AZE | RUS | ENG |

Lahıcdan alınan samovara Los-Ancelesdə od sala bilmirsənsə...

Lahıcdan alınan samovara Los-Ancelesdə od sala bilmirsənsə...
Ekspertlər deyir ki, problemlə üzləşməmək üçün alınan əşyaların sertifikatı olmalı, ölkədən çıxarılmasına icazə alınmalıdır

Amerikanın Los-Anceles şəhərində yaşayan soydaşımız, Beynəlxalq Mədəniyyət Evinin rəhbəri, rejissor Sevinc Səfərova vətənə son səfərində xoşagəlməz hadisə ilə rastlaşıb. 
 
"Bu yay Lahıcda olarkən özümlə aparmaq üçün samovar aldım. Amerikada yaşasam da, milli yeməklərimizi bişirir, özümlə bərabər oxlov, dördayaq, aş qazanlarımı aparmışam. Mədəniyyət evimin bir hissəsində Azərbaycan guşəsi yaratmışam. Orada yaşayan çoxmillətli xalqların nümayəndələri ilə görüşür, tədbirlər keçirir, Azərbaycan milli mətbəxini, mədəniyyətini təqdim edirəm. Sonuncu dəfə Bakıya gələndə istədim ki, samovar alıb bu görüntünü tamamlayım. Ancaq hava limanında samovarın sərhəddən keçirilməsinin qadağan olduğunu söylədilər. Lahıcdan aldığım samovara görə sənəd tələb etdilər. Əgər sərhəddə məndən bunu tələb edəcəkdilərsə, niyə satış yerlərində bununla bağlı bir söz demədilər? Açıq şəkildə satılırsa, biz bunu nə üçün sərhəddən keçirə bilmərik? Yaşadığım ölkədə ermənilər gündə bir lavaş yeri açır, samovar çayı dəmləyib amerikanlara "bunlar bizim mətbəximizdir” deyib təbliğ edirlər. Ancaq biz bir samovarımızı sərhəddən keçirə bilmirik”,  – deyə Sevinc Səfərova öz etirazını bizə bildirib. Nəinki müsahibimiz, digər şəxslər də son illər sərhəddən xalça, xalı, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatlarını keçirə bilmədiklərini və bunun üçün xüsusi sənəd və ya sertifikat tələb olunduğunu bildirirlər. 
 
Biz də məsələnin ciddiliyini  nəzərə alıb, araşdırma apardıq, bu problemin hüquqi tərəfini öyrənməyə çalışdıq.   
 
Samovar muzey əhəmiyyəti daşıyırsa... 
 
Mədəniyyət Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  İntiqam Hümbətov deyir ki, bu qayda "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hazırlanıb və mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən edir: "Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na əsasən müvəqqəti ixrac oluna bilər. Əlbəttə ki, həm yerli, həm də xarici  vətəndaşlar tarixi əhəmiyyət kəsb edən hər hansı bir əşyanı sərhəddən keçirərkən, onu ekspertlərə təqdim etməli, onların təqdim etdiyi sənəddən sonra ölkədən çıxarmaq hüququna malikdirlər. Bunun üçün bizim ekspert  komissiya üzvlərimiz də mövcuddur. Mədəni sərvətlərin qanunsuz idxalının, ixracının və ya dövriyyəsinin qarşısının alınması məqsədi ilə Mədəniyyət Nazirliyi xarici dövlətlərin aidiyyəti orqanları və təşkilatları ilə əməkdaşlıq edir”. 
 
İki növ prosedura əməl olunmalıdır
 
Dövlət Rəsm Qalereyasının direktoru, Dövlət Ekspert Komissiyasının üzvü Qabil Qasımov məsələ ilə bağlı danışarkən tarixi və bədii əhəmiyyət daşıyan əşyaların ölkədən çıxarılmasına məhdudiyyət qoyulduğunu qeyd etdi: "Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qərarların əsasında həmin əşyalara nəzarət olunur. Məsələnin həlli ilə bağlı Mədəniyyət Nazirliyinin nəzdində dövlət ekspert komissiyaları fəaliyyət göstərir. Bizim öz muzeyimizdə də ekspert komissiyası var. Nəinki bizdə, Xalça Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyində də ekspert komissiyaları mövcuddur. Orada Mədəniyyət Haqqında Qanuna və Nazirlər Kabinetinin qərarlarına əsasən, əsərlərə, antik əşyalara baxılır, nəzarətdən keçirilir. Əgər həmin əşyalar tarixi və bədii əhəmiyyət daşımırlarsa, mədəni irs hesab olunmurlarsa, ölkədən çıxarılmasına icazə verilir”. 

