• cümə, 29 Mart, 15:43
  • Baku Bakı 14°C

Laçının ermənilər tərəfindən işğalının 21-ci ildönümüdür

18.05.13 09:49 1581
Laçının ermənilər tərəfindən işğalının 21-ci ildönümüdür
APA-nın xəbərinə görə, Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, laçınlı məcburi köçkünlər iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən şəhid olmuş soydaşlarımızın xatirəsi yad edilib, məzarları üstünə güllər düzülüb.
Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarının işğal edən Ermənistanın arxasında dünyanın böyük gücləri dayanıb: “Ancaq bugünkü Azərbaycan elə bir vəziyyətdədir ki, əlverişli vəziyyət yaranan kimi torpaqlarımızı işğaldan azad edə bilərik. Mən bunu həm ordunun potensialına, həm də Azərbaycan xalqının, gəncliyinin münasibətinə güvənərək keçmiş hərbçi kimi deyirəm. İndiki Azərbaycan xalqı 1992-ci ildə olan xalq deyil. O vaxt xaos idi, indi qüdrətli ordumuz var. Azərbaycan xalqı torpaqlarını ermənilərə hədiyyə vermək fikrində deyil. Ona görə də inanıram ki, Azərbaycan erməniləri hərbi yolla məğlub edəcək, diz üstə çökdürəcək, torpaqları geri qaytaracaq”.
1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
banner

Oxşar Xəbərlər