AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Lağlağı verilişlərinin axırı yoxdur

Lağlağı verilişlərinin axırı yoxdur

Mədəniyyət
03 Aprel 2013, 14:15 2741
Telekanallarımızda təqdim olunan yumoristik proqramların əksəriyyətinin halına ağlamaq lazımdır

Televiziya kəşf olunandan bu günə qədər keçdiyi inkişaf yoluna nəzər salsaq, görərik ki, dünya ölkələrində bu sahə sürətlə və peşəkarcasına inkişaf etməkdədir. Ancaq Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Televiziyalarımız şou-biznesin, yüngül düşüncə məhsulu olan proqramların, acı bağırsaq kimi uzanan serialların əsirinə çevrilib.

Savadsız, dünyagörüşü zəif olan aparıcıların əlində oyuncağa çevrilən verilişlərimizin keyfiyyəti kifayət qədər aşağıdır. Bu kimi hallar tamaşaçıların yerli kanallardan üz çevirməsinə və əcnəbi kanallara meyl etməsinə səbəb olur.

Yumoristik verilişlərimizin vəziyyəti isə daha acınacaqlıdır. Verilişi izləmək istəyən tamaşaçıların əksəriyyəti ona uzun müddət baxa bilmir və bir müddətdən sonra kanalı dəyişdiklərini söyləyirlər. Mütəxəssislər bu sahədə ciddi kadr çatışmazlığının olmasından şikayətlənirlər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli nə yumoristik proqramların, nə də yumoristik seriallarımızın kifayət qədər inkişaf etdiyini bildirdi: “Yumoristik proqramlar səviyyə baxımından çox aşağıdır. Verilişlərdə tamaşaçılara təqdim olunan gülüş ibtidai hisslərin üzərində qurulub. Azərbaycanda televiziya dramaturgiyası, xüsusən də televiziyada yumoristik proqramlarla məşğul olan mütəxəssislər çox azdır. Bunlar televiziya əyləncəsinin tərkib hissəsidir. Ən böyük problem isə peşəkarlığın lazımi səviyyədə olmamağındadır. Neçə illərdir incəsənətdə məhz televiziya sahəsi üzrə mütəxəssislər yetişdirilməyib.

Düzdür, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş və ekran dramaturgiyası” ixtisası mövcuddur. Lakin o ixtisasda da “Janr təsnifatı” və bu kimi dərslər keçirilmir. Ona görə də bu sahədə mütəxəssis boşluğu yaranıb. Azərbaycanda belə verilişlər həvəskar səviyyəsində fəaliyyət göstərir. Müəyyən dövr hansısa verilişlər maraqlı ola bilər, ancaq bir müddət keçdikdən sonra verilişlərimizdə tükənmə halları baş verir. Televiziyalara gətirilən həmin istedadlı gülüş ustalarının bazaları olmalı və cilalanmalıdır. Bu gün verilişlərimizdə çirkin gülüşə üstünlük verilir. Verilişlərimizin keyfiyyətinin aşağı olmasını məhz bununla yozuram. Kanallarımızda yaradıcı komandalarda işləyən peşəkarların sayı çox azdır. Əslində televiziyaların özləri buna nəzarət etməlidir və o verilişi təşkil edənlərin qarşısına tələb qoyulmalıdır. Təəssüf ki, bu tələb onlara tətbiq olunmur. Ona görə də televiziya verilişlərimizdə nümayiş olunan gülüş özünü doğrultmur”.

Əməkdar artist Novruz Qartal da bu gün efirlərdəki yumoristik verilişlərin əksəriyyətinin gülüş doğurmadığını qeyd etdi: “Bəzən həmin verilişlərin təşkilində rejissorun zəifliyi özünü büruzə verir. Tamaşaçılara təqdim olunan gülüş mənalı gülüş olmalıdır. Daha ağızlarına gələn, lağlağı ilə hazırlanan gülüş olmamalıdır. Gülüş yaranan vəziyyətdən doğmalıdır. Gülmək üçün o şəraiti yaratmaq lazımdır. Əvvəllər “Mozalan” adlı veriliş var idi, onu tamaşaçılar maraqla izləyirdilər. İndi də tamaşaçılar onun kimi həqiqi gülüş doğuran verilişlərə baxmaq istəyirlər. Çünki o gülüşdə məna, süjet xətti var. Lağlağı verilişlərinin axırı yoxdur. Bir də görürsən ki, efirə çıxanlar “meymunluq etməyə” başlayırlar. Bəzi televiziya verilişlərinə baxmağa çalışıram, ancaq hövsələm çatmır ki, onları axıra kimi izləyim. Ona görə kanalı dəyişirəm. 2010–cu ilə kanallarımızda bayram verilişləri gedirdi, onları hamı maraqla seyr edirdi. Son illərdə belə verilişlər azlıq təşkil edir. Televiziyada elə adamları nümayiş etdirirlər ki, onların heç aktyorluqdan xəbəri yoxdur. Hər bir sahənin öz sənətkarı var. Müğənni gedib müğənniliyini etsə yaxşıdır. Çox zaman müğənnilərin aktrisalıq etməsi halları ilə rastlaşırıq. Bu da heç xoş hal deyil”.

Azərbaycanın Cem Yılmazı kimi tanınan bir neçə yumor verilişinin aparıcısı Fərda Xudaverdiyev bu gün yumoristik verilişlərin əksəriyyətinin duzsuz yumor olduğunu və hazırladığı yeni yumoristik verilişinin digər verilişlərinə nisbətən daha çox reytinq qazanacağını bildirdi: “Bu sahədə ən böyük qıtlıq ssenaridə özünü büruzə verir. Bu sahənin peşəkarlarına da müraciət olunmur. Bunun nədən qaynaqlandığını bilmirəm. Azərbaycanda dünyanın heç bir yerində olmayan hadisələrlə rastlaşırıq. Lider televiziyasında “Stand up” adlı verilişim bu yaxınlarda işıq üzü görəcək. Bu verilişimdə gördüyünüz digər verilişlərimdən 2 dəfə artıq reytinq qazanacağıma inanıram. Qəzetiniz vasitəsilə bütün jurnalistlərə, media əhlinə səslənirəm ki, verilişləri izlədikdən sonra düzgün analiz etsinlər. Məşhurların şəkillərinə baxmaqla iş bitmir. Maraqlanmaq lazımdır ki, son illər kim nə uğurlar qazanıb, kim nə işlə məşğuldur. Çünki onların qələmindən çıxan hər kəlmə tamaşaçılar tərəfindən oxunulur. Bütün jurnalistlərdən xahiş edirəm ki, hər şeyə real şəkildə yanaşsınlar. Azərbaycanda yumorla məşğul olan 4-5 insan var. Bu elə də böyük göstərici deyil. Bizim gənclik çağımız da demək olar ki, keçib. Artıq 33-34 yaşımız var. Bu gün bu sahə üzrə yetərincə peşəkar olduğumu hiss edirəm. Maliyyədən çox insanları düşünmək daha yaxşı olardı. Çünki tamaşaçılar da ekran qarşısına keçib maraqlı verilişlərə baxıb gülmək istəyirlər. Bu sahədə işləyən insanlar üzdə olan yaradıcı insanlardan istifadə etməyib, ulduz kəşf etmək arzusundadır. 1996-cı ildən ssenari yazıram, 2003-cü ildən “Tək səbir” verilişindən tanınmağa başladım. Nə ediriksə, öz gücümüzə etməyə çalışırıq. Düşünürəm ki, saxta gülüşlərin qarşısını almaq üçün ilk növbədə saytlardan və verilişlərdən hazır alqışları yığışdırmaq lazımdır. Kimin nəyə gülməyi gəlirsə, onun altına bir gülüş qoyulur. Bir yerdə gülüş varsa, ona əlavə gülüş qoymağın nə mənası var ki? Tamaşaçının gözü tərəzidir, onlar hər şeyi bizdən yaxşı bilir. Məni də bəyənməyənlər çoxdur. Bunların nisbətində şükürlər olsun ki, bəyənənlər daha çoxluq təşkil edir”.

Yumor ustası tamaşaçıların bayağı gülüşlərə öyrəşəcəklərindən qorxduğunu da söylədi: “Məhz bu iş üçün yaranan insanlardanam. Müvəqqəti bu sahəyə gəlib, pul qazanıb qaçmaq istəyən insanlardan deyiləm. Qəzetiniz vasitəsi ilə bu işə dırnaqarası baxanlardan xahiş edirəm ki, insanların gülüş zövqünü korlamasınlar. Əgər pul qazanmağın yollarını tapmırlarsa, mən onlara başqa sahədə bacardığım qədər iş tapmağa çalışaram. Amma bu sahəni korlamasınlar. Çünki gülüş çox həssas məsələdir. Hazırda yumoristik verilişlərin vəziyyəti çox bərbaddır. İki dostun arasında etdiyi duzsuz zarafatı belə, səhnədən 9 milyona təqdim etmək bir az gülünc görünür. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, çox gözəl olar. Bu işə canını qoyan insanları cəlb etmək daha münasibdir”.

Xəyalə Rəis