• cümə axşamı, 25 aprel, 02:55
  • Baku Bakı 19°C

Kövrəkdən kövrək olanların bayramı

02.10.19 09:30 920
Kövrəkdən kövrək olanların bayramı
Beynəlxalq Ahıllar Günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd olunmağa başlayıb. Hər il BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən, oktyabrın 1-də qeyd edilən bayramın təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

BMT-in məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin dəyişib - 1950-ci ildən 2010-cu ilə qədər dünyada orta ömür 46-dan 68 ilə qədər artıb və əsrin axırlarında 81 ilə çatdırılacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının iki milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.

400 minə yaxın ahıl

Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə böyük diqqət və qayğısının nəticəsi olaraq, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında” Qanun imzalanıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Ulu öndərin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb. Bu gün də ölkəmizdə təqaüd yaşlı insanlar diqqət və qayğı ilə əhatə olunublar. Ölkə başçısı İlham Əliyev təqaüd yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqləyib. Həmçinin onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir ki, bunlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Təkcə bu il onların maddi-rifahını yüksəltmək üçün həyata keçirilən sosial paketlərdə pensiyaların minimum məbləği iki dəfə artırılıb. Belə ki, 2006-cı ildə sığorta prinsiplərinə əsaslanan yeni "Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən ötən dövrdə, ölkəmizdə əmək pensiyasının minimum məbləği 8 dəfə artıb. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu ildə təqdim etdiyi, sosial sahədə inqilabi irəliləyişləri təmin edən sosial islahatlar paketi bu istiqamətdə növbəti mühüm addımların atılmasını təmin edib. Bu il həyata keçirilən iki sosial paketin nəticəsi kimi, ölkəmizdə minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata, oktyabrın 1-dən isə 200 manata çatdırılıb. Beləliklə, Azərbaycanda əmək pensiyasının minimum məbləği təkcə cari il ərzində 72,4 faiz artırılıb, həmçinin yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faiz üstələyib, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuata verdiyi məlumata görə, "Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır.
Ahıllar üçün günərzi xidmətlərin təşkili

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.

Ahıl vətəndaşların bir qismi də İkinci Dünya Müharibəsi iştirakçılarıdır. Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq Sərəncamı ilə, İkinci Dünya Müharibəsi iştirakçılarına və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar verilir. Eyni zamanda, Prezident İlham Əliyevin 2019-cu il 15 aprel tarixli Fərmanına əsasən cari il aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 2019-cu il 15 aprel tarixli digər Fərmanla aylıq təqaüd (50 manat) təsis edilib. İkinci Dünya müharibəsinin iştirakçılarına Prezidentin aylıq təqaüdü isə 150 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə digər müvafiq kateqoriyalardan olan vətəndaşlarla bərabər, İkinci Dünya Müharibəsi ilə əlaqədar səbəblərdən əlilliyi olanların da mənzil və minik avtomobili ilə təminatı həyata keçirilib.
Heydər Əliyev Fondunun nəcib layihələri

Son illərdə nazirliyin, bir çox sosial xidmət müəssisələrində olduğu kimi, mühüm bir hissəsi ahıllardan ibarət 235 nəfərin yaşadığı Pensiya Yaşına Çatmış Şəxslər Üçün Sosial Xidmət Müəssisəsində də müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib layihələr Pensiya Yaşına Çatmış Şəxslər Üçün Sosial Xidmət Müəssisəsini də əhatə edir. Bu layihələr çərçivəsində pansionatdakı qocaların səhiyyə ocaqlarında müayinə edilməsi, onlar üçün konsertlərin, bayram şənliklərinin keçirilməsi və s. tədbirlər təşkil edilir.

"Sosial xidmət haqqında” Qanuna əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 minədək tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin edilir. Onlardan 7700-ü ahıl şəxslərdir. Sosial-məişət xidməti kimi onlara sosial işçilər tərəfindən ev təsərrüfatında təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınmasında və s. işlərdə köməklik göstərilir.

Qeyd olunanlarla yanaşı, Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu il 1 iyun tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan verib. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ilk mərhələdə 10 şəhər və rayonda (Bakının Binəqədi, Xəzər, Sabunçu, Pirallahı rayonlarında, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, Abşeron, Lənkəran, Xaçmaz rayonlarında) ahıllar üçün günərzi xidmət mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunur, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər