daha genişdir, əlbəttə. Maaşı da mənimkindən çox yüksəkdir.
Mədəni İnqilabdan sonra, bəli, 1977-ci ilin avqust sayında Universitetin Təşkilat komitəsi mənimlə söhbət etdi. Dedilər ki, Təhsil İşləri Şöbəsində direktor yeri boşdur. Xahiş etdilər ki, bu vəzifəni icra edim. Mən yenə də imtina edib, həmin yeri başqa həmkarıma verdim. Həmkarım heç də mənim kimi yaxşı tələbə olmamışdı, ancaq təzə başlayanda çox həyəcanlı idi. Bir neçə ildən sonra o başqa bir universitetə dekan müavini vəzifəsinə irəli çəkildi. İndi o daha çox fayda görür, nəinki mən.
1983-cü ilin aprel ayında universitetin rektoru şəxsən özü mənimlə görüşdü, məni inandırmaq istədi ki, Fəhlə İttifaqında direktor müavini vəzifəsinə getsəm uduzmaram. Bu heç də pis təklif deyildi. Bu təklifi rədd etməzdən əvvəl çoxlu-çoxlu fikirləşdim. Başqa gənc həmkarlarım da bu işə gedə bilərdilər. Mənim əvəzimə o vəzifəyə gedən adam sonralar həmin təşkilatın direktoru oldu. Onun rütbəsi universitetin rektor müavinin vəzifəsi ilə eynidir. O üç dəfə xaricə gedib.
Hələ təqaüdə çıxmazdan qabaq Köhnə Kadrlar şöbəsi məni müşavir kimi işə götürmək istədi. Düzdür, bu işdə heç bir maddi gəlir yox idi. Mən həmişəki kimi bu işi də rədd etdim. Heç uşaqlığımda məmur olmaq fikrim olmayıb. Daha heç kimi günahlandıra bilmərəm. Mənim kresloya hərisliyim yoxdur. Bu işdə işləyənlər özlərini düşünə bilmir. Gərək yaxşı şans olanda başqalarına verəsən. Siz də belə fikirləşmirsiniz? Sizə həmişə belə demirdim?
- Bəli, bəli, bəli, - hər ikimiz xorla dedik. Sonra onun dediklərinə təriflər yağdırdıq, onun sosial dərəcəsini alqışladıq.
Müəllimimiz öləndə biz, onun elçiləri ona son borcumuzu verməyə və onun dəfninə kömək etməyə getdik. Arvadı bizə dedi ki, əri ölüm yatağında olanda onu çağırıb xahiş edib ki, ona təklif olunan məmur işləri haqda nekroloqda da yazılsın. Bunu həyata keçirmək bərk qoz sındırmaq kimiydi. Sonda onun bu arzusu həyata keçirilmədi. Arvadı bundan qane olmadı. Arvadı ayrılıqda məndən soruşdu ki, görəsən ölən adam özünün Dəfn Təşkiletmə Komitəsinin rəhbəri vəzifəsinə seçilə bilərmi? Mən başımı bulayıb ah çəkdim.
Beləliklə, bu müəllimim haqda yazmaqla ona olan hörmətimi göstərmək istədim.
İngilis küncü
- Universitetdə ən maraqlı yer “İngilis küncü”dür.
Mən hələ birinci kursda oxuyanda yuxarı kurs tələbləri bu sözü bizə tez-tez deyirdilər.
“İngilis küncü” açıq bir yerdir, yeddi və səkkiz nömrəli tədris binası arasında yerləşir. Bu yeri alaq basıb, hər tərəf kol-kosdur.
Gecələr orda işıq olmazdı, tələbələrin çoxu isə səhərəcən orada olardı.
Həftə sonları oğlanlar və qızlar orada toplaşar, qəribə intonasiya ilə bir-biriylə söhbət edirdilər.
Bir yuxarı kurs tələbəsinin dediyinə görə ora toplaşanların ağzından çıxan sözlərin hamısı ingilis dilindədir. “İngilis dilini öyrən, bütün həyatın boyu bunun mükafatını görəcəksən.”
Biz qorxa-qoxa həmin yerə baxardıq. Sonra o qəribə səslə danışanlardan biri yanımıza gəldi ki, bizimlə danışsınlar. Aman Allah, onların dediyi bircə kəlməni də başa düşmədik!
Xoşbəxtlikdən, həmin yuxarı kurs tələbəsi bizi həvəsləndirdi, dedi ki, ilk dəfə hamı elə bizim kimi reaksiya verir, zaman keçdikcə onların sözlərini başa düşəcəyik.
