• cümə axşamı, 25 aprel, 04:12
  • Baku Bakı 19°C

Lamiyə Quliyevanın vəsatəti təmin edilmədi

13.02.15 08:44 1180
Lamiyə Quliyevanın vəsatəti təmin edilmədi
Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmənin ilkin baxış iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil L. Quliyevanın barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb.
Daha sonra çıxış edən Lamiyə Quliyeva övladını azadlıqda böyütmək istədiyini deyib.
O, ilk cinayətini azyaşlı olanda törətdiyini bildirib: “Bütün həyatım məhv oldu. Məni heç kim qınamasın. Bu qədər cəza çəkəndən sonra bu qərara gəlmişəm. Mən hamıdan xahiş edirəm məni azadlığa buraxsınlar. Artıq yorulmuşam”.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxışı fevralın 20-nə təyin olunub.
Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.
Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.
L. Quliyeva bir müddət əvvəl ana olub.
banner

Oxşar Xəbərlər