Ekspert komissiyasının üzvü deyir ki, həmin əşyaların hardan alınmasının heç bir fərqi yoxdur: "Əgər əşya satış nöqtələrindən alınıbsa, alan şəxslər iki növ prosedura əməl etməlidirlər: özləri aparırlarsa, yaxud karqo ilə göndərirlərsə, çətinlik yaranmasın deyə, onun öncə məişət sertifikatını almalıdırlar. Yaxud da həmin əsərləri ekspert komissiyasına təqdim etməlidirlər. Ekspert komissiyasının üzvləri ona baxır, qiymətləndirir və qərar verirlər ki, bu əsəri sərhəddən buraxmaq olar, ya yox. Daha sonra ərizə yazıb ödəniş edərək, qəbz alırlar. Həmin əşyanın sertifikatlarını əldə edirlər. Bu proses təcilidirsə, bir günə, təcili deyilsə beş günə təhvil verilir. Yoxlanış əsnasında, dəfələrlə əşyaların ölkədən buraxılmaması ilə bağlı dəfələrlə qərar qəbul olunub. Nazirlər Kabinetinin 2014-cü ilin 29 avqustunda 293 və 294 nömrəli qərarları var. Həmin qərarda  sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti icraçı qaydasına uyğun olaraq, bu əşyalar ölkədən çıxarıla və yaxud da saxlanıla bilər. Əgər həmin əşyanın yaşı 60 ildən artıqdırsa, tarixi əhəmiyyət kəsb edən əntiqi bir əsər kimi qiymətləndirilir. Əsas kriteriyalardan biri odur ki, o, muzey əhəmiyyəti daşımasın. Yox, əgər muzey əhəmiyyəti daşıyırsa, qanuna müvafiq olaraq, həmin əşyanın ölkədən çıxarılmasına icazə verilmir. Vətəndaş onu öz evində saxlayır və öz əmlakı kimi istədiyi şəkildə istifadə edir”. 
 
Bu məsələdə Gömrük Komitəsi  icraedici orqandır
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov  bildirdi ki, sərhəddən hər hansı tarixi bir əşya keçirmək istəyən şəxslərin mütləq şəkildə Mədəniyyət Nazirliyindən kağız alması şərtdir. Yalnız bu şəkildə həmin əşyanın ixrac olunmasına icazə verilir: "Belə olan halda gömrük icraedici orqana çevrilir. Göndərilən sənədə baxılır və əşyalar sərhəddən keçirilir. İçərişəhərdə bəzi mağazalar var ki, sertifikat verirlər və onlar Mədəniyyət Nazirliyinin nəzarətindədir. Onların qarşılıqlı anlaşması var. Ancaq digər bazarları bilmirəm. Bununla bağlı Mədəniyyət Nazirliyindən daha ətraflı məlumat əldə etmək mümkündür”.
 
"Samovar hər yerdə var”
 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bizimlə söhbətində Azərbaycanda qəbul olunmuş xüsusi qanunlardan bəhs etdi. Bildirdi ki, müəyyən bir əsər, əşya muzey və tarixi əhəmiyyətlidirsə, ölkə çıxarıla bilməz: "Bunu muzeylərdə fəaliyyət göstərən ekspert komissiyaları müəyyənləşdirir. Misal üçün, Xalça Muzeyində xalça və tətbiqi sənət nümunələri ekspertə təqdim edilir və müəyyən ödənişlə sertifikat alınır. Məhz bundan sonra həmin əşyanı ölkədən kənara aparmaq mümkündür. İncəsənət Muzeyində də təsviri incəsənət əsərləri ilə bağlı belə bir ekspert komissiyası fəaliyyət göstərir. Əgər əsər tarixi əhəmiyyət daşıyırsa, onun çıxarılmasına razılıq verilmir. Bu, qanundur. Ola bilsin ki, həmin o əşyaları alanlar fikirləşirlər ki, bunların heç bir tarixi əhəmiyyəti yoxdur. Bəlkə də onları suvenir kimi alırlar. Görünür, sizə müraciət edən xanım tarixi əhəmiyyəti olan samovarlardan alıb”.