Açıq-aydın biz də kifayət qədər mükafatımızı almışdıq.
İlk dəfə İngilis küncünə gedib-qayıdan tələbə yoldaşlarımızın kefi göylə gedirdi. Bilinmirdi ki, orada nə görüblər, nə eşidiblər.
Zhao öz kəndindən olan bir nəfərlə rastlaşdı, “bizim qardaş, kim və necə” sözünün mənasını öyrəndi, bunun da mənası “Qardaşcasına bağlılıq, dəniz kimi dərindir”. demək idi.
Zhaonun həmkəndlisi qolunu onun boynuna dolayıb bu ifadəni ona söyləyib. Zhao elə kövrəlib ki, könüllü olaraq yemək üçün onun yerinə iyirmi yuan ödəyib.
Qian bakalavr idi, onlar hər ikisi eyni orta məktəbdə oxuyub. Gələcəyin doktorantı özünün balaca qardaşına “yaxşı təhsil al, hər gün bir az da yaxşı oxu” dedi. Qian dərhal bu sözün mənasını başa düşdü, onun dediklərini yadda saxladı: “Çox oxu, hər gün özünü təkmilləşdir” mənası verirdi onun sözləri.
Sun bizə dedi ki, kimsə qəsdən onun ayağı üstündən keçib, o da onunla ciddi davaya girişib. Həmin oğlan çox kobud imiş, o belə deyib: “ millətini de, ayağın altına bax, gör, gör” Bu sözlər də Sunu çaşdırıb. Oğlan bağırıb: “Nə zibilsən! Sən bu cür zəif ingilis dilinlə necə cürət edib bizimlə danışırsan?”
Yalnız bundan sonra Sun oğlanın dediyi sözlərin ciddiliyini anlayıb yataqxanaya qaçıb.
Bizi ora aparan qızın adı Lee idi.
O bir sarışın xariciylə rastlaşdı, o da elə hey danışırdı. Lee heç bilmirdi ki, o nə istəyir, o canını onun əlindən qurtarmaq üçün gizlənməyə yer axtardı. Bu xarici tələbə Leenin arxasına düşüb onu təqib edib, Leenin başqa yolu qalmayıb, ona görə də o yaxınlıqdakı bir az özündən yaşlı oğlandan kömək istəyib. Həmin oğlan da xarici tələbəyə yaxınlaşıb, onun saçından qamarlayıb, bu vaxt oğlanın pariki düşüb, keçəl başı görünüb. Onun daz başı az qala bütün İngilis küncünə işıq saçıb.
Yaşlı oğlan qışqırıb:
- Cəhənnəm ol, köpək oğlu! Keçən dəfə mən sənin az qala qıçlarını sındırmışdım, sən yenə də bura gəlməyə cürət edirsən?
- Yəqin sizin nəcislə dolu daha uzun bağırsağınız var ki, bura gəlirsiniz, - xarici tələbə nifrətlə dedi.
Biz maraqla o biri həftənin sonunu gözlədik, biz də belə bir atmosferdə özünüzü görmək istəyirdik.
Universitetdə keçirdiyimiz dörd il ərzində biz İngilis küncü haqqında çox şey öyrəndik.
Demək olar ki, qrupumuzda hər kəs orada özünə qız və oğlan dostu tapdı.
Mən özüm də İngilis küncündə özümə çoxlu dostlar tapdım. Bəziləri xaricdən gələn tələbələr idi. Onlar ingilis dilində elə danışırdı ki, heç kim onların nə dediyini anlamırdı.
Onlarla müqayisədə mənim heç bəxtim gətirmədi.
Bu illər ərzində İngilis küncündə az da olsa ingilis dili öyrəndim.
Eləcə də. orada üç qol saatı, dörd portmanat, üç maqnitofon itirdim. Mənim ən böyük uğursuzluğum başqa universitetlərdən gələnlərlə dalaşmağım və bütün qabaq dişlərimi itirməyim oldu (indi dişlərim protezdir). Nəticədə intizam qaydalarını pozduğuma görə xəbərdarlıq aldım. Məlum oldu ki, dalaşdığım oğlan bizim dekanın oğlu imiş.
İndi mən polis olmuşam, həbsxanada mühafizəçi işləyirəm. Qəribə də olsa həbsxanada yatan məhbusların çoxunun üzü mənə tanış gəlir. Sonra onlarla qısa söhbətim vaxtı aydın oldu ki, onların hamısı vaxtilə İngilis küncünə baş çəkib. Ola bilsin ki, mənim İngilis küncündə itirdiyim qol saatlarının, portmanatların, maqnitofonların bununla bir əlaqəsi var.

İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər