• çərşənbə, 24 Aprel, 08:04
  • Baku Bakı 13°C

Laçının səsi

28.07.15 11:38 2905
Laçının səsi
Onunla IV muğam müsabiqəsi iştirakçılarının seçim turunda görüşdük. Hiss edirdim ki, iddiaçıların çoxunu tanıyır, amma tanımadıqlarıyla da eyni diqqət və həyəcanla maraqlanır. Söz- sözü çəkdi, heç bilmədik bu söhbət necə uzandı, vaxt necə keçdi. Bir də gördüm tanınmış gənc xanəndə Ehtiram Hüseynovla əməlli-başlı müsahibə var ortada...
- Ehtiram, deyəsən hamını tanıyırsız, hətta təzələri də...
- Demək olar. Mən Milli Konservatoriyanı bitirmişəm, amma alma-materlə əlaqələrim davam edir. Hazırda Azərbaycan Dövlət Filarmoniyasının solistiyəm, sabahkı konertin məşqindən gəlirəm. Axşam baş məşq olacaq, aradakı fasilədən istifadə edib gəldim ki, dostlarımın çıxışını izləyim, onların bəzilərilə bir oxumuşuq, bəzilərilə müxtəlif müsabiqələrdə olmuşuq, kimisilə sadəcə tanışlığım var. Bu, bizim gənc xanəndələr nəslidir. Amma elələri də var ilk dəfə görürəm və daha maraqlıdır ki, hansı yeni adlar gəlir...
Mən öz müsabiqəmi keçmişəm, indi başqa ümidverici səslərə imkan vermək lazımdır. Bu gün muğam gəncləşir, daha dənc ifaçılar gəlir, özü də həvəslə gəlir, təhsillərini artırmaq üçün kollecə, daha sonra isə istedad və yaş imkan verdiyi təqdirdə, Milli Konservatoriyaya gedirlər. Bizim vaxtımızda şərait başqa idi, köhnə binada bəzən auditoriya qıtlığı olurdı. Bu günkü gənclər Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın qayğısı ilə daha yaxşı şəraitdə oxuyurlar. İnanıram ki, irəlidə hələ daha böyük səslər eşidəcəyik.
- Ehtiram, muğam müəllimin kim olub?
- Mən xalq artisti, professor Arif Babayevin sinfində oxumuşam. İnanırsız, uşaqlıqdan ondan dərs almağı arzulamışm. Arif müəllimdən təkcə muğam dərsi almırsan, ən yaxşı insani keyfiyyətləri aşılayırsan özünə. Onunla ünsiyyət özü-özlüyündə böyük bir məktəbdir. Bu yaxınlarda biz - onun tələbələri ustadımızın ad gününü təntənə ilə, məhəbbətlə qeyd etdik, elə bu salonda Arif müəllimi təbrik etdik. Bu gün Arif Babayev muğam müsabiqəsində münsifdir, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Səkinə xanım İsmayılova, Mənsum İbrahimov kimi hörmətli muğam ustadlarımız ən yaxşıları seçirlər... 40 iştirakçı arasından seçilənlər IV Beynəlxalq Muğam Dünyası müsabiqəsində Azərbaycan muğamını təqdim edəcəklər.
- Sizsə bu müsabiqənin 2011-ci il qalibisiz...
- Bəli. II Beynəlxalq Muğam Dünyası müsabiqəsində qalib olanacan isə, mən 2007-ci ildə gənc xanəndələrin televiziya müsabiqəsində iştirak etmişdim. Yeri gəlmişkən, biz - həmin müsabiqənin iştirakçıları qeyd etməyi borc bilirik ki, məhz Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın səyi ilə muğam gənclər arasında belə populyarlıq qazandı, gənc ifaçıların yaradıcılığına xüsusi diqqət yetirildi. Əlbəttə, ustadların qarşısında çıxış etmək çox çətin idi, böyük məsuliyyətimizi dərk edirdik. II yerə çıxmaq asan deyildi. Onu da deyim ki, o müsabiqədə qələbə iştirakçının özündən asılı idi. Oxşar layihələrdən fərqli olaraq, qalibləri SMS səsverməsi ilə müəyyən etmirdilər. Buna görə də peşəkar yöndən müsabiqənin təşkilatçılarına xüsusi minnətdarlıq düşür.
- Soruşmaya bilmirəm; xanəndəlik yolun necə başladı?
- Mən Laçının Hacisamlı kəndindənəm. Sovetin vaxtında kəndimizdə nadir palıd növlərinin emalı zavodu işləyirdi deyə, bizim kəndə Zavod deyirdilər. Bir dəfə oxudum ki, ermənilər işğal elədikləri Azərbaycan ərazilərində meşələri amansızlıqla istismar edirlər. Bu xəbər məni çox sarsıtdı... Təsəvvür edirsizmi, mən Laçının hər guşəsini xatırlayıram, elə bil oradan dünən çıxmışam. O yerlər məni elə çəkir ki... Elə istəyirəm yenə o tanış küçələrdən keçim, o düzənliklərdə qaçım, Laçındakı qonşularımız çıxsın qabağıma, dostlarla, qohumlarla görüşüm o küçələrdə... uşaqlıqdakı kimi... Azərbaycanın bəzi bölgələri var ki, mən oralara gedəndə elə bilirəm Laçındayam, həyəcandan özümə yer tapa bilmirəm, yanımdakılara hər dəqiqə deyirəm, necə də bizim yerlərə oxşayır buralar!.. Eh!..
- Hamımıza çətin olan o dövrdə siz, sözsüz, daha ağır çətinliklər yaşamısız. Bir yandan o dəhşətlər, bir yandan da tamamilə yeni mühit...
- Xalq musiqisinə uşaqlıqdan həvəslə qulaq asardım. Xan Şuşinski, Yaqub Məmmədov idealım idi. Xanəndə olmaq ən böyük arzumdu. Ana tərəfdən qohumlarımda yaxşı səsi olanlar çoxdur, Yəqin muğama meylim irsidir. Qaldı ki incəsənətə gəlişimə, bu, həmin ağır illərə düşdü. 1992-ci ildə Laçından didərgin düşəndə ailəmiz Bakıya yığışmağa məcbur oldu. Elə o il valideynlərim təsadüfən xəbər tuturlar ki, televiziyada “Sübh şəfəqləri” musiqi müsabiqəsi keçirilir. Mənim də sənədlərimi ora verməyi qərara aldıq. Məlum oldu ki, səs olması hələ hər şey demək deyil, gərək musiqi təhsilin də ola. Mən də adi məktəb oxumuşam. Düzdü, qohum-əqraba deyirdi ki, mən uşaqlıqdan oxuyuram, amma mənə nəsə oxutmaqçün xeyli dilə tutarmışlar. Nə isə... Bəxtim heç deməyən kimi gətirdi ki, həmin müsabiqədə bəstəkar Əfsər Cavanşirov da münsif idi. Və o məni “Bənövşə” uşaq xoruna solist götürdü. Ən maraqlısı da buydu ki, mənə qədər ansamblın repertuarında muğam olmamışdı. Uşaq mahnılarındansa xalq musiqisinə meylimi görən Əfsər müəllim isə icazə verdi ki, mahnıya bir-iki ağız muğam qatım. Beləliklə, mənim səhnə həyatım başladı. Paralel olaraq Ağdam musiqi məktəbində oxuyurdum. Ağdam işğal olunandan sonra musiqi məktəbi Bakıda fəaliyyət göstərirdi. 1997-ci ildə Asəf Zeynallı adına musiqi kollecində, xalq artisti Canəli Əkbərovun sinfində oxumağa başladım.
- Səhv etmirəmsə, Arif Qazıyevin muğam teatrına gəldiz sonra...
- Bu da yaradıcılıq həyatımda yaxşı bir dövr oldu. Muğam teatrının nəzdindəki “Fərhad” məktəb-studiyaya dəvət olunmağımı deyirəm. Burada gənc xanəndələr muğamı daha dərindən öyrənir, əsl xanəndə olmağa bir addım da yaxınlaşmaq imkanı qazanırlar. Gənclərin bəzisi toylara, əyləncə mərkəzlərinə, kafe-restoranlara üz tutur, əlbəttə, qazanc dalınca. Düzdür, imkanın yaxşılaşır, amma bu, peşəkar inkişafa mane olur. Mənim bəxtim gətirdi ki, teatrın solisti oldum, ilk səhnə vərdişlərinə burada yiyələndim. Tamaşaçı ilə ünsiyyət bacarığı oxumaq qədər vacibdir.
- Bir qədər də beynəlxalq layihələrdən, yadda qalan səfərlərdən danışaq.
- “Niaqara” festivalından danışım. Mənə qədər bu festivalda Bəyimxanım, Güllü Muradova, Qoçaq Əsgərov və başqa xanəndələr iştirak etmişdilər. Festival çərçivəsində hər il avqustun 26-da Azərbaycan Muğamı Günü qeyd olunur. Mən Pamiz Quliyev, Sahib Paşazadə ilə çıxış edirdim. Amerikalı Cefri Verbaxın çıxışı mənim üçün gözlənilməz oldu. Onun tar və kamançada ifası, Azərbaycan milli musiqisinin təbliğilə bağlı Amerikada, Avropada fəaliyyəti haqda eşitdiklərim mənimçün xoş sürpriz oldu və uzun müddət xatirimdən silinmədi.
Başqa bir layihədən də danışa bilərəm. Türkiyədə yaşayan həmyerlimiz Əlixan Səmədovu xatırlayıram. Musiqimizi Avropa dinləyicisinə onun başa düşə biləcəyi formada, tar, kamança, balabanın müşayiətilə təqdim etmək təşəbbüsü də Heydər Əliyev Fondunun layihəsiydi. Layihə müasir avropalı gənclərin zövqünə hesablanmışdı. Kompozisiyalardan biri “Azərbaycan cəngisi”, “Qarabağ şikəstəsi”, “Şirvan şikəstəsi”nin sinteziydi. Alim Qasımov, Elnarə Abdullayeva, Güllü Muradova, Səbuhi İbayev, Asif Kərimov və mənim ifamda. Çıxışımız diskə yazıldı və bir neçə dildə səslənməsi nəzərdə tutulurdu.
- Ehtiram, nədənsə, ötən ilki işinizdən danışmadız...
- “Axşamüstü Qarabağdan” adlı solo konsertimi nəzərdə tutursuz yəqin...
- Elədir ki var!
- Bu, ilk solo konsertim idi. Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində zalı ağzınacan dolu görmək çox xoş idi. Ondan da təsiredici olan ustadlarımızın – görkəmli xanəndələrimizin, müəllimlərimin konsertimə gəlməsi idi. Məni əməkdar artistlər Malik və Elşən Mansurov qardaşları müşayiət edirdilər. Onlarla Təbrizdə, “Təbriz şərq nağılları” müsabiqəsinə qonaq kimi dəvət olunmuşdum, orada çıxış etmişdik, Sonra Neapola qastrola birlikdə getmişdik. Solo konsert proqramı ideyası da bu səfərlərdə yarandı. Nə deyim, əks-sədası böyük oldu, peşəkar çevrədə hərarətlə qarşılandı. Bu da mənim qarşımda yeni yaradıcı səviyyə qoyur.
Südabə Ağabalayeva

banner

Oxşar Xəbərlər