1993-cü ildə İncəsənət Muzeyindən dünya şöhrətli rəssamların qrafik əsərlərinin oğurlanması ilə bağlı araşdırma aparan  ekspert, tarixi əhəmiyyət kəsb edən əşyaların vətəndən kənara çıxarılmasının tərəfdarı olmadığını bildirdi. O ki, qaldı samovar məsələsinə, incəsənət xadimi bunu problemə çevirməyin mənasız olduğunu vurğuladı: "Samovar hər yerdə var”.
 
Gömrük işçilərinin haqlı və düzgün mövqeyi 
 
Millət vəkili, hüquqşünas Çingiz Qənizadə bunun dünya praktikasında istifadə edildiyini, əntiq əşyalar ölkədən çıxarılarkən onunla bağlı müəyyən setrifikatlar tələb olunduğunun vacibliyini vurğuladı: "Bir dəfə dostumu Novqorod şəhərinə yola salırdım. O, özü ilə tar aparırdı. Məlum oldu ki, o qədər də qədim tar deyil. Bir az araşdırma etdikdən sonra təsdiqləndi və ona icazə verildi. Müəyyən edildi ki, bu tar əntiq əşyalar siyahısına daxil deyil. Elə predmetlər var ki, onların dəyəri var. Bu cür əşyaları alan şəxslər mütləq şəkildə sertifikat almalıdırlar. Bəzən mağazalar buna öz köməkliyini göstərir. Ona görə, insanlar bilməlidir ki, əşyanın tərkibində qiymətli metallar ola bilər. Bu baxımdan, gömrük işçilərinin burada tutduğu mövqe haqlı və düzgündür. Bəlkə o samovar qızıldan hazırlanıb, bəlkə ondan dünyada bir dənədir? Ölkədən çıxararkən, bir neçə gün əvvəl o əşyaların sertifikatını əldə etmək mütləqdir. Təkcə samovar deyil, qiymətli əşyalar satan bir çox satış obyektləri var ki, mağaza sahibləri bunun həlli yollarını bilirlər. Onlar bu baxımdan, vətəndaşa yardım göstərə bilirlər. Misal üçün, arayış verilir ki, bunun qiyməti 10 manatdır və bu əntiq əşyalar sırasına daxil deyil. Bu məsələdə vətəndaş özü maraqlı olmalıdır. Həm də biz vətəndaşın mövqeyini müzakirə etməli deyilik. Bəlkə bu elə bir dəyərli əşyadır ki, Azərbaycan muzeylərində sərgilər üçün lazımdır. Azərbaycanı təbliğ etmək üçün əntiq əşyalarını ölkədən çıxarmağa ehtiyac yoxdur”.
 
İçərişəhərdə yerləşən qədim və əntiq əşyalar, o cümlədən, xalça və qədim el sənəti nümunələri satılan mağazalardan birinin sahibi Tofiq  Məmmədov deyir ki, mağazadakı xalça və kilimlərə, samovarlara böyük maraq var: "Bizim mağazamızda olan əşyalar qədim deyil, indiki dövrə aiddir, amma yenə xarici turist alarsa, ölkədən çıxarmaq üçün əlində sertifikatı olmalıdır. Belə əşyaları ancaq avropalılar, bir də özümüzünkülər alırlar. Çox zaman xaricdə yaşayan azərbaycanlılar alır və əşyaları özləri ilə aparacaqlarını deyirlər. Heç bizdən də soruşmurlar ki, bunu sərhəddən keçirmək üçün sizdə həmin əşyanın sənədi varmı? Bəlkə də xəbərləri yoxdur. Bizə nə lazımdır? Məhsulumuzu sataq. Müştəri onu sərhəddən necə və hansı üsulla keçirməyi bizdən soruşmursa biz heç bu məsələdə maraqlı da deyilik”. 

Bəli, məsələ təkcə samovarda deyil. Məsələ bu mövzuda xarici və yerli vətəndaşların kifayət qədər məlumatsız olmasıdır. Ekspertlər isə məsləhət görür ki, milli suvenir alarkən ehtiyatlı olmaq vacibdir. Əgər bu əşyanı sərhəddən keçirmək istəyirsinizsə, onun yoxlanışdan keçilməsi qaçılmazdır. Əks təqdirdə, samovarınıza od sala bilməyəcəksiniz.  
 
Xəyalə Rəis 
